• cümə axşamı, 28 mart, 19:55
  • Baku Bakı 13°C

Vaşinqton Senatından Azərbaycanı dəstəkləyən Qətnamə

10.04.15 06:24 867
Vaşinqton Senatından Azərbaycanı dəstəkləyən Qətnamə
ABŞ-ın Vaşinqton ştatının Senatı aprelin 9-da keçirilən plenar iclasda Azərbaycana güclü dəstək ifadə edən qətnamə qəbul edib.
Bu barədə APA-ya Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Qətnamənin nüsxəsi plenar iclasda iştirak edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim olunub. Qətnamənin qəbulundan öncə həm Respublikaçılar, həm də Demokratlar Partiyasını təmsil edən müxtəlif senatorlar çıxış edərək, Azərbaycanı sürətlə inkişaf edən, tolerantlıq ənənələrini yüksək tutan, demokratik islahatlar aparan nümunəvi ölkə və ABŞ-ın mühüm tərəfdaşı kimi səciyyələndiriblər.
Ştat senatorları tərəfindən yekdilliklə qəbul edilən qətnamədə, Azərbaycan xalqının 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi respublika yaratdığı və bu gün Azərbaycanın ABŞ-ın güclü müttəfiqi və tərəfdaşı olduğu bildirilir. Qeyd olunur ki, Azərbaycan və ABŞ enerji təhlükəsizliyi, terrorçuluğa qarşı mübarizə və regional təhlükəsizliyin möhkəmləndirilməsi sahələrində sıx əməkdaşlıq edirlər. Sənəddə bildirilir ki, böyük neft və qaz ehtiyatlarına malik Azərbaycan ABŞ-ın və onun Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinə töhfələr verir və Avropanın enerji təchizatını şaxələndirəcək Cənub Enerji Dəhlizinin ən önəmli bəndi olaraq qalmaqdadır.
Sənəddə bildirilir ki, Azərbaycan suverenliyini və müstəqilliyini möhkəmləndirib, dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə və ABŞ-ın Güney Qafqazda ən böyük ticarət tərəfdaşına çevrilib. Həmçinin vurğulanır ki, Azərbaycan Vaşinqton ştatında yerləşən “Boeing” və “Microsoft” kimi şirkətlərin əsas regional tərəfdaşına çevrilərək, çoxmilyardlıq kontraktlar imzalayıb və bununla da bu ştatda amerikalılar üçün on minlərlə yeni iş yerinin yaranmasına səbəb olub.
Sonda, Azərbaycan-ABŞ strateji tərəfdaşlığının Vaşinqton Senatı tərəfindən dəstəkləndiyi qeyd olunaraq bildirilir ki, ABŞ Azərbaycan kimi müttəfiqlərlə münasibətləri daha da gücləndirməlidir.
Bu, Vaşinqton Qanunvericilik Orqanı tərəfindən Azərbaycana dair qəbul olunan ilk qətnamədir. Qətnamənin mətni ilə bu linkdə tanış olmaq olar: http://goo.gl/ghndkH
Sənədin qəbulunun video-yazısı bu linkdə yerləşdirilib: https://youtu.be/ZdxdbgJkAaI
Qeyd edək ki, Vaşinqtonda işçi səfəri müddətində baş konsul Nəsimi Ağayev Vaşinqton ştatının vitse-qubernatoru Bred Ouen ilə görüşüb, eləcə də Vaşinqton Nümayəndələr Palatasının hər iki fraksiyasının üzvləri və Ştat Senatının respublikaçılar fraksiyasının üzvləri qarşısında Azərbaycana dair çıxışlar edib.
banner

Oxşar Xəbərlər