• cümə, 29 Mart, 15:09
  • Baku Bakı 14°C

“Vaxtilə basdırdıqları “minalar” təmizləndikcə...”

09.07.14 10:16 1679
“Vaxtilə basdırdıqları “minalar” təmizləndikcə...”
Ötən ilin sonlarında “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna əlavə və dəyişikliklər edilib. Bu günlərdə isə Nazirlər Kabineti “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması istifadəsi və mühafizəsi Qaydaları”na dəyişikliklər edib. Dəyişikliyə görə, artıq bundan sonra Azərbaycanda QHT-lərin və xarici QHT-lərin filial və nümayəndəliyinin fəaliyyətinin dayandırılması, bərpası Ədliyyə Nazirliyi tərəfindən dövlət reystrinə daxil ediləcək. “QHT-lər haqqında” qanun və qaydalara dəyişikliklərin edilməsi, vətəndaş cəmiyyəti təmsilçilərinin qarşılaşdığı problemlər, həmçinin ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) fəaliyyətinin dayanması və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının “Qhtxeber.az” saytının baş redaktoru, Sosial Təşəbbüslər Mərkəzinin sədri Sənan Nəcəfov cavablandırır.
- Sənan müəllim, ötən ilin sonlarında “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna əlavə və dəyişikliklər edilib. Bu günlərdə isə Nazirlər Kabineti “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması istifadəsi və mühafizəsi Qaydaları”na dəyişikliklər edib. Sizcə, bu dəyişiklikləri zəruri edən səbəblər nədir?
- Milli Məclisin “Qeyri-hökumət təşkilatları haqqında” qanuna qəbul etdiyi əlavə və dəyişikliklər məhz QHT-lərin qanunvericilik bazasının təkmilləşdirilməsi, onların cəmiyyət və qanunlar qarşısında məsuliyyətinin artırılması tələbindən irəli gəlirdi. Ötən ilin sonlarında qəbul edilən bu dəəyişiklikləri ekspertlər beynəlxalq aləmdə zaman keçdikcə daha artıq dərəcədə tanınan və qəbul edilən Azərbaycanda fəaliyyət göstərən xarici QHT-lərin fəaliyyətindəki hüquqi boşluqlarının doldurulması ilə əlaqələndirmişdilər. Düşünürəm ki, burada həqiqət yükü çoxdur. Məsələn, sözügedən qanuna əlavə edilən 7.4-1 maddədə qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin əsasnaməsində onu yaratmış təşkilatın adı, dövlət qeydiyyatı haqqında məlumatların, filial və nümayəndəliyin hüquqi ünvanı, idarə edilməsi qaydası, rəhbərinin səlahiyyətləri, ləğv olunması qaydasının göstərilməsinin vacibliyi əksini tapıb. Yaxud həmin qanunun 9.7.5-ci maddəsinə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin Azərbaycan Respublikasının vətəndaşları olması ilə bağlı tələb irəli sürülür. Hesab edirəm ki, bu müddəalar cəmiyyətdəki bütün institutların şəffaf fəaliyyətinə çalışan QHT-lər tərəfindən normal qarşılanmalıdır. Bundan yalnız fəaliyyətində QHT fəlsəfəsinin əsas sütunlarından sayılan prinsipi – aşkarlıq prinsipini gözləməyənlər narahat ola bilər.
- Bəzən fəaliyyətində şəffaflığa üstünlük verən QHT-lərin təmsilçiləri də sənədləşmədəki çətinliklərdən, xüsusən də qrantların qeydə alınması zamanı tətbiq edilən prosedurların mürəkkəbliyindən gileylənir, iradlarını bildirirlər. Onların bu iradları nə dərəcədə əsaslıdır?
- Qrantların qeydə alınması məsələsində qeyd olunası bəzi məqamlar var və hesab edirəm ki, bunlar da subyektiv yanaşma problemi ilə bağlıdır. Bildiyimiz kimi qrantların Ədliyyə Nazirliyində qeydə alınması üçün QHT-lərdən müqavilələrin notarial qaydada təsdiqi tələb olunur. Bəzi notariuslarda bu müqavilələrin təsdiq olunması ilə bağlı yubanmalara yol verilir. Notariuslar qrant müqavilələrinin surətlərini təsdiqləmək üçün müqavilənin hər səhifəsində və sonunda hər iki tərəfin imzasının və möhürünün olmasını, müqavilənin bütövlükdə tikilərək sonuncu vərəqinin tikilmiş arxa hissəsində bir daha imzalanıb möhürlənməsini tələb edirlər. Bu yorucu və uzun prosesdir. Ümumilikdə isə “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları”na görə qrant müqaviləsi təqdim edildiyi vaxtdan 7 gün müddətinə qeydə alınmalı və müraciət edən şəxsə bu barədə bildiriş verilməlidir. QHT qanunvericiliyinə sonuncu dəyişikliklər qeydə alınmayan qrant müqavilələri üzrə əməliyyatlar aparılmasına görə 5000 manatdan 8000 manata kimi cərimə müəyyən etdikdən sonra banklar qrant müqaviləsinin qeydə alınmasına dair bildiriş təqdim etmədən hər hansı bank əməliyyatının aparılmasına icazə vermirlər. Bunun üçün qeydiyyat orqanından sənəd gətirmək, sonra müvafiq bank əməliyyatını yerinə yetirmək lazımdır. Bu dəyişikliklər qüvvəyə minəndən sonra bizim təşkilat qrant layihəsini həyata keçirməli idi. İlk 2-3 gündə anlaşılmazlıq yarandı. Proseduru öyrəndikdən, daha doğrusu, bu qaydalara ardıcıl əməl etdikdən sonra adiləşdi. Amma burada başqa bir məqam var. Təcrübə göstərir ki, qanunvericiliyin tələbini düzgün başa düşməmələri və məsuliyyət qorxusu müvafiq qurumları daha ehtiyatlı hərəkət etməyə məcbur edir. Bu yöndə kiçik narazılıqlar yaranır. Hesab edirəm ki, onları yoluna qoymaq elə də gərgin iş tələb etmir.
- Siz QHT sədri olmaqla yanaşı, həm də Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının “Qhtxeber.az” saytının baş redaktorusunuz. Bir qədər əvvəl sadaladığınız narazılıqların, eləcə də QHT-lərin üzləşdiyi digər problemlərin həlli üçün istər Şura, istərsə də saytınız vasitəsilə hansı işlər görülür?
- Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında bu ilin əvvəlində QHT-lərin problemlərinin həlli ilə bağlı “Hüquq və monitorinq” komissiyası yaradılmışdı. “Hüquq və monitorinq” komissiyası həqiqətən də ötən müddət ərzində istər Bakıda, istərsə də regionlarımızda qanunvericiliyin yeni tələblərindən irəli gələn məsələlərin QHT-lərə aydın şəkildə izah edilməsi, qarşıya çıxan məsələlərin öyrənilməsi və aradan qaldırılması baxımından effektiv fəaliyyət göstərib. Bu sahədə qarşıya çıxan problemlər vətəndaş cəmiyyəti ilə dövlət arasında körpü rolu oynayan qurum olaraq, daim Şuranın diqqət mərkəzindədir.
- Bir müddət əvvəl MDİ-nin Azərbaycanda “rəngli inqilablar”a dəstək olması, onun təşkilatçılarına maliyyə dəstəyi verməsi barədə məlumatlar mətbuatda yer aldı. İddia olunurdu ki, MDİ Azərbaycanda hakimiyyətə qarşı olan bəzi müxalif dairələrə maddi yardım ayırıb, “Facebook və rəngli inqilablar” həyata keçirmək üçün 2 milyon dollar pul xərcləyib. Bu günlərdə isə MDİ-nin Azərbaycan ofisi bağlanıb. Ümumiyyətlə Sizin bu kimi QHT-lərin fəaliyyətinə münasibətiniz necədir?
- Rəngli inqilab deyəndə yəqin ki, dövlət çevrilişi şousuna verilən müasir adı nəzərdə tutursunuz. Mən “məxməri inqilab” deyəndə Çexiyada 1989-cu ildə başlanan hadisələrini fikirləşirəm. O zaman 1 nəfərin burnu qanamadan dəyişiklik baş verdi, ölkə bir siyasi-iqtisadi formasiydan tam fərqli formasiyaya daşındı. İnqilab belə olur. Elədirsə, Ukraynada baş verənləri də inqilab adlandıraq. Buna görə adamı psixi xəstəxanaya müalicəyə yollayarlar. Bu sadəcə şoudur, dəyişiklik şousu. MDİ və digər təşkilatların qeyd etdiyim dəyişiklik şoularında aktiv iştirakı birmənalı təsdiqlənib və Ukrayna hadisələri buna bariz nümunədir. Azərbaycana gəldikdə isə, situasiya çox fərqlidir. Azərbaycanın müstəqil inkişaf xətti var, o cümlədən uğurlu islahatları, hüquqi dövlət quruculuğu, güclü vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsi istiqamətində gördüyü işlər göz qabağındadır. Azərbaycan bir çox sahələrdə islahatlar həyata keçirərək, böyük uğurlara imza atmış bir dövlətdir. Qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyi dünyanın bir çox ölkələrinin qanunvericiliklərindən daha mütərəqqi və mükəmməldir. Azərbaycan Respublikası tərəfindən vətəndaş cəmiyyətinin inkişafı və vətəndaş cəmiyyəti nümayəndələrinin ictimai həyatının bütün sahələrində fəal iştirakının təmin edilməsi məqsədilə uğurlu ardıcıl tədbirlər həyata keçirilib. Əgər kimsə, hansısa təşkilatsa öz qaydalarını burada tətbiq etmək istəyirsə, təbii ki, ünvanı səhv salıblar. Slavyan xalqlarından gözəl bir atalar sözü var: Öz qaydalarınla özgə məbədə getmə! Azərbaycan inkişaf edən, siyasi-iqtisadi sabitliyi olan bir dövlətdir. Burada Azərbaycan Respublikasının qanunları qüvvədədir. Bu, kimisə qane edər, kimisə etməz. Qızıl deyil ki, hamının xoşuna gəlsin. Amma beynəlxalq hüquqmu deyim, norma deyim, qayda deyim, centlmen sazişi deyim, bilmirəm nə deyim, orada açıq da olmasa qeyd edilir ki, “başqa dövlətlərin daxili işlərinə qarışmaq olmaz”. Vaxtilə basdırdıqları “minalar” təmizləndikcə, özləri üzə çıxdıqca gözlənilən idi ki, bəzi dairələr reaksiya verəcəklər. Yəni bu proses normaldır. Maliyyənin haradan alınmasından, necə alınmasından asılı olmayaraq, reaksiya verilməlidir. Doğrudan da çox maraqlıdır ki, o maliyyənin mənbəsinin nədənsə eyni mərkəzə, eyni siyasi dairəyə bağlandığı artıq narahatlıq yaratmır. Zatən, bəlli idi. Əvvəl gizli, indi açıq deyirlər.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər