AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Vatikan sərt tənqid hədəfində

Vatikan sərt tənqid hədəfində

Təfsilat
15 Aprel 2015, 05:32 692
Roma Papasının xristian təəssübkeşliyi mövqeyindən çıxış edərək 1915-ci ildə Osmanlı imperiyasında baş verənləri “soyqırımı” kimi qələmə verməsinə qarşı beynəlxalq təpkilər durmadan artır. Roma Papasının sərsəmləmələrinə qarşı Türkiyənin sərt mövqe nümayiş etdirməsinə İtaliya da münasibət bildirib. İtaliyanın Avropa işləri üzrə dövlət katibi Sandro Gozi Roma Papasının uydurma erməni soyqırımını tanımağa yönəlik açıqlamasını tənqid edib. O qeyd edib ki, hökumət “soyqırımı” kəlməsindən istifadə etməməlidir: “Bu, hökumətlərin yox, tarixçilərin işidir”.
İtaliyanın xarici işlər naziri Paolo Gentiloni isə əksinə, Türkiyənin atdığı addımların düzgün olmadığını söyləyib: “15 il bundan əvvəl Papa II İohann Pavel da buna bənzər açıqlama vermişdi. Türklərin sərt açıqlaması haqlı görünmür”. İspaniyanın Barselona şəhərində qatıldığı bir yığıncaqdan sonra jurnalistlərə açıqlama verən nazir ruhani liderin haqlı qərar verdiyini deyib: “İtaliya hər zaman 100 il əvvəl şiddətə məruz qalan və acı çəkən erməni xalqı və hökumətinə qarşı həmrəyliyini ifadə edib. “Soyqırımı” ilə əlaqədar olaraq isə hər zaman İtaliyanın dostları olan Ermənistan və Türkiyəni dialoqa dəvət edirik”. Lakin İtaliya rəsmisi, Papadan fərqli olaraq, baş verənləri “soyqırımı” kimi qələmə verməkdən vaz keçib.
Öz növbəsində BMT baş katibinin mətbuat sözçüsü Stefan Düjarrik qondarma erməni soyqırımı iddiaları barədə danışarkən “faciəvi hadisə” və “qətliam” deyib. Papanın erməni iddialarını şərh etməsi barədə suala cavab verən S.Düjarrik 1915-ci ildə baş vermiş hadisələri yad edəcəklərini bildirib: “Baş katib Pan Qi Mun 1915-ci ilin faciəvi hadisələrinin xatırlanması və yad edilməsi ilə o dövrdə baş vermiş həqiqətlərin aşkarlanması üçün əməkdaşlığın davam etdirilməsinin, oxşar qətl hadisələrinin gələcəkdə baş verməməsi üçün kollektiv qərarlılığın gücləndirilməsinin lazım olduğuna inanmaqdadır”.
Qeyd edək ki, əslində baş verməmiş “soyqırımı”na görə Türkiyəni qınayan BMT yaxın keçmişdə baş vermiş Xocalı soyqırımına görə bir dəfə də olsun ciddi açıqlama verməyib. Hətta BMT Ermənistan haqqında çıxardığı 4 qətnamənin həyata keçirilməsinə belə təşəbbüs göstərməyib.
Qərb dövlətlərindən obyektiv mövqe Almaniyadan daxil olub. “Almaniya hökuməti 1915-ci il hadisələrinin mütəxəssislər və tarixçilər tərəfindən qiymətləndirilməsini lazım bilir” – deyə dövlət katibinin müşaviri Kristiane Virtz Berlin Federal Mətbuat Mərkəzində sualları cavablandırarkən bu fikri səsləndirib. K.Virtz 1915-ci il hadisələriylə əlaqədar erməni iddialarına aid suala cavab verİb: “Soyqırımı iddiaları mütəxəssislər və tarixçilər tərəfindən qiymətləndirilməlidir”. Xarici İşlər Nazirliyinin katibi Martin Şafer isə türklərin və ermənilərin bu problemi birlikdə həll etmələrinin vacibliyini vurğulayıb.
Türkiyənin özündə isə bir-birinin ardınca sərt açıqlamalar verilir. “Roma Papası Fransiskin 1915-ci il hadisələrini birtərəfli qiymətləndirməsi onu göstərir ki, Vatikan bu məsələdə bitərəf mövqeyinə son qoyub”. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək deyib. Parlamentin spikeri qeyd edib ki, 1915-ci il hadisələri ilə bağlı bu cür bəyanatlar yolverilməzdir. O vurğulayıb ki, Türkiyə Roma Papasının qondarma erməni soyqırımını dəstəkləyən bəyanatını millətlərarası nifaqı qızışdırmaq kimi dəyərləndirir.
“Roma Papasının bəyanatı Qərbdə aparılan antitürk kampaniyasının tərkib hissəsidir”. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü Məzhər Bağlının sözlərinə əsasən, daha əvvəl bəzi Avropa ölkələri də belə bəyanatla çıxış ediblər: “Roma Papasının bəyanatına əsaslanaraq, Qərbin Türkiyəyə qarşı ümumilikdə münasibəti barədə fikir söyləmək olar”. M.Bağlı qeyd edib ki, Türkiyə belə bəyanatlara cavab verə biləcək ölkədir.
“Türkiyə əlindən gələni edəcək ki, Avropa Parlamenti 1915-ci il hadisələri ilə bağlı qətnamə qəbul etməsin”. Bunu isə Türkiyə XİN-in sözçüsü Tanju Bilqiç bildirib. O, Türkiyə rəsmilərinin Avropa Parlamentinə baş çəkəcəyini və sədr Martin Şultsla görüşəcəyini qeyd edib. T.Bilqiçin sözlərinə görə, Danimarka parlamentinin oxşar qətnamə qəbul etməməsi üçün Türkiyə artıq lazım olan addımları atıb.
Türkiyə müxalifəti də Papaya qarşı qəzəbini ifadə edib. Müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Roma Papasının “soyqırımı” barədə sözlərinə kəskin reaksiya verib. Siyasi lider bu barədə fikirlərini şəxsi Twitter səhifəsində paylaşıb. D.Baxçalı Papanı Türkiyəyə səfəri zamanı yalan sülh mesajı verməkdə ittiham edib: “Papa aprelin 12-də Vatikanda keçirilən ayində, “XX əsrin ilk soyqırımı ermənilərə qarşı törədilib” – deyərək, səlibçi əməllərini yalanla suladı. 28-30 noyabr tarixlərdə ölkəmizi ziyarət edərkən yalan sülh mesajları verən Papanın həqiqi siması artıq meydandadır. Bosniya və Ruandada baş verənlərə kütləvi qırğın deyənlər 1915-ci il hadisələrinə “soyqırımı” böhtanlarını layiq görür. Çox yazıq! Papa Türkiyəyə gələndə əli ayağına dolaşan, “fərqli düşündüyümüz heç bir mövzu yoxdur” – deyən şəxsiyyət indi nə deyəcək? Papa bilməlidir ki, soyqırımı bəşəriyyətə qarşı işlənmiş bir cinayətdir və Allaha şükürlər olsun ki, şanlı tariximizdə bu iddialara dair kiçik də olsa bir iz yoxdur. İstər qəbul edilsin, istərsə də rədd edilsin, türk millətinin yolu əsla soyqırımı ilə kəsişməyib, təmiz adı ardıcıl cinayətlərdə hallanmayıb”.

Azər NURİYEV