• cümə axşamı, 25 aprel, 10:10
  • Baku Bakı 14°C

Vergi verən mərd olar...

29.06.16 14:12 1815
Vergi verən mərd olar...
Vergilər Nazirliyinin növbəti dəfə vergi borcunu ödəməyən şou-biznes nümayəndələrinin adlarını açıqlaması onlar arasında əsil çaşqınlıq yaradıb. Nazirliyin saytında yerləşdirilən cədvəldə vergidən yayınan 50 müğənninin adı yer alıb. Belə ki, Azərbaycanın Xalq və əməkdar artistləri - Brilliant Dadaşova, Mətanət İsgəndərli, Elza Seyidcahan, Gülyanaq Məmmədova, Rəqsanə, Abbas Bağırov, Xəyyam Nisanov və b. vergi borcunu ödəməyənlər sırasındadır.
Lakin müğənnilər nazirliyin açıqlaması ilə razılaşmayaraq öz arqumentlərini irəli sürürlər. Kimisi toya pulsuz getdiyini, kimisi qohum-əqrəbasının və ya dost-tanışlarının şənliklərində oxuduqlarını iddia edirlər. Müğənni Səidə Sultan "İnstaqram” səhifəsində Vergilər Nazirliyinin onu "cana doydurduğunu” yazıb: "Müstəqil dövlətdə yaşayıram. Nazirlik nümayəndələri özlərindən rəqəmlər yazaraq onu müğənnilərin üzərinə tətbiq edirlər. Mənim işim qanuni deyil, yəni mən dövlət işçisi hesab edilmirəm. İşlədiyim heç bir "prodakşn” da yoxdur. Hansı haqla siz mənimlə qanunla danışırsınız? Əslində qanuna baxanda məni müğənni olaraq bir "prodakşn” maliyyələşdirirsə, hə, sizin vergini almağa tam ixtiyarınız var”. Müğənni Vergilər Nazirliyinin tələbini qanunsuz hesab edərək məhkəməyə müraciət edəcəyini bildirir: "Əgər istədiyiniz məbləği yazıb mənə şəhərdən çıxmağa qadağa qoyursunuzsa, mən də bir vətəndaş olaraq sizdən sübut tələb edib, məhkəməyə müraciət edəcəyəm. Gedin düz olanı tələb edin. Məndən əl çəkin. Mən də qanunları çox gözəl bilirəm”.
Digər bir sənətçi, "Qala” qrupunun solisti Ceyhun Əliyev bizimlə söhbətində qanunlarımızın şou əhlinə qoyduğu tələblərdən danışdı: "Qanunlarımızı bilən insanam. Hətta bunun üçün mənə dəstək olan hüquqşünasım da var. Vergilər Nazirliyinə getməmək şərti ilə internet vasitəsi ilə öz gəlirimin faizini ödəyirəm. İş prosesində vergilərin nümayəndələrinin gəlib şəxsən şadlıq evlərinin dəftərçəsinə özlərinin nəzarət etdiklərinin şahidi olmuşam. Bəzən toylara hədiyyə kimi gedirəm. Nazirliyin nümayəndələri isə israr edirlər ki, heç kimin toyuna pulsuz getməyim. Hətta deyirlər ki, 100 manata get, pulsuz getmə. Şəxsən bu qayda-qanun mənim xoşuma gəlir. Bu onun göstəricisidir ki, bizim yaşadığımız ölkənin öz qayda-qanunu var. Bunu çox bəyənirəm və çox dəstəkləyirəm. Hər kəs bilsin ki, ölkədə özbaşınalıq deyil”.
Məsələ ilə bağlı fikirlərini bizimlə bölüşən ifaçı nazirlik işçilərinə öz iradını da bildirdi: "Mən toya 5000-ə gedirəm. Ancaq o pulun 2500-3000 manatını elə oradaca xərcləyirəm. Belə ki, aldığım pulun yarısını musiqiçilərə, aparaturalara verirəm. Şadlıq evindən çıxanda böyükdən tutmuş kiçiyə kimi hər kəsə hörmət edirəm. Artıq evimə gələndə mənim 1000 manat pulum qalır. 1000 manatın 4 faizi o qədər də çox pul etmir. Müğənniləri də qınamıram. Onlar evlərinə gəlib çatana qədər o pul bir çox yerə bölünür. Halallıqla kim nə qədər qazanırsa, onun 4 faizini verməlidir. Mən hər şeylə razı olsam da, bundan narazıyam. Toya dəvət edənlər elə başa düşür ki, Ceyhun bir gecədə 5 min qazanır. Daha düşünmürlər ki, o 5000-i 20-30 nəfər arasında bölürəm. O insanların hamısı ailəsinə çörək aparır”.
Əslində hər iki müğənninin qeydləri şou-biznes nümayəndələrinin əksəriyyətinin ümumiləşdirilmiş fikrini ehtiva edir. Bəs gerçək vəziyyət necədir? Nazirliyin çoxdan səsləndirdiyi, amma bu günədək elə söz kimi dildə qalan bu məsələ reallaşacaqmı? Yəni şou biznes əhli digər hüquqi və fiziki şəxslər kimi vergiyə cəlb olunacaqmı?
Çoxdan müzakirə olunan mövzu ilə bağlı ictimai rəydə vergilərdən yayınan sənətçilərin fəxri adlarının əllərindən alınmasını təklif edənlər də var. Yəni onların fikrincə, cəzalandırmaq yolu ilə, inzibati qaydada nəyəsə nail olmaq mümkündür. Ancaq nəzərə alsaq ki, bütün müğənnilərin fəxri adları və ya titulları yoxdur və onlar el şənliklərindən heç də pis qazanmırlar, onda nə etməli?
Vergilər Nazirliyindən bildirdilər ki, vergi ödəmək hər kəsin Konstitusiya borcudur. Vergi Məcəlləsinin 24.0.2. maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi orqanlarının vəzifəsidir. Göründüyü kimi, vergilərin düzgün hesablanması, vaxtında və tam həcmdə ödənilməsi üçün yalnız və yalnız vergi ödəyiciləri məsuliyyət daşıyırlar və bu, hamıya, o cümlədən şou-biznes sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinə də aiddir: "Son bir neçə ay ərzində şou-biznes sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə vergi orqanlarında çoxsaylı görüşlər keçirilmiş, qanunun tələbləri onlara bir daha izah edilmişdir. Ölkəmizdə mövcud olan vergi inzibatçılığı ciddi vergi nəzarətini təmin etməyə imkan verir. Əgər kimsə cürbəcür bəhanələrə əl ataraq vergi ödəməkdən yayınmağa və ya ödənilməli vergilərin məbləğini azaltmağa cəhd göstərməyə davam edəcəksə, onlara qarşı qanun tam gücü ilə tətbiq olunacaq. Vergi orqanları isə buna nəzarət edirlər və bu, heç də o demək deyildir ki, hər intizamsız vergi ödəyicisinin başının üstündə bir vergi orqanı əməkdaşı dayanmalıdır. Ölkəmizdə mövcud olan vergi inzibatçılığı ciddi nəzarəti təmin etməyə imkan verir və əgər bundan sonra da kimsə yenə əvvəlki kimi vergidən yayınmağa cəhd göstərəcəksə, belələrinə qarşı qanun tam gücü ilə tətbiq ediləcək. Bu, bütün dünyada belədir və tanınmışlar isə dövlət qarşısında borclarının, o cümlədən vergi borclarının yerinə yetirilməsində başqalarına da nümunə göstərməlidirlər”.
Məsələyə ekspertlərin yanaşması da maraqlıdır. İqtisadçı Pərviz Heydərov bizimlə söhbətində bildirdi ki, ölkədə mövcud vergi sistemi nə qədər sadə, şəffaf və aydın mexanizm şəklində olsa da, istər hüquqi, istərsə də fiziki şəxslər arasında vergidən yayınma halları demək olar ki, geniş xarakter daşıyır. Onun sözlərinə görə, bunun da kökü əslində gəlirlərin fərdi uçot sisteminin mövcud olmamasından, işləməməyindən irəli gəlir və bu, xüsusən, fiziki şəxslərə daha çox aiddir: "Son vaxtlar əmək müqavilələrinin imzalanmasına ciddi şəkildə diqqət yetirilir. Və bu, həm işəgötürənlər, həm də işçilər tərəfdən tələb olunur. Ancaq bu iş, bilavasitə fərdi qaydada sahibkarlıq və yaxud biznes fəaliyyəti ilə məşğul olanlar üzrə daha mürəkkəb xarakter daşımaqdadır. Şou-biznes nümayəndələri və müğənnilər bu qəbildəndirlər. İnkişaf etmiş ölkələrdə ən çox vergi ödəyən fiziki şəxslər məhz sənət adamlarıdır. Çünki onlar ən çox gəlir götürən sahibkarlar hesab olunurlar. Odur ki, həmin ölkələrdə mədəniyyət və incəsənət adamlarının dəbdəbəli yaşayış tərzi heç kim tərəfdən, yəni cəmiyyətdə cüzi səviyyədə də olsa, təəccüb doğurmur. Bizdə isə bu, heç də bütün sənət adamlarına aid deyil. Elə qeyri-bərabərlik də məhz buradan doğur. Sivil cəmiyyətlərdə müxtəlif "prodakşn”lar, ayrı-ayrı prodüser şirkətləri fəaliyyət göstərirlər ki, ortada müvafiq müqavilələr bağlanmış olur və hər şey göz qabağında baş verir, yəni uçota alınır və sair. Bizdə isə bu və ya digər müğənni hər hansı bir toya dəvət alaraq, yarım saata ölkə üzrə orta aylıq əmək haqqından 4-5 dəfə artıq məbləğ qazansa da, bunun uçotu və qeydiyyatı heç bir yerdə aparılmır. Çünki bundan ötrü tələb olunan mexanizm yoxdur. Yaradılmayıb və yaradılması da müşkül məsələdir”. Ekspert hesab edir ki, bu məsələni yaxın müddətdə həll etmək olduqca çətin başa gələcək. O, bunun üçün ölkədə kompleks tədbirlər planı həyata keçirməyi lazım bilir və üstəlik, müvafiq vergi mədəniyyətinin də formalaşmasını labüd görür: "Fərdi gəlirlərin uçot sistemi yaradılmadan, işə düşmədən bu məsələnin həlli əsla mümkün deyil. Ümumiyyətlə, bu sahədə bir sıra variantların tətbiqi barədə düşünmək gərəkdir. Əks təqdirdə, heç kim heç bir vaxt öz gəlirləri haqda könül xoşluğu ilə hesabat verən deyil. Odur ki, gəlirlərin gizlədilməsi yolları maksimal səviyyədən minimuma endirilməlidir”.
Müğənnilərin toy sahibi ilə qanuni şəkildə müqavilə bağlamasının vacibliyini söyləyənlər də var. Belə ki, sənəddə müğənniyə verilən qonorarın qeyd edilməsini zəruri sayan hüquqşünas Ellada Bayramova hesab edir ki, Vergilər Nazirliyi incəsənət adamlarına nə qədər qayda-qanun tətbiq etsə də, şou nümayəndələri həmin qaydalardan özlərinə sərf edilən şəkildə istifadə edirlər: "Misal üçün, ifaçı 5 min manat qonorar alırsa, dəftərə onu 3 min yazdırır. Elələri də var ki, heç onu da yazdırmır. Vergini ödəmədikləri təqdirdə müğənniyə cərimə tətbiq olunur. Belə olan halda əlbəttə ki, vergidən yayınanlar və müxtəlif üsullara əl atanlar məsuliyyətə cəlb olunacaqlar. Vergidən yayınmalar fərqli üsullarla olduğuna görə onlara tətbiq olunacaq cərimələr də fərqlidir”.
Hüquqşünasın fikrincə, Vergilər Nazirliyi şadlıq evlərinə dəftərçə verməklə müğənnilərdən onlar üçün nəzərdə tutulan vergini tam şəkildə yığa bilməz: "Əlbəttə ki, müğənnilər onun da öz üsulunu tapıb vergidən yayınacaqlar. Əslində ölkəmizdə baş verən devalvasiya da bu məsələyə təsirsiz ötüşmədi. İndi şadlıq saraylarının da, müğənnilərin də gəliri o qədər çox deyil. Əvvəlki illərdən bir qədər az qazanan müğənni vergi ödəmək istəmir”. E.Bayramova şadlıq evlərində özbaşınalığın artdığını, orada çalışan işçilərin demək olar ki, 90 faizinin əmək kitabçasının belə olmadığını da əlavə etdi. Dedi ki, çox zaman şadlıq evləri "qara mühasibatlıq” yolu ilə işləyirlər: "Bunlar aradan qaldırılmasa, heç bir şəffaflıqdan söhbət gedə bilməz. Əmək müqaviləsi normal səviyyədə inkişaf etmədiyinə görə burada vergi, cinayət, inzibati problemlər əmələ gəlir. Belə hadisələrin baş verməməsi üçün bunlar normal şəkildə tənzimlənməlidir. Bəzən görürük ki, əmək kitabçasında işçinin maaşı 200 manat yazılıb. Ancaq o işçi min 1000 maaş alır. Həmin şirkət 200 manat yazır və vergini o 200 manata görə ödəyir”.
İqtisadçı Rəşad Həsənovun fikirləri də maraqlıdır. O deyir ki, incəsənət sahəsində çalışan sənət adamları öz gəlirlərini gizlədirlər. Belə olan halda dövlət büdcəsi illər ərzində milyonlarla vəsait itirir: "Hazırda neft gəlirlərinin azalması fonunda Vergilər Nazirliyi öhdəsinə düşən vəzifəni yerinə yetirmək üçün istiqamətlər müəyyənləşdirir. Bununla bağlı biznesin leqallaşdırılması, onların vergilərə cəlb olunması, incəsənət sahəsində fəaliyyət göstərən insanların dövriyyədən yayındırdığı rəsmi gəlirlərin qanuna uyğunlaşdırılması nazirliyin qarşısında dayanan əsas məsələlərdən biridir. Təbii ki, bu məsələni müxtəlif istiqamətlərdə işləmək lazımdır. Sözügedən məsələ ilə bağlı beynəlxalq təcrübəyə müraciət olunmalıdır. Orada məsələyə müxtəlif variantlarla yanaşmalar mövcuddur. Ölkənin bundan əvvəlki inkişaf dövründə yüksək gəlirli kateqoriyaya daxil olan incəsənət işçiləri hazırda əhalinin onlara etibarı, inamından istifadə edərək gəlirləri gizlədir. Vətəndaşlardan qazandığı pullardan vergi verməməklə bu ölkənin vətəndaşının sosial rifahının artmasını əngəlləyirlər. İctimai qınağa bənzər mesajlarla bu məsələyə yanaşmaq lazımdır. Hər bir Azərbaycan vətəndaşı başa düşməlidir ki, gəlirlərinin müəyyən bir qismini dövlət büdcəsinə köçürməklə, vergiləri ödəməklə həm öz qanuni fəaliyyətini təmin edir, həm də gələcəkdəki inzibati cəzalardan qorunur. Ölkə vətəndaşı qarşısında öhdəliyini yerinə yetirmiş olur”.
Vergi dövlətin sütunudur. Hər toyda iştirakına görə 10-15 min manat qazanıb, özünə rahat şərait quran müğənnilər də bu dövlətin vətəndaşı kimi vergidən yayınmamalıdır. Ölkənin inkişafı, iqtisadi qüdrətinin olması üçün vergi ödəmək əsas şərtlərdəndir.
Xəyalə Rəis
Yazı Azərbaycan Mətbuat Şurasının və Vergilər Nazirliyinin "Azərbaycan vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda fərdi yazı müsabiqəsinə təqdim edilir
banner

Oxşar Xəbərlər