Verdiyi həzzin sözlə təsviri mümkün olmasa da...
Gündəlik içki növlərindən olan qəhvəyə maraq son dönəmlər olduqca
artıb. Statistikaya görə, dünyada hər iyirminci adam öz səhərini ətirli qəhvə
ilə açır. Qəhvə yuxudan oyanmağa kömək edir və insanı bütün gün ərzində enerji
ilə təmin edir. Amma qəhvənin bunlardan başqa da bir sıra faydaları olduğu qeyd
edilir. Lakin bunlar barəsində bir azdan məlumat verəcəyik. İlk olaraq istərdik
qəhvənin tarixinə qiyabi səyahət edək və bilmədiklərimizi öyrənək.
Qəhvənin tarixi
Dünyada
ilk qəhvə mağazası 1475-ci ildə Osmanlı İmperiyasının Konstantinopol, yəni
indiki İstanbul şəhərində "Kiva Han” adı
ilə açılıb. Həmçinin ilk
bilinənqəhvə evi də həmin şəhərdə 1564-cü ildə fəaliyyətə başlayıb. Dünyanın hər yerində işlədilən kofe sözü
Osmanlı türkcəsində olan "kahve” sözündən götürülmüşdür. Bu söz özü isə qədim
ərəbcə müvafiq bitkinin adından gəlir. Osmanlı
sultanı Yavuz Səlim kofeni çox sevərmiş. 1511-ci ildə Məkkə əmiri şəxsi
səbəblər üzündən kofeni qadağan etsə də, bundan xəbər tutan sultan əmiri edam
etdirmiş və kofenin müqəddəs içki olduğunu bəyan etmişdir. Lakin ondan sonra hakimiyyətə gələn oğlu Osmanlı
Sultanı Qanuni Süleyman 1564-cü ildə İstanbuldakı kofe evlərini bağlatdırmaq
əmri verib. Səbəb isə əhalinin orda hakimiyyət əleyhinə dedi-qodu etməsi
faktları olub.
Bundan başqa Avropada kofenin kütləvi yayılmasının
da maraqlı tarixçəsi var. 1683-cü ildə Osmanlı İmperiyası Vyana şəhərinə 2-ci
böyük hücum təşkil edir. Osmanlılar hədəfə çata bilməyib geri qayıdan zaman
onlardan qalan və müdafiə tərəfinin əlinə keçənqalıqmalların içində
300 kiçik kisə kofe olur. Bölüşdürmə zamanı bu kisələrə sahib çıxan Yuriy
Kulsikskiy sonra onun satışına başlayır. Əhalinin kofeni alması üçün maarifləndirici,
reklam xarakterli məlumatlar yayan Yuriy kofeni Vyanada əməllicə
məşhurlaşdırır. Bunun ardından növbəti il o, Vyanada Qərbdə ilk kofe evini
yaradır. Bir neçə il sonra ikinci kofe klub Parisdə açıldı, daha sonra sürətlə
Avropada açılmağa başladı. Qonşu ölkə Rusiyada isə kofe 18-ci əsrdə islahatçı
dövlət xadimi imperator I Pyotrun təşəbbüsü ilə yayılmağa başlayıb.
Maraqlı faktlar
Kofeni ən çox içənlər skandinaviyalılardır. Orta Avropa vətəndaşı illik olaraq beş kiloqram
kofe istehlak edir. Aparılan reytinqlərə görə, finlər ən çox kofe istehlak edən
millətdir. Finlandiyanın hər bir yetkin vətəndaşı illik 12 kiloqram kofe
istehlak edir. İkinci yer Norveçə məxsusdur - 8.85 kq, Danimarka - 8.358 kq və
İsveç – 8 kq. ABŞ reytinqdə 16-cı yeri tutur. Amerikalılar içində cüzi miqdarda
kofe olan içkiləri xoşlayırlar. Maraqlısı odur ki, dünyanın ən çox kofe
istehsalçısı Braziliyadır, amma o, istehlakına görə ABŞ-dan aşağı pillədədir.
Digər tərəfdən, kofe sevən kimi tanınan italyanlar bir nəfərə 5.1 kq ilə 10-cu
yerdədir. Onların yanında İsveçrə, Hollandiya, Almaniya, Avstriya və Fransa
var.Qeyd edək ki, kofe dənləri quruluşuna görə iki növə ayrılır:
Arabika və Robusta. Arabika daha populyar növdür. Mağazalarda satılan və suda əriyən (sadə, 3-ü 1-də və s.) kofe təbii
deyil. O, kofe içməni asanlaşdırmaq üçün kofe dənlərinin müxtəlif texnoloji
proseslərdən keçməsi nəticəsində əmələ gələn maddədir. Əsl kofe suda həll
olmur, çöküntü verir. Kofenin bir çox qovurulma,
çəkilmə və bişirilmə-hazırlama metodu var. Bu metodlar alınan içkinin dadına da
təsir göstərir. Bu növlərə bir sıra misallar: türk qəhvəsi (ocaqda cəzvə ilə
bişirilir), espresso, amerikano, frenç press, aeropress, moka və.s. Hər bir
metoddan alınan içkinin özünəməxsus dadları olur.
Qəhvə haqqında aparılan araşdırmalar
Alimlər qəhvə haqqında araşdırmalar aparıb və aşağıdakı nəticəyə
gəliblər.Az miqdar qəhvə qəbulu orqanizm üçün faydalıdır. Qəhvə fiziki
aktivliyi artırır, yuxusuzluğu və yorğunluğu aradan qaldırır. Gün ərzində
bir-neçə fincan qəhvə içmək isə qanda yuxu hormonunun əmələ gəlməsini azaldır.
Ona görə də, qəhvəni az içməkdə fayda var. Normadan artıq içmək orqanizm üçün zərərlidir. Belə
ki, kofein sinir hüceyrələrinin funksiyasını korlayır. Uzun müddət kofe
içildikdə oyanıqlıq, əsəbilik və depressiya əlamətləri meydana çıxa bilir.
Alimlər heç kimə kofe aludəçisi olmağı məsləhət görmürlər. Onlar yatmazdan
əvvəl qəhvə içməyin yuxu sistemində pozğunluqlar yaradacağını söyləyirlər. Gün
ərzində ən sonuncu kofe qəbulunun yatmazdan 2 saat əvvəl olmasını məsləhət
görürlər.
Heç vaxt uşaqlara kofe verməyin, çünki o, uşaq
orqanizminə zərər verir. Kofe uşaqlarda ürəkdöyünməni artırır və aktivliyi
artırır. Kofe içən uşaqlarda həddindən artıq oyanıqlıq və emosiyalarında
gərginlik müşahidə edilir. Onlarda ya həddindən artıq şənlənmə və ya əskinə,
kefsizlik müşahidə edilir.
Qəhvə əzələlərin fəaliyyətini, nəbzi,
ürəkdöyünməni artırmaqla yanaşı, arterial təzyiqi də artırır. Alimlərin
araşdırmaları gün ərzində 6 stəkan kofe içən adamlarda ürək-damar sistemi
xəstəliklərinin, digər adamlara nisbətən 71% çox rast gəldiyini təsdiqləyib.
Ürəyində xəstəlik olan insanlara, kofe içməyin zərərli olduğunu aparılan
araşdırmalar təsdiq edib. Alimlər, nə
qədər kofe içirsinizsə, bir o qədər də su içməyi məsləhət görürlər.
Azərbaycanda qəhvə sevgisi
Son illər Azərbaycanda beynəlxalq brendlərin
qəhvəxanaları açılandan sonra qəhvə xüsusən gənclər arasında dəbdə olan içkiyə
çevrilib. Çoxları bir dəfə dəmlənmiş dənəvər qəhvənin dadına baxandan sonra
onun həvəskarına çevrilir, bəziləri isə evdə də belə qəhvə içmək imkanı əldə
etmək istəyirlər. Qəhvədən yazmışkən, onun ən çox
istehlakçısı olan gənclərin fikirlərini öyrənməmək olmazdı. Orxan Mirzə qəhvə həvəskarlarındandır.
Orxan özünün qəhvə dəmləyən aparatının olduğunu və onu hazırlamağı çox
sevdiyini deyir: "5 ildən artıqdır ki, müntəzəm olaraq kofe içirəm. Əvvəllər
əsl qəhvənin dadını bilənə qədər hamı kimi "Nescafe” içirdim. Onu içəndə
rahatlayıram, həm də qəhvə içərək edilən söhbət daha fərqli olur. Bu içki məni
tam xoşbəxt etməsə də, rahatladır. Qəhvə içərkən yaşadığım həzz sözlə təsvir
edilməyəcək hisslərdəndir. Gün ərzində 1 və ya 2-3 fincan amerikano içirəm.
Məncə, bu, artıq aludəçiliyə çevrilib. Dəmlənmiş kofeni daha çox xoşlayıram,
hətta, bəzən qəhvəmi özüm hazırlayıram. Bunun üçün xüsusi aparat almışam”.
Qəhvə istehlakına nəzarət etmək məsləhətdir
Peşəkar
baristo və məşqçi Neman Eldarov müsahibələrinin birində qəhvəyə olan
münasibətin dəyişməsindən danışıb: "Münasibət
sözsüz ki, dəyişib. Azərbaycanda, xüsusən Bakıda keyfiyyətli hazırlanmış təbii
qəhvə sərraflarının sayı artıb. Ona görə ki, bu gün şəhərimizin
qəhvəxanalarında işləyən baristoların çoxu peşəkarlardır. Türkiyədə qəhvə
mədəniyyətinin dəstəklənməsində və inkişafında çoxəsrlik varislik ənənələri
mövcuddur. Bizim ölkəmizdə isə bu işlər yenicə başlanır. Mənim bildiyimə görə,
sovet dövründə Bakıda espresso və dənəvər qəhvədən içkilər təklif edilən
qəhvəxanalar ümumiyyətlə, yox idi. Biz bu mədəniyyəti yalnız Azərbaycanın
dövlət müstəqilliyi bərpa olunandan sonra inkişaf etdirməyə başlamışıq və proses
xeyli vaxt tələb edir. Son vaxtlar Bakıda hər hansı əlavələr edilməyən espresso
və amerikano həvəskarlarının sayı getdikcə artmaqdadır. Buna baxmayaraq,
müştərilərin əksəriyyəti südlü-qəhvəli içkilərə, məsələn, kapuçino və ya
makiyatoya, habelə qəhvə əlavə edilmiş südlü kokteyllərə üstünlük verir. Amma
onu da qeyd edim ki, qəhvə istehlakına nəzarət etmək məsləhətdir. Bir fincan
səhər, bir fincan nahar vaxtı içmək normaldır. Axşamlar qəhvə içməkdən
çəkinsəniz yaxşıdır, çünki insanı nəzərəçarpacaq dərəcədə gümrahlaşdırır”.
Qəhvənin cəmiyyətə
düzgün təqdim olunması
Baristo Nəcəf Əliyev qəhvənin əsrlərdir davam edən mədəniyyət olduğunu
bildirir: "Son dönəmlər nəinki gənclərin, hətta, orta yaşlı şəxslərin də kofeyə
olan marağı artıb. Qəhvə, ümumilikdə bir mədəniyyətdir, əsrlərdir davam edir.
Amma bir-iki il əvvələ nisbətən bu il ona olan tələbat daha çoxdur. İnsanlar
artıq nə içmək istədiklərini anlayır və bilirlər. Bu artıma və tələbata isə bir
çox nüans təsir edir. Turizmin inkişafı, turistlərin kofeyə olan marağı da
burada böyük rol oynayır. Əhalimizin dünya görüşünün artması və ən əsası da
qəhvənin cəmiyyətə düzgün təqdim olunması marağa və istəyin artmasına gətirib
çıxardıb”.
Həmsöhbətimiz qeyd edir ki, qəhvəni həddindən artıq qəbul etmək
sağlamlığa fəsadlar törədər: "Ürək ritminin dəyişməsinə səbəb ola bilər. Gündə
3 fincandan artıq içmək qadınlar üçün böyük fəsad yaradar. Belə ki, hamilə
qalmaq şansını 50% ə qədər azalda bilir. Ümumiyyətlə, ürəyi zəif, mədə problemi
olanların içməsi məsləhət deyil. Təzyiq qalxmasına səbəb ola bilər. Fəsadlarla
bağlı siyahını daha da uzatmaq olar”.
Əsas məsələ keyfiyyətdir
Tibb üzrə ekspert Adil
Qeybulla keyfiyyət parametrləri yüksək olan kofelərin
içilməsini tövsiyə edir: "Ümumiyyətlə, nəinki qəvhə, bir çox qida və içki
məhsulundan istifadə Avropadan götürülüb. Sovet dövründə belə məhsullar az
tapılırdı, geniş şəkildə idxal olunmurdu. İndi isə istənilən məhsulu idxal
etmək mümkündür. Qəhvə məsələsinə gəlincə isə hazırda bu sahə ölkəmizdə də o
qədər inkişaf edib ki, kofenin hər növündən istifadə edilir. Əvvəllər qəhvə
qəbuluna yanaşma tamam baş idi. Deyirdilər ki, mədədə müəyyən törəmələr əmələ
gətirir, ürək bulandırır, sinir sistemini yorur. Amma indi həmin yanaşmalar
dəyişib. Belə ki, bəzi hallarda kofenin maddələr mübadiləsini sürətləndirdiyi,
piyləri əritdiyi, iştahanı açdığı və. s müsbət təsirlərinin olduğu qeyd edilir.
Burada bir digər məsələ isə məhsulun keyfiyyətidir. Ölkəmizə bir sıra kofe
növləri idxal edilir ki, bunların arasında çox ucuz və bahalıları var.
Keyfiyyət parametrləri aşağı olan kofelərin içilməsi tövsiyə edilmir”.
Həkim aludəçilik məsələsinə də toxundu. O,
qeyd edir ki, nəinki kofenin istənilən məhsulun normadan artıq qəbulu ziyandır:
"Xüsusilə, kofenin çox içilməsi sinir sisteminə yora bilər. Ümumiyyətlə, ölkədə
qida mədəniyyəti ilə bağlı ciddi problemlər var. Bunu təkcə qəhvəyə aid etmək
olmaz. Düşünürəm ki, bu sahədə maarifləndirmə işi aparılmalıdır”.
Günel
Azadə