• cümə, 29 Mart, 18:21
  • Baku Bakı 14°C

Vaşinqton görüşü ərəfəsində davamlı erməni təxribatı

18.06.19 17:42 723
Vaşinqton görüşü ərəfəsində davamlı erməni təxribatı
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqların davam etdirilməsi ilə bağlı razılıq əldə edilib. Lakin görünən odur ki, Ermənistanın yeni Paşinyan hakimiyyəti beynəlxalq diplomatik qaydalara da əməl etmək istəmir. Belə ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü ərəfəsində erməni tərəfi təmas xəttində və sərhəd boyunca təxribatlar törətməkdə davam edir. Bir müddət əvvəl cəbhədə Azərbaycan Ordusunun iki hərbçisi ermənilər tərəfindən şəhid edildi. Bundan sonra hərbi təlimlər zamanı Ermənistan tərəfindən Azərbaycanın hərbi helikopterlərinə atəş açıldı. İndi isə Ermənistan hərbi birləşmələri təmas xəttində atəşkəsi minaatanlarla pozmağa başlayıb. Bütün bunların fonunda isə Ermənistanın siyasi hakimiyyəti üzərinə öhdəlik kimi götürdüyü sülh danışıqlarını şübhə altına alaraq hərbi ritorikalı bəyanatlar verir. Ermənistanın heç bir məntiqə sığmayan bu addımlarına hələlik ATƏT-in Minsk qrupu tərəfindən reaksiya verilməyib. Həmsədrlər indiki halda işğalçıya təzyiqi artırmaq əvəzinə, danışıqların davam etdirilməsi fikrindən o yana keçə bilmirlər. Bəs görəsən belə bir vəziyyətdə Azərbaycan tərəfi necə davranmalıdır?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirdi ki, bu məsələdə Azərbaycanın mövqeyi birmənalıdır: "Biz bir tərəfdən torpaqlarımızın azad edilməsi üçün hazırlıq görürük, digər tərəfdən isə Ermənistanın təxribatlarına layiqincə cavab verilir. Azərbaycanın müdafiə naziri, general- polkovnik Zakir Həsənov bir neçə gün əvvəl keçirdiyi əməliyyat müşavirəsində, o cümlədən yeni açıqlamasında da bildirdi ki, Ermənistan tərəfi layiqli cavabını alır. Bu gün Ermənistanın geniş döyüş əməliyyatı aparmaq üçün müasir silahları yoxdur. Həmçinin, bu ölkənin ordusunda kadr çatışmazlığı var, zabitlərin və əsgərlərin əlindən zorla pullarının alındığı, korrupsiyanın hökm sürdüyü bir şərait mövcuddur. Ermənistan əsgəri və zabiti özgə torpağında olduğunu və Azərbaycan tərəfdən hər an həmlənin gözlənildiyi yaxşı dərk edir. Bizim cavabımız adekvatdır və Ermənistan tərəfi etdiyi hər bir təxribatın cavabını layiqincə alacağını özü üçün birdəfəlik aydınlaşdırmalıdır”.
A.Mirzəzadə diplomatik sahədə atılacaq addımlara toxunaraq qeyd etdi ki, Azərbaycanın xarici işlər naziri Ermənistanın qeyri-konstruktiv mövqeyi barədə vaxtaşırı bəyanat verir: "Azərbaycan tərəfi Ermənistanı beynəlxalq hüquq normalarına riayət etməyə çağırır. Eləcə də beynəlxalq ictimaiyyəti və təşkilatları Ermənistanın fəaliyyəti barədə məlumatlandırır. Bunun nəticəsidir ki, bir müddət əvvəl Fransa məhkəməsi bu ölkənin bəzi şəhərlərinin işğal altında olan Azərbaycan torpaqlarında yaradılmış separatçı rejimlə bağlanmış "dostluq xartiyaları”nı qüvvədən düşmüş hesab etdi. Ümumiyyətlə, Ermənistan həm daxili, həm də xarici siyasətdə uduzur. Bu vəziyyətdə Paşinyan rejimi Sarkisyanın atdığı addımları təkrarlayır. Paşinyan bununla hakimiyyətdə qalmağa və öz ictimaiyyətini aldatmağa çalışır. Amma nə qədər aldadacaq? Bu gün insanlara sözlər yox, iş yeri, yüksək əmək haqqı, artımlı pensiya və sabaha təminat lazımdır. Bunlar isə Ermənistanda yoxdur”.
Politoloq Elşad Mirbəşiroğlu bildirdi ki, Ermənistanın Dağlıq Qarabağ danışıqlarında vacib görüşlər ərəfəsində təxribatlar törətməsi birinci dəfə deyil: "Hər şeydən öncə məqsəd ondan ibarətdir ki, Azərbaycanın belə təxribatlara sərt reaksiyasına nail olunsun. Bu cavab reaksiyasına istinad edərək Ermənistan tərəfi təmas xəttində atəşkəs rejiminin pozulmasına görə məsuliyyətin Azərbaycan üzərinə qoyulmasına çalışır. Ardınca isə Azərbaycana qarşı əlavə beynəlxalq təzyiqlərə nail olmaq istəyir. Bu baxımdan hesab edirəm ki, belə vəziyyətlərdə Azərbaycan təmkinini pozmamalıdır. Təbii ki, təxribatların qarşısı sərt şəkildə alınır. Azərbaycan təkcə müdafiə mövqeyində dayanmayıb. Bildiyimiz kimi, düşmən tərəfi təxribat törətdiyi zaman Azərbaycan tərəfi həmişə onun qarşısında sərt bir formada öz gücünü göstərir və düşməni itkilərə məruz qoyur. Düşünürəm ki, ermənilərin təxribatı zamanı ehtiyatlı olmaq lazımdır”.
E.Mirbəşiroğlu əlavə etdi ki, Vaşinqtonda nəzərdə tutulan görüşdə Azərbaycan tərəfi yenə də beynəlxalq hüquq və ölkəmizin ərazi bütövlüyü prinsipləri çərçivəsində münaqişənin tənzimlənməsinin tərəfdarı olduğunu bir daha səsləndirəcəkdir: "Bundan başqa, Ermənistanın işğalçılıq siyasəti həyata keçirdiyini bir daha nəzərə çatdıracaqdır. Azərbaycanın xarici işlər naziri həm də Ermənistan tərəfinin təxribatları haqqında da məlumat verəcək. Həmçinin nazir bu təxribatlarda işğalçı Ermənistanın regionda pozuculuq fəaliyyəti ilə məşğul olmasını bir daha təsdiq etmiş olacaqdır. Düşünürəm ki, bütün hallarda Azərbaycan hazırkı siyasətini davam etdirməlidir. Fikrimcə, münaqişə vəziyyətində bütövlükdə Azərbaycanın potensialı davamlı olaraq güclənməkdədir. Azərbaycanın özünün siyasi, hərbi və iqtisadi potensialını gücləndirməklə münaqişə vəziyyətində qətiyyətli mövqeyini ortaya qoyaraq Dağlıq Qarabağ probleminin ölkəmizin ərazi bütövlüyü çərçivəsində tənzimlənməsinə nail ola biləcək”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər