Vaxtından əvvəl nübar, yoxsa orqanizmdə yaranacaq azar?
Yəqin ki, çoxlarınız meyvə-tərəvəzi bazardan
alırsınız. Çox nadir hallarda mövsümi olmayan, nadir tapılan meyvəyə görə
marketlərə üz tuturuq ki, orada ilin istənilən mövsümündə istənilən məhsulu
tapmaq olur. Bir neçə il bundan əvvələ kimi bazarlarda mövsümi olmayan məhsulu görəndə,
təəccüb keçirirdik. Bu da çox nadir hallarda rast gəlinən bir hal idi. Amma
dövr keçib, zaman dəyişdikcə belə şeylərə artıq təəccüblənmək də olmur. İndi
may ayında bazarda şaftalı, iyunda isə üzüm satılır. Soruşanda atıcı "öz
həyətindən elə bu gün dərmişəm” cavabını verir. Yəni, artıq qarpız yemək üçün
iyulu, avqustu gözləmirik. Bu, bir
tərəfdən yaxşı hal olsa da, insan istər-istəməz düşünməyə başlayır. Görəsən, nə
dəyişib ki, qarpız daha tez yetişməyə başlayıb. Bəlkə, qarpızın daha tez
yetişməsi üçün müxtəlif kimyəvi dərmanlardan istifadə olunur? Bəlkə, geni
dəyişdirilmiş sortlar əkilir? Ümumiyyətlə,
normalda avqust ayında yetişməli olan üzüm iyunun sonunda artıq dərilirsə,
bunun insan orqanizminə hər hansı bir fəsadı ola bilərmi? Bu sualların cavablarını mütəxəssislərdən
öyrənməyə çalışdıq.
Tibb üzrə ekspert,
professor Adil Qeybulladeyir ki, belə meyvə və tərəvəzlərin əksəriyyəti yeni modifikasiya olunan
məhsullardır: "Adətən, bu məhsullar vaxtından əvvəl xüsusi iqlim şəraitində,
istixanalarda yetişdirilir. Belə tərəvəzlərin və meyvələrin yeyilməsi orqanizm
üçün təhlükəlidir. Elə məhsullar da var ki, onlar konservləşdirilərək
saxlanılır. Yazda dərilən meyvələr isti şəraitdə saxlanılaraq satışa çıxarılır.
Geni dəyişən məhsulların bir xüsusiyyəti də var ki, onları konkret bir
temperaturda illərlə saxlamaq mümkündür. Belə məhsullar lazımi vaxtdan bir
qədər erkən satışa çıxarılır. Azərbaycanda 9 iqlim qurşağı var. Bizim hətta
subtropik bitkiləri istehsal etmək və daxili bazarı təmin etmək qabiliyyətimiz
var. Amma təəssüflər olsun ki, bundan yararlanmırıq. Hansı məhsullar ki, ölkə
daxilində yetişdirilir, onu yetişdirən insanlara, fermerlərə, kəndliyə stimul
vermək lazımdır. Onlardan təbii şəraitdə yetişdirilən məhsulu almaq lazımdır. Yalnız
ölkədə olmayan ekzotik meyvələr idxal edilməlidir. Yerdə qalan məhsullar öz
mövsümündə yeyilməlidir. Qida təhlükəsizliyi məsələsinə ciddi riayət etmək
lazımdır. Bu, formal xarakter daşımamalıdır. Mövsümdən əvvəl yetişən meyvələr
isti şəraitdə saxlanılır və yetişdirilir. Digər qismi isə xarici ölkələrdən
idxal edilir. Bazarda insanlara satılan və yerli məhsul kimi təqdim edilən
meyvələrin əksəriyyəti xaricdən idxal edilir. Hazırda bazarda yerli məhsul kimi
moruq satılır. Amma indi onun mövsümü deyil. Belə məhsulların əksəriyyəti
xaricdən idxal olunur”.
Ekspert Qadir
Bayramlı bildirdi ki, mövsümdən
əvvəl satışa çıxarılan məhsulların tərkibində gübrənin miqdarı həddən artıq çox
olur: "Belə məhsullar insan orqanizmi üçün təhlükəlidir. Əslində meyvə və
tərəvəzlərin mövsümdən bir qədər əvvəl satışa çıxarılmasında heç bir problem
yoxdur. Amma o şərtlə ki. məhsulun tərkibində olan gübrənin miqdarı normal həddə
olsun. Çünki bəzi məhsullar var ki, onları tam yetişdikdən sonra bazara
çıxardıqda, qısa müddət ərzində xarab olur. Alıcılar belə məhsulu almaqdan imtina
edirlər. Bu, satıcıya maddi cəhətdən ziyan vurur. Normalda, əsas problem,
meyvə-tərəvəz istehsalı ilə məşğul olan fermerlərin bazar araşdırması olmadan
öz məhsulunu bazara çıxarmasındadır. Düzdür, bazarda müəyyən qədər tələb var. Amma
kənd təsərrüfatının tarazlı inkişafına ehtiyac var. Azərbaycanın, bunun üçün
lazımi iqlimi və geniş imkanları var. Yaxşı olardı ki, bazara çıxarılan
məhsulların keyfiyyəti tələb olunan
standartlara uyğun olsun. Amma meyvə-tərəvəz istehsalı ilə məşğul
olanlar əlindəki məhsulu tez bir zamanda satmağa çalışır. Çünki kənd
təsərrüfatında aqro-sığorta yox səviyyəsindədir. Məhsulların tez xarab olmaması
və fermerin əlində qalmaması üçün onu, mövsümdən əvvəl satmağa çalışırlar.
Digər tərəfdən, fermerlər maddi sıxıntı çəkirlər. Fermerin əsas məqsədi bu
məhsula çəkdiyi xərci götürməkdir. Ona görə də məhsul erkən şəkildə satışa
çıxarılır. Çünki mövsümdən əvvəl satışa çıxarılan meyvə və tərəvəz nisbətən
baha satılır. Amma bazar iqtisadiyyatı şəraitində buna tam olaraq nəzarət etmək
bir qədər çətindir. Çünki bizdə hələlik bəlli standartlar tətbiq edilməyib.
Məsələn, Türkiyədə belə bir qayda var ki, avqustun birinci həftəsinə qədər dövlət
üzümün ixracına icazə vermir. Çünki
məhsul tam yetişməlidir. Bu təcrübədən istifadə etməklə sözügedən sahədə
müəyyən problemləri həll etmək olar. Azərbaycanda sovet dövründə yetişdirilən
sortların böyük əksəriyyətində avqustdan sonra məhsul yığımı olurdu. Amma indi
ölkəyə xeyli sayda tezyetişən üzüm sortları gətirilib. Bazara çıxarılan və
mövsümündən əvvəl satılan məhsulların böyük əksəriyyəti idxal məhsullarıdır.
Bununla yanaşı, digər bir səbəb isə
tezyetişən sortlara tələbin get-gedə artmasıdır”.
Şəbnəm
Mehdizadə