• çərşənbə, 24 Aprel, 15:51
  • Baku Bakı 27°C

Vaqif Səmədoğlunun 75 illik yubileyi qeyd olunub

05.06.14 19:22 1261
Vaqif Səmədoğlunun 75 illik yubileyi qeyd olunub
Dünən Akademik Milli Dram Teatrında xalq şairi Vaqif Səmədoğlunun 75 illik yubileyi qeyd olunub. Bir çox dövlət, elm və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə şairin zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılıb.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bildirib ki, Vaqif Səmədoğlunun yaradıcılığı Azərbaycan ədəbiyyatının təkrarolunmaz səhifəsidir: “Mən onu uzun illərdir tanıyıram. Xüsusilə qeyd etmək istəyirəm ki, ölkədə cərəyan edən hadisələrə Vaqif Səmədoğlu həmişə obyektiv qiymət verib və düzgün mövqe tutub. Onun fitri istedadı və təvazökarlığı ictimaiyyət tərəfindən hörmətlə qarşılanıb”. Sonra R.Mehdiyev prezident İlham Əliyevin Vaqif Səmədoğluna ünvanlanan təbrik məktubunu və şairin “İstiqlal” ordeni ilə təltif olunması haqqında sərəncamını oxuyub.
Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar V.Səmədoğlu haqqında xatirələrini danışıb, şairin yaradıcılığı haqqında fikirlərini bildirib: “Əziz Vaqif, sən doğrudan da şöhrətpərəst deyilsən, amma istiqlalpərəstsən. Azərbaycanı istiqlaliyyətə aparan yolda yazıçıların böyük rolu olub. Bu çətin yolda sənin atan Səməd Vurğun, qardaşın Yusif Səmədoğlu böyük işlər görüb. Ədəbiyyata gəldiyin ilk gündən yeni sözlər, təkrarsız poeziya yaratmısan”.
Daha sonra çıxış edən millət vəkili Nizami Cəfərov, rejissor Ramiz Həsənoğlu və digərləri V.Səmədoğlunu təbrik edib, ona ürək sözlərini çatdırıblar.
Yubileydə şairin şeirlərinə bəstələnmiş mahnılar ifa olunub.
Sonda V.Səmədoğlu "İstiqlal" ordeni ilə təltif olunmasına görə prezident İlham Əliyevə, tədbirin təşkilatçılarına, iştirak edən bütün dostlarına təşəkkürünü bildirib.
Vəkilov Vaqif Səməd oğlu (Vaqif Səmədoğlu) 1939-cu il iyunun 5-də Bakı şəhərində anadan olmuşdur. 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, əməkdar incəsənət xadimi (1989), xalq şairi (1999) fəxri adlarına, "Şərəf" ordeninə layiq görülmüşdür. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçmişdir (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971), Azərbaycan Sovet Ensiklopediyasında incəsənət redaksiyasının müdiri (1968-1971), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləmişdir. 2000-ci ildə Azərbaycanın Milli Məclisinə deputat seçilmişdir.
1968-ci ildə "Yoldan teleqramlar" adlı ilk kitabı nəşr olunan V.Səmədoğlunun sonralar "Günün baxtı", "Mən burdayam, ilahi", "Uzaq, yaşıl ada" kitabları işıq üzü görmüşdür. O, həm də istedadlı dramaturqdur. "Uca dağ başında", "Lotereya", "Bəxt üzüyü", "Yayda qartopu oyunu", "Yaşıl eynəkli adam", "Generalın son əmri", "Mamoy kişinin yuxuları" adlı pyesləri səhnələnmiş, onların bəzilərinin əsasında çəkilmiş bədii filim və televiziya tamaşaları böyük uğur qazanmışdır.
Altay Cəfərsoy
banner

Oxşar Xəbərlər