• şənbə, 27 Aprel, 00:57
  • Baku Bakı 14°C

Valideynlər uşaq bağçalarından niyə “qorxurlar”?

18.03.14 10:39 1452
Valideynlər uşaq bağçalarından niyə “qorxurlar”?
Azərbaycanda bağça yaşlı uşaqların cəmi 22-23 faizi bağçaya gedir. Bu, rəsmi statistikadır və heç də qənaətbəxş bir göstərici deyil. Səbəbləri isə müxtəlifdir: valideynlərin bağçalara etimadının olmamasından tutmuş, maddi imkansızlığa qədər. Bəs bunun nəticələri nədən ibarətdir? Nə etmək lazımdır ki, ailələr uşaqlarını bağçaya göndərsin? Suallara cavab axtararkən məlum oldu ki, bu istiqamətdə müəyyən işlər görülüb və görülməkdədir.
Ötən ilin sonlarında parlamentdə “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi” haqqında qanun qəbul edilib. Həmin qanuna əsasən, sözügedən müəssisələr bu il yanvarın 1-dən başlayaraq 10 il müddətinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş xüsusi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad olunublar. Mütəxəssislər hesab edirlər ki, qanunun tətbiqi həmin müəssisələrin xərclərinin azalmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində özəl müəssisələrin təqdim etdiyi xidmətlərin qiymətlərinin azalmasına səbəb olmalıdır.
Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, ölkədə sosial mühitin yaxşılaşması, insanların həyat fəaliyyətinin daha da yüksək olması ilə əlaqədar olaraq son illərdə iri miqyaslı tədbirlər həyata keçirilir: “Milli Məclisin qəbul etdiyi qanun da sözün əsl mənasında, Azərbaycanda sosial inkişafın daha da tərəqqisinə xidmət edəcək. Belə ki, körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri 2014-cü ilin yanvarın 1-dən başlayaraq 10 il müddətinə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azaddırlar. Məlumat üçün bildirim ki, Azərbaycan MDB məkanında uşaqların bağçalarla təmin edilməsi səviyyəsinə görə xeyli geridədir. Azərbaycanda bu gün 1-5 yaşlı uşaqların yalnız 15 faizini bağçalarla təmin etmək mümkündür. Bu qanunun qəbulu, heç şübhəsiz ki, özəl sektorda da uşaq bağçalarının tikintisinə imkanları xeyli genişləndirəcək. İstərdik ki, bizim çox dəyərli sahibkarlarımız məktəbəqədər təhsil müəssisələrinin yaradılmasına daha çox diqqət ayırsınlar. Məlumat üçün bildirim ki, respublikada cəmi 40 məktəbəqədər təhsil müəssisəsi özəl sektorun payına düşür”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir ki, bu gün özəl bağçalarda xidmətlərin qiymətləri kifayət qədər yüksəkdir. Bu qiymətlər əhalinin aztəminatlı, hətta orta təbəqəsinin maddi imkanlarına uyğun gəlmir. Bu baxımdan təqdim olunan qiymətlər sünidir: “Bu qiymətlər mövcud xərclərə və ölkədəki real orta aylıq əməkhaqqına uyğunlaşdırılmayıb. Buna görə də qiymətlərin aşağı salınması vacibdir”.
Araşdırmalar göstərir ki, özəl bağçalarda qiymətlər minimum 300-400 manatdan başlayır, hətta 900-1000 manatadək qalxır. Lakin həmin bağçaların heç biri valideynə izahat vermir ki, bu qiymət haradan çıxıb, bunun neçə faizi uşağın yeməyinə, neçə faizi təhsilinə, neçə faizi istirahətinə xərclənir.
V.Bayramovun fikrincə, əgər bundan sonra bağçalarda xidmətlərin qiymətlərində azalma baş verməzsə, onda həmin müəssisələrin təqdim etdiyi qiymətlərin süni qiymət olub-olmaması yoxlanılmalıdır. Ekspertin sözlərinə görə, Azərbaycan qanunvericiliyində özəl müəssisələrdə qiymətlər liberal şəkildə, bazar tərəfindən müəyyənləşdirilir və dövlətin bu qiymət siyasətinə müdaxilə etmək səlahiyyəti yoxdur. Ancaq eyni zamanda, qanunvericilik imkan verir ki, yalnız istehlak bazarında deyil, xidmətlər sektorunda da təklif edilən qiymətlər süni olduğu halda, müvafiq icra hakimiyyətləri həmin qiymətlərin aşağı salınması üçün iş apara bilsinlər. Bunun üçün həmin orqanlar tərəfindən müəssisələrə xəbərdarlıqlar edilə, cərimələr tətbiq oluna, müəssisələrin lisenziyaları geri alına bilər.
Qeyd edək ki, Heydər Əliyev Fondu da bağçalarla bağlı layihələr reallaşdırır. Fondun prezidenti Mehriban Əliyeva bu günlərdə keçirdiyi tədbirdə bildirib ki, ölkədə uşaq bağçalarının tikintisinə çox böyük ehtiyac var: “Uşaqlar demək olar ki, günün yarısını bağçada keçirirlər. Bu təhsil ocaqlarında olan şərait, orada uşaqlarımızın aldıqları tərbiyənin keyfiyyəti, hökm sürən abı-hava çox vacibdir. Uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məhz bu müəssisələrdə formalaşır. Belə olan halda, əlbəttə, biz təhsilin bu sektoruna daha böyük diqqətlə yanaşmalıyıq”.
Məlumat üçün bildirək ki, Heydər Əliyev Fondu məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyətin monitorinqini aparıb. Monitorinq ilkin mərhələdə paytaxtı əhatə edib, gələcəkdə onun bütün ölkədə aparılacağı bildirilir. Monitorinqin nəticələri göstərir ki, paytaxtda 414 məktəbəqədər təhsil müəssisəsi mövcuddur. Onlardan 137-nin əsaslı təmirə ehtiyacı var, 11-i isə qəzalı vəziyyətdədir. Hazırda 133 məktəbəqədər təhsil müəssisəsində təmir işləri aparılır.
Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, paytaxtda ümumilikdə 345 məktəbəqədər təhsil müəssisəsində 36 min 977 uşaq təlim-tərbiyə alır, 174 uşaq bağçası tam təmir olunaraq burada lazımi şərait yaradılıb, bu il 34 yeni uşaq bağçasının təmirdən sonra istifadəyə veriləcəyi gözlənilir. Statistik məlumatlara görə, 1-5 yaşlı 157 min 349 uşağın bağçaya ehtiyacı var. Paytaxtda hazırda bu yaşda uşaqların yalnız 23,4 faizi uşaq bağçalarında təlim-tərbiyə alır.
Göründüyü kimi, uşaq bağçalarının çatışmazlığı uşaqların bağçaya getməməsinin kökündə duran əsas problemdir. Dövlət də bu istiqamətdə müəyyən tədbirlər görür. Bəs uşaqların bağçaya getməməsi hansı nəticələrə səbəb olur? Burada ilk öncə uşaqların ilkin yetişmələri söhbət mövzusu ola bilər. Adətən, bağçaya gedən uşaq daha intellektual, daha dünyagörüşlü olur. Digər yandan, bu, ailənin iqtisadi durumuna təsir edə bilər. Tutaq ki, ana işləyə bilər, amma övladını bağçaya göndərə bilmədiyi üçün evdə oturmağa məcbur olur. Bu vəziyyət eyni zamanda ölkə iqtisadiyyatına zərərli ola bilər. Əmək qabiliyyətli qadınların işləməməsi ümumilikdə iqtisadiyyat üçün ziyanlıdır. Odur ki, əlverişli şərait olduğu halda uşaqlarınızı bağçalardan yayındırmayın.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər