Valideynlər övladlarındakı istedadı necə kəşf etməlidirlər?
"Uşaq olanda anam mənə deyirdi ki,
əsgər olsan, general olacaqsan, keşiş olsan, Papa statusuna qədər
yüksələcəksən, amma mən rəssam oldum və Pikasso olaraq qaldım”.
Deyəsən, Pikassonun da valideynləri onun
istedadının hansı yöndə olduğundan bixəbər olub, başqa sahəyə yönəltmək
istəyiblər. Necə ki, qonşumuzun qızı Ayselin valideynləri onun fikrini
soruşmadan rəqsə, pianinoya istiqamətləndiriblər. Ayselin 13 yaşı var.
Yaşıdlarından fərqli olaraq, onu həyətdə oynayan görmək mümkün deyil. Çünki
Aysel səhər dərsə gedir, sonra məktəbdə hazırlığa qalır. Məktəbdən sonra isə
onu həftənin bəzi günləri rəqsə, pianinoya və ya üzgüçülüyə aparırlar. Deməzdim
ki, bunların hamısına Aysel könüllü olaraq gedir. Bunu hər dəfə ya rəqsə, ya
pianinoya gedərkən anası ilə birlikdə olan dialoqundan anladım. Aysel hər dəfə
yorğun olduğunu, həmin dərslərdə iştirak etmək istəmədiyini, anası isə əksini
deyir. Və tam 2 ildir ki, Ayselin "uşaqlıq” adlandırdığımız dövrü istəmədiyi tərzdə
keçir.
Əslində valideynləri də
anlamaq olar. Hər valideyn əqli və fiziki keyfiyyətləri ilə həmişə bir addım
öndə olan, yaradıcı, uğurlu və xoşbəxt, hər sahədə nümunə göstərilən uşaqlar
böyütmək istəyirlər. Amma bəzən bu istək həddi aşır. Valideynlərin istəyi
uşaqların məcburiyyətinə çevrilir.
Bəs uşağın hansı sahəyə
marağı olduğunu necə bilməli? Valideynlər bu məqamda nə etməlidirlər?
Abdulla Şaiq
adına Azərbaycan Dövlət Kukla Teatrının
nəzdində "Oyuq” teatr
studiyasının rəhbəri Səidə Haqverdiyeva onlara müraciət edən uşaqların oradakı pedaqoq və psixoloqların
testindən keçdiyini bildirir: "Uşaqların istedadını yoxlamaq üçün mahnı oxutdururuq,
rəqs etdiririk, şeir söyləməsini istəyirik. Bundan başqa, uşaqla təklikdə
psixoloqumuz söhbət edir. Ondan bura öz istəyi ilə, yoxsa valideyninin
məcburiyyəti ilə gəldiyini soruşuruq. Təbii ki, əgər uşaq istəmir, valideyninin
təkidi ilə gəlirsə, biz onu götürmürük. Və ya hər ikisinin istəyi ilə uşaq
gəlir, amma istedadı yoxdursa, yenə də həmin uşağı qəbul etmirik. Uşaq
testlərdən keçən zaman hansı sahəyə marağının olduğunu aydınlaşdırıb, həmin
sahəyə yönəldirik. Bəzən elə uşaqlar gəlir ki, baxırsan çox istedadlıdır,
amma təəssüf ki, marağı yoxdur. Yəni o
açıq şəkildə bildirir ki, mən aktyor və ya aktrisa olmaq istəmirəm. Bir misal
deyim. Bir uşaq gəlirdi bizim studiyaya və kifayət qədər də istedadlı idi.
Həmçinin başqa dərnəklərə də gedirdi. Bir gün
uşaq dərsdə ağlayaraq dedi ki, mənim evdə çoxlu oyuncaqlarım var. Amma
mən onlarla oynamağa vaxt tapmıram. Axı
bu teatr, şahmat kursları mənim nəyimə lazımdır? Biz onun valideyni ilə danışıb
başa salmağa çalışdıq ki, bundan sonra
uşağı gətirməsin. Yəni məcburi şəkildə uşağa nə isə elətdirmək olmaz.
Bunun gələcəkdə heç bir faydası olmayacaq.
Bizdə hazırda 30-a yaxın uşaq var. Hər biri də könüllü şəkildə gəlir.
Uşağı sərbəst buraxmaq lazımdır. Valideynlər uşaqların bütün istəklərinə
müdaxilə edirlər. Bəzi valideynlər
uşaqlarını dinləmir. Onlar üçün uşağın nə istədiyi yox, özlərinin nə istədiyi
əsasdır”.
"Narınc” Uşaq
Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova deyir ki, uşaqları istədiyi sahə üzrə istiqamətləndirsək, bu zaman o,
daha böyük uğurlar qazanar: "Uşağın biliyi bacarığı üst-üstə düşməlidir. Uşağın
bacarığı var, amma biliyi yoxdursa, o, həmin sahədə uğur qazana bilməz. Bunun
əksi də mümkündür. Bilik və bacarıq vəhdət təşkil etməlidir. Bəzi valideynlər elə bilir ki, hər şey
biliklə həll olur. Aparır uşağı rəssamlıq kursuna yazdırır. Lakin uşağın
bacarığı yoxdur. Bacarıq anadangəlmə,
onun temperamentindən, xarakterindən asılı olan bir şeydir, bilik isə sonradan
qazanılır. Ola bilər ki, valideyn uşağının
hansısa bir bacarığını kəşf etsin və bunu inkişaf etdirmək üçün onu
kursa göndərsin. Əgər bir uşağın bacarığını valideyn düzgün aşkar edə bilmirsə,
həmin uşağın gələcəkdə özünü təsdiq etməsində problemlər yaşanır. Hazırda o qədər bacarığı kəşf olunmayan, heç bir istiqamətə yönləndirilməyən uşaqlar
var ki, onların istedadından valideynləri xəbərsizdir”.
Müsahibimizdən uşaqların istedadının neçə yaşından bilindiyini
soruşduq: "Uşaqlarda hansı istiqamətə bacarığın olması artıq 5 yaşından sonra
özünü büruzə verir. Bu yaş dövründə olan uşaqların valideynləri daha diqqətli
olmalı, övladlarını müşahidə etməlidirlər. Bu yaşdan sonra uşaqları müəyyən bir
istiqamət yönəltmək olar. Bəzən elə valideynlər var ki, uşağı 3 yaşından nəyisə
öyrənməyə məcbur edir. Bu, düzgün deyil. Həmin yaşdan daha erkən öyrənməyə başlamaq
uşağı yorar. Uşağı həddindən artıq da
yükləmək olmaz. Bu, onun özünü dəyərsiz, robot kimi hiss etməsinə səbəb olar.
Təbii ki, uşağın inkişafı üçün onu kurslara, müəyyən dərnəklərə aparmaq
yaxşıdır. Amma bu da həddində və göstərilən yaşdan sonra olmalıdır. Xüsusi testlər var. Hansı ki, o testlər
əsasında uşağın hansı istiqamətdə bacarığı olduğunu aydınlaşdırmaq olur. Əgər
valideyn özü müəyyənləşdirə bilmirsə, yaxşı olar ki, mütəxəssisə müraciət
etsin. Uşaq istədiyi sahəyə yönələndə özünü cəmiyyətdə daha yaxşı ifadə edə
bilir. Özünəinam əskikliyi yaşamır”.
Psixoloq, NLP məşqçi Şamama Ağamuradovabildirir ki, insan ancaq zövq aldığı işlə məşğul olanda xoşbəxt olur: "Onlara
seçim etmək imkanı verməliyik ki, sabah öz həyatı haqqında qərar verə
bilsinlər. Yanlarında olub, onların inkişafına kömək etmək, hər sahə ilə tanış
etmək lazımdır. Vaxtı çatanda özləri onsuz da istədiklərini seçəcəklər. Valideynlər
çalışsınlar uşaqlara psixoloji travmalar vurmasınlar. "Su axıb öz çuxurunu
tapar" atalar misalı təsadüfən deyilməyib. Uşaqlar əvvəl axır öz yerlərini
bu həyatda tutacaqlar. Uşaqları məcbur etmək olmaz ki, sən mütləq bu sahəyə
getməlisən. Bəzən valideynlər vaxtı ilə özlərinin edə bilmədiklərini
övladlarının etməyini tələb edirlər. Amma düşünmürlər ki, zaman dəyişib. İnsan
zövq aldığı işlə məşğul olmalıdır”.
Günel Azadə