• cümə axşamı, 18 aprel, 12:17
  • Baku Bakı 22°C

Vəcihə Səmədovanın rəng dünyası

25.05.15 13:05 5106
Vəcihə Səmədovanın rəng dünyası
“İllər keçsə də, əsil sənətkarların yaratdıqları şah əsərlər ölməz olaraq qalır. Yeni nəsillər həmin əsərlərdən ilham alır və onların əsasında müəyyən ənənələr yaradıb davam etdirirlər. Görkəmli rəssam Vəcihə Səmədova zaman baxımından qısa ömür sürsə də, yaratdığı yüzlərlə əsəri, yetişdirdiyi bir neçə nəsil rəssam-şagirdləri, cəmiyyətə bəxş etdiyi istedadlı övladları ilə, Rəssamlar İttifaqının onun adını daşıyan sərgi salonu ilə bu gün də Azərbaycan rəngkarlığının pərəstişkarlarının qəlblərində yaşayır”.
Xalq Bankın həyata keçirdiyi “Xalq Əmanəti” layihəsi çərçivəsində işıq üzü görən və Xalq rəssamı Vəcihə Səmədovanın yaradıcılığının müxtəlif mərhələlərini özündə ehtiva edən “Rəngkarlıq və qrafika” adlı bədii albomun təqdimatına və bankın Baş Ofisində düzənlənən rəssamın əsərlərindən ibarət sərgiyə toplaşanlar görkəmli fırça ustasının rənglər dünyasının sehrinin qonağı oldular.
Müsəlman aləminin ilk rəngkarı

Gecənin aparıcısı Fuad Axundov “Xalq Əmanəti” layihəsinin sayca on ikinci nəşrinin görkəmli Azərbaycan rəssamı, Əməkdar incəsənət xadimi Vəcihə Səmədovaya həsr olunduğunu bildirdi və təqdim olunan “Rəngkarlıq və qrafika” bədii albomunun unudulmaz fırça ustasının yaradıcılığının müxtəlif mərhələlərini əks etdirmək baxımından əhəmiyyət daşıdığını qeyd etdi: “Ötən əsrin 50-ci illərində öz bədii dili ilə novatorluğa imza atan sənətkar böyük koloristik qabiliyyəti, istedadının qüdrəti, üslubunun özəlliyi sayəsində uğur qazandı. Onun əsərlərinə məxsus rəng təravəti, kompozisiya quruluşunun orijinallığı dünyaya xüsusi baxışı əks etdirir”.
Rəssamın Azərbaycan təbiətinin əsrarəngiz inciləri - Göygöl, Kür, Kəpəz, Abşeron mənzərələri, müasirləri olan ağıllı, savadlı, özünə güvənən, iradəli, amma Şərq qadınlarına məxsus ədəb, nəzakət, hətta utancaqlıq kimi xarakterik xüsusiyyətlərə malik qadınların gözəl portret qalereyası mükəmməl əsərlərdir. Həmçinin rəssamın yaradıcılığında mühüm yer tutan kəndlilərin, zəhmətkeşlərin milli çalarlarla dolu həyatını əks etdirən tabloları, Bolqarıstan motivləri, avtoportretləri estetik və bədii dəyərə malik olan tamamlanmış təsviri sənət nümunələridir: “Vəcihə xanım təkcə gözəl rəssam, istedadlı incəsənət xadimi deyildi, eyni zamanda bütün müsəlman aləmində ilk peşəkar rəngkar qadın idi”.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov: ”Mən Vəcihə Səmədova və həyat yoldaşı Lətif Feyzullayevlə təkcə bir binada deyil, hətta bir blokda yaşayırdım” - deyə xatirələrini dilə gətirdi: “Mən 2-ci, onlar isə 3-cü mərtəbədə yaşayırdıq. Həyatda çox yaxın dostlar idik. Vəcihə xanımın yaradıcılığı bu qadının bütün surətini, istedadını və daxili aləmini dəqiq əks etdirir. O özü üçün hansısa bir üslubu və ya xarakteri yaratmağa cəhd etmirdi. O, necə vardısa, elə idi. Bütün portretləri, kompozisiyaları, yol qeydləri əsasında çəkdiyi rəsmlər yüksək istedadla dərin müşahidənin vəhdətindən yaranırdı”. Ö.Eldarov Vəcihə xanımı görkəmli rəssam olmaqla yanaşı, evinin xanımı, qonaqpərvər və səmimi ev sahibəsi kimi xatırlayır: “O, evində qonaq qəbul etməyi xoşlayırdı. Rəssamlar tez-tez onların evinə yığışar, çay süfrəsi arxasında yaradıcılıq məsələlərini müzakirə edərdilər. İndi o günləri xatırlayanda: “Rəssam fiziki baxımdan dünyadan getsə də, mənəvi dünyada qalır” - deyə düşünürəm”.
Böyük örnək

Xalq rəssamı Tofiq Ağababayev həmkarının əsərlərini klassika adlandırdı: “Mən Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyanda Vəcihə Səmədovanın əsəri ilə tanış deyildim. Amma həyat yoldaşı Lətif Feyzullayev mənə dərs deyirdi. Mən Moskvada olanda onun işini gördüm. İndi o vaxtdan çox keçir. Vəcihə xanımı xalq sevir. Rəssamlar isə onu daha çox sevir. Onu sevməmək olmazdı. O, danışırdı, amma səsini eşitmək olmurdu. O, sakit, incə danışığı, xeyirxahlığı və xanım-xatınlığı ilə seçilirdi. Demək olar ki, onun portretləri, etüdləri, peyzajları – bütün əsərləri klassikadır. Bir müəllim kimi deyə bilmərəm ki, indiki tələbələr işləsələr, bu nəticəni əldə edə bilərlər. Vəcihə xanım böyük örnək idi. Onun əsərləri çox yüksək səviyyədədir”.
Görkəmli rəssamın tələbəsi, Xalq rəssamı Mais Ağabəyov müəllimini qayğıkeş və səmimi insan kimi xatırlayaraq, onun tələbəsi olmasına görə özünü xöşbəxt hiss etdiyini söylədi: “İnstitutda oxuyanda mənə xoşbəxtlik nəsib oldu ki, 5 il Vəcihə xanımın tələbəsi oldum. Məni rəssam olmağa da o həvəsləndirdi. Ondan xeyir-dua alaraq, mən də rəssam oldum. Onun tələbələri çox azdır, çünki o, çox az ömür yaşayıb. Vəcihə xanımın tələbələrlə gözəl ünsiyyət qurmaq bacarığı vardı. O, heç vaxt fırçanı əilinə alıb tələbə üçün işləmirdi. Ancaq elə izah edirdi ki, biz həvəslənirdik. Tələbələri tez-tez evinə, emalatxanasına çağırırdı. Mən də bir neçə dəfə onun evində olmuşam. Moskvada təhsil alanda da mənə tez-tez zəng edir, qayğılarımla, dərslərimlə maraqlanırdı. Tətillərə gələndə də onunla görüşürdüm”. M.Ağabəyov məhz sevimli müəllimindən örnək götürərək, pedaqoq kimi də fəaliyyət göstərməyə qərar verib: “Həmişə tələbələrimlə münasibətimi Vəcihə xanım kimi qurmağa çalışıram. Çünki onda pedaqoji bacarıqla rəssamlıq istedadı vəhdət təşkil edirdi. O, həsəd aparılmalı rəngkar və insan idi”.
Əməkdar incəsənət xadimi Cəmil Quliyev görkəmli rəssamın oğlu, kinorejissor Nicat Feyzullayev haqqında xatirələrini danışaraq, onu Vəcihə Səmədova və Lətif Feyzullayev kimi iki görkəmli sənətkarın irsinin davamçısı kimi dəyərləndirdi: “Nicat bu yaxınlarda dünyasını dəyişdi. Onun ölümü kinematoqrafiyamız üçün böyük itkidir. Nicatın filmləri çox deyil, amma fərqliliyi ilə seçilir. Bu da onun irsindən irəli gəlir. Rejissorun “Rəngkarlıq kraliçası” filmində anasına, onun yaradıcılığına olan hissləri özünü büruzə verir. Onun yaradıcılığında fəlsəfi düşüncələr və bədii təsvir mədəniyyəti yüksək yer tutur”.
“Vəcihə Səmədova haqqında kiminlə söhbət edirsən- et, adı gələndə üzlərə təbəssüm qonur. Bu da görkəmli rəssamın qısa ömründə özünə heykəl ucaltmasının nişanıdır”- deyən Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Qalib Qasımov Vəcihə Səmədova haqqında kitablar yazılması, filmlər çəkilməsi, xatirəsinə həsr olunmuş sərgilər keçirilməsi və yaradıcılığı haqqında elmi işlərin yazılmasının tərəfdarı olduğunu qeyd etdi: “Bu cür rəssamlar nadir doğulur. Onların irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması çox vacibdir. Azərbaycan mədəniyyətinə imza atan insanların adının yaşaması üçün hamımız əlimizdən gələni etməliyik. Bu baxımdan Xalq Bankın layihəsi təqdirəlayiqdir” .
Rəssamlar İttifaqının sərgi salonunun artıq 50 ildir ki, Vəcihə Səmədovanın adını daşıdığını xatırladan İttifaqın katibi Səlhab Məmmədov görkəmli fırça ustasının yaradıcılığına böyük sevgi olduğunu bildirdi: “Vəcihə xanım çox rəssamlar yetişdirib. Onlar hazırda ölkənin adlı-sanlı rəssamlarıdır, dünyada da tanınırlar. Vəcihə Səmədovanın özündən sonra təkcə gözəl sənət əsərləri yadigar qalmayıb, həmçinin böyük sevgi və zəhmətlə rəssamlığın sirlərini öyrətdiyi tələbələri fəaliyyət göstərir və sevimli müəllimlərinin etimadını doğruldurlar”. S.Məmmədov həmçinin “Xalq Əmanəti” layihəsinin əhəmiyyətini vurğulayaraq, nəşr edilən bədii albomların tarix üçün qalaçağıını qeyd etdi: “Bu, Azərbaycanın ən böyük sərvəti olan görkəmli şəxsiyyətlərinin yaradıcılığının qorunub saxlanması üçün önəmlidir”.
Rəssamın əsərlərinin ekspozisiyaları may ayının 23-dən avqust ayının 23-dək Xalq Bankın Baş Ofisində ziyarətçilərin yolunu gözləyir.
Bədii albomlar, poetik toplular, sərgilər...

Qeyd edildi ki, “Rəngkarlıq və qrafika” bədii albomundan öncə “Xalq Əmanəti” layihəsi çərçivəsində Azərbaycanın böyük rəssam və şairlərinin həyat və yaradıcılığını əks etdirən bədii albomlar və poetik toplular işıq üzü görüb, “Azərbaycan sikkələri” elmi-tarixi tədqiqat işi nəşr etdirilib. Belə ki, bu illər ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Xalidə Səfərova, eləcə də görkəmli fırça ustaları Mahmud Tağıyev, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, heykəltəraş Qorxmaz Sücəddinovun əsərlərindən ibarət sərgilər təşkil olunub və bədii albomlar nəşr edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk və ölməz Mikayıl Müşfiqin seçilmiş əsərləri və görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı işıq üzü görüb. Bankın Bakı və Gəncə şəhərlərində yerləşən sərgi salonlarında rəssamların sərgiləri təşkil edilib.
Bütün nəşr olunan kitablar hədiyyəlikdir və üç dildə - Azərbaycan, ingilis və rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və ölkəmizin xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər