• çərşənbə axşamı, 19 mart, 12:30
  • Baku Bakı 8°C

Vaxtı çatanda, məşhurluq özü məni tapacaq - fotolar

11.05.13 09:48 5697
Vaxtı çatanda, məşhurluq özü məni tapacaq - fotolar
Müsahibim uzun müddətdir ki, Bakı Uşaq Teatrının səhnəsində çalışan gənc aktrisa Könül Şahbazovadır. Könül Bakı Uşaq Teatrının kollektivi ilə tez-tez qastrol səfərlərinə gedir, maraqlı obrazları ilə uşaqların və böyüklərin sevimlisinə çevrilib. Uğurlu oyun tərzi ilə seçilən aktrisa bu gün kifayət qədər tanınmasa da, bizimlə söhbətində məşhur olmaq üçün can atmadığını söylədi.
Həyəcanlı qədəmlər
- Özünüz haqqında oxucularımıza məlumat verərdiniz.
- 1987-ci ildə Bakı şəhərində anadan olmuşam. İlk təhsilimi 236 nömrəli orta məktəbdə rus bölməsində almışam. 1993-cü ildə “Cücələrim” rəqs ansamblına daxil olmuşam. 2001-ci ildən İbrahim Əbilov adına mədəniyyət evinin Səməd Vurğun adına olan “Vurğun” poeziya dərnəyinə üzv olmuşam. 2001-ci ildən elə həmin mədəniyyət evində Lütfi Məmmədbəyov adına “Xalq Teatr”nın aktrisası olmuşam. 2002-ci ildən latın-amerikan rəqsləri ilə yaxından tanış olub, müxtəlif xalqların rəqslərinə yiyələnmişəm. Daha sonra “Abşeron Step” rəqs qrupuna daxil olmuşam. 2004-cü ildə məktəbi bitirib, sənədlərimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə versəm də, iki il daxil ola bilməmişəm. Ancaq ümidimi itirməmişəm, daha yaxşı çalışıb, sənədlərimi yenidən universitetə təqdim etdim. 2006-cı ildə İncəsənət Universitetinin “Dram rejissoru” fakültəsinə daxil oldum. Nəhayət ki, arzuma çatdım.
- Bakı Uşaq Teatrının səhnəsinə gəlişiniz təsadüfdənmi oldu?
- Xeyr. İncəsənət Universitetinə daxil olmamışdan öncə, 2005-ci ildə İrəvan Dövlət Dram Teatrında fəaliyyət göstərirdim. Bir müddətdən sonra ümidsiz halda Bakı Uşaq Teatrına gəldim. Daxilimdə böyük bir inamsızlıq var idi. İnanmırdım ki məndən professional aktrisa ola bilər. Hansısa mədəniyyət evində obraz yaratmaq başqa bir hissdir, professional səhnədə obraz yaratmaq başqa. Bakı Uşaq Teatrı professional səhnə olduğu üçün burada oynamaq daha məsuliyyətli idi. Qeyri- peşəkar bir aktrisanın professional səhnədə obraz yaratması aktrisadan cəsarət tələb edir. Ümumiyyətlə, həyatda çox iddialı insanam. Bir şeyə nail olmaq üçün əlimdən gələni edirəm. Gələcəyə doğru atdığım bu addımda da rejissor İntiqam Soltanın mənə böyük xeyri və dəstəyi olub. Bu sözləri teatrın direktoru olduğu üçün demirəm, həqiqətən də İntiqam müəllim həmişə ondan kömək istəyənə əl tutur. Gənc aktyorların yetişmələri üçün əlindən gələn hər bir şəraiti yaradır.
- İlk obrazınız barədə danışmağınızı istərdim. Obrazı canlandırarkən hansı hissləri keçirmisiniz?
- İlk obrazım İntiqam Soltanın tamaşasında olub. Tamaşada tibb bacısı obrazını yaradırdım. Tamaşa zamanı çox həyəcan keçirirdim. Bundan əlavə, stressli olmağım mənə çox mane olurdu. Professional səhnədə ilk rolumun öhdəsindən istədiyim kimi gəlmədiyim üçün özümü hərdən qınayırdım. İlk rolum əsas obraz deyildi və deyilənə görə heç də pis alınmamışdı. Həmişə mənə həvalə olunan obrazı daha yaxşı canlandırmağa, öz üzərimdə dayanmadan işləməyə çalışıram. Bu əzmlə çalışdıqdan sonra bir də o zaman diqqət etdim ki, teatrın bütün repertuarında obrazlarım var. Bu, teatra yeni gəlmiş aktrisa üçün çox sevindirici hal idi. Və bu gün tam əminliklə deyə bilərəm ki, Bakı Uşaq Teatrının aparıcı aktrisalarından biri və bəlkə də birincisiyəm.
Şəraitsizlik...
- Bakı Uşaq Teatrı hər zaman məkan cəhətdən problemlər yaşayıb. Bu sizə obrazlarınızı təqdim etməkdə çətinliklər yaratmayıb ki?
- Bakı Uşaq Teatrının Dənizkənarı Bulvarda yerləşməsi həm aktyorlar, həm də tamaşaçıların teatra üz tutması baxımından çox əlverişli idi. O zaman tamaşalarımızı rahat şəkildə hazırlayırdıq. Oradakı fəaliyyətimizdən bir müddət sonra bizi Hüseynqulu Sarabski adına mədəniyyət evinə göndərdilər. Oraya gələrkən repertuarımızda olan tamaşalarımız yerində qalmışdı, amma yayda mədəniyyət evinin binası hədsiz dərəcədə isti, qışda isə çox soyuq olurdu. Bu şərait bizim səhnədə tamaşa nümayiş etdirməyimizə bir çox əngəllər törədirdi. Tez-tez xəstələnirdik, geyimlərimizi dəyişirdik. Bütün bunlara baxmayaraq, tamaşalarımızı mükəmməl şəkildə təqdim etməyi bacarırdıq. İndi isə bizi Qaraçuxur qəsəbəsinə göndəriblər. Yenə də teatr çox uzaqdır, hər gün işə gəlirik, çalışırıq, yeni tamaşalar üzərində işləyirik. Digər aktyorlarımızı deyə bilmərəm, mənim üçün yaşadığım çətinliklər heç zaman obrazlarıma təsir etməyib. Çünki problemimiz məişətlə, yolla bağlıdır, yaradıcılıq isə heç vaxt məişət problemindən qaynaqlanıb, işimə təsir edə bilməz. Mənim üçün istedad ya var, ya da yoxdur.
- Mono tamaşaların nümayişi zamanı sizin rəqsiniz marağa səbəb olmuşdu. Aktrisa olduqdan sonra rəqs dərslərinə davam edirsinizmi?
- Ömrümün yarısı rəqs etməklə keçib. Müxtəlif rəqslərə müraciət edib, onların ifa tərzini öyrənməyə çalışmışam. Əsl rəqs stilistikasının nə olduğunu mənə Hacıbaba Məmmədov öyrədib. Hacıbaba müəllim Bakı Uşaq Teatrının direktor müavini, peşəkar aktyor, rejissor, xoreoqrafdı. Həmin “Flamenko” mono tamaşasının rejissoru məhz Hacıbaba müəllim olub. Bu tamaşa da deyilənə görə uğurlu tamaşalar siyahısındadır. Rəqs etməyi çox sevirəm.
- Bakı Uşaq Teatrı ən çox qastrol səfərlərinə gedən teatrlar sırasındadır. Vətəndən kənarda uşaq tamaşalarına maraq hansı səviyyədədir?
- Bakı Uşaq Teatrı qastrol səfərlərinə gedərkən yalnız uşaq tamaşalarını nümayiş etdirmir. Bir çox qastrollarımıza böyüklər üçün tamaşalarımızla getmişik. Vətəndən kənarda uşaqların teatra, personajlara böyük marağı var. Xaricdə valideyn övladını teatra aparır ki, uşağın maariflənməsində teatrın da müəyyən mənada rolu olsun. Amma bizdə belə situasiya ilə çox nadir hallarda qarşılaşmaq olar. Uşaqların intellektual səviyyədə inkişaf etməsi üçün onları öz valideynləri teatra meylləndirirlər. Çox istəyərdim ki, biz də valideynlərimiz öz övladlarına belə təbliğat keçsinlər. İnanıram ki, yaxın gələcəkdə bizdə də eyni hallar baş verəcək. Buna böyük ümidim var.
Cəsarətliyəm
- Gənc aktrisa kimi bu gün səni hansı problemlər narahat edir?
- Bu gün səhnədə olan aktyor və ya aktrisalar üçün əsas problem maliyyə problemidir. Mənim fikrimcə, yaradıcı insan işini hər şeydən üstün tutmalı, işin maliyyə cəhətini düşünməməlidir. Tamaşaların uğurlu və baxımlı olması üçün istəyərdim ki, müasir ədəbiyyatdan yazan gənc yazıçıların sayı çoxalsın ki, onların əsərləri də bu gün səhnəyə yol tapsın. Teatra yeni baxış gəlsin.
- “Heykəl” tamaşasındakı obrazınız aktyordan cəsarət və çılğınlıq tələb edir.
- Ümumiyyətlə, cəsarətsiz aktyor heç zaman cəsarətli rol canlandıra bilməz. Həm də haqqında danışdığımız bütün problemləri bilə-bilə sənətə gəlmək özü aktyordan cəsarət tələb edir.
- Bu gün Könül Şahbazova kifayət qədər tanınmış və məşhur ad deyil. Tanınmamağınızın əsas səbəb nədir?
- Bu sual mənim özümə də çox maraqlıdır. Öhdəmə düşən işi layiqincə görürəm. Öz üzərimdə daima çalışıram. Bir gün belə, kiminsə məşhur olması üçün yetərlidir. Əsas odur ki, məşhur olmağa layiq olasan. Həm də yaradıcı insan məşhurluq arxasınca qaçmamalıdır, vaxtı çatanda məşhurluq özü layiq olan insanı tapacaq. Mən də bu prinsiplə çalışıram.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər