“Varıq və var olmağa davam edəcəyik”

“Varıq və var olmağa davam edəcəyik”

Cəmiyyət
28 Noyabr 2012, 08:40 1313
Bu fikirlər Şimali Kipr Türk Respublikasının qurucusu və Prezidenti olmuş Rauf Denktaşa məxsusdur: “Kipr türkü əsrlərlə adada var olacaqsa bunun təməli 15 noyabr olmalıdır. Var olmağımızın və olmağa davam etmə niyyətimizin, azad yaşamağa sıx bağlı qala bilməyimizin əsası budur” demişdi rəhmətlik. O, bu dövlətin qurulması və yaşaması üçün həyatının sonunadək savaşdı və məqsədinə nail oldu.

Kipr adası hər tərəfdən Ağ dənizin göy suları ilə əhatələnib. Şimalda Dipkarpaz, qərbdə Gözəlyurd, cənubda Akınçılara döğru torpaqlara yayılır. Rəngarəng və pozulmamış təbiəti, bərq vuran dupduru dəniz suları, qızılı qumları, beşbarmaq dağları, qalalar, əsrlərdir yan-yana dayanmış kilsə, monastr və məscidlər möcüzələr adasını xatırladır. Şimali Kipr Türk Respublikasının torpaqlarında 9 minillik tarixin izləri var. Bu tarixi Ağ dənizin göy sularında böyük göytürklər yaradıblar. Təmiz çimərliklərində su xizəyi, paraşüt, motorlu və yelkənli qayıq kimi hər cür dəniz idmanı və əyləncə növləri var. Bu maraqlı ada Yer kürəsi ilə yalnız hava və dəniz yolu vasitəsilə əlaqə yarada bilir. Hər bir dövlət azadlıq və müstəqilliyinin tanınması üçün qanla-savaşla dolu yollardan keçməli, özünü dünyaya tanıtdırmalı və qəbul elətdirməlidir. Bunun üçün əlbəttə, uzun zamana ehtiyac var. Şimali Kipr Türk Respublikası da azadlıq və müstəqilliyinə qovuşmaq üçün çox problemlərlə üzləşmiş, təcrid olunmuş halda açıq savaşla üz-üzə qalmış, yüzlərlə şəhid vermiş, sonda müstəqilliyinə sahib olmuşdur. 1975-ci ildən 1983-cü ilədək Şimali Kipr Türk Federativ Dövləti adlanırdı.

Şimali Kipr adası 1571-ci ildə Osmanlı dövləti tərəfindən fəth edilmiş, 1878-ci ilə qədər imperatorluğun idarəsi altında olmuşdur. Bu dövr ərzində Anadolu yurdlarından xeyli sayda türklər Kiprə köçürülərək orada məskunlaşmış, nəsillər artmışdır. Lakin XIX əsrin axırlarına doğru zəifləyərək çətin vəziyyətə düşən Osmanlı dövləti 1878-ci ildə adanı İngiltərəyə icarəyə vermək məcburiyyətində qalır. 1914-cü ildə başlayan Birinci Dünya müharibəsində İngiltərə Kipri ilhaq edir…

Bir əsrdən artıq azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmış, saysız-hesabsız şəhid vermiş Kipr türkləri dünyadan təcrid edilmiş olsalar da, 1983-cü il noyabrın 15-də özlərinin müstəqil, konstitusiyalı, prezidentli və parlamentli dövlətlərini quraraq adanın 3,335 kv. kilometr ərazisində yaşayırlar. Slində onlar daha əvvəl – 1960-cı ildə Kipr yunanları ilə birgə qurduqları və eyni konstitusiyon hüquqlara sahib olduqları dövləti yaşatmaq istəyirdilər. Lakin yunanlar 1963-cü ildə türklərə qarşı əks mövqedə dayanaraq öncə Konstitusiyada onların hüquqlarını ifadə edən 13-cü maddəni dəyişdirmək istəyirlər. Kipr türkləri buna etiraz edəndə kiçik adada iki xalq arasında silahlı mübarizə baş verir. Bu hadisəni türklər «qanlı noel» adlandırır. 11 il sonra 1974-cü ildə Türkiyə dövləti Birləşmiş Millətlər Təşkilatının Anlaşmasının 51-ci maddəsi çərçivəsində adaya müdaxilə etdi və bu müdaxilə beynəlxalq qurumlar tərəfindən tamamən dəstəkləndi. Beləliklə, 1974-cü ildə Şimali Kipr xilas edildi. 1983-cü il noyabrın 15-də isə bütün beynəlxalq hüquqa uyğun olaraq Şimali Kipr Türk Respublikası yaradıldı. Lakin siyasi analitiklərin fikrincə, Kipr problemi hələ də həll olunmayıb. Onlar hesab edirlər ki, problemin yeganə həlli Kipr türklərinin izolyasiyadan tamamilə azad olunması, beynəlxalq qurumların bu dövlətlə işbirliyi yaratması və haqqlarını tanımasıdır. Dünyanın Kipr türklərinə qarşı göstərdiyi böyük ədalətsizliklərdən biri problem həll olunmadan adanın yunan qisminin Avropa İttifaqı sıralarına qəbul edilməsidir. Vaxtilə BMT və Avropa İttifaqının təşəbbüsləri ilə adadaki iki dövlət tək hakimiyyət altında birləşdirilməyə cəhd edilsə də, bir nəticəsi olmamışdır. 2004-cü ildə Annan planını adanın türk qismi qəbul etsə də, yunanlar rədd etdilər.

Avropa İttifaqının və Yunanıstanın basqısı altında yaşayan Kipr türklərinə ilk qapı açanlardan biri dostu-qardaşı Azərbaycan oldu. 1997-ci ildə Heydər Əliyev Ağdənizin qoynunda dünyadan təcrid olunmuş dini, dili, tarixi, mədəniyyəti, soy-kökü eyni olan Kipr türklərini Azərbaycana dəvət etdi. Azərbaycanda Şimali Kiprin mədəniyyət, turizm və ticarət palatası yaradıldı və daimi nümayəndəliyi yaradıldı. Orada da Azərbaycanın mədəniyyət və ticarət mərkəzi yaradıldı. 2005-ci ilin iyulunda Azərbaycandan Kiprə təyyarə reysi açıldı. Bu, 1975-ci ildən indiyə xarici ölkə bayrağı altında Şimali Kiprə uçan ilk təyyarə idi. Azərbaycan nümayəndə heyətinin ŞKTR-ə səfərindən sonra Şimali Kiprdən böyük bir nümayəndə heyəti də Azərbaycana gəldi. Nümayəndə heyətinə cümhuriyyətin Prezidenti Rauf Denktaş rəhbərlik edirdi.

Dünyadan təcrid olunsalar da, Kipr türkləri dost-qardaş Azərbaycanla əlaqələrini genişləndirir. Adaya hər il gedən azərbaycanlı turistlərin sayı artır. Azərbaycandan yüzlərlə turist bu cənnət məkanı gəzmək və görmək üçün yay aylarında Kiprə gedirlər. İnsanlar bir-birinə qaynayıb qarışır, daha çox mehriban olurlar. Hətta kiprli türklərin ləhcəsi bizim danışıq ləhcəmizlə daha yaxındır. Adanın əsas gəlir mənbələrindən biri turizmdir. Çox şükür ki, beynəlxalq turizm təşkilatlarının siyahısında Şimali Kiprin də adı var. Birbaşa reys isə onu sübut edir ki, Azərbaycan həmişə dostunun və qardaşının yanındadır.

Şimali Kipri universitetlər ölkəsi də adlandırırlar. Burada dünya standartlarına uyğun təhsil sistemi yaradılıb. Kipr universitetlərinin diplomları dünyanın hər yerində qəbul edilir. Tədris əsasən ingilis dilində aparılır. Hər il 35 mindən çox xarici tələbə Kipr universitetlərində təhsil alır. Onların arasında yüzlərlə azərbaycanlı da var. Təhsil müəsissələrini bitirən məzunlar sərbəst şəkildə Avropanın istənilən ölkəsində magistraturaya qəbul oluna, master-klass keçə, aspirantura və doktorantura təhsillərini davam etdirə bilərlər. Azərbaycandan Kiprə gedən tələbələrin sayı hər il artır. Təhsil haqqı da olduqca münasibdir. Ada universitetlərində Türkiyəli tələbələrə şamil olunan bütün güzəştlər azərbaycanlı tələbələrə də aiddir. Ən başlıcası Azərbaycanla Şimali Kipr arasında viza da yoxdur.

Bu gün Şimali Kipr Türk Respublikasının Bakı təmsilçiliyi azərbaycanlı dost və qardaşları ilə birlikdə dövlət oluşunun 29-cu dönəmimi qeyd edir. Hər birimiz arzulayırıq ki, Kipr türklərinin üzərindən bütün basqılar götürülsün, adanın türk insanlarına da layiq olduqları haqq verilsin. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında Şimali Kiprlə Azərbaycanın əlaqələrinin qardaş türk xalqları kimi hər zaman inkişaf edəcəyini vurğulayıb: «Hamımız yaxşı xatırlayırıq ki, Kiprdə keçirilən referendumda türklər ölkənin birləşməsinə səs verdilər, qarşı tərəf isə əksinə. Belə olan halda BMT və digər təşkilatlar tərəfindən təklif irəli sürüldü ki, Kipr türklərinin təcridinə son qoyulsun. Əslində belə də olmalıdır. Nə üçün xoş niyyət ifadə edən tərəf cəzalandırılmalıdır!? Kiprə ilk addımları kim atmalı idi? Əlbəttə ki, Azərbaycan! Mən bunu öncə də bəyan etmişdim, indi gərək bütün türk dövlətləri, ondan sonra isə İslam Konfransı təşkilatlarının üzvləri də buna bənzər addım atsınlar. Ümid edirəm ki, bu baş verəcək… Elə məsələlər var ki, gərək bütün təzyiqlərə baxmayaraq öz sözünü deməyi bacarasan. Biz ən çətin anlarda qardaş Türkiyənin dəstəyini daha çox hiss etmişik. Hər bir türkün Vətəni Azərbaycan, hər bir azərbaycanlının vətəni Şimali Kipr və Türkiyədir…»

Rəsmiyyə RZALI