AZE | RUS | ENG |

Vaşinqton Moskvanı müttəfiqlərsiz qoymağa çalışır

Vaşinqton Moskvanı müttəfiqlərsiz qoymağa çalışır
“Stratfor”un yeni proqnozuna görə, ABŞ 2019-cu ildə də Rusiyaya bütün istiqamətlər üzrə təzyiq göstərməkdə davam edəcək

ABŞ 2019-cu ildə də Rusiyaya bütün istiqamətlər üzrə təzyiq göstərməkdə davam edəcək. Vaşinqtonun əsas hədəflərindən biri Moskvanın ənənəvi müttəfiqlərindən məhrum etmək olacaq. Nüfuzlu "Stratfor” şirkətinin analitiklərinin hazırladıqları illik  proqnozda vurğulanır ki, ABŞ Rusiya Federasiyası ilə qonşu olan dövlətlərlə, eləcə də Kremlin geosiyasi maraqları və təsiri olan ölkələrlə münasibətləri intensiv şəkildə möhkəmləndirməyə çalışacaq. Artıq bu istiqamətdə konkret fəaliyyətə keçilib. Söhbət iqtisadi stimullardan, təhlükəsizlik təminatından, silah satışı, hərbi və humanitar əməkdaşlıqdan gedir. Başa çatmaqda olan 2018-ci il bəlli olduğu kimi, Birləşmiş Ştatlarla Rusiya arasında münasibətlərin gərginləşməsi, ziddiyyətlərin artması ilə yadda qalacaq. Mərkəzin analitikləri hesab edirlər ki, Vaşinqtonun davam edən səyləri Moskvaya qarşı gələcəkdə də bu vektorun nəinki, dəyişəcəyini, əksinə, daha da artacağını göstərir. Mərkəzin hesabatını dərc edən və ona münasibətləri yerləşdirən "Nezavisimaya qazeta” nəşri yazır ki, Vaşinqtonun əsas təsir rıçaqlarından biri Rusiya ilə sərhəd olan keçmiş sovet respublikalarıdır. Bu respublikalar bir növ Rusiya üçün bufer ərazilər rolunu oynayır. Amerikalı analitiklərin qənaətincə, Moskva ilə Vaşinqton arasında gərginliyin artması fonunda bu bufer ərazilər rəqabət vəziyyətində olan dövlətlər arasındakı mübarizədə teatr meydanına çevrilirlər. Onlar qeyd edirlər ki, Şərqi Avropada iki fövqəldövlət arasında rəqabətinin mərkəzində Ukrayna dayanır. Vaşinqton Kiyevə iqtisadi və siyasi dəstək verir və ona təhlükəsizlik sahəsində kömək göstərməkdə davam edir. ABŞ Ukraynanı silah, o cümlədən "Javelin” tank əleyhinə raket kompleksləri ilə təchiz edir, birgə hərbi təlimlər keçir. Gələn il ABŞ Ukraynaya silah satışını artırmaqla yanaşı, Azov dənizində onun donanmasını gücləndirə bilər. Hadisələrin belə ssenari ilə inkişafı isə Minsk prosesini poza və Ukraynanın şərqində yaşanan problemin dinc yolla həlli prosesini çətinliyə salar.
Rusiya Dövlət Humanitar Universitetinin postsovet məkanı kafedrasının müdiri Aleksandr Quşinin qənaətincə isə Ukraynada prezident və parlament seçkilərindən sonra xarici siyasətdə köklü dəyişiklik gözləməyinə dəyməz. "Biz tez-tez təkrar edirik ki, Avropa Ukraynadan bezib və ABŞ da bilmir bu ölkə ilə nə etsin. Bir növ Ukrayna dəstəksiz çemodana bənzəyir. ABŞ Ukrayna kimi forpostdan imtina etmək istəməz”, - deyə ekspert vurğulayıb. Onun qənaətincə, Ukraynada taktiki dəyişikliklər yalnız prezidentin dəyişilməsi ilə baş tuta bilər. Məsələn, Yuliya Timoşenkonun prezident seçilməsi danışıqlar formatı ilə bağlı müəyyən dəyişikliklərə gətirib çıxara bilər. Lakin strateji cəhətdən Kiyev Vaşinqtonun çətiri altında qalmaqda davam edəcək. "Mən hesab etmirəm ki, irimiqyaslı hərbi kömək göstəriləcək. Ola bilsin tank əleyhinə müəyyən silahlar verilsin. Ukrayna böyük ehtimalla kimin prezident seçilməsindən asılı olmayaraq, ABŞ-ın strateji təsir dairəsində qalacaq. İstənilən halda, rusiyapərəst dövlət başçısı seçilməyəcək. Rusiya ilə danışıqların tərəfdarı olan qüvvələr isə ən yaxşı halda Ali Radada azsaylı bir fraksiya qazanmağa ümid edə bilərlər”, - deyə ekspert bildirib.
Mərkəzin hesabatında bildirilir ki, Rusiyanın cənub sərhədində Gürcüstandan sonra Ermənistan da ABŞ üçün cəlbedici "kökə”yə çevrilə bilər. Bunun üçün zəmin də yetişib. Ermənistanın inqilabçı rəhbərliyi hər vəchlə özünü qərbpərəst göstərməyə çalışır, Qərb ənənələrinə üstünlük verdiyini nümayiş etdirir. ABŞ da "məxməri inqilab”dan sonra Rusiya ilə Ermənistan arasında yaranmış bu gərgin vəziyyətdən istifadə etməlidir. Belə bir cəhd də olub. ABŞ prezidentinin köməkçisi Con Boltonun səfəri zamanı. O zaman Bolton Ermənistanı silah satışı məsələsində Rusiya monopoliyasından qurtulmağa çağırmışdı. Lakin "Stratfor” analitikləri hesab edirlər ki, çətin ki, Yerevan Moskva ilə ittifaqdan imtina etsin. Bu fikri Yerevan Dövlət Universitetinin dosenti, Mikael Zolyan da təsdiq edir. O bildirir ki, Yerevan rəsmiləri xarici siyasət məsələsində hər hansı bir köklü dəyişikliklər olmadığını bəyan edir.
Mərkəzi Asiyaya gəldikdə - ABŞ regionda terrorizmə qarşı mübarizə və narkotiklərə qarşı aktiv fəaliyyət proqramı təklif edə bilər. Lakin Rusiya və Çin də bu istiqamətdə terrorizmə qarşı əks tədbirlər görülməsini reallaşdıra bilərlər. Moskva ilə Daşkənd arasında iqtisadi əlaqələrin gücləməsindən ehtiyat edən ABŞ açıq şəkildə bəyan edib ki, Rusiya ilə iqtisadi və investisiya məsələlərində rəqabət aparmaq niyyətindədir. Nəticədə Özbəkistan hər iki fövqəldövlət arasında kövrək balans yaratmaqla daha çox iqtisadi dəstək göstərilməsini istəyə bilər.
MDB məsələləri üzrə analitik Arkadi Dubnov hesab edir ki, "Stratfor”un hesabatı şübhəli təxribat xarakteri daşıyır. Onun qənaətincə, ABŞ-ın Rusiya ilə Ermənistan arasındakı fikir ayrılıqlarının daha da güclənməsinə çalışacağı və onları bir-birindən ayırmağa cəhd göstərəcəyi ehtimalı da inandırıcı görünmür. Başqa bir ekspert Nikolay Silayev isə "Stratfor”un özlüyündə "kölgə MKİ” imici formalaşdırdığını bildirib.
İstənilən halda isə bütün bunlar proqnoz olaraq qalır. Sözsüz ki, mərkəzin digər ölkələrlə bağlı söylədikləri bir qədər şübhə doğursa da, Ermənistanla bağlı yazdıqlarında həqiqət var. İki ölkə arasında gərginlik və soyuqluğun parlament seçkilərindən sonra daha da gücləndiyini sezmək mümkündür. Nəzərə alaq ki, baş nazir səlahiyyətlərini icra edən N.Paşinyan rusafob baxışları ilə seçilir. Elə onun komandası da Rusiyaya nifrət əhval-ruhiyyəsi ilə seçilir. Hər halda, seçkilərdən sonra iki ölkə arasında yaxşılığa doğru nəyinsə seziləcəyini gözləməyinə dəyməz.
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9292
GEL 1 1 Gürcüstan larisi 0.6379
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1461
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.7128
KWD 1 1 Küveyt dinarı 5.5895
TRY 1 1 Türkiyə lirəsi 0.3157