Vaqif Əsədov xanım sürücülərdən şikayətlənir MÜSAHİBƏ

Vaqif Əsədov xanım sürücülərdən şikayətlənir MÜSAHİBƏ

Müsahibə
08 Noyabr 2012, 14:35 1985
- Vaqif müəllim, bu ilin 10 ayının yekunları ilə bağlı nə deyə bilərsiniz? Bu vaxt ərzində nələr əldə edilib?
- İlin əvvəlindən bu günə kimi Bakıda 932 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 224 nəfər həlak olub, 1048 nəfər müxtəlif xəsarətlər alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 75 hadisənin, 38 ölümün aşağı düşməsi, 55 xəsarətin isə yüksəlməsi qeydiyyata alınıb. Hadisələrin və ölümlərin aşağı düşməsi Dövlət Yol Polisi İdarəsinin fəaliyyətinin nəticəsidir. Təhlükəsizliyin təmin edilməsi Yol Polisi əməkdaşları tərəfindən keçirilən reydlər zamanı Bakı şəhər üzrə 235.170 müvafiq protokol tərtib edilib, bunlardan 3049 avtonəqliyyat vasitəsini sərxoş halda idarə edən, 1417 qəza şəraiti yaradan, 1336 sürücünün polis əməkdaşının qanuni saxlamaq tələbini yerinə yetirməyən, dəmir yolu ilə kəsişən yol ayırıcılarda qaydaları pozan 33 sürücü, işıqforun qırmızı işığında keçən 7349 sürücü və yol-nəqliyyat hadisələrinin yaranmasına səbəb olan avtonəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi 2651, sərnişindaşıma qaydalarını pozan 1990, dövlət nömrə nişanı olmadan avtomobilin idarə edilməsi – 692, ötmə, manevr etmə qaydalarının pozulması – 418, yolayırıcılarda keçmə qaydalarını pozan 27140, avtoxuliqan – 164, avtomobilin vəsiqəsiz idarə edilməsi – 3060, pərdə və ploynkalı avtomobilləri idarə edən 4555, piyadaların məsuliyyətə cəlb olunması – 17432 nəfər qeydə alınmışdır.
- Təhlükəsizlik kəmərlərinin taxılmasına nəzarət tədbirləri hansı səviyyədədir?
- Bu suala cavab verməzdən əvvəl, keçən il tərtib edilmiş protokollarla bu il tərtib olunmuş protokolları araşdırmalıyıq. Ötən aylar ərzində tərtib edilən protokollardan görünür ki, təhlükəsizlik kəmərlərindən istifadə etməmiş sürücülər cərimə məbləğinin minimum olduğu halda çoxluğu, hal-hazırda isə, cərimə məbləğinin 40 manata qədər yüksəldilməsi təhlükəsizlik kəmərlərindən istifadə edən sürücülərin sayını artırıb. Yəni, istər-istəməz, cərimə məbləğinin yüksək olması bu pozuntunun azaldılmasında az rol oynamadı. Bundan başqa, fürsətdən istifadə edib, sizin qəzet vasitəsilə oxuculara çatdırmaq istəyirəm ki, təhlükəsizlik kəmərindən istifadə etmək sürücünün, ilk növbədə, yol-qəza hadisəsi zamanı həyat və sağlamlığının qorunmasıdır. Nəzərə alsaq ki, yol-nəqliyyat hadisəsindən keç kəs sığortalanmayıb, bəzi sürücülərin «yalandan» təhlükəsizlik kəmərlərindən istifadə etmələri, yəni sadəcə çiyinə atmaları, ilk növdəbə, yol polisi əməkdaşlarını aldatmaq deyil, həmin sürücünün özü özünü aldatmasıdır. Çalışmaq lazımdır ki, yeni avtomobillərdə sürücünün təhlükəsizlik kəmərindən istifadə etməməsi təqdirdə səs siqnalı çalsın. Bir çox avtomobillərdə artıq bu siqnal var. Bu isə, o deməkdir ki, təhlükəsizlik kəmərindən istifadə etmədən avtomobilin idarə edilməsində belə, avtomobil özü sürücüyə xəbərdarlıq edir.
- Sükan arxasında telefonla danışmağa görə tətbiq edilən cərimənin məbləği də kifayət qədər artırılıb. Sizcə, bu artım belə qayda pozuntularının sayının azalmasına təsir edirmi?
- Təbliğatı vacib olan suala toxunduğunuz üçün təşəkkür edirəm. Əlbəttə, yenə də protokolların tərtibatına nəzər saldıqda sükan arxasında əldə mobil telefon saxlamaqla, ondan istifadə edən sürücülərə qarşı tərtib edilən inzibati protokolların sayca aşağı düşdüyünü müşahidə edirik. Məlumat üçün bildirirəm ki, bu gün avtonəqliyyat vasitəsini idarə edərkən əldə mobil telefon tutmaqla ondan istifadə edilməsinə görə sürücü konkret olaraq 50 manat məbləğində cərimə olunur, bu da, həddindən böyük məbləğdir və mənə verdiyiniz fürsətdən istifadə edərək, bir daha oxuculara demək istəyirəm ki, sükan arxasında olarkən telefonla və ya sərnişinlə danışmaq, ümumiyyətlə, diqqəti yayındıra biləcək hər hansı bir hərəkət, yol-nəqliyyat hadisəsinin yaranmasına gətirib çıxara bilər. Hər bir sürücü avtonəqliyyat vasitəsini idarə edərkən telefonuna zəng gəldikdə çalışmalıdır ki, avtomobili yolun sağ çiynində saxlasın, danışıb qurtardıqdan sonra isə yolunu davam etsin. İl ərzində tərtib edilmiş protokollara nəzər saldıqda, bu ilə qədər telefonla sükan arxasında danışanların sayı 693 ilin əvvəlindən bu günə qədər olub. Bildiyiniz kimi, Yol Hərəkəti Haqqında Qanunda edilən dəyişikliklər və əlavələr yaydan başladı və beləliklə, ötən 6 ay ərzində hiss olundu ki, sükan arxasında artıq daha az sürücü mobil telefonla danışır. Demək lazımdır ki, adətən, daha çox sürücü xanımlar sükan arxasında telefonda danışırlar. Sürücü xanımlarımıza müraciət edib, demək istəyirəm ki, diqqəti yayındıran hallardan mümkün qədər uzaq olsalar yaxşıdır.
- Vaqif müəllim, bəs sükan arxasında olan sürücüyə siqaret çəkmək icazə verilirmi?
- Bir faktı da qeyd etmək istəyirəm ki, Azərbaycanda sürücülərə sükan arxasında siqaret çəkməyi qadağan edən qanun yoxdur, lakin siqareti çəkib, sonra onu pəncərədən kənara atmaq – bu artıq qanun pozuntusudur və buna görə məsuliyyət nəzərdə tutulub. Bununla bağlı «Təmiz hava» aylığı çərçivəsində əməkdaşlarımız tərəfindən, təqribən 30 belə hal aşkar edilib. Bu, tək siqaretə aid deyil. Bu, ilk növbədə, mədəniyyətsizlikdir. Daha sonra, bu, ərazinin zibillənməsi deməkdir, ekologiyanın korlanması deməkdir. Yeri gəlmişkən, qeyd etməliyəm ki, ictimai avtobusların sürücülərinə sükan arxasında olarkən siqaret çəkmək qadağan edilib.
- Vaqif müəllim, bu yaxınlarda cərimələrin məbləğinin artması barədə yenə müzakirələr gedir. Bu barədə bizə nə deyə bilərsiniz?
- Hər halda, zamanın tələblərinə uyğun olaraq, bu gün Milli Məclis tərəfindən belə addımın atılması müzakirə edilə bilməz və bir vətəndaş, sürücü, yol polisi olaraq, münasibət bildirərkən, qeyd etməliyəm ki, cərimələrin artırılmasının tərəfdarıyam. Bu, ən azı, Yol Hərəkəti Haqqında Qanunun pozulmasının qarşısını alacaq. Bundan başqa, mental xususiyyətlərimizlə bağlı bir amil də var. Belə deyək, iki sürücü eyni qaydanı pozursa, yol polisi əməkdaşı onlardan birini saxladıqda, həmin sürücü soruşur: “ikincini niyə saxlamadın”? Belə hallar da olur.
- Paytaxtda nə qədər yolayırıcı və işıqforlar mövcuddur? Ümumiyyətlə, şəhərin bəzi küçələrində sürücülərin fikrincə, əlavə işıqfor quraşdırmağa ehtiyac var. Bu fikirləri sürücülər kimə ünvanlamalıdırlar?
- Ümumiyyətlə, Bakı şəhərin inzibati ərazisində hər hansı bir texniki qurğunun, vasitəsinin, dəyişikliyin, yəni, yol hərəkətinin təhlükəsizliyi üçün nəzərdə tutulan hər bir işin görülməsi mütləq Nazirlər Kabinetinin Yol hərəkətinin Təhlükəsizliyi Komissiyasının səlahiyyətinə aiddir. Hal-hazırda, paytaxtın küçə və yollarının uzunluğu 2218 km təşkil edir. Bakı şəhərində 643 yolayırıcı var, 59 yeraltı və yerüstü piyada keçidi var, 267 işıqfor obyekti, 67 dəmir yolu keçidi, 62 körpü və tunel mövcuddur. Üstəlik 5 piyada keçidi tikilir, bəzi yollarda təmir işləri aparılır.
- Piyadaların vurulması ilə bağlı tez-tez müxtəlif tədbirlər keçirilir. Sizcə, bu tədbirlərin nəticəsi varmı?
- Bu, bizim qurumu narahat edən vacib bir sualdır. Piyadaların vurulması Bakı şəhərində baş vermiş yol-qəza hadisələrinin ümumi sayının 49% təşkil edir və bu gün piyadaların avtomobillərlə vurulması hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən 13 iyul 2012-ci il tarixli sərəncam imzalanıb və Bakı şəhər Baş Polis İdarəsinin Yol Polis İdarəsinə post-patrul xidmət müfəttişlərindən 110 nəfər əməkdaş ezam edilib və qeyd edilmiş gündən bu günə qədər Bakı şəhərinin inzibati ərazisinə aid olan yeraltı və yerüstü piyada keçidləri yaxınlığında mütəmadi olaraq reydlər aparılır ki, bu günə qədər, yəni, son 3 ay ərzində 15.034 piyada məhz bu qrup hesabına aşkar olunub və məsuliyyətə cəlb edilib. Bildiyiniz kimi, piyadalara qarşı tətbiq edilən cərimələrin məbləği 20 manata qaldırılıb və bu gün də bu istiqamətdə tədbirlər davam etdirilir.
- Bildiyimiz kimi, hazırda motosiklistlərə qarşı reydlər keçirilir...
- Bəli, elədir ki var. Beləliklə, ilin əvvəlindən bu günə qədər 21 yol-nəqliyyat hadisəsi biləvasitə motosikl sürücüləri üzündən baş vermişdir. Nəticədə, 6 nəfər dünyasını dəyişib, 9 nəfər isə müxtəlif xəsarətlər alıb. Bunun nəticəsi olaraq, əməkdaşlarımız tərəfindən son zamanlar motosikl sürücülərinə qarşı nəzarət daha da gücləndirilib. Əslində, hazırda biz motosikl sürücülərinin Yol Hərəkəti Haqqında Qanununu kobudcasına pozmasını görürük ki, bu da yolverilməzdir. Xüsusən, bu motosikl sürən kuryerlərə aiddir. Onlar çox kobud pozuntulara yol verirlər. Belə sürücülərə qarşı keçirdiyimiz tədbirlər çox güman ki, yaxın zamanda öz müsbət nəticələrini verəcək. Düşünürəm ki, bu yönümdə təbliğat işləri aparılmalıdır ki, bu cür neqativ halların sayı azalsın.
- Bir çox hallarda biz paytaxt sürücülərinin sürücülük mədəniyyətinin aşağı səviyyədə olduğunu eşidirik. Onların sürücülük mədəniyyətinin inkişaf etdirilməsi ilə hansı tədbirlər və işlər görülməlidir?
- Əgər bu gün dövlət üzrə yol-nəqliyyat hadisələrində həlak olanların ailə üzvləri və yaxud onların özlərinin, yaxınlarının taleyi hər bir ölkə vətəndaşını maraqlandırırsa, hesab edirəm ki, küçə və yollarda nizam-intizamlı olmağı bacarmalıdır. Nizam-intizamlı olmaq yol mədəniyyəti deməkdir. Yol mədəniyyətinin nümayiş etdirilməsi Yol Hərəkəti Haqqında Qanuna hörmət əlamətidir. Eyni zamanda, özünün və başqalarının təhlükəsizliyi deməkdir. Hadisələrin baş verməsi əsasən sürət həddinin aşılması, sükan arxasında diqqətsizlik, qoşa xəttin tələbinin pozulması, əks istiqamətdə hərəkət, ötmə manevr qaydalarının pozulması, işıqforun qırmızı işığında keçməkdir. Bu gün, kimliyindən asılı olmayaraq, hər bir hərəkət iştirakçısı diqqətli olmalıdır, özünün və başqalarının təhlükəsizliyini təmin etməlidir, ən azı düşünməlidir ki, bu gün yol-qəza hadisəsində dünyasını dəyişən bizlərdən biridir, bu ölkənin vətəndaşıdır, bu cəmiyyətin üzvüdür. Heç kəs yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan vətəndaşa biganə qalmamalıdır. Xüsusən azyaşlı uşaqların həyat və sağlamlığının qorunması hər birimizin məsuliyyətini artırmalıdır. Məktəblərdə – müəllimlər, evlərdə – valideynlər, yollarda isə – biz böyüklər uşaqlara yol qaydalarını aşılamalıyıq. Konkret olaraq bütün istiqamətlərdə sürətli inkişafın getdiyi dövrdə hər bir hərəkət iştirakçısı özündən də nizam-intizam tələb etməyi bacarmalıdır. Bu gün nədənsə hamı tələb edir, lakin onlar düşünməlidirlər ki, özləri də tələblərə cavab verməlidirlər.
- Vaqif müəllim, şəhərin içində yüksək səs tonlu siqnallar ilə tez-tez rastlaşırıq? Ümumiyyətlə, səs siqnallarının verilməsinə hansı hallarda icazə verilir?
- Bizim özünəməxsus mental xüsusiyyətlərimiz var. Belə gözəl xüsusiyyətlərlə belə, çox təhlükəli vərdişlərimiz də var. Məsələn, Respublikamızda biz, çox vaxt yüksək səs tonlu siqnalı olan avtomobillərə rast gəlirik. Bu, Yol Hərəkəti Haqqında Qanunun pozulması deməkdir. Məlumat üçün demək istəyirəm ki, yüksək səs tonlu siqnalları avtomobilində tətbiq edən sürücü 100 manat məbləğində cərimə olunur. Belə səs siqnalları bütün paytaxt sakinlərini narahat edir. Ümumiyyətlə, avtomobil siqnalı özü özlüyündə bizləri narahat edir, çünki, adətən sürücülərimiz öz emosiyalarını siqnal vasitəsilə bildirirlər və bu da bir vərdişdir. Məsələn, sevinəndə, salamlaşanda, vidalaşanda, hətta ailə quranda belə və bir çox digər hallarda onlar siqnal vurur. Deməli, burada təkcə bizim tətbiq etdiyimiz cərimələr kömək etməz. Hər bir sürücü şüurlu olaraq anlamalıdır ki, belə davam edə bilməz. Beləliklə, səs siqnallarının bu məqsədlərlə istifadə etməsi epidemiyadır desəm, yanılmaram. Bu, məni də narahat edir. Tıxaclar zamanı belə hallara daha çox rast gəlinir, halbuki, bunun heç bir mənası yoxdur. Bakı şəhərində 400 nöqtədə 2000-dək kameralar quraşdırılıb, yeri gələndə, dünyanın ən yeni və ən müasir avtomobilləri artıq Bakıdadır, burada 1 milyon 20 mindən çox avtomobil vasitəsi var, 62% nəqliyyat vasitəsi Bakı şəhərində idarə olunur və qeydiyyatdadır. Bu, gözəl göstəricidir və vətəndaşların maddi rifah halının yüksəldilməsi deməkdir. Artıq hər 8 nəfərdən birinə maşın düşür. Bu, sevindirici haldır. Lakin, bütün bunlara baxmayaraq, insanlarımızın hələ də yol polisinə ehtiyacı var. Yəni, sürücülər hələ də özləri hərəkəti tənzimləyə bilmirlər. Çox təəssüflər olsun ki, xüsüsilə pik saatlarında paytaxtın elə nöqtələri var ki, orada hərəkəti hətta bir yox, üç yol polisi tənzimləyir. Bu niyə belə olmalıdır? Demək istəyirəm ki, hər bir sürücü digərlərinə hörmət etməli və nöqsanı da, ilk növdəbə, elə özündə axtarmalıdır. Yalnız bu halda təhlükəsizliyin təmininə nail olmaq olar. Misal kimi İsveçrəni göstərə bilərəm. Bu ölkənin ölçüsü də, vətəndaşların sayı da təxminən bizimki qədərdir, avtomobillərin sayı isə 6 milyondur. Lakin buna baxmayaraq, onlarda il ərzində cəmi 300 ölü olursa, bizdə bu göstərici minə bərabərdir. O demək deyil ki, bizdə yol polisi pis işləyir. Bu o deməkdir ki, bizim sürücülərimiz bir çox amillərə barmaqarası baxır ki, bu da, yenə də qeyd edirəm, bizim mental xüsusiyyətlərimizdən irəli gəlir. Bu, bizdə təhlükəli vərdişlərin olmasından xəbər verir və həmin vərdişlərdən artıq azad olmaq lazımdır. Bundan başqa, sürücülər avtomobillərini saxlayanda, fikir verməlidirlər ki, onu necə saxlayırlar, başqalarına mane olmurlarmı.

Səs siqnallarına qayıtdıqda xatırlamaq istəyirəm ki, səs siqnallarının verilməsinə iki halda icazə verilir: bir – yaşayış məntəqələrindən kənarda ötmə əməliyyatı aparmaq niyyəti ilə qarşıda gedən sürücünü xəbərdar etmək, ikinci isə – baş verə biləcək yol hadisəsinin qarşısımı almaq. Bunları hər kəs bilməlidir. Yol hərəkəti Haqqında Qanunu hər bir sürücü bilməlidir, xüsusən də səs siqnalı barədə.

Bundan başqa, demək istəyirəm ki, televiziya vasitələri və ümumiyyətlə kütləvi informasiya vasitələri də bu məsələlərə diqqət yetirməlidilər, təbliğat aparmalıdırlar.

İskəndər Quliyev