• cümə, 29 Mart, 14:54
  • Baku Bakı 14°C

“Verdiyimiz rəylərin 95 faizi məhkəmələr tərəfindən təmin olunub”

03.05.14 11:15 1276
“Verdiyimiz rəylərin 95 faizi məhkəmələr tərəfindən təmin olunub”
“Cəmiyyətin həssas təbəqəsi olan məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər görülür. Bu sahədə vətəndaş cəmiyyətinin iştirakına, səmərəli ictimai nəzarət mexanizminin tətbiqinə xüsusi önəm verilir”. Bu fikirləri “Kaspi”yə açıqlamasında Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət üzrə İctimai Komitənin üzvü Sahib Məmmədov şəffaflıq, obyektivlik, qanunçuluq və ədalət prinsiplərinin təmin edilməsi məqsədilə formalaşdırılmış, nazirliyin və Penitensiar xidmətin təcrübəli məsul əməkdaşlarından, geniş ictimaiyyət nümayəndələrindən, o cümlədən hüquq müdafiəçilərindən ibarət olan Komissiyanın fəaliyyətindən danışarkən bildirib.
Belə ki, Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən azadlıqdan məhrum edilmiş şəxslərin hüquqlarının daha etibarlı təmin olunması, onların islah edilməsi, azad cəmiyyətə qovuşması, sosial reabilitasiyası daim diqqətdə saxlanılaraq bu sahədə çoxşaxəli tədbirlər görülür, o cümlədən mühüm tərbiyəvi əhəmiyyət kəsb edən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə institutunun tətbiqi daha da genişləndirilir. Komitə üzvünün bildirdiyinə görə, komissiya mütəmadi olaraq cəzaçəkmə müəssisələrinə baş çəkir, məhkumlarla fərdi görüşlər keçirilir, onlara hüquqı yardım göstərilir, zəruri izahlar verilir, tərbiyəvi tədbirlər, təbliğat işi və söhbətlər aparılır: “Nazirliyin qərarı ilə komissiya ötən ilin aprelində formalaşıb. Qərarda göstərildiyi kimi, indiyə qədər komissiyanın tərkibinə Ədliyyə Nazirliyi, hüquq müdafiəçiləri, ictimaiyyət nümayəndələri daxil edilib. Mütləq şəkildə komissiyanın iclaslarında insan hüquqlarını müdafiə edən ən azı bir QHT rəhbəri iştirak etməlidir, bu, vacib şərtlərdəndir”.
S.Məmmədovun dediyinə görə, komissiya son bir il ərzində 1000-dən artıq məhkumun işini araşdırıb və məhkəmələrə rəy verib: “Təbii ki, son qərarı məhkəmə qəbul edir. Bizim rəyimiz məhkəmə üçün “dost rəyi” rolunu oynayır. Məhz komissiyanın diqqətli işinin nəticəsidir ki, verilən rəylərin 95 faizi məhkəmələr tərəfindən təmin olunub. Birinci məhkəmə instansiyasında olmayanda da, apellyasiya instansiyasında təmin edilib”. S.Məmmədovun sözlərinə görə, komissiyanın yaradılması hüquq mudafiəçilərinin təklifləri ilə bağlı həyata keçirilib: “Ədliyyə naziri ilə görüşlərimizdə söylənilirdi ki, vaxtından qabaq şərti azadolunma məsələsinə baxılması üçün hansısa qərarlar qəbul etmək lazımdır”. Artıq 7 ildir ki, komitədə təmsil olunduğunu bildirən liqa sədri hesab edir ki, ictimai komitənin fəaliyyəti qanunvericilik çərçivəsində tənzimlənməlidir: “Bu da cəza sistemində həyata keçirilən islahatların tərkib hissəsində çox müsbət hal kimi dəyərləndirilir. Məhkəmə bizim komissiyanın araşdırmalarının nəticələrini səriştəli hesab edir”.
S.Məmmədovun sözlərinə görə, komissiya tərəfindən aprelin 30-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində nazirliyin rəhbər işçilərinin, millət vəkillərinin, vətəndaş cəmiyyəti institutlarının və KİV nümayəndələrinin, habelə məhkumların valideynləri və yaxın qohumlarının iştirakı ilə keçirilən görüşlərdə 30-dan çox məhkum dinlənilib, onların şəxsi işləri və digər aidiyyəti sənədlər diqqətlə öyrənilib, azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad etmənin və daha yüngül rejimli müəssisəyə keçirilmənin mümkünlüyü hərtərəfli araşdırılıb: “Məhkumların səmimi peşmançılığı, islah prosesinə qədəm qoyması, o cümlədən davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti nəzərə alınaraq onlardan bir qisminin vaxtından əvvəl şərti azad olunmaları, digərlərinin isə cəzalarının qalan hissəsini daha yüngül rejimli müəssisədə çəkməsi ilə bağlı məhkəmə qarşısında məsələ qaldırılması məqsədəuyğun hesab edilib”. Qeyd edək ki, məhkumların valideynləri və yaxınları cəzaçəkmə müəssisəsində saxlanma şəraiti, asudə vaxtlarının səmərəli təşkili, o cümlədən kitabxana, idman zalı və tədris otaqları ilə yaxından tanış olub, buradakı vəziyyətlə əlaqədar məmnunluqlarını bildirib, penitensiar sistemin şəffaflığını, ictimaiyyət üçün açıq olmasını təqdir ediblər.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər