• cümə axşamı, 28 mart, 15:51
  • Baku Bakı 16°C

“VARİASİYA”NIN QALİBİ

26.02.18 16:15 1841
“VARİASİYA”NIN QALİBİ
"Ulduz” jurnalı ilə Artkaspi.az saytının birgə layihəsi- "Variasiya”nın hekayə sonluğu müsabiqəsinə Elçin Hüseynbəylinin "Qəfil getmək” hekayəsi ilə start vermişdik. Elektron ünvanımıza onlarla sonluq göndərilsə də, müəllif yalnız dördünü dəyərləndirib birini qalib elan etdi. Beləliklə, hekayəni sizə bütöv şəkildə təqdim edir, birinci yerin sahibini diqqətinizə çatdırırıq.
Vüsal NURU (qalib)

Gəzintiyə hazırlaşan gəmi sonuncu fitiylə sərnişinləri tələsdirirdi.
İntihar üçün fikirləşdiyi kəndiri də, daşı da beynindən çıxartdı. İndi ağlına daha yaxşı fikir gəlmişdi, dənizin lap ortasına qədər getmək, orda boğulmaq. Nə onun cəsədini tapan olacaqdı, nə də polis evdəkiləri incidəcəkdi. Canı qurtaracaqdı.
Nə vaxt gəlib bilet növbəsinə durduğunu özü də hiss eləmədi.
– Keçirsən, ay dayı? – Arxasında dayanmış oğlan onu tələsdirdi. Çevrilib ona baxdı, istədi desin ki, "barı adamı ölməyə tələsdirməyin”, sözünü uddu və keçib bilet aldı. Taxta körpünün üstündən keçəndə biletləri yoxlayan oğlan əlini ona uzatdı:
– Ehtiyatlı ol, ay dayı, yıxılarsan!
Gəmiyə girib özünə yer axtardı. Hələ də dodağının altında oğlanın sözünü təkrarlayırdı. "Ehtiyatlı ol, ay dayı, yıxılarsan”. Deməli, yıxılmaq üçün ən birinci ehtiyatlı olmaq lazım deyil. "Ehtiyatlı e...” bu nə axmaq sözdü.. Heç xoşum gəlmədi. Yaxşı, olsun. Bəs hara yaxşıdır ehtiyatlı olmamaq üçün? Əlbəttə, arxa... Cavanların hamısı qabağa qaçır. Qaçsınlar. Onsuz da hamısı bir gün arxaya gələcək.
Kimsə meqafonla xahiş edirdi ki, hamı yerində əyləşsin, gəmi sahildən aralaşır.
İstədi gedib arxadakı yerini indidən tutsun, yenə fikrini dəyişdi. Qorxdu ki, doğrudan da, yıxılar. Başı ora-bura dəyər, canı qurtarmasa, aparacaqlar xəstəxanaya. Di gəl qal bu qəssabların əlində. Kasıbçılığın bu vaxtı dərini soysunlar. Ölüb canını qurtarmağa da imkan verməsinlər, elə zarıya-zarıya yaşa ki, onların pul gələn yeri kəsilməsin. Bu gündən də betər ol.
Gedib biletindəki nömrəni skamyada tapdı. Yeri ortadaydı. Əyləşdi. Sağında bir gəlin iki uşaqla oturmuşdu. Biri körpəydi, qucağındaydı, o birinin də qolundan tutmuşdu ki, dəcəl-xata birdən ora-bura qaçar.
Solundakı qız qulaqcığını taxıb dənizə baxırdı. Uzaqdakı adalardan, buruqlardan işıqlar göz vururdu, adama getmə-getmə deyirdi.
Gəmi sahildən aralaşanda yüngülvari sirkələndi, qeyri-ixtiyari səksəndi, özünü oturacağa sıxdı. Tez də özünü əla aldı. Bir az sahilə tərəf boylandı. Əmin oldu ki, adam dolu bulvar, işıqları sayrışan şəhər yavaş-yavaş geridə qalır.
Yadına fil düşdü. Özünü qəbiristanlığa gedən fil kimi hiss elədi. Şəhər fillərin yaşadığı nəhəng meşəyə çevrilmişdi, ordan fınxırtı səslərini eşidirdi. Fikirləşdi ki, görəsən, fillər ölməyə gedəndə ailələrinə xəbər verir? Onlarla vidalaşır? Yoxsa elə onun kimi xəbərsiz-ətərsiz durub aradan çıxırlar? Yenə yaddaşının arxivini eşələdi, ələk-vələk elədi, bu barədə oxuduğu bir cümlə də yadına düşmədi.
İndi ağlına gəldi ki, gərək heç olmasa, nəvələrin üzündən öpəydi. Heç olmasa, son dəfə arvada nəsə xoş söz deyəydi.
Gəmidə canlanma başladı. Hamı yerindən durub bortlara çəkilmişdi. Hərə bir tərəfdən selfi çəkir, bir neçə cavan gitaranın başına yığışıb, çalıb-oxuyur: "Durnalar, ay durnalar...”
Yadına kənd düşdü. Bir dəfə ölü durna tapmışdı. Durnanın başı əzilmişdi. O vaxt bunun o qədər də fərqinə varmamışdı. İndi ağlına gəlir ki, o durna intihar edib. O bilib ki, yerinə-yurduna qədər uça bilməyəcək özünü göyün yeddinci qatından aşağı buraxmışdı. Ay səni, qoca durna!
Durub arxaya getdi. Adam seyrək idi, əksəriyyət buruna qaçmışdı, əsasən də özünü Titanikdə hiss edən gənclər. Yenə diqqətini getdikcə uzaqlaşan, al-əlvan işıqlarıyla ecazkar görünən şəhər çəkdi. Hiss edirdi ki, bu boyda şəhər onun üçün qürbət olsa da, orda – o binaların on altıncı mərtəbəsində, mənzillərin birində doğmaları var.
Fikrini yayındırmağa çalışdı. Nə doğmalar? Heç fillər doğmalarını düşünür? Bu yola girdinsə, axıra qədər getməlisən. Ya bu gün, ya sabah. Uzatmağın bir mənası yoxdu.
Aşağı boylandı. Gəminin altından çıxan su necə qaynayırdısa, adamın gözünü aparırdı.
Kənddə kəhrizin başında oturub suya baxırdılar. Əsasən də dağlarda sel olanda kəhriz elə qaynayırdı ki, adam baxanda vahimələnirdi. Amma o qorxmurdu. O vaxt ona elə gəlirdi ki, bu dağların selləri də, çayları da onu udmaz. O sularda o qədər tuman-maykada çimmişdi, o qədər mal, qoyun suvarmışdı ki, kəhrizin bütün eniş-yoxuşu onu tanıyırdı.
– Dayı bu uşağın əlindən bir-iki dəqiqə tuta bilərsiz? – Gəlin acizanə xahiş elədi.
O, çevrilib baxanda gəlini tanıdı. Skamya yoldaşı idi. Onun şuluq oğlu aşağıdan yuxarı baxırdı.
Uşağın biləyindən tutanda gəlin razılıq edib aralaşdı. Yenə ürəyində şeytanın böyüyünə, balacasına söydü. Özünü inandırdı ki, bu dəfə atılmağa bircə addım qalmışdı, indi də bu cüvəllağı imkan vermədi. Uşağa baxdı. Nəvəsinə oxşayırdı. Fikirləşdi ki, heç vaxt uşaqların əlindən tutub, gəmiyə gətirməyib. Özünü qınadı ki, heç də yaxşı baba deyil. Sabah onu necə xatırlayacaqlar?
– Adın nədi, balaca kişi? – Uşaq adını demədi. – Atan hanı bəs? – uşaq astadan nəsə dedi, o eşitmədi, məcbur olub çöməldi. – Harda?
– Şəhiddiyə gedib.
O, yerindən qalxa bilmədi. Ayaqları yerə yapışmışdı, bədəni onun deyildi. Deyəsən, bu anlarda nəfəs almağı da unutmuşdu...
Gəlin gəlib uşağı aparanda ağız dolusu can sağlığı, uzun ömür arzuladı. Amma o, sadəcə başını tərpətdi. Birtəhər qalxıb borta söykəndi. Külək sancaqdakı bayrağı düz onun gözünün qarşısında yırğalandırırdı. Oğlunun bayrağa bükülmüş tabutunu xatırladı. Gözləri doldu.
– Dayı, telefonun zəng çalır. – Fikirdən ayılanda bir anlıq çaşqın qaldı. İndi cibindən gələn səsi eşitdi. Özünü söydü ki, gərək bu andırı evə tullayaydım. Arvadıydı. İstədi açmasın, sonra ürəyi dözmədi.
– Niyə cavab vermirsən, səhərdən əlli dəfə zəng eləmişəm. – Arvad deyindi, – hardasan? Gedəndə yerini də denən heç olmasa. Uşaq düşüb səni axtarmağa o da gəlib çıxmayıb. Şər qarışıb. Nigaranam. Bilmirəm hara getdi, başına nə gəldi... – Həyəcandan bədəni əsdi. Təlaşlandı. Az qaldı bağırıb kapitanı çağırsın, xahiş eləsin ki, gəmini geriyə sürsün. Nəvəsi itib. Buruna tərəf getdi. Kabinaya girib xahiş edəcəkdi, gördü ki, gəminin üzü şəhərədi, bir az arxayınlaşsa da dodağının altında kapitana: "Sür, kapitan, bir az bərk sür.” – deyirdi.
Ondan bir adam aralıda duran iki kişi aralarında danışırdı:
– Deyirlər, Cocuq Mərcanlını qaytarıblar...
– Qaytaracaqlar, hamısını qaytaracaqlar.
– Adam bilmir inansın, bilmir inanmasın...
İndi ən böyük arzusu evə çatmaq idi, deyirdi gözümü yumum, açım ki, evdəyəm, balamın əmanəti də sağ-salamatdır.
Gəmi sahilə yan alanda o hamıdan birinci düşdü...
banner

Oxşar Xəbərlər