• cümə, 29 Mart, 03:11
  • Baku Bakı 7°C

“Vaxtilə Elçibəyin sözünü heç kim nəzərə almırdı”

16.01.14 09:20 1816
“Vaxtilə Elçibəyin sözünü heç kim nəzərə almırdı”
Müsavatın gedişi özlərini demokratik qüvvələr adlandıranların Milli Şurasında gərgin atmosferi bir qədər də artırıb. Qurumdakı əksər təmsilçilər də seçkilərdəki uğursuzluq, partiyalararası fikir ayrılığı səbəbindən anoloji addım atmaq qərarına gəliblər. Keçmiş müttəfiqlərini xəyanətdə, hakimiyyətə satılmaqda ittiham edən AXCP funksionerləri indi də qurumun digər üzvləri ilə yol ayrıcında dayanmaq məcburiyyətində qalıblar.
Belə bir ərəfədə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu özünün də üzv olduğu Milli Şurada bir sıra dəyişikliklərin qaçılmaz olması barədə bəyanat səsləndirib. O, belə olmayacağı təqdirdə, rəhbərlik etdiyi təşkilatın qurumdan çıxacağını da istisna etməyib. Milli Şurada yaşanan hadisələr, partiyalararası fikir ayrılığı, liderlərin savaşı, KXCP-nin mövqeyi və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını KXCP sədri, Milli Şuranın üzvü Mirmahmud Mirəlioğlu cavablandırır.
- Mirmahmud bəy, son vaxtlar müxalifət daxilində baş verən hadisələri necə qiymətləndirirsiniz?

- Əslində, baş verənlər hadisə və proses deyil. Bunlar ötəri münasibətlərdir, gələcəkdə ötüb keçəcək. Amma medianın diqqətini cəlb etməsi də xüsusi haldır. Biz mətbuatı qınaya bilmərik ki, niyə bu məsələlərlə maraqlanırsınız. Bu da onların haqqıdır. Ancaq, yenə də təkrar edirəm ki, son vaxtlar müşahidə edilənlər hadisə və proses deyil, ötəri münasibətlərdir.
- Siz baş verənləri ötəri proses adlandırırsınız. Lakin cəbhəçilərlə müsavatçılar bir-birilərinə qarşı kəskin ittihamlar səsləndirirlər...

- Bilirsiniz, onlar istər hakimiyyətdə, istərsə də müxalifətdə uzun müddət bir yerdə olublar. Heç şübhəsiz, bu zaman onlar arasında fikir ayrılığı da olub. Ona görə də bu məsələnin nə siyasi təhlili mümkündür, nə də konkret diaqnozu. Fikrimcə, ən yaxşı hal bu məsələlərin elə onların öz öhdəsinə buraxılmasıdır. Bu gün bunlara belə lazımdır, belə də edirlər. Sabah birləşmək lazım olanda yenidən birləşəcəklər.
- İttihamlar AXCP funksionerləri və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu tərəfindən daha çox gündəmə gətirilir. Hər iki tərəf mərhum Əbülfəz Elçibəyin onlara daha yaxın olduğunu cəmiyyətə inandırmaq istəyir, eks-prezidentin fikirlərindən sitat gətirməklə qarşı tərəfin satqın olduğunu sübut etməyə çalışırlar. Onların bu hərəkətlərinə münasibətiniz necədir?

- Biz nə qədər desək ki, bu mənzərə mənəvi cəhətdən düzgün deyil, yenə də bunu qadağan etmək olmaz. Sizin sualınız və mənim cavabım heç nəyi həll etməyəcək. Bunun başqa bir adı var. Bu, ondan ibarətdir ki, bütün hallarda, hətta qarşılıqlı ittihamlar zamanı belə, Əbülfəz Elçibəyin sözü, fikri yada düşür. Lakin məsələ burasındadır ki, vaxtilə Elçibəyin sözünü heç kim nəzərə almırdı. Bu, ciddi bir məsələdir. İndi bəd ayaqda hər kəs üzünü Elçibəyə tutur. Vaxtilə ateistlər Allahı inkar etsələr də, bəd ayaqda yenə üzlərini Allaha tutub ondan kömək umurdular. Hazırda da tərəflərin Əbülfəz Elçibəydən sitat gətirməsi düzgün olmasa belə, bu, eks-prezidentin böyüklüyünün göstəricisidir. Amma bundan hər kəs qarşı tərəfə doğru silah kimi istifadə etməməlidir. Bunu buraxıram hər kəsin öz insafına. Kim necə bacarırsa, elə də hərəkət edir. Hesab edirəm ki, indi qarşılıqlı şəkildə Elçibəydən silah kimi yararlanmaq, onun sözlərindən qalxan kimi istifadə etmək yolverilməzdir. Eyni zamanda qadağan da deyil. Amma Elçibəy eyni sözü həm mənim, həm sənin, onun, bizim və qeyrisinin barəsində deyib - rəyini formalaşdırmaq yanlışdır. Bu, əslində Elçibəyi tanımamaqdan irəli gələn məsələdir. Belə hallarda səbirli və insaflı olmaq gərəkdir. O ki qaldı Rauf bəyin “AXC-nin Bakıdakı rəhbərliyinin cızığından çıxması” məsələsinə, bu barədə mühakimə yürüdə bilmərəm. Çünki mən öz gördüklərimə və bildiklərimə cavabdehəm. Təvazökarlıqdan uzaq olsa da, əminəm ki, Elçibəylə bağlı məsələlərdə mənim bildiklərim qədər heç kimdə məlumat yoxdur. Əbülfəz Elçibəylə əlaqəli ən son bilgilər də məndədir.
- Müsavat rəhbərliyi Milli Şuranın öz missiyasını başa vurduğunu, AXCP funksionerləri isə qurumun əsas missiyasının hələ qabaqda olduğunu qeyd edirlər. Sizin bu barədə qənaətiniz necədir?

- Milli Şura hamıyla birlikdə, bütün istefa verənləri, yola salınanları, qalanları ilə ümumilikdə gəldiyi qənaət bu idi ki, qurum seçkidə iştirak edir. Artıq seçki başa çatıb. Bu cəhətdən Milli Şuranın bir missiyasının yerinə yetirildiyini söyləmək olar. İndi kiminsə bu birlikdə qalıb-qalmaması onların öz mövqeyidir. Hesab edirəm ki, Milli Şuranın bu günə qədər qəbul etdiyi proqram, əsasnamə ilə işləmək mümkün deyil. Çünki bu barədə qərar qəbul edənlərin bir çoxu artıq Milli Şurada təmsil olunmurlar. Deməli, mütləq və mütləq dəyişiklik olmalıdır. Bunlar olmadığı təqdirdə, qarşılıqlı ittihamlar baş alıb gedəcək.
- Dəyişiklik deyərkən, nələri nəzərdə tutursunuz?

- Yeni hədəflər müəyyənləşməlidir. Milli Şuranın strukturu, idarəetmə mexanizmi dəyişdirilməlidir. Sözügedən məsələlər sessiyada öz həllini tapmalıdır. Bu barədə daha ətraflı müzakirələr də sessiyada aparılmalıdır. Bütün məsələləri, hətta partiya olaraq qərarlarımızı da sessiyada açıqlamağın tərəfdarıyıq. Bundan əvvəl də mətbuata açıqlamamda bu fikirləri söyləmişəm. Milli Şura, KXCP ilə qurum arasındakı münasibətlər, partiyamızın Şuradan çıxıb-çıxmayacağı barədə yekun qərarı da sessiyada açıqlayacağıq. Ancaq yenə də bir qədər əvvəlki fikrimə qayıdaraq bildirirəm ki, Milli Şurada bir sıra dəyişikliklər vacibdir. Hamının bir arada olması nə qədər mümkündürsə, ona çalışmaq lazımdır. Fikir vermisinizsə, hazırda Milli Şura formatında olmaq istəməyənlər, hətta bu formatı dəyişdirmək, genişləndirmək istəyənlərin özləri də alternativ addımlar atır, ikitərəfli danışıqlar aparırlar. Bununla hamı ən azından uyğun gələnlərin bir yerdə olmasını çalışır.
- Müxalifət partiya liderləri Milli Şuradan öncə də müxtəlif təşkilatlarda bir araya gəliblər. Lakin hər dəfə bu birliklər parçalananda liderlərin bir-birilərinə qarşı eyni xarakterli ittihamlarını müşahidə etmişik. İndiki vəziyyəti və keçmiş təcrübəni nəzərə alsaq, gələcəkdə müxalifət liderlərinin hər hansı birlikdə yenidən toplaşması mümkündürmü?

- Əvvəl də qeyd etdiyim kimi, bunu mümkün hal sayıram. Sadəcə olaraq, niyə belə olur sualı meydana çıxır. Bunun da cavabı budur ki, heç zaman nə qələbənin, nə də uğursuzluğun normal, ədalətli, obyektiv müzakirəsi olmayıb. Amma ümumiyyətlə, start vəziyyətində bütün məsələlər ədalətli olub. Yadınızdadırsa, Milli Şuranın yaranmasının əvvəlində, bütünlüklə seçki prosesində yalnız iki qurumun fəaliyyəti qabardılır, müzakirə olunurdu. Bölgülər iki qurum arasında aparılır, seçici imzalarının toplanması və sair məsələlərdə yalnız onların əməyi əsas götürülürdü. Bizə cəmi min səs toplamaq və sair həvalə olunurdu. Əvvəldən bütün bu hallara qarşı etiraz edirdik. Gözləyirdik və bilirdik ki, bunların sonu elə bu cür nəticələnəcək. Onlar hətta seçkinin nəticəsinin müzakirəsini belə istəmədilər. Ona görə də indi belə mənzərə formalaşıb. Yəqin müzakirə edilsəydi, rəhmətlik Mirzə Ələkbər Sabirin dediyi kimi olacaqdı.
- Bütün yaşananlardan sonra Milli Şuranın dirçəlməsi, oradakı liderlərin insanların etimadını təkrar qazanması mümkündürmü?

- Milli Şuranın yeni bir mərhələsi başlayır. Bu mərhələ üçün biz də öz təkliflərimizi təqdim edəcəyik. Əgər müzakirələr aparılıb qəbul olunacaqsa, çox yaxşı. Yox, əgər təkliflər nəzərə alınmasa, müzakirələr aparılmasa, bu artıq Milli Şura olmayacaq. Etimad məsələsinə gəlincə, burada söhbət ümumilikdə müxalifətdən getməməlidir. Bu barədə konkret şəxslər, konkret qurumlar fikirləşməlidir. Bu, onların öz problemləridir. Biz bütün problemləri həll etmək iqtidarında deyilik.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər