• cümə, 29 Mart, 11:09
  • Baku Bakı 5°C

“Vərəsəlik hüququ: qanunvericilik və təcrübə” mövzusunda elan edilən müsabiqənin nəticələri açıqlanıb

03.05.16 17:22 2379
“Vərəsəlik hüququ: qanunvericilik və təcrübə” mövzusunda elan edilən müsabiqənin nəticələri açıqlanıb
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) "Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma” regional proqramı çərçivəsində jurnalistlər arasında "Vərəsəlik hüququ: qanunvericilik və təcrübə” mövzusunda elan edilən müsabiqənin nəticələri açıqlanıb. Bu məqsədlə keçirilən tədbirdə "Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma” proqramının qrup rəhbəri Tomas Herman hər kəsi salamlamaqdan məmnunluq duyduğunu bildirib. Elan edilən müsabiqədə iştirak edən hər kəsə, o cümlədən qaliblərə minnətdarlığını çatdırıb. Qeyd edib ki, qaliblər arasında elə jurnalistlər var ki, "GİZ”in təşkil etdiyi əvvəlki seminarlarda iştirak etməyib, buna rəğmən, vərəsəlik hüququ mövzusunda yaxşı araşdırma yazı hazırlayıblar: "Bu o deməkdir ki, Azərbaycanda jurnalistika fəaliyyətinin keyfiyyəti heç də pis deyil. Elan edilən müsabiqənin mövzusu vərəsəlik hüququ idi. Bu sahəni olduqca vacib sahə hesab edirəm. Azərbaycanda da bu mövzu gündən-günə aktuallaşmağa başlayır. Şəxsən mənə Azərbaycanda vərəsəlik hüququ kifayət qədər tanış bir mövzudur. Çünki ötən on illik ərzində biz Azərbaycanda Mülki Məcəllənin vərəsəlik hüququ ilə bağlı müddəalarının yenidən işlənib hazırlanmasında işçi qrupuna bir sıra tövsiyələr vermişik. Həmin vaxt tərəfimizdən bir çox dəyişikliklər təklifi edilib. İşçi qrupu tərəfindən həmin dəyişikliklərin bir çoxu qəbul edilib və Mülki Məcəllədə öz əksini tapıb. Amma son dəyişikliklərin nə dərəcədə səmərəli olması barədə dəqiq fikirləri bu sahə ilə məşğul olan peşəkar hüquqşünaslar daha dəqiq ifadə edə bilərlər. Misal üçün, bizim ekspertimiz, peşəkar vəkil Paşa Səfərov da bu istiqamətdə hüquq müdafiəçiliyi ilə məşğuldur. O, bunu daha yaxşı bilər. Sual yaranır ki, nə üçün vərəsəlik hüququ get-gedə aktuallıq kəsb edir? O səbəbdən ki, şəxs öldükdən sonra onun qoyduğu mirasın məbləği, həcmi gündən-günə artır. Bu zaman vərəsələr belə bir sualla qarşılaşmalı olurlar ki, bu miras, əmlak kimlər arasında bölüşdürülməlidir. O baxımdan bu məsələ hər zaman aktuallıq kəsb edir. Almaniyada da bu məsələ, xüsusən də vəsiyyətnamə çox geniş yayılıb. Almaniyada miras qoyulan əmlakın həcmi və məbləği Azərbaycandakından daha da çoxdur. Almaniyada da Azərbaycandakı kimi tənzimlənib bu məsələ”.
Nəticələr barədə söhbət açan T.Herman deyib ki, müsabiqənin qalibləri Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təsiri olmadan seçilib. Onun sözlərinə görə, müsabiqəyə təqdim edilən 18 yazının hamısı 3 peşəkar vəkil tərəfindən nəzərdən keçirilib, obyektiv qiymətləndirmə aparılıb. T.Herman bu yazıların ictimai rəyin formalaşmasına da müsbət təsir etdiyini söyləyib: "Yazıların hər biri yaxşı hazırlanmışdı. Bu səbəbdən də onlar qiymətləndirilirəkən, bir-birləri arasında çox cüzi fərqlər oldu. Adətən bizim elan etdiyimiz müsabiqələrdə 3 qalib olur. Lakin yazılardan ikisi eyni bal topladığı üçün, biz bu dəfə 1 birinci, 1 ikinci, eyni statusda 2 üçüncü yer müəyyənləşdirdik, ümumilikdə 4 qalib seçmək məcburiyyətində qaldıq”.
Müsabiqəyə təqdim edilən yazıları oxuyub qiymətləndirən vəkil ekspert Paşa Səfərov deyib ki, əgər son 10 il əsas götürülərsə, istər dövlət, istərsə də özəl qurum tərəfindən vərəsəlik hüququ ilə bağlı nəinki jurnalistlər, hətta digər peşə sahibləri arasında da bu səviyyədə müsabiqə keçirilməyib. O, sırf vərəsəlik hüququ mövzusunda müsabiqə elan edilməsinin müsbət keyfiyyətlərinin olmasına da diqqət çəkib: "Vərəsəlik hüququ yeganə hüquq sahəsidir ki, o adət-ənənəyə əsaslanır. Hər bir xalqın, hər bir dövlətin vərəsəlik hüququ onun adət-ənənəsinə əsaslanır. Hətta bu barədə Mülki Məcəlləmizdə də müvafiq qeyd var. Orada bildirilib ki, vərəsəlik hüququ bərqərar olmuş adətə əsaslanır. Qanunvericilik isə adət-ənənəni yazılmayan norma kimi qəbul etmir. Azərbaycan müstəqil, demokratik, hüquqi dövlət olduğundan, bizdə qanunvericilik üstün quruluşa malikdir. Lakin vərəsəlik hüququnun sırf adət-ənənəyə əsaslanması ondan irəli gəlir ki, dövlət, qanun bu hüququn tənzimlənməsində vətəndaşların, xalqın öz keçmişinə hörməti nəzərdə tutur. Azərbaycan vərəsəlik hüququ alman vərəsəlik hüququna daha çox yaxındır. Dövlət və qəbul edilən qanunlar bizim vərəsəlik hüququmuzu geniş bir mənada həm qorumaqla, həm də tənzimləməklə xüsusi sistem yaradıb. O baxımdan adət-ənənələrimizi özündə qoruyan vərəsəlik hüququ ilə bağlı belə bir tədbirlərin, müsabiqələrin keçirilməsi olduqca müsbət haldır. Müsabiqəyə təqdim edilən yazılarda ictimailəşdirilən hər hansı problem və çatışmazlıqlar vərəsəlik hüququnun inkişafına xidmət etmiş olur. Ümidvaram ki, belə bir müsabiqə gələcəkdə hakimlər, vəkillər arasında da keçiriləcək. Bu, nəzəri və təcrübi baxımdan olduqca əhəmiyyətlidir”.
Çıxışlardan sonra müsabiqədə qalib elan edilmiş jurnalistlərə sertifikatlar və pul mükafatları təqdim olunub. 01.01.2016-19.03.2016 tarixləri əhatə edən müsabiqənin nəticələrinə görə, Cəvahir Qafarova ("Xalq artistinin mirası-Əsl varis kimdir?”) birinci, Rauf Nəsirov ("Zaveşanie jurnalista”) ikinci, Nəzakət Zeynallı ("Vərəsəlik və hüquq maariflənmənin əhəmiyyəti) və Rufik İsmayılov ("Bir miraın taleyi...”) üçüncü yerə layiq görülüblər.

Alpər TURAN



banner

Oxşar Xəbərlər