Vaqif İbrahimoğlunun öz teatr konstitusiyası var idi

Vaqif İbrahimoğlunun öz teatr konstitusiyası var idi

Mədəniyyət
22 Oktyabr 2012, 16:22 1455
Oktyabrın 22-də Azərbaycan Teatr Xadimləri İttifaqında (TXİ) mərhum rejissor Vaqif İbrahimoğlunun anım gününə həsr edilən mərasim keçirildi. Tədbirdə mərhum sənətkarımızla sağlığında təmasda olmuş insanlar öz çıxışları ilə onu yad etdilər. Vaqif İbrahimoğlunun TXİ-nin qarşısında sərgilənən və rəssam Eldar Qurbanov tərəfindən hazırlanan portretləri sanki mərhumun sənət dostlarına, yaxınlarına onun sənət taleyindən, teatrımızın inkişafı ilə bağlı yarıda qalan arzularından söz açırdı...
Teatr Xadimlər İttifaqının sədri Azər Paşa Nemətov sənət dostunun yaradıcılığından söhbət açaraq onunla bağlı xatirələrini bölüşdü.
Sənətşünaslıq doktoru Məryəm Əlizadə Vaqif İbrahimoğlunun qəbrini ziyarət edərkən onun ölmədiyini, sanki hamının qəlbində yaşadığını qeyd etdi: “Vaqif İbrahimoğlunun özünün teatr konstitusiyası var idi. 1989-cu ildə o, Bakının teatr meydanına böyük missiya ilə atıldı. Həmin illər Bakının qanlı, problemli illəri idi. Vaqif İbrahimoğlu özünün teatr missiyasına “Heydərbabaya salam” poeması əsasında hazırlanmış “Salam” tamaşası ilə başladı. Mən deyərdim ki, Azərbaycan teatrının inkişafı Vaqiflə yeni bir mərhələyə başladı”.
M.Əlizadə mərhum rejissorun bir-birinin ardınca özünün yeni teatr konsepsiyasını əyaniləşdirən tamaşalar qurdugunu söylədi: “Sənətkarımız özünün milli konsepsiyası ilə teatr poetikasının optimal modern axtarışlarına çıxdı və həmin axtarışlarının əsnasında “YUĞ” teatrının əsasını qoydu. O, öz teatr kansepsiyasını bir növ inkişaf etdirərək cilaladı. 90-cı illərin sonunda gördük ki, teatr poetikasının optimal axtarışı sənətkara dar gəlməyə başlayıb. Yaratdığı tamaşalarda müasirlik ruhu duyulurdu və Avropa teatr avanqardına uyğun tamaşalar hazırladı. Sanki həmin tamaşalar Avropa teatrı ilə bir körpü yaratdı. Vaqif teatra gələndə Azərbaycan teatrı sanki qocalıb əldən düşmüş vəziyyətdə idi, teatr məkanımızda yeni ideallara ehtiyac vardı. O, öz tarixi missiyasını yerinə yetirdi. Hətta son dövrlərində söyləyirdi ki, yeni rejissor nəslini yetişdirmək lazımdır. Mən deyərdim ki, Vaqifin yetişdirdiyi gənclər də öz sözlərini səhnədə kifayət qədər deyib”.
Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov mərhumun həyatının son günlərini, Ankarada həkimlərlə söhbətini və Vaqif İbrahimoğlunun xəstəxananı nikbin şəkildə tərk etməsini xatırladı.
“YUĞ” Teatrının direktoru Tərlan Rəsulzadə Vaqif İbrahimoğlunu həmişə enerjili, özünü daima gənc hiss edən rejissor kimi xarakterizə etdi: “Bu gün teatrlarımızda öz sözlərini demiş bir sıra gənc aktyora dərs deyib. Yəni onların yaradıcılığında Vaqif İbrahimoğlu dəst-xətti var və onların hərtərəfli dəstəkçisi missiyasını daşıyırdı. Gənclərə qayğı göstərən, onlara yaradıcılıq baxımından əlindən gələn köməkliyi əsirgəməyən sənətkar bu gün onların qəlbində öz yerini tutub”.
Vaqif İbrahimoğlunun tələbəsi, ”YUĞ” teatrının mətbuat katibi Elçin Cəfərovun sözlərinə görə, V.İbrahimoğlunun yaradıcılığını yalnız milli rejissor sənəti kontekstində deyil, milli humanitar düşüncə kontekstində dəyərləndirmək daha yaxşı olardı: “Vaqif İbrahimoğlu mənim üçün həmişə örnək götürə biləcəyim teatrşünas olub. Onun teatr düşüncəsi bu gün yazılan hər kitabda, hər məqaldə, həm böyük ustadın əllərindən su içən yaşıdlarımın, hem də bizdən əvvəlki nəslə mənsub olan teatrşünasların işlərində konseptlər şəklində özünü göstərir”.
Şair Ramiz Rövşən mərhuma dərs dediyini və onun müəllimlər tərəfindən sevildiyini söylədi: ”Vaqif İbrahimoğlu insanları sözün yaxşı mənasında xəstələndirirdi. Onunla bağlı xatirələrim çoxdur. Bir gün dedim ki, vəziyyətim yaxşı deyil, deyəsən ölürəm. O isə qarşılığında dedi ki, dayan, şair, sən artıq mənim Ramiz Rövşən obrazımın çərçivəsindən çıxırsan. Onu yalnız gözəl sənətkar, yaradıcı insan kimi xatırlayıram. İnsanın özünə qoyduğu münasibət çox önəmlidir. O, özünü sevdirən və yaradıcılıq barədə öz sözünü demiş sənətkarlardan idi”.
Gecədə həmçinin, media eksperti Zeynal Məmmədli, professor Niyazi Mehdi və başqaları çıxış edərək V.İbrahimoğlunun ömür yolu, rejissorun özünəməxsus zarafatları, sənətlə bağlı planları və xoş xatirələrindən bəhs etdilər, onun yarımçıq ömrünün bütövlüyündən söhbət açdılar.

Xəyalə Rəis