Vəfa Rəşidova: “Azərbaycandakı fəaliyyətimizlə bağlı danışanda, təəccüblənirdilər”
Ötən həftə tanınmış psixoloq Vəfa Rəşidova İstanbulda "TUVA uşaq və
yeniyetmələrin psixologiya mərkəzi”nin filialının açıldığını, artıq Türkiyədə də fəaliyyət göstərəcəkləri
barədə sosial şəbəkədə məlumat vermişdi: "TUVA uşaq və yeniyetmələrin
psixologiya mərkəzi”nin filialı artıq Türkiyədə fəaliyyətə başlayacaq. Bu, ən
böyük uğurum oldu. Məqsədə çatmaq insanı
daha böyük addımlara sövq edir. İstanbul,
qapıları açan şəhər! İnşallah burada da uğur qazanmaq bizim əlimizdə. Çünki
insanı yaşadan onun doğru məqsədləridir”.
Yeniyetmələr üzrə psixoloq Vəfa Rəşidovanın bu uğuruna sevinənlər də çox oldu,
ağız büzənlər də. İstənilən halda, azərbaycanlı psixoloqun fəaliyyətini
vətəndən kənarda da davam etdirməsi və ölkəmizi mütəxəssis kimi təmsil etməsilə
ancaq qürur duya bilərik.
Onunla söhbət edərək,
təəssüratlarını soruşduq, planlarından hali olduq. Qeyd edək ki. psixoloq
ölkəmizdə "Psixologiya və nitq inkişaf mərkəzi”nin də rəhbəridir.
- Öncə sizi təbrik edir,
uğurlarınızın davamlı olmasını diləyirik.
-
Təşəkkür
edirəm.
- Çoxdandır arzuladığınız
mərkəzi açdınız. Təəssüratlarınızı eşitmək istərdik.
- Hər zaman tək Azərbaycanda deyil, ölkədən kənarda da mərkəzimizin fəaliyyətdə
olması ilə bağlı arzularım olub. Əslində,
bu mərkəzin yaradılması anidən oldu. Məqsədimə çatmaq üçün Türkiyəyə üz tutdum,
düşüncələrimin ardınca getdim. Orda tanınmış psixoloq Ahmet Tuğrul Demirin əməkdaşlığı
ilə həmin mərkəz açıldı. Onun da bizim mərkəzin yaradılmasında çox böyük dəstəyi
oldu. Heç təsəvvür etmirdim ki, tez bir zamanda çoxdandır arzusunda olduğum bu
mərkəz yaranar. Bu tək mənim işim olmadı. Əhməd müəllimin də bir həmkar kimi dəstəyi
çox oldu.
- Bundan sonra ölkəmizdə, yoxsa
Türkiyədə çalışacaqsınız?
- Bununla bağlı mənə çox suallar verirlər. Heç zaman vətənimi tərk etmərəm.
Dünyanın harasında oluramsa-olum, Azərbaycan mənim nəfəsimdi. Bizim millət çox istiqanlı,
daxilən zəngin insanlardır. Heç zaman bura ilə əlaqəmi kəsmərəm. Hər iki ölkədə
pasiyentlərimə zaman ayıracağam. Artıq bizi
orda çox istəyirlər, mərkəzə yazılanlar, seanslara gəlmək istəyənlər də var.
- Oradakı psixologiya mərkəzi ölkəmizdə rəhbəri olduğunuz "Psixologiya və
nitq inkişaf mərkəzi”nin eynisidirmi?
- Bəli. Buradakı psixologiya mərkəzimizdəki iş strukturu ilə eynilik
təşkil edir. Bilirsiniz ki, orada psixologiya mərkəzləri çoxdur. Ancaq bunlar içərisində
uşaqları nəzərə alaraq yaradılan psixologiya mərkəzləri çox azdır. Bu da bir yenilik oldu.
- Sözsüz, sizin uğurunuza
birmənalı münasibət olmayacaq. Qısqanclıqlar da baş qaldıracaq, "onların psixoloqları yox idi?” kimi
ironiyalı suallar da veriləcək...
- Bu, elə bir işdir ki, öz sahəsində ilkdir, yenilikdir. Təbii ki, insanlar
tərəfindən birmənalı qarşılanmayacaq. Burada qısqanclıq faktoru özünü göstərəcək.
Əslində, biz sevinməliyik ki, azərbaycanlı mütəxəssisi Türkiyədə mərkəz açıb. Mənim
hər hansı həmkarım bunu etsəydi, çox sevinərdim, bu, mənim üçün qürurverici olardı.
Mən belə şeylərə bir az normal yanaşıram. Çünki hamı eyni düşünə bilməz. Türkiyədə
psixoloq çoxdur, ancaq bizim psixoloqlar kimi psixoloq yoxdur. Bunu sizə əminliklə
deyə bilərəm. Bizim psixoloqlar seanslarda canlarını verir, ürəklərini
qoyurlar, çox əziyyət çəkirlər. Başqa ölkələrdə belə deyil. Biz seanslarımızda sadəcə,
söhbət etmirik, sözün əsil mənasında hərtərəfli şəkildə işləyirik. Türkiyədə müşahidə
etdim ki, bizim etdiklərimizi onların psixoloqları bizim qədər etmirlər. Bizdə valideyn
övladını gətirib bir problemi ilə bağlı danışır. Biz isə onun kənarda başqa problemləri
varsa, onu da həll etməyə çalışırıq. Bu, hansı ölkədə belədir? Mən hərtərəfli işləyirəm.
Belə ki, müraciət edən pasiyentin özünəinamının sosiallaşması, özünü təsdiq etməsi,
ailədaxili münasibətlər və s. tərəflərini də işləyirik.
- Mərkəzə azərbaycanlı həmkarlarınızı dəvət edəcəksiniz?
- Əslində, bu barədə düşünürəm. Orada tək işləmək çətin olar. Bir gündə
maksimum 7-8 nəfər pasiyentlə söhbət etmək mümkündür. Unutmayaq ki, mənim orda idarəçilik
məsələləri ilə də bağlı işlərim olacaq. Həmin mərkəzdə mənim seçdiyim, bildiyim,
öz yetişdirdiyim mütəxəssislər olmalıdır. Öz yetişdirdiyim tələbələr olarsa, çox
rahat olaram. Psixoloqların işləri də çox rahat olmalıdır. İşçilər özlərini rahat
hiss etməlidirlər. Bu, çox önəmlidir. Eyni zamanda, orda da psixoloqlar yetişdirməyi
planlaşdırıram. Hazırda İstanbul Universitetində təhsilimi davam etdirirəm. Bundan
əvvəl də Gazi Universitetində təkmilləşmə təhsili almışam. Bu arzuma da çatdım.
Bundan sonra daha çox uğurlara imza atacağıma əminəm. Bu işdə məqsəd çox önəmlidir.
O qədər istədim və planlar qurdum ki, Allah
onu mənə nəsib etdi. Həyatda mümkünsüz bir şey yoxdur. İnsan istəsə, hər şeyə nail
ola bilər. İlk növbədə insan öz işini sevməlidir. Psixologiya mənim nəfəsimdir.
Bəzən evdə də mənə deyirlər ki, sən psixologiyanı bizdən çox sevirsən (gülür). Mən
öz sənətimi sevməsəm, ona hörmət etməsəm, o sahə heç vaxt genişlənməz, yeniliyim
olmaz. Seçdiyim sənət də mənə hörmət etməz. İşimə çox ciddi yanaşıram.
- Çox adam qarşısına məqsəd qoyur,
ancaq güman edir ki, məqsədi əlçatmazdır...
- Məqsədi istəmək başqadır, ona doğru getmək başqa. Mən dişimlə, dırnağımla
öz məqsədimə doğru yol aldım. Məqsədi hiss etmək lazımdır. Elə hisslər var ki, gərək
insan özü yaşaya, özü duya. Məqsədi hər zaman öz içində daşımalısan, ona doğru addımlamalısan.
O zaman məqsəd sənin olacaq. Elə bil məqsədin düşüncəsi, dili var, o səni eşidir.
Ancaq səninlə danışmır, sən onunla danışmalısan. Gərək məqsədi o qədər sevəsən ki,
məqsəd sənin ovcunda olsun. Yoxsa, oturub deyəsən ki, mənim məqsədim Türkiyədə mərkəz
açmaqdır. Hə, nə olsun ki? Bunu hər kəs arzulaya bilər. Sən məqsədi özün üçün qarşına
qoyursan, kiməsə görə yox. "Görsünlər ki, mən Türkiyədə mərkəz açdım, özümü təsdiq
etdim” düşüncəsi düzgün deyil. Həyatda insan hər şeyi özü üçün etməlidir. Belə olan halda artıq sən nümunəyə
çevrilirsən. Bu, kənardan da yaxşı qarşılanır. Deyirlər ki, baxın, bu xanımın məqsədi
vardı və əziyyətlə də olsa bunu etdi. Bu, bir nümunədir. Önəmli olan odur ki, insanlarda
stimul, məqsəd yaradaq.
- "Facebook” səhifənizdə Türkiyənin
"Show” telekanalı ilə bağlı da paylaşım etmişdiniz...
- Orada yeni-yeni əlaqələr qurulmağa başladım. Səmimi deyim ki, həmin
kanalda heç bir çəkiliş olmadı. Sadəcə, münasibətlər
qurduq. Oradakı həmkarlarıma Azərbaycandakı fəaliyyətimizlə bağlı danışanda, onlar
təəccüblənirdilər. Qeyd edirdilər ki, siz fədakar, çalışqan, işinizi dərindən bilən
psixoloqlarsınız. Ancaq qeyd edim ki, bizi də tanıdan siz mətbuat nümayəndələri
oldunuz. Buna görə yerli mətbuata və televiziyalarımıza minnətdarlığımızı
bildirirəm.
- Vəfa xanım, tanınmış
psixoloq Dəyanət Rzayevin intihar etməsi insanlarda psixoloqlara qarşı münasibətdə
bir qədər çaşqınlıq yaratdı. Sosial
şəbəkələrdə psixoloqun özünün də psixoloqa ehtiyacı olması ilə bağlı fikirlər
səsləndi. Bu fikirlərlə razısınızmı?
- Psixoloqun özünün də psixoloqunun olması mütləqdir. Bəzən zarafata salıb
deyirəm ki, psixoloqlar heç olmasa həmkarı ilə bir stəkan çay içməlidir. İnanmıram
ki, psixoloqun yükləndiyi qədər hansısa sahənin mütəxəssisi yüklənsin. Bizim
işimiz nə kompyuter, nə sənət işidir. Biz insanların daxili dünyası, ruhu
ilə çalışırıq. Gün ərzində aşağısı 5 pasiyentlə görüşürük. Bu
o deməkdir ki, 5 insanın həyatına daxil olursan. Təbii ki, o pasiyentlər də öz problemləri
ilə gəlirlər. Psixoloq o qədər güclü olmalıdır ki, onlara doğru istiqamət versin.
Əgər psixoloqun ruh halı üstündə deyilsə, o pasiyentinə istiqamət verə bilməz. Güclü
psixoloq olmaq üçün güvəndiyin bir həmkarınla söhbət etməli, görüşməlisən. Bəzən
insanlar deyir ki, yorulmuşam, işləmək istəmirəm.
Bu, artıq yanma sindromunun siqnallarıdır. Onlarla söhbət edirik. Onu elə korreksiya
edirik ki, artıq həmin insanda fikir dəyişikliyi yaranır. Biz psixoloqdan əvvəl
ilk növbədə insanıq. Psixoloq olmaq üçün daş ürəkli olmaq lazım deyil. Sadəcə, daxilin
zəngin olmalıdır. Dəyanət Rzayev hər zaman müəllim olub, psixoloqun da
psixoloqa ehtiyacı olduğunu qəbul etmirdi. "Onu mən öyrətmişəm, gedib onunlamı
dərdlərimi bölüşəcəm” kimi fikirlərə qapılırdı. O, işinin peşəkarı idi. Bu sahədə çox
insanları öyrədib. Başqa insanlar da psixoloqa getmək kompleksi olsun, bizdə
də? Belə olmaz axı. Hər hansı bir məsələyə psixoloqun yanaşması tam
fərqli olmalıdır.
Xəyalə Rəis