• şənbə, 20 Aprel, 00:14
  • Baku Bakı 15°C

Vaşinqton görüşünün Qarabağ danışıqlarına hansı təsiri olacaq?

24.06.19 18:57 526
Vaşinqton görüşünün Qarabağ danışıqlarına hansı təsiri olacaq?
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Vaşinqtonda keçiriləcək növbəti görüş ərəfəsində ermənilər cəbhə xəttində təxribatlara ara vermədi. ABŞ-da baş tutan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə isə erməni tərəfi bundan əvvəl baş tutan Paris və Moskva danışıqlarındakı nəticələri müzakirə etmək niyyətində olduğunu göstərdi. Bəs görəsən, Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı danışıqların davamı necə olacaq?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Natiq Miri bildirdi ki, Vaşinqton danışıqları bir növ həm Paris, həm də Moskva danışıqlarının davamı kimi dəyərləndirilməlidir: "Çünki Paris və Moskva danışıqlarında konkret siyasi nəticələr olmadığı kimi, zatən əvvəlcədən də bəlli idi ki, Amerika görüşlərində də nəticə olmayacaq. Bundan başqa, ABŞ-dakı görüşdən öncə cəbhə xəttində bir neçə ciddi hərbi təxribat törədildi. Bu faktın özü göstərirdi ki, Ermənistanın ABŞ-da hər hansı bir irəliləyişə ciddi niyyəti yoxdur. Bu təxribatlar təkcə Ermənistan hökumətinə bağlı olan və onların göstərişi ilə baş verən təxribatlar deyildi. Çünki cəbhə xəttində olan təxribatlar iki məsələni ortaya çıxardı. Birincisi, onu göstərdi ki, Paşinyan hökuməti bütövlükdə Azərbaycanın işğal olunmuş ərazilərindəki hərbi situasiyaya nəzarət edə bilmir. İkincisi də, Sarkisyan və Koçaryan hərbi xuntasının nəzarətində olan işğal zonasındakı qondarma rejim bilavasitə hərbi təxribatlarla əslində Paşinyan hökumətinin kökünü qazımaqla məşğuldur. Doğrudur, bu hərbi təxribatlarda zaman-zaman Ermənistanın fərsiz müdafiə naziri guya bütün proseslərə nəzarət edirmiş kimi açıqlamalar verdi. Ancaq bu, onun boyunu aşacaq məsələlər idi. Açıq şəkildə görünürdü ki, Paşinyan hökuməti cəbhə xəttindəki təxribatlara müdaxilə edə bilmir. Bu faktın özü də göstərir ki, Paşinyan hökumətinin gələcək dayanaqlılığı məsələsi əslində yenə də Azərbaycanın işğal olunmuş ərazilərindəki hadisələrdən asılı olacaq”.
N.Miri söylədi ki, Ermənistan cəmiyyəti böyük işsizlik və demoqrafik faciələrlə üz-üzədir, ancaq buna rəğmən hələ də Qarabağ məsələsi prioriteti hesab olunur: "O baxımdan düşünürəm ki, Qarabağ cəbhəsində baş verən istənilən hadisə əslində Paşinyan hökumətinin əvvəlki hakimiyyətlər kimi sonunu gətirəcək əsas səbəb ola bilər. Ona görə də bütün bu situasiyanı nəzərə alanda əvvəlcədən də bəlli idi ki, ABŞ-dakı danışıqlarda siyasi nəticələr olmayacaq. Vaşinqtonda sadəcə müzakirə xatirinə müzakirələr olub. Çünki Paşinyan hökumətinin bu gün edə biləcəyi hər hansı güzəşt imkanı yoxdur. Bunun üçün Paşinyan hökumətinin həm Ermənistana, həm də qondarma Dağlıq Qarabağ rejiminə təsir imkanları olmalı idi. Lakin o, hakimiyyətə gələndən sonra nə iqtisadi, nə siyasi, nə də hüquqi yöndə ciddi fundamental, sistematik dəyişikliklər edə bilməyib. Buna görə də Paşinyan hökuməti Ermənistan ictimai rəyində öz nüfuzunu itirməkdədir. Nüfuzunu itirən bir hökumət indiki məqamda prioritet olan Qarabağ məsələsində ciddi güzəştlərə gedə bilməz. Bu görüşlərdə iştirak etmək və zaman qazanmaq Paşinyan hökumətinin əsas hədəfi olduğu üçün düşünürəm ki, artıq bu imkanı da Azərbaycan hakimiyyəti ona verməməlidir. Danışıqlar xatirinə masa arxasında fərsiz Ermənistan hökuməti ilə danışmağa ehtiyac yoxdur. Fikrimcə, artıq Azərbaycan ictimai rəyində, həm regional, həm də qlobal səviyyədə mühit vardır ki, ordumuz bir neçə strateji bölgəni lokal hərbi əməliyyatlarla azad edə bilsin. Yalnız bundan sonra həm Ermənistanın havadarları, həm də erməni hakimiyyəti anlayar ki, artıq Azərbaycanla zarafat etməyə dəyməz. Əks təqdirdə, heç bir siyasi nəticəsi olmayan danışıqları on illər boyu davam edəcək”.
Politoloq Zaur Məmmədov hesab edir ki, Vaşinqtonda xarici işlər nazirləri arasında sıradan bir görüş olub: "ATƏT-in Minsk qrupu həmsədrlərinin əsas məqsədi sülh danışıqlarının müharibə mərhələsinə keçməməsidir. Amma təbii ki, Azərbaycan tərəfi bu görüşdə cəbhədə baş verənlərlə bağlı həmsədrləri məlumatlandırıb. Bütövlükdə Cənubi Qafqazda baş verən hadisələr geosiyasi güclərin maraqlarının toqquşması fonunda baş verir. Eyni zamanda, bu münaqişə geosiyasi güclər tərəfindən Azərbaycan və Ermənistana təzyiq kimi istifadə olunur. Hər bir halda Qarabağdakı separatçı ermənilər istər alət rolunu oynamaqla, istərsə də təxribatlara əl atmaqla münaqişənin nizamlanmasına ciddi şəkildə əngəl törədirlər. Buna baxmayaraq, danışıqlar davam etməlidir. Ermənistan tərəfi münaqişənin həlli yolu ilə bağlı fərqli mövqe sərgiləyəcək. Erməni tərəfi 2016-cı ilin aprel ayına qədər bəyan edirdi ki, artıq münaqişə həllini tapıb və "qalib” gəliblər. Lakin aprel hadisələri göstərdi ki, Azərbaycan sülh danışıqlarını erməni təxribatlarından dolayı digər metodlarla əvəzləyə bilər. Ona görə də bu hadisələr zamanı ordumuz cəmi bir neçə saat ərzində çox böyük əraziləri azad etdi. İndiki halda da ermənilər başa düşməlidirlər ki, bu sülh danışıqları həmişə davam etməyəcək. Zamanı gəldikdə Azərbaycan digər metodlarla Ermənistana zərbə endirməyi bacaracaqdır”.
Z.Məmmədov vurğuladı ki, cəbhə xəttində ara-sıra təxribatların olacağı gözlənilir: "Problemin nizamlanması prosesində belə təxribatlar istər ermənilər, istərsə də Azərbaycana təzyiq etmək istəyən geosiyasi qüvvələr tərəfindən həyata keçirilib. Yaxşı olardı ki, Fransa, Rusiya və ABŞ münaqişənin ədalətli nizamlanması istiqamətində effektiv işlər görsünlər. Bu addım dünyada onlara inamı artırar və regionda isə maraqlarının daha çox təmin edilməsinə gətirib çıxara bilər”.

Bəxtiyar MƏMMƏDLİ


banner

Oxşar Xəbərlər