• cümə axşamı, 25 aprel, 10:09
  • Baku Bakı 14°C

Vergi siyasətində dəyişiklik nə vəd edir?

29.04.16 12:28 3200
Vergi siyasətində dəyişiklik nə vəd edir?
Bu günlərdə ölkənin aparıcı supermarketlərinin sahibləri onlara vergi güzəştinin tətbiq olunması ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət etdi. Bu məsələnin gündəmə gətirilməsindən sonra iqtisadçı ekspertlər və millət vəkilləri Azərbaycanda differensial Əlavə Dəyər Vergisinin (ƏDV) tətbiq olunmasının vacibliyi ilə bağlı fikirlər səsləndirdilər.
Artıq Vergilər Nazirliyi Azərbaycanda bir sıra mallar üçün əlavə dəyər vergisinin (ƏDV) yeni formada hesablanmasımı təklif edir. Bu barədə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva bildirib. Onun sözlərinə görə, Avropa ölkələrində ƏDV-nin orta dərəcəsi 20% təşkil edir. Azərbaycanda isə bu göstərici 18%-dir və elə də yüksək deyil: "Bununla belə, nazirlik bir sıra mallar üçün differensial ƏDV-nin tətbiqini istəyir. Bu, nağdsız hesablaşmaları stimullaşdıra, ticarət və xidmət sektorunda dövriyyənin şəffaflığını təmin edə bilər. Bununla bağlı qərarlar kompleks şəkildə, büdcə daxilolmalarının azalmasına və sahibkarlar üçün maneələrin yaranmasına imkan vermədən qəbul edilməlidir”.
Xatırladaq ki, 2011-ci ilin əvvəlindən qüvvəyə minən Vergi Məcəlləsində mənfəət vergisi 27%-dən 20%-ə, ƏDV isə 20%-dən 18%-ə endirilib.
Millət vəkili Əli Məsimli qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanın vergi sistemi ilə beynəlxalq praktikanı müqayisə etdikdə mənfəət vergisini optimal hesab etmək olar. Son vaxtlar bu istiqamətdə müəyyən dərəcədə enmələr də olub: "Amma Azərbaycanda ƏDV-nin tətbiq dairəsi xeyli dərəcədə mübahisəlidir, hesablanma məsələsinə yenidən baxılması istiqamətində açıq suallar var. Eyni zamanda 18 faiz ola bilər ki, bəzi ölkələrdən aşağıdır, amma beynəlxalq praktikadan çıxış edəndə ƏDV-nin birbaşa hər yerdə 18 faiz tətbiq edilməsindənsə, differensiallaşdırılmış – fərqləndirici bir tətbiq daha yaxşıdır”.
Ə.Məsimlinin sözlərinə görə, beynəlxaq praktikada vergi siyasətində aşağı faiz dərəcələri də tətbiq olunur: "İnkişaf etdirilməli elə sahələr var ki, oranı gücləndirmək üçün prioritet elan edirlər. Bunun üçün isə ƏDV-ni müəyyən zaman kəsiyində lap minimuma, simvolik səviyyəyə qədər aşağı salırlar. Bu nöqteyi-nəzərdən götürəndə əgər söhbət xaricdən gətirilən malların stimullaşdırılmasından gedirsə, indi tətbiq olunan proses bundan fərqlidir. Prosesin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan hökuməti bu gün neftdən kənar sahələrin şaxələndirilməsini, qeyri-neft sektorunun ixrac potensialını artıran sahələri stimullaşdırmaq istəyir. Bu baxımdan əsas stimullaşdırıcı dəyişikliklər, vergi azaldılmaları və s. ilk növbədə impulsu əvəz edən sahələrə, yerli istehsala tətbiq olunmalıdır. Yerli istehsal və onunla bağlı olan məqamları stimullaşdırmaq baxımından ƏDV-ni azaltmaq, differensiallaşdırmaq, fərqli yanaşma tətbiq etmək lazımdır”.
Millət vəkili deyir ki, beynəlxalq təcrübəyə əsasən, yuxarısı 14, aşağısı 6-7 faiz olanda ƏDV daha yaxşı işləyir, nəinki 18 və yuxarı olanda: "Bu baxımdan 18 faiz ƏDV-nin aşağı salınması ilə bağlı hələ 7-8 il əvvəl təkliflər vermişdik. Faiz dərəcəsinin bir-bir aşağı salınması istiqamətində addımlar atılsa, büdcəyə bir neçə yüz milyon ziyan olsa da, o, iqtisadi fəallığı artırmaqla milyardlarla əlavə gəlir gətirəcək”.
İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, vergi siyasətinin differensiallaşdırılması mütləqdir. Çünki əgər biz qeyri-neft sektorunun inkişafından, iqtisadiyyatın digər sahələrinin şaxələndirilməsindən, kiçik və orta sahibkarlığın təşviqindən danışırıqsa, bu zaman vergi siyasəti bu istiqamətlərdə prioritet olmalıdır: "Əsasən də təşviq prosesinin aparılmasında vergi siyasəti mühüm rol oynayır. Standart 18 faizlik ƏDV-nin tətbiq edilməsi bir çox hallarda gözlənilən effekti vermirdi. Hazırda müəyyən vergi dərəcələrinə dəyişikliklər baş verib. Bu dəyişikliklər əsasında sahibkar 6 faizlik sadələşdirilmiş vergi ödəməklə fəaliyyətini davam etdirə bilər. Amma burada fərqli, ziddiyyətli məqamlar ortaya çıxdı. Və bu gün ziddiyyətlərin ictimai müzakirəsi həyata keçirilir. Belə ki, əvvəlki dövrlərdə ƏDV-nin əvəzləşdirilməsi mümkün idi. Hazırda isə 6 faizlik ödəyici ilə 18 faiz vergi ödəyən arasındakı uzlaşmanın mexanizmi yoxdur. Əvəzləşməni həyata keçirə bilmədiyi üçün 18 faizlik ödəyici məcburiyyət qarşısında qalaraq bu istiqamətlərdə də əlavə vergi ödəyir. Bu, təkrar vergi tutulmasına qədər gətirib çıxarır”.
R.Həsənovun sözlərinə görə, differensial vergi dünyanın bir çox ölkələrində, xüsusilə Avropa məkanında tətbiq olunan metoddur. O deyir ki, ƏDV ilə bağlı Avropa təcrübəsində 5 faizdən 22-23 faizə qədər müxtəlif dərəcələr müəyyənləşdirilir: "Bu da dövlətin apardığı müəyyən iqtisadi islahatlarla, eyni zamanda dövlət üçün prioritet təşkil edən sahələrin inkişafı ilə bağlı olan vergi siyasətinin həyata keçirilməsinin bir parçası olur. Məsələn, dövlət bu gün yüngül və yeyinti sənayesində Azərbaycanda müəyyən inkişafa nail olmaq istəyir. Amma eyni zamanda bizim apardığımız müşahidələr də onu göstərir ki, Azərbaycan iqtisadiyyatı yüngül və yeyinti sənayesi sahəsində müəyyən müqayisəli üstünlüyə malikdir. Amma bəhs etdiyimiz sahələr digər sektorlar kimi 18 faizlik ƏDV ödəyicisidir. Əgər bu sahələrin inkişaf imkanları vardırsa, hökumət tərəfindən bu sahələrin inkişaf etdirilməsi qarşıya məqsəd kimi qoyulubsa, təbii ki, bu sahələrə digər göstəricilərlə, məsələn, 5-6 faizlik ƏDV tətbiq etmək mümkündür. Amma bu günə qədər mövcud olan qanunvericilik buna imkan vermirdi”.
İqtisadçı sıfır ƏDV-nin də doğru addım olmadığını dedi: "Azərbaycanda elə sahələr var ki, ƏDV ödəyicisi deyil. Məsələn, aqrar sektor. Amma digər sektorların inkişafı qarşıya məqsəd qoyulursa, bu sahələrdə sıfır ƏDV-nin də tətbiqi doğru deyil. Bundan sonrakı dövrdə vergi siyasətində ilk addımlardan biri differensial vergi siyasətinin həyata keçirilməsi və bunların da içində xüsusilə ƏDV-nin fərqli dərəcələrlə tətbiqi istiqamətində qanunvericilik bazasının hazırlanması olmalıdır”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər