• çərşənbə, 24 Aprel, 03:43
  • Baku Bakı 14°C

Venesiyada Azərbaycan çayı üçün darıxan tələbə - Xaricdə təhsil

23.11.18 12:00 1558
Venesiyada Azərbaycan çayı üçün darıxan tələbə - Xaricdə təhsil
"Həm ziyarət, həm ticarət” düşüncəsi ilə yola çıxıb. Deyir ki, məqsədi həm təhsil almaq, həm də müxtəlif ölkələrə səyahət etmək idi. Buna görə də, dostu ilə birgə xaricdə təhsil almaq qərarına gəlirlər. Ailəsinə yük olmaq istəmədiyinə görə, bir müddət təqaüd axtarışında olan həmsöhbətim, nəhayət, İtaliyada təqaüdlü təhsil şansı qazanır. Müsahibim İtaliyanın Venetsiya şəhərində Ca Foscari universitetində beynəlxalq əlaqələr üzrə magistr təhsili alan Nicat Misirlidir. Qeyd edək ki, o, bakalavr təhsilini Bakı Dövlət Universitetində amerikaşünaslıq ixtisası üzrə alıb.
- Necə düşünürsünüz, sizcə, təhsil bir gəncin həyatında nə dərəcədə önəmli rol oynayır?
- Düşünürəm ki, bu məsələ gənclərin istedadına və cəmiyyətin dəyərvermə qabiliyyətinə görə dəyişir. İstedadı olan istənilən gənc qabağa gedə bilər. Öz ayaqları üstündə durmaq və sərbəst yaşaya bilmək üçün təhsil müəyyən qədər rol oynayır. Lakin məqsəd inkişafa meylli bir həyat yaşamaqdırsa, o zaman macəralar qaçılmaz olur.

- Bəs sizcə, bir insanın təhsilə yönəlməsində ailənin rolu nə qədərdir? Ailəniz sizə necə dəstək oldu?
- Məncə, ailə təhsilin ilkin mərhələsində çox böyük rol oynayır. Amma bu kömək müəyyən yerə qədər olmalıdır. Yəni körpə uşaq ilk vaxtlar ayaq açıb yeriyəndə necə kömək ediriksə, bu da elə olmalıdır. Çünki bir müddət sonra o özü sərbəst gəzməyi öyrənir. Bu mərhələdən sonra sən onun əlindən tutmaqla kömək etmək əvəzinə, sadəcə, mane olacaqsan. Təhsilin ilk pilləsində ailəmiz bizə doğru məktəbin seçimi və s. kimi vacib məsələlərdə kömək edir. Bu dövr hər bir uşaq üçün çox önəmlidir. Çünki həmin ərəfədə qərarlarımız normal olaraq valideynlərimiz tərəfindən alınır. Növbəti pillədə isə sərbəstliyin tərəfdarıyam. Çünki gənclərin ixtisas seçimində ailənin "kömək” adı altında etdiyi hər hansı bir təzyiq, insanı istər-istəməz, sıxır və bezdirir.
- Necə oldu ki, xaricdə təhsil almaq qərarına gəldiniz və nə üçün məhz İtaliya?
- Əslində, xaricdə təhsil almaq qərarını dostumla birgə verdim. Məqsədimiz isə həm bir az səyahət etmək, həm də təhsildə uğura imza atmaq idi. "Nə üçün İtaliya?” sualına isə cavab olaraq deyə bilərəm ki, mən beşuşaqlı ailədə böyümüşəm və orta təhsilimi türk liseyində almışam. Orada təhsil almaq ödənişli idi. Təqribən, ailəm buna görə 2500 manat ödəyirdi. Universitetə qəbul olan zaman fikirləşdim ki, artıq ailəmə yük olmamalıyam. Bunu özümə təlqin etməyə başladım. Beləcə, ödənişsiz əsaslarla BDU-ya qəbul oldum. Həmin vaxt təqaüd alaraq özümü bir növ həyata atılmış gənc kimi görməyə başladım. Hesab edirdim ki, 17 yaşlı bir gəncin ən böyük missiyası məhz bu olmalıdır. Bakalavr təhsilini bitirdikdən sonra isə araşdırmalara başladım. Bakalavrda oxuyarkən ailəsinə yük olmaqdan qaçan biri kimi, magistr dərəcəsində də eynilə onlara əziyyət vermək istəmədim. Müxtəlif növ təqaüd proqramları ilə maraqlandım. Araşdırmalar zamanı akademik göstəricilərimə uyğun olaraq, İtaliyada təqaüdlü təhsili qazanmaq şansımın daha yüksək olduğunu gördüm. Buna görə də seçimim İtaliya oldu.

- İtaliyada təhsil sistemi necədir? Hansı oxşar və fərqli məqamlar var?
- İtaliyada təhsil sistemi ümumilikdə götürdükdə, qənaətbəxşdir. Bir çox mübadilə proqramlarının olması İtaliyada təhsilin vacibliyindən xəbər verən amildir. Əsas fərqli xüsusiyyətlərdən biri - azərbaycanlı tələblərin sevdiyi əsas məqam olan "qayıb” söhbətinin olmamağıdır. Burada tələbə dərsə 30 dəqiqə gec girə bilər. Həmçinin, dərsdən 40 dəqiqə tez də çıxa bilərsən. Yəni belə deyim, burada Azərbaycandakı kimi "müəllim, Ayşənin ürəyi bulanır, olar, beş nəfər qız birlikdə onunla çölə çıxaq?” söhbəti yoxdur, tələbələr sərbəstdir. Tələbələrin mühazirə gedən zaman deyiləni kompüterdə yazdıqlarını görəndə də təəccüblənmişdim. Oxşar cəhəti tapmaq üçün əslində, xeyli fikirləşmişəm. Onu deyə bilərəm ki, burada da müəllim zarafat edərkən, gülməli olmasa da, gülməyə çalışan tələbə toplusu var.
- Dərsləriniz necədir, imtahanları vermək çətindir?
- Dərslərin maraqlı olanı da var, olmayanı da. İmtahanlar isə müəllimin kefinə görə dəyişir. Yəni imtahanları bəzən yazılı, bəzən isə şifahi formada veririk.
- Təhsil aldığınız ölkədə sizi təəccübləndirən nə olub?
- İtaliyada mənə ən qəribə gələn məqam, orada marketlərin erkən saatlarda bağlanması olub. Demək olar ki, axşam saat 7-8 radələrində bütün marketlər bağlanır. Amma ümumilikdə, çox da təəccübləndirəcək bir şey yoxdur. Çünki italyanlar bir çox xüsusiyyətlərinə görə, bizə oxşayır. Bəzi məqamlarda isə hətta bizim kimidirlər.

-Ümumiyyətlə, italyanları necə xarakterizə edərdiniz?
- İtalyanlar mənim yaddaşımda tənbəl, öz dillərinə önəm verən bir xalq kimi xarakterizə olunur. Orada ingilis dili çox az işlədilir. Demək olar ki, çox az sayda adam ingiliscə bilir. "Alora” sözünü eşitməkdən təngə gəldiyimi deyə bilərəm. İtaliya bir növ Avropanın Azərbaycanıdır.
- Yaşadığınız ölkədə nədən razı, nədən narazısınız?
- Mən İtaliyanın Venetsiya şəhərində yaşayıram, burda demək olar ki, müsəlmanlara qarşı təzyiq görməmişəm. Amma eşitdiyimə görə, digər qeyri turistik şəhərlərdə belə mənfi hallar yaşanır. Əslində, onları da qınaya bilmirəm. Çünki burada olan müsəlmanların çoxu özünü apara bilmir. Əsas narazılığım isə qeyd etdiyim kimi marketlərin tez bağlanmasıdır. İtaliyaya gələn hər yeni azərbaycanlı "burada 24 saat işləyən market açsaq, partlayar!” düşüncəsindədir. Əlbəttə, razı olduğum məqamlar da var. Burada şəxsə hörmət, dəyər vermək üst səviyyədədir.
- Təhsil və yaşayış xərclərinizi necə ödəyirsiniz?
- Mən təqaüdlə təhsil alıram. Təhsil və yaşayış xərclərimi təqaüdlə ödəyirəm. İtaliyada orta aylıq yaşam 350-400 avro təşkil edir. Çalışmaq lazımdır ki, büdcəni 1 manat - 1 avro düşüncəsi ilə tənzimləyəsən. Bundan başqa, dostlarımla birgə "EDDE GLOBAL” şirkətini təsis etmişik. Təhsilimlə bağlı olaraq mən hələ ki, onlayn menecer olaraq işləyirəm. Şirkətin Bakıdakı ofisini isə dostuma həvalə etmişik. Təhsili başa vurduqdan sonra şirkəti daha da böyütmək niyyətindəyik.
- Çox vaxt aş, dolmadan sonra başqa ölkənin mətbəxinə uyğunlaşmaq azərbaycanlılara çətin gəlir. Bəs siz yemək işini necə həll edirsiniz? Özünüz bişirə bilirsiniz?
- Çox məşhur olmasına baxmayaraq, demək olar ki, italyanların mətbəxləri yoxdur. Əsas yeməkləri pizzadır. Mən xaricdə təhsil almaq qərarını ona görə dostumla verdim ki, o, həm dərslərdə, həm də mətbəxdə bacarıqlıdır. Bu mənada çox çətinlik çəkmirəm. Buradan onu çox istədiyimi demək istəyirəm. Biz burada işləri paylaşmışıq. Mənim edəcəyim iş ucuz biletlər tapmaq, əyləncələr təşkil etməkdir. O isə digər məsuliyyətləri öz üzərinə götürüb. Bizdə hər kəsin bir missiyası var.
- Azərbaycanın nəyi üçün darıxırsınız?
- Ən çox çay üçün darıxıram. Çayı çox sevən biri kimi burada çox əziyyət çəkirəm. Həmçinin, dönər yemək üçün darıxıram. Venetsiyada demək olar ki, türk restoranı yoxdur.
- Azərbaycanda İtaliya kifayət qədər tanınır. Bəs orda necə, Azərbaycanı tanıyırlarmı?
- Burada təhsil alan azərbaycanlıların sayı ilbəil artmaqdadır. Artıq çoxsaylı tələbələr sayəsində Azərbaycanı tanıyanların sayı artır. Əsas odur ki, müsbət yöndə tanısınlar. Onu deyim ki, italyanlar Bakını, Azərbaycandan çox tanıyırlar.
- Təhsil aldığınız ölkədə qalmaq istəyərdiniz, yoxsa təhsili bitirib vətənə qayıdacaqsınız?
- Əslində İtaliyada qalmaq fikrim yoxdur. Təhsili bitirdikdən sonra hər zaman arzusunda olduğum Baltikyanı ölkələrdən birinə getmək istəyirəm.
- Sonda gələcək planlarınızdan danışaq...
- Azərbaycana qayıtmalı olsam, qurduğumuz şirkətin böyüməsinə və daha da genişlənməsinə öz töhfəmi verəcəyəm. Əgər Avropada qalsam, çox böyük ehtimalla, təhsilimi doktorantura pilləsi üzrə davam etdirəcəyəm. Yəqin ki, bu haqda danışmaq hələ tezdir.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər