Vaqifin əbədiliyi

Vaqifin əbədiliyi

Mədəniyyət
25 Sentyabr 2019, 10:15 215
O, ötən əsrdə 60-cı illərin ən istedadlı imza sahiblərindən biri idi. Təəssüf ki, çox az yaşadı-cəmi 38 il. Qısa xatırlatma: bu gün dərin  xiffət və ehtiramla yad etdiyim şair Vaqif İbrahim 1945-ci il sentyabrın 30-da Şəkidə anadan olub, 1983-cü ildə Bakıda yol qəzasında həyatını itirib. O, öz yaşıdlarından da, elə yaşlı həmkarlarından da seçildi... Təkcə istedadına, yaradıcılığına görə yox, mərd, xeyirxah, qoldan tutmağı bacaran gözəl insan kimi... Elə həssas, təmənnasız, nəcib idi ki, bircə kəlmə söyləməzdi "bax filankəsə bunu mən etmişəm.”
        Heç unutmuram onun rəhbərliyi ilə gənc ədəbi qüvvələrin birliyi fəaliyyət göstərirdi. Hər həftə yığışardıq. Bizi dövrümüzün çox məşhur yazıçı və şairləri ilə görüşdürərdi. İndi də o günləri həsrətlə xatırlayıram: Mirzə İbrahimov, Rəsul Rza, Xəlil Rza, Süleyman Rüstəm, İsmayıl Şıxlı, Ələviyyə Babayeva və onlarca başqaları. Biz bu böyük sənətkarları ilk dəfə məhz o ədəbi birlikdə yaxından tanıdıq. Vaqif İbrahimin təşəbbüsü ilə 70-80-ci illərdə televiziyada "Sübh şəfəqləri” adlı bir veriliş gedirdi. Vaqif şəxsən mənim qolumdan tutub televiziyaya aparırdı. Ədəbi aləmdə şeirlərimin ilk dəfə çapına, televiziya və radioda səslənməsinə xeyir-dua verən Vaqif İbrahim olub və bu ilk dəfələrin sayı çoxdur.
        Hər təzə kitabı çapdan çıxanda avtoqrafla hədiyyə etdiyi sadə insanlar - oxucular olardı. Neçə-neçə mötəbər tənqidçidən, ədəbiyyatçılardan çox oxucusu ilə poetik görüşə tələsərdi. Özünün dəsti-xətti ilə gözəl sözlər yazılmış iki kitabı var məndə. Ölümündən sonra isə 1985-ci ildə "Taleyimə yazılanlar” çapdan çıxdı. O qara cildli kitab indi də mənim üçün göz dağına dönüb. Çünki o kitabı mağazadan özüm aldım, Vaqif bağışlamadı. Bəlkə də bu görüşə heç sevinmədim də. Sonra isə Vaqif İbrahimin latın qrafikası ilə "Qəlbim bu torpaqda döyünəcəkdir”.  "Mən varam” adlı şeir kitabları nəşr olundu. Sonuncu ad elə bil məni silkələdi: bəli, Vaqif yaşayır:
Kiçik bir arxdım,
Çöl boyu axdım.
Kim deyir daha
Dəymirəm gözə?
Sünbül dənində,
gül ləçəyində
çıxmışam üzə.
 
        Ədəbi gənclik barəsində bir fikri yadıma düşür. O, deyirdi ki, baharda bütün ağaclar çiçəkləyir, amma hamısı bar gətirirmi? Vaqifin özü barlı-bəhərli idi. Nə acılar ki, taleyin qəfil və sərt dönümü işıqlı dünyanı çox gördü ona. Havasını qurutdu, suyunu kəsdi. Hələ neçə-neçə əsərlər yazacaqdı, kitablar müəllifi olacaqdı. Təəssüf, erkən aramızdan getdi. Hansisa naşı bir sürücünün səhvi ucbatından avtomobil qəzasına düşdü. Yaxşı ki, şeirləri var, oğlu Rəşad, qızı Aytən var. Ömrünün bu qanadlı davamçıları Vaqif İbrahimi tanıyanlara bir təsəllidir.
        Vaqifin poeziyasını ürəkdən sevdiyimdən yaradıcılığını həmişə izləmişəm, amma heç vaxt sözlərinin ahəngindəki məna və çalarların fərqinə indiki qədər varmamışdım. Yazdıqlarında   öz taleyini axtarmamışdım. Axı nə biləydik ki?! "Toy-bayram etməsin qəm” adlı şeirində oxuyuruq ki, beş oğul atasının ömür çarxı dayanır. Balalarının sayı qədər 40-dan gün çıxırlar və beləliklə, beş gün tez olur qırxı. Vaqifin bu hadisəyə münasibəti diqqəti cəlb edir:
Əgər bir gün hamı tək
Mən ölsəm...gözünüzdə
Toy-bayram etməsin qəm.
                               Xeyirxah işlərimi
                               Bir-bir toplayın, yığın.
Onların sayı qədər
                               Qırxımdan günlər çıxın.
        Heç vaxt etdiyi yaxşılığı dilə gətirməyən Vaqif özünün vaxtsız öləcəyini necə duyurmuş?
        İçərişəhər haqqında çox yazılıb.  Amma Vaqifin bənzətmələri daha gözəldir:
                                       Axşamüstü
Daş hasarlar arasında iri közdür, 
Daş kirpiklər arasında
Parıldayan qara gözdür...
 
        İnsanın qəlbi nurla dolu olanda, ürəyi nəcib işlər üçün döyünəndə həyatın gözəlliklərində öz payını görür. Və ona elə gəlir ki, nə qədər sağdır dünyaya "gözün üstə qaşın var” deyən olmayacaq. Ürəyindəki Vətən sevgisinə, lazım gələrsə, Vətən naminə canından keçmək fədakarlığına, inamına söykənən şair dünyanın həmişə işıqla, səmanın buludsuz olacağına arxayın idi. Çünki:
                                      Nə qədər ki, mən varam
                                      Bu gözəllik,
                                       Aydınlıq
                                       Qalacaqdır beləcə...
        Bir tərəfdən sevinirəm ki, Vaqifin baş verən qalmaqallardan, didərgin və qaçqınlardan xəbəri olmadı. Amma qəmlənirəm ki, bütünlüklə yurdumuzun sovet imperiyasından qurtulduğunu bilmədi. Bağışlasın Vaqifin ruhu məni. Nə tez unutdum ki, o şair idi. Şairlər ölmürlər ki...
        Vaqif bir şeirində "Mənim ömür yolum bir şar deyildi” misrasını işlədib. Unudulmaz şairimiz Məmməd Arazın da məşhur deyimidir " Ömür yolu bir addımdır”. Bu bircə addımda nə etmisən? Səndən sonra nə qalır? Məhz Vaqif İbrahimin cavabı çox mənalıdır:
                                        Payızım, qışım,
                                        Əlvan yazım var.
                                        Ancaq dünyada
                                        Hər şeydən gözəl,
                                        Hər şeydən əzəl
                                         Oğlum, qızım var.
 
        Sərtlik onun mehriban təbiətinə yad idi. İnana bilməzdin ki, onun nəyəsə acığı tutar, hirslənə bilər. Amma elə şeirləri var ki, murdar əllərə, bürokratlara nifrət qiyamıdır.
        Onun misralarının ahəngində ürəyi döyünürdü. İstəyini, məhəbbətini şeirlərində ünvanlaşdıran şair kədərində də böyük və nikbin idi. Dərd çəkən idi, amma dərdin qarşısında əyilməzdi. Onun şeirləri xəyalın, yaddaşın gücünə qəlbimizdə uyuyanları xatırladır. Vaqif İbrahimin məhəbbətindən, sevgidən, onun qüdrətindən, bir sözlə, həyat eşqindən don geymiş misralarında sızıltıya, ağlamağa, göz yaşına rast gəlmirik. Amma " Səs düşdü” şeirin son bəndinə fikir verin:
                                            Ömrüm-günüm nə ayazdı?
                                            Kim bəxtimə hicran yazdı?
                                           İllər məni qocaltmazdı,
                                           Ömür yolum kəsə düşdü.
 
        Necə yazıb, necə duyub bunu Vaqif, qəribədir. Demə, özü də bilmədən taleyini  yazıb. Yazıb ki, onu tanıyanlar yana-yana təsəlli tapsınlar, göynəyə-göynəyə heyrətlənsinlər. Sağlığında özü həssas idi, indi də misraları.
        Dünyamızda Vaqif İbrahim adlı bir şair yaşardı. Başı aşağı, utancaq, zahirən sakit, qəlbi tufanlı, dəniz olan Vaqif İbrahim. Adam var, bicə tikə yaxşılığını görsən, ömrün boyu minnətindən yaxa qurtara bilmirsən. Vaqif - bu ürəyi qələmində göyərən şair qardaşımız hamımıza yaxşılığı utana-utana eləyərdi. Ona görə də qəlbimizdə abidələşib, heç vaxt unuda bilmirik. Dolan ürəyimizi onun şeirləri ilə ovuduruq:
                                          Vətənin qoynunda üzərlik kimi
                                          Biz də bir bitkiyik-
                                          Cücərib, bitən...
                                         Yanırıq yolunda üzərrik kimi,
                                         Qorxuruq göz dəyər sənə ey Vətən!..
 
Flora XƏLİLZADƏ
Əməkdar jurnalist