Vaşinqton “Türk axını”na qarşı
Rusiyanın qaz nəhəngi "Qazprom” qaz ixracını artırdığı barədə hesabat
yayıb. Hesabatda vurğulanır ki, inşasına başlanılan "Türk axını” reallaşdıqdan
sonra ixracın həcmi daha da artacaq. Elə bu bəyanatla eyni vaxtda Birləşmiş
Ştatların Dövlət Departamenti Rusiya ilə Türkiyə arasında inşa edilən "Türk
axını” layihəsinə qarşı çıxan bəyanat yayıb. Düzdür, burada siyasi səbəb də rol
oynasa da, ekspertlər daha çox iqtisadi səbəbləri qabardırlar. Siyasi mənada
məsələ aydındır - Rusiyanın müəllifi olduğu hər iki layihə ("Türk axını” və
"Şimal axını-2”)
Ukraynanı tranzit ölkə statusundan məhrum edir. Qərb də bu səbəbdən hər iki
layihənin reallaşmasına qarşı çıxır. Əsas və haqlı tələbi də Ukraynanın işğal
altında olan torpaqlarının azad edilməsidir.
İqtisadi mənada isə ekspertlərin qənaətincə, Vaşinqton Avropa
bazarını öz sıxılmış təbii qazı ilə təchiz etmək üçün başqa tədarükçülərin "təmizlənməsi”
prosesinə start verib. Düzdür, hələ ki, söhbət mikroskopik həcmdən getsə də,
Birləşmiş Ştatlar yeni bazarlarda öz iştirakını genişləndirmək niyyətindədir.
ABŞ Energetika Nazirliyinin məlumatına görə, bura elə Türkiyənin özü də
daxildir. 2017-ci ilin yanvar-noyabr aylarında "Qazprom” Türkiyəyə qaz ixracını
20 faiz, Yunanıstana 12, Bolqarıstana 7, Macarıstana 22, Serbiyaya isə 26 faiz
artırmağa müvəffəq olub. Bu barədə məlumatı TASS qaz konserninə istinadən
yayıb. Əldə olunan rəqəmlər "Türk axını”nın gedəcəyi ölkələr boyu qaza olan
tələbatın artdığını göstərir. Bütövlükdə uzaq xaric ölkələrinə qaz ixracı qeyd
olunan dövrdə 8 faiz artaraq 175 mlrd. kub metr təşkil edib. Lakin deyir "sən
saydığını say, gör Dövlət Departamenti nə sayır”. "Qazprom” uğurları barədə
hesabat verdiyi vaxt departament nümayəndələri "Türk axını”nın taleyini
müzakirəyə çıxarıblar. Müzakirələrdə bu layihə Rusiyanın başqa bir iri layihəsi
"Şimal axını-2”
kimi arzuolunmaz və təhlükəli adlandırılıb. Məsələn, ötən həftənin sonu dövlət
katibinin enerji resursları bürosu rəhbərinin müavinin köməkçisi Con MakKarrik
bildirib ki, ABŞ "Türk axını”na qarşı çıxır. Eləcə də, diplomatın "Şimal axını-2” layihəsinin inşa edilməyəcəyi
barədə sözləri sitat kimi çəkilir. Bu barədə xəbəri Türkiyənin Hurriyet Daily
News qəzeti "Reuters”ə istinadən yayıb. Ötən həftənin sonu Dövlət
Departamentinin rəsmi nümayəndəsi Xizer Noyert jurnalistlərin suallarını
cavablandırarkən Vaşinqtonun mövqeyini ortaya qoymalı olub. Və Amerika
administrasiyası Dövlət Departamenti rəsmlərindən birinin "Şimal axını-2” layihəsinin reallaşmayacağı
barədə söylədiyi fikirlərə aydınlıq gətirə bilməyib. Lakin Noyert sonda təsdiq
edib ki, Vaşinqton Rusiyanın ixrac layihələrini qəbul etmir. "Biz "Şimal axını-2” və "Türk axını” kimi çoxkanallı
layihələrin Rusiyanın Avropanın qaz bazarlarında dominant mövqeyə gətirib
çıxaracağı, eləcə də enerji resurslarının diversifikasiyasını məhdudlaşdıracağı
və təhlükəsizlik riski yaradacağı barədə
bir çox avropalı tərəfdaşlarımızın fikirləri ilə razıyıq. Rusiya bununla
da Ukraynanı əsas tranzit ölkəsi olaraq sıradan çıxarmaq kimi əsas məqsədinə
çata bilər”, - deyə o bildirib.
"Sberbank Investment Research”in analitiki Valeri Nesterov hesab edir
ki, sanksiyalar ərəfəsində ABŞ nümayəndələri dəfələrlə Balkanlarda və
Yunanıstanda olublar. Onlar bu ölkələrə diplomatik təzyiq göstərərək Rusiyanın
ixrac layihələrinin reallaşmamasına çalışıblar. O xatırladır ki, bir vaxtlar Nabukko
layihəsi "Cənub axını”na qarşı qoyulurdu: "Bu, çox illər əvvəl olub. Nabukko
reallaşmadı və digər layihələr ortaya çıxdı. Ardınca da "Cənub axını” baş
tutmadı və indi "Türk axını” gəlib. Bu layihənin də reallaşmaması üçün güclü
səy göstərilir”.
Aktual İqtisadiyyat İnstitutunun direktoru Nikita İsayev isə hesab
edir ki, burada siyasi məsələ önəmlidir: "ABŞ Avropaya qaz nəql etməklə onlara
təsir imkanlarını artırmaq istəyir. Lakin bu mövqeyin formalaşmasında iqtisadi
motivlər də az rol oynamır. Başa düşmək gərəkdir ki, yeni prezident ölkəsinin
qlobal enerji dominantlığına nail olmasını elan edib və bunun üçün Birləşmiş
Ştatların bütün imkanları var. Proqnozlar göstərir ki, ABŞ-da qaz və neft
ixracı artmaqda davam edəcək. Bu, çox böyük qüvvədir və artıq bazara daxil
olub. ABŞ artıq Çinə neft ixrac edən ölkələrin ilk onluğuna düşüb. Onlar qazı
da müxtəlif ölkələrə çatdırmağa nail olublar”.
Skolkov adına biznes-məktəbin analitikləri isə hesab edirlər ki,
iqtisadi və siyasi motivləri qarşı-qarşıya qoymaq elə də vacib deyil. Onların
qənaətincə, hər iki faktor inşa işlərinin başlanmasına mane olan əsas səbəblər
ola bilər. ABŞ-da qaz sıxılması ilə bağlı çoxsaylı yeni layihələr mövcuddur.
İndi onun əsas maraqlandıran məsələ yeni alıcılardır. ABŞ Energetika Nazirliyinin
məlumatına görə, ölkənin təbii qaz ixracı 30 faiz artaraq, rekord həddə - 66
mlrd. kub metrə çatıb. Sıxılmış təbii qaz ixracı isə 2015-ci illə müqayisədə
2016-cı ildə 7 dəfə artaraq 5 mlrd. kubmetrə yüksəlib. ABŞ sıxılmış təbii
qazının əsas alıcıları Çili, Meksika, Hindistan, Argentina və Çindir. Son iki
ildə tankerlərlə Polşa, Litva, İtaliya, Niderland və Böyük Britaniyaya da
sızılmış təbii qaz gedib çıxıb. İspaniya, Portuqaliya və Türkiyəyə sızılmış
təbii qazın çatdırılması isə artıq mütəmadi hal alıb. Məsələn, ötən il
Türkiyəyə 248, İspaniyaya 83, Portuqaliyaya 105 mln. kub metrlik qaz nəql
olunub. Son doqquz ayda İspaniya ABŞ-dan 548 milyon kubmetr, Portuqaliya 448
milyon kubmetr, Türkiyə 407 milyon kubmetr qaz alıb. Lakin Rusiyanın nəql
etdiyi qazın yanında bu mikroskopik həcmdə görünür. Və ən əsası, heç kim
qarantiya vermir ki, ABŞ qazı rus qazından ucuz olacaq. Lakin bəziləri bu
qənaətdədir ki, ABŞ-ın proseslərə, xüsusən də "Türk axını”na mane olmaq üçün
bir sıra təsir imkanları var. VETA qrupunun eksperti Dmitri Jarski hesab edir
ki, bu, Türkiyəni Rusiyaya qarşı qaldırmaq üçün diplomatik danışıqlar ola
bilər. Eləcə də, ABŞ Türkiyə və NATO arasındakı münaqişədən də yararlana, Avropanın
cənubunda terminalları maliyyələşdirmək yolu ilə də iqtisadi rıçaqları işə sala
bilər. Lakin bütün bunlarla yanaşı, belə bir fikir formalaşıb ki, türk
vətəndaşlarının istehlakı üçün "Türk axını”nın birinci xəttinin inşasına mane
olacaq hər hansı bir problem mövcud deyil və əsas mübarizə Türkiyəni tranzit
ölkəyə çevirəcək kəmərin ikinci xətti ətrafında gedəcək.
Azər NURİYEV