• cümə, 29 Mart, 15:50
  • Baku Bakı 14°C

Vergi amnistiyası dəstəklənir

11.02.14 08:23 2668
Vergi amnistiyası dəstəklənir
Xəbər verildiyi kimi, vergilər naziri Fazil Məmmədov Azərbaycanda vergi amnistiyasının olacağını açıqlayıb. Nazir bildirib ki, gəlirlərin ümumi bəyannaməsinə keçid məqsədilə Azərbaycanda vergi amnistiyası keçiriləcək: “Azərbaycan ümumi vergi bəyannamələrinin tətbiqinə hazırlaşır. Bu, çox böyük layihədir və çoxlu sayda prosedurların hazırlanmasını tələb edir. Eyni zamanda, gəlirlərin rəsmən bəyan edilməsinə amnistiya sistemi olmadan keçmək olmaz. Biz postsovet ölkəsiyik və gəlirlərin tam leqallaşdırılması üçün amnistiyanın keçirilməsi lazım gələcək. Başqa işlər də yerinə yetiriləcək. Nə vaxtsa qərar qəbul ediləcək. Buna hazırlıq gedir”.
Qeyd edək ki, vergi amnistiyasının verilməsi məsələsi xeyli vaxtdır gündəmdədir. Bir sıra ekspertlər bildirirlər ki, ölkədə kölgə iqtisadiyyatının həcminin azalması üçün belə bir qərarın verilməsinə ehtiyac var. Kölgə iqtisadiyyatının həcmi ilə bağlı isə müxtəlif fikirlər var. Düzdür, dünyanın ən inkişaf etmiş dövlətlərində belə kölgə iqtisadiyyatı mövcuddur. Məsələn, İtaliya kimi bir ölkədə kölgə iqtisadiyyatının çəkisi 30 faiz həndəvərindədir. Gürcüstanda onun səviyyəsi 65 faizdən çox, Ukraynada 55 faizin üstündə, Moldova və Belarusda isə 50 faiz səviyyəsindədir. “Azərbaycanda “kölgə iqtisadiyyatı”nın payı nə qədərdir” sualının konkret cavabı hələ yoxdur. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslansaq, ölkədə “kölgə iqtisadiyyatı”nın payı hazırda 10 faizdən aşağıdır. Dövlətçiliyimizin əsaslarına mənfi təsir göstərən təhlükələrdən birinə qarşı mübarizənin gücləndirilməsi ekspertlər tərəfindən də müsbət qarşılanıb.
Bakupost.az-a açıqlama verən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, tarixən ilkin kapitalın mənbəyi mübahisə mövzusu olduğundan müxtəlif ölkələrdə maliyyə amnistiyası tətbiq edilib. Bu baxımdan, Azərbaycan da istisna deyil. Onun sözlərinə görə, insanlar istər-istəməz qeyri-qanuni yolla nə isə əldə etdiklərini etiraf etməyəcək, amma amnistiya yolu ilə buna nail olmaq, gəlir bəyannaməsinin təqdim edilməsi məsələsini həll etmək, korrupsiya və rüşvətxorluqla mübarizəni daha effektiv mərhələyə keçirmək olar: “Bu, həm də qeyri-qanuni sərvətə malik insanlar üçün yaxşıdır. Onsuz da belələri əmlakını yaxın qohumlarının adına keçirib, bəzi hallarda isə ölkədən kənarda saxlayır. Amnistiya olsa, həmin insanlar narahatlıqdan qurtarar, həm də leqallaşmış sərvətlər ölkə iqtisadiyyatına cəlb olunar”.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev də bu qənaətdədir ki, Azərbaycanda maliyyə amnistiyasına çox ehtiyac var: “Bu gün insanlar var ki, kifayət qədər sərvəti var. Həmin sərvət ya ölü halında yatırılıb, ya da kölgə iqtisadiyyatına xidmət edir. Müxtəlif yollarla əldə edilmiş pulların leqallaşdırılması vacibdir. Çünki həmin pullar ölkə iqtisadiyyatı üçün böyük təhlükədir. Mən belə qərarın qəbuluna müsbət yanaşıram. Amma kriminal yolla əldə edilmiş pullar istisna olmalıdır”.
Bəzi ekspertlər iddia edir ki, Azərbaycanda nağd pul dövriyyəsinin həcmi, ümumi pul kütləsindəki yeri digər ölkələrdə olduğundan çoxdur. Onların fikrincə, ölkədə kölgə iqtisadiyyatının payı 40 faizdir. Ancaq hökumət rəsmiləri sözügedən fikirlə razılaşmayaraq, bunun qat-qat aşağı olması qənaətindədir. Qeyd edək ki, son illər hökumət tərəfindən bu istiqamətdə bir sıra tədbirlər görülür. İş yerlərində işəgötürənlə işçi arasında əmək müqaviləsinin bağlanması müxtəlif vasitələrlə stimullaşdırılır, ikili mühasibatlıq hallarına qarşı müəyyən işlər reallaşdırılır, nağd dövriyyənin azaldılması istiqamətində siyasət aparılır.
Mütəxəssislər bildirirlər ki, kölgə iqtisadiyyatının leqallaşdırılması dövlət büdcəsində qeyri-neft sektorunun çəkisini artıracaq. Lakin bunun konkret nə qədər olacağını indidən proqnozlaşdırmaq mümkün deyil. Eyni zamanda, bu, şəffaflığın artmasına təsir göstərir. Leqallaşdırma vergi gəlirlərinin artmasına da öz təsirini göstərəcək. Bu da, öz növbəsində, büdcə gəlirlərinin artmasına gətirib çıxaracaq.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər