• şənbə, 20 Aprel, 16:22
  • Baku Bakı 23°C

Velosipedli gənclər - Reportaj

06.06.15 11:52 2165
Velosipedli gənclər - Reportaj
Artıq bir neçə ildir, şəhərin müxtəlif yerlərində velosiped sürən insanlarla rastlaşırıq. Paytaxtda əksəriyyət şəxsi avtomobilindən və ya ictimai nəqliyyatdan istifadə etsə də, mənzil başına velosipedlə çatan gənclər də az deyil. Biz də bu dəfə reportajımızı həmin gənclərə həsr etdik. Velosipedçilərlə söhbətləşmək və təbiət dostlarının həyat tərzləri ilə maraqlanmaq üçün Dənizkənarı Milli Parka yollandıq.
Gənclərin velosiped sevgisi
Həftənin bazar günləri veloturlar təşkil edən gənclər “Yaşıl Velosipedçilər Klubu”nun üzvləridir. Onlar artıq 7 ilə yaxındır, səhər saatlarında bulvarda yığışıb velosiped sürürlər. Velosipedçilərin görüş yeri “Qağayı” kafesidir. Gənclər turdan əvvəl və sonra bu kafedə yığışıb fikir mübadiləsi aparırlar. Bizim onlarla görüşdüyümüz gün Ümumdünya tütünlə mübarizə gününə təsadüf etdiyi üçün bu gün velotur “tütünsüz ay”a həsr olunub.
Məlumat üçün bildirək ki, Sağlam Düşüncə Gənclər Təşkilatı və “Təbiət Dostları” gənclər ictimai birliyi birlikdə bu layihəyə imza atıblar. Onlar gənclər arasında “tütünə yox deyək”, “tütünsüz ay”la bağlı seminarlar, aksiyalar keçirirlər.
Kafedə velosipedçilərin toplaşmasını gözləyən “Təbiət dostları” ictimai birliyinin mətbuatla əlaqələndiricisi Türkan Rüstəmova deyir ki, qurumun məqsədi ictimai yerlərdə siqaretin çəkilməsini məhdudlaşdırmaq və ekologiyanı çirklənmədən qorumaqdır. Məhz Yaşıl Velosipedçilər Klubu bu qurumun nəzdində fəaliyyət göstərir: “Biz hər bazar günü səhər bulvarda “Qağayı” kafesində görüşürük, bir-birimizlə söhbət edir, fikirlərimizi bölüşürük və tura başlayırıq. Bu cür yığışmağımız “Velosipedçinin səhər”i adlanır. Klubumuzun rəsmən 100 üzvü var, hər üzv ildə 20 manat pul ödəyir. Bu ödəniş təşkilatın büdcəsinə gedir. Bu, köynəklərin, banerlərin hazırlanmasına kömək edir. Bizə qatılmaq istəyən şəxsiyyət vəsiqəsini gətirib fotoşəkillə birlikdə blankı doldurur və kluba üzv olur. Velosiped sürə bilməyən insanlar üçün həftədə bir dəfə velosiped dərsləri keçirilir”.
Özü də velosiped həvəskarı olan Türkan deyir ki, 7 il bundan öncəyə qədər Bakıda velosiped sürmək yaxşı qarşılanmırdı: “İndi özümüz də müşahidə edirik ki, vəziyyət yaxşılaşıb. Əvvəllər xüsusən qadınların, qızların velosiped sürməyi ictimai qınağa səbəb olurdu. Amma bu stereotiplər artıq qırılıb”.
Sərt baxışlar, qınaq...
Havanın günəşli və isti olmasına baxmayaraq, velosipedçilər xüsusi geyimlərini geyinib tura hazırlaşırlar. Onların əsas məqsədi ölkəmizdə velosiped mədəniyyətini təbliğ etməkdir. Velo-tura hazırlaşan velosipedçilərdən biri Səhər Əliyevadır. Səhər uşaqlıqdan velosiped sürür. Lakin yeniyetmə və gənclik çağına gəldikdə bu hobbisi ona çətinliklər törədib: “Azərbaycanda xanımların velosiped sürməyi yaxşı qarşılanmırdı. Hər dəfə velosipedimlə şəhərə çıxanda sərt baxışlarla qarşılaşırdım. Amma buna baxmayaraq, yenə də tək sürürdüm. Mənim üçün çox çətin idi. Çünki ətrafımda qızlar olmurdu və valideynlərim də narahat olurdular. Hətta, mənə qarşı çıxırdılar ki, olmaz, bu, bizdə normal qarşılanmır. Sonra mən “facebook” vasitəsilə yaşıl velosipedçilər klubunu tapdım və onların turlarına qoşuldum. Turdan sonra çay süfrəsinə əyləşirik, fikirləri müzakirə edirik. Həqiqətən görürəm ki, bu mühit mənim öz dünyamda qurduğum mühitdir. Düşüncələrimiz üst-üstə düşür. Davamlı olaraq bu turlara qoşuldum və təşkilatda könüllü kimi fəaliyyət göstərməyə başladım. Buradakı gənclər həqiqətən sağlam düşüncəylə sağlam həyat tərzi yaşayırlar. Mənim üçün xoş oldu ki, mənim kimi düşünənlər kifayət qədər varmış. Artıq mən uzaq məsafələrə tək sürürəm”.
Səhər velosipeddən gündəlik nəqliyyat vasitəsi kimi istifadə edir: “Üç ildir ki, ictimai nəqliyyatdan istifadə etmirəm. Velosiped həm vaxtdan səmərəli istifadə etmək, həm də sağlamlıq baxımından çox xeyirlidir. Velosiped sürərkən büdcəmizə qənaət edir, sağlamlığımızın qayğısına qalır və ekologiyanı təmiz saxlayırıq”.
Velosipedçilərin problemi
Velosipedçilərlə söhbətimiz zamanı məlum olur ki, onların ən böyük problemi velosipedi park etməklə bağlıdır. Çünki onlar üçün çox az yer ayrılıb. Velosipedçilərin hərəkət etmələri üçün ayrılan yollarda da qanunlara riayət edilmir: “Ən böyük problemimiz park etməklə bağlıdır. Düzdür, bəzi yerlərdə bizim üçün yerlər ayrılıb. Amma belə yerlər azdır. Bulvarda yolun sağ tərəfində velosipedçilər üçün ayrılan yerdən də normal istifadə edə bilmirik. Bəzi insanlar nə uşaqlarını, nə də özlərini düşünmədən piyada yolundan yox, velosipedçilərin yolundan istifadə edirlər. Hər dəfə onlara izah etməyə çalışırıq ki, bura velosipedçilərin yoludur, başınıza hər an təhlükə gələ bilər. Hətta, yollarda da velosipedçiləri maşın siqnalları ilə qorxutmağa çalışırlar”.
Cavidin statistikası
Hər bazar veloturlara qoşulan Cavid Məmmədov memardır. Deyir ki, Səhər kimi o da velosipedə uşaqlıqdan maraq göstərir. Cavid düşünür ki, ölkəmizdə velosiped mədəniyyəti hələ formalaşmayıb. Hətta onun bununla bağlı statistikası belə var: “Velosipedçilərin sayı çoxaldıqca vəziyyət düzəlməyə başlayıb. Təbliğat kampaniyalarının önəmi çoxdur. Amma bu təbliğatlar mikromühitdə aparılır. Həmin təbliğatın aparıldığı yerlərdə velosiped sürənlərə normal baxırlar. Məsələn, Əhmədlidən bir maşın gəlib bizi velosiped sürən görəndə yol vermir. Öz müşahidələrimə görə, 20 min manatdan aşağı qiyməti olan avtomobillərin əksəriyyəti, yaşlı nəslin nümayəndələri, əsasən də kişilər bizə yol vermirlər. Cavanlar, qadınlar yol verir. Hətta çox bahalı avtomobil sürənlər belə, manevr imkanlarının olmamasına baxmayaraq, bizə yol verirlər. Söhbət 100-150 minlik avtomobillərdən gedir. Mən buna çox təəccüblənirəm. Ətraf mühiti qorumaq istəyən hər bir insan ilk növbədə öz üzərində çalışmalıdır. Velosiped də başlanğıc etaplardan biridir. Ətraf mühit gələcək nəsillərə qoyub gedə biləcəyimiz sərvətdir. Velosiped sürənlərin sayı çoxaldıqca ətraf mühitdə zəhərli qaz buraxan fərdi maşınların sayı da azalır”.
“Velosipedçilər siqaret çəkmir”
Gəncləri tura hazırlayan Sağlam Düşüncə gənclər təşkilatının sədri Ramiz Əliyev deyir ki, əsas hədəfləri sağlam düşüncənin təbliği, gənclərin sosial və ictimai sahədə maarifləndirilməsi və Azərbaycanı beynəlxalq aləmdə təmsil etməkdir: “Bu turun əsas məqsədi ictimai və qapalı yerlərdə siqaret çəkilməsini məhdudlaşdırmaqdır. 2006-cı ildə Azərbaycan tütünlə bağlı koalisiyaya qoşuldu. Maksimum dərəcədə çalışırıq ki, insanların diqqətini bu problemə çəkək. Veloturlara gənclərin marağı bizi qane edir və inanırıq ki, növbəti turda bu, daha da çox olacaq. 2010-cu ildən bəri hiss edirik ki, bizə qoşulanların sayı artır. Biz növbəti illərdə şəhərlərin də sayını artıracağıq. Burada olan velosipedçilərin 100 faizi siqaret çəkmir və tütünə qarşı mübarizəyə qoşulublar. Bu, təqdirəlayiqdir. Bura qoşulan gənclər həm velosipedi idman vasitəsi kimi təqdim edir, həm də sağlam həyat tərzi keçirirlər”.
Müşahidələrimiz nəticəsində məlum olur ki, velosipedçiləri tur vaxtı polislər müşayiət edir, ratsiyalarla onları qoruyurlar. Velosipedçilərlə söhbətləşdikdən sonra onlar tura başlamaq üçün bir yerə toplaşdılar. Qaydalar izah edildikdən sonra isə tur başladı.
Qeyd edək ki, Yaşıl Velosipedçilər Klubunun üzvləri həftənin cümə günləri işgüzar tur keçirirlər. Axşam turlarında iştirak edənlərin velosipedinin ön (ağ), arxa (qırmızı) işıqları və səs siqnalı olmalı, velosipedçi dəbilqə (kaska) geyinməlidir.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər