• cümə, 29 Mart, 02:39
  • Baku Bakı 7°C

Vaqifin məktəbində oxumuş azman aşıq

23.01.20 10:30 2885
Vaqifin məktəbində oxumuş azman aşıq
Onu ermənilər zəhərləyərək öldürüblər
Salam, hörmətli redaksiya!Sizə göndərilən bu yazı XIX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi, əslən Zaqatala rayonunun Varxiyan (indi bu kənd Bəhmədli adlanır) kəndindən olan varxiyanlı Aşıq Məhəmmədə həsr olunmuşdur. Aşıq Məhəmməd yaradıcılığı haqqında görkəmli etnoqraf A.Fon Plotto, məşhur folklorçu Əhliman Axundov, professorlar F.Qasımzadə, P.Əfəndiyev, akademik Teymur Bünyadov və başqaları qiymətli fikirlər söyləmişlər. Aşıq Məhəmmədin şeirləri ilk dəfə ötən əsrin 30-40-cı illərində işıq üzü görən "El şairləri”, "Aşıqlar” kitablarında çap olunmuşdur. 1983-cü ildə buraxılan "Azərbaycan aşıqları və el şairləri” kitabında isə Aşıq Məhəmmədin 41 şeiri verilmişdir. Bu il görkəmli aşığın anadan olmasının 250 illiyi tamam olur.
XIX əsr Azərbaycan ədəbiyyatının və aşıq poeziyasının görkəmli nümayəndələrindən biri də əslən Zaqatala rayonundan olan varxiyanlı Aşıq Məhəmməddir. O, Aşıq Alı, Molla Cümə, Şəmkirli Aşıq Hüseyn, Yəhya bəy Dilqəm, Aşıq Ələsgər kimi sənətkarlarla bir sırada dayanan azman bir aşıq olmuşdur. Əlində sazı el-el dolaşan, Şəki, Şirvan Qarabağ, Təbriz, Tehran, Xoy, Salmas, Marağa və Gürcüstanı gəzib saysız-hesabsız məclislər keçirən Aşıq Məhəmməd, dövrünün görkəmli aşıqları, folklorşünaslar tərəfindən ustad aşıq kimi qəbul edilmişdir.
Varxiyanlı Məhəmmədi bütün ölkə, el bilir,
Qazax, Gəncə, Şəki, Şirvan, həm də Car mahal bilir.
Yaxud:
Məhəmmədəm, qəsd elədim, bu cümlə-cahanı gəzib,
Xoy, Salmas, Marağa, Təbrizi, Tehranı gəzib...
Aşıq Məhəmməd aşıq şeirinin demək olar ki, bütün növlərində yüksək səviyyəli əsərlər yaratmışdır. Sözü mum kimi şəkildən-şəklə, qəlibdən-qəlibə salan, sözün min bir rəngindən, çalarından istifadə edən ustad sənətkarın misralarında gah dağ havasının sərinliyini, gah yay günəşinin qızğınlığını, gah da şırıltı ilə axan çaylarımızın coşğunluğunu görürük. Sözlə dostu güldürüb düşməni ağladan ustad, öz əsərlərində müxtəlif mövzulardan bəhs edir. Gah igidlərin kamalından, gah da gözəllərin camalından yazır. Onun tərbiyə çiçəyinin ləçəkləri olan ustadnamələrinin hər biri qulaqda sırğa eləməyə layiq sənət nümunələridir.
Aşıq Məhəmməd yaradıcılığının tədqiqatçısı kimi (2000-ci ildə "Ağrıdağ” nəşriyyatında folklorçu Qurban Şabanovla birgə yazdığımız "Varxiyanlı Aşıq Məhəmməd-Zaqatalalı ustad” adlı kitab işıq üzü görmüşdür. Kitabda görkəmli aşığın 106 şeiri verilmişdir ki, bunların da 65-i ilk dəfə çap olunmuşdur) görkəmli aşığın keşməkeşli həyatı və yaradıcılığı haqqında yazılan hər təzə sözü, məlumatı çox böyük sevinc və minnətdarlıqla qarşılayıram. Çünki Aşıq Məhəmmədin həyat və yaradıcılığı haqqında hələ deyiləsi çox söz, tədqiq ediləsi çox məqamlar var.
Bu yaxınlarda "Xalq Bank” tərəfindən 2010-cu ildən etibarən həyata keçirilən "Xalq əmanəti” layihəsi çərçivəsində nəşr olunan 3 cilddə tərtib olunmuş "Aşıq ədəbiyyatı antologiyası” ilə maraqla tanış oldum.
Əvvəlcədən qeyd eləyim ki, layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Azərbaycan, ingilis və rus dillərinə işıq üzü görən nəşrlər ölkənin ali və orta təhsil mütəxəssislərinə, uşaq evləri və kitabxanalara, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də, sənətsevərlərə hədiyyə olunur.
Nəfis şəkildə tərtib olunmuş antologiyanın birinci cildində aşıq poeziyası, ikinci cildində qəhrəmanlıq dastanları, üçüncü cildindən isə məhəbbət dastanları toplanmışdır. "Aşıq poeziyası” adlanan birinci cilddə Dədə Qorquddan günümüzə qədər aşıq sənətinin görkəmli nümayəndələrinin yaradıcılığından seçmələr, ən yaxşı nümunələr verilmişdir. Sevindirici haldır ki, kitabın tərtibçiləri bu qiymətli əsərdə Aşıq Məhəmməd yaradıcılığına da yer ayırmış və ustad aşığın doğum tarixi, təhsili haqqında elmə məlum olmayan qiymətli məlumatlar vermişlər.
Odur ki, Aşıq Məhəmməd haqqında verilən yeni məlumatların mənbəyini öyrənmək üçün dərhal kitabın tərtibçiləri olan Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı və filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı ilə əlaqə saxladım.
Onlar Aşıq Məhəmməd ilə əlaqədar məlumatların görkəmli folklorçu, professor Paşa Əfəndiyev tərəfindən tərtibçilərə verildiyini bildirdilər. Odur ki, vaxt itirmədən 45 il bundan qabaq mənə indiki Azərbaycan Pedaqoji Universitetində "Azərbaycan şifahi xalq ədəbiyyatı” fənnindən dərs demiş Qax rayonunun İlusu kəndindən olan sevimli müəllimim Paşa Əfəndiyevlə əlaqə saxladım. Folklorumuzun yorulmaz tədqiqatçısı, ömrünün 92-ci baharını yaşayan Paşa müəllim antologiyada verdiyi məlumatları təsdiq elədi. Hörmətli professora bu qiymətli tapıntılarına görə Aşıq Məhəmməd yaradıcılığını sevənlər adından təşəkkürlərimi bildirərək yeni-yeni yaradıcılıq uğurları arzuladım. Görkəmli folklorşünasımızın Aşıq Məhəmməd yaradıcılığı ilə bağlı yeni tapıntıları aşağıdakılardır:
1. İstər aşığın öz şeirlərində və digər mənbələrdə, istərsə də, ədəbiyyat tariximizin tədqiqatçıları və folklorşünaslarımızın əsərlərində Aşıq Məhəmmədin anadan olduğu və vəfat etdiyi illər
haqqında dəqiq məlumat yoxdur. Mənbələrdə görkəmli aşığın təxminən XVIII əsrin sonlarında doğulduğu və XIX əsrin 50-60-cı illərində vəfat etdiyi göstərilir. Professor Paşa Əfəndiyev öz yeni tədqiqatları ilə bu rəqəmləri xeyli dəqiqləşdirmişdir. Görkəmli alimin araşdırmasına görə, A.Məhəmməd təxminən 1770-ci ildə anadan olmuş, 1860-cı illərin axırı vəfat etmişdir.
2. Aşıq Məhəmməd yaradıcılığı ilə tanış olarkən görürük ki, o, dərin dünyəvi və dini biliklərə malik olmuşdur. Ancaq istər görkəmli aşığın əsərlərində, istərsə də, digər tədqiqatlarda biz Aşıq Məhəmmədin təhsili ilə əlaqədar məlumatlara rast gəlmirik. Paşa müəllim son tədqiqatları ilə bu qaranlıq məqama işıq salır, göstərir ki, Aşıq Məhəmməd ilk təhsilini Şəkidə mollaxanada almışdır. O, burada 5 il oxumuşdur.
3. Ədəbiyyat tariximizdən məlumdur ki, M.P.Vaqif yaradıcılığının aşıq şeirinə qüvvətli təsiri olmuşdur. Çünki Vaqif şeiri ilə ədəbiyyatımızda yeni mərhələ başlayır. Şairin sağlığından başlayaraq onu ustad hesab edən, yolunu izləyən çoxlu sənətkarlar meydana çıxmışdır. Belə görkəmli sənətkarlardan biri də Aşıq Məhəmməddir.
İndiyə qədər ədəbi-bədii mənbələrdə Aşıq Məhəmmədin Şuşaya getməsi, M.P.Vaqifin açdığı məktəbdə iki il təhsil alması haqqında heç bir məlumat yox idi. Kütləvi oxucu Aşıq Məhəmmədin Vaqif irsindən təsirlənməsini, onun Vaqifin əsərlərini oxuduqdan sonra yarandığını zənn edirdi. Professor Paşa Əfəndiyev son araşdırmalarında A. Məhəmmədin Şuşada M.P.Vaqifin məktəbində iki il təhsil aldığını göstərməklə bu məsələyə də qəti aydınlıq gətirmişdir.
Sonda hörmətli professor Paşa Əfəndiyevə Aşıq Məhəmməd irsinə göstərdiyi diqqətə və folklorumuzun tədqiqində göstərdiyi xidmətlərinə görə ədəbi ictimaiyyət adından dərin təşəkkürlərimizi bildiririk.
Qeyd etmək istərdik ki, Aşıq Məhəmməd, həm də Azərbaycan mühacirət ədəbiyyatının qiymətli nümunələrini yaratmışdır. Belə ki, bədnam qonşularımız (ermənilər) tərəfindən böhtan atılaraq Rusiyaya sürgün olunan görkəmli aşıq burada mühacirət ədəbiyyatımızın qiymətli nümunələrini yaradıb. Günahsız olduğu sübut olunan Aşıq Məhəmməd bir ildən sonra sürgündən qayıtmışdır. Lakin erməni bədxahları yenə də aşıqdan əl çəkməmiş və XIX əsrin 60-cı illərinin axırlarında Gürcüstanın Səbətli kəndində bir toy məclisində Aşıq Məhəmmədi və iki şagirdini zəhərləyərək öldürmüşlər. Aşıq Məhəmmədin yaradıcılığından bir neçə şeiri "Kaspi” qəzetinin oxucularına təqdim edirik.
Həşim İsmayılov,
Pedaqogika üzrə fəlsəfə doktoru

Tellərin
Xəbər almaq ayıb olmaz,
Nədəndi qısa tellərin,
Yoxsa aşığın ölubdu?
Batıbdı yasa tellərin.
Uca dağlar ucası tək,
Şahmar ilan sucası tək,
Yaşılbaş əyricəsi tək,
Sənin də əsə tellərin.
Məhəmmədəm, yana-yana,
Yandı bağrım, döndü qana,
Çapar sala Gürcüstana,
Firəngi basa tellərin.
Könül
Vaxt olar qalxarsan ərşə-asmana,
Vaxt olar havadan yenərsən, könül.
Vaxt olar düşərsən çiskin, dumana,
Vaxt olar hər işi qanarsan, könül.
Vaxt olar çıxarsan Məcnun dağına,
Vaxt olar düşərsən qəm yığnağına,
Vaxt olar yüz atəş kar etməz sana,
Vaxt olar alışıb yanarsan, könül.
Vaxt olar Məhəmməd tez gələr coşa,
Vaxt olar heç əlin getməz bir işə,
Vaxt olar dönərsən dəmirə, daşa,
Vaxt olar şüşə tək sınarsan, könül.
Mənim
Ay ağalar, gəlin sizə söyləyim.
Düşübdür yadıma ellərim mənim,
Taxsirkar ediblər yaman nahaqdan,
Qalmadı danışan dillərim mənim.
Zalım saldat qollarımı bağladı,
Neştər alıb ciyərimi dağladı,
Bacılarım "qardaş” deyib ağladı,
Düşdü Urisetə yollarım mənim.
Sevgilim geyinib qaradan qara,
Yalana, böhtana olmadı çarə,
Aparırlar yarəb hansı diyara?
Günahsız bağlandı qollarım mənim.
Baxtım düz gətirib, özüm sağ qalsam.
Üç il vədəsindən qayıdıb gəlsəm.
Ay, Aşıq Məhəmməd, şadlanıb gülsəm,
Düşmənin gözünə güllərim mənim.
Bağları
Bir gözəl görmüşəm bizim ellərdə,
Üzündə sezmişəm busə bağları.
Yaşılbaşlar çəm-xəm eylər göllərdə,
Tərlan şikarında busa bağları.
Nəzər saldım xanəsində a dərə.
Zəhmətimdən süzüləndə a dərə,
Könül istər güllərini a dərə,
Qorxum budu bağban busa bağları.
Məhəmmədəm, çəksəm gəlməz ayarım,
Dolu badəm indi oldu a yarım,
Nə səbəbdən pərişansan a yarım ?
Səni qəmgin gördüm bu sabağları.

banner

Oxşar Xəbərlər