Valideyn məsuliyyətsizliyinin qurbanı olan uşaqlar
Son 3 il
ərzində Azərbaycanda uşaqlarını bilərəkdən baxımsız qoyduğuna görə 660 valideyn
məsuliyyətə cəlb edilib. Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərviz Əliyev Trend-ə bildirib ki,
2016-cı ildə uşaqlarını bilərəkdən baxımsız qoyduğu üçün polis orqanları
tərəfindən 240 nəfər, 2015-ci ildə 200 nəfər, 2014-cü ildə 220 nəfər valideyn
barəsində protokol tətib olunub və məsuliyyətə cəlb edilib.
Onun sözlərinə görə,
uşaqların baxımsız qoyulmasına, onların tərbiyə və təlimi vəzifələrinin
valideynlər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə görə az
hallarda valideyn hüququ məhdudlaşdırılır. Belə hallara görə valideynlər daha
çox cərimələnirlər. P.Əliyev qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə görə,
yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və
ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə
yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə 100 manatadək
məbləğdə cərimə edilirlər. Azərbaycanda uşaqların baxımsızlığı ilə bağlı Dövlət
Komitəsinin bir necə dövlət orqanı ilə əlaqəli şəkildə işlədiyini deyən
P.Əliyev qeyd edib ki, 2016-cı ildə avaraçılıq və dilənçiliklə məşğul olan 512,
2015-ci ildə 450, 2014-cü ildə isə 502 uşaq polis orqanları tərəfindən
aşkarlanıb:"Bu məsələ ilə bağlı
statistikaya baxsaq, görərik ki, ötən illərlə müqayisədə vəziyyət dəyişməyib. Göstəricilər 500
civarında olan rəqəmlərdir. Əgər uşaq valideyn məsuliyyətsizliyi nəticəsində
avaraçılıq və dilənçiliyə sövq olunursa, onda həmin uşaqların valideynləri də
məsuliyyətə cəlb olunurlar. Bu uşaqların böyük əsksəriyyəti sonradan təhsilə
cəlb edilib".
P.Əliyev əlavə edib ki, dilənçiliklə məşğul olan
uşaqların çoxu 14-15 yaşlılar olur: "16-18 yaşlı uşaqlar dilənçilikdən
daha çox küçədə hansısa əməyə cəlb olunurlar".
P.Əliyev onu da deyib ki, uşaq küçə həyatı
keçirib, təhsildən yayındıqdan sonra hər hansı tədbirlərin görülməsi o qədər də
effektiv deyil.
Psixoloq
Elnur Rüstəmov deyir ki, valideyn
məsuliyyətsizliyi bir çox hallarda uşaqlarda müxtəlif psixoloji narahatçılığa
yol açır: "Belə hallarla çox rastlaşırıq. Biz hər zaman qeyd edirik ki, uşağın
problemi ailənin problemidir. Bəzən valideynlər öz uşaqlarını psixoloqa gətirdiyi zaman məlum olur ki, problem uşaqdan
çox valideynin özündədir. Bəzi valideynlərin özləri aqressiv, əsəbi olurlar.
Ona görə də bu məsələlərdə çox diqqətli olmaq lazımdır. Düzdür, valideynin
özünün də müxtəlif qayğıları var. Amma bu, uşağa münasibətdə özünü göstərməməlidir.
Bu gün kifayət qədər problemli ailələr var ki, ailədaxili konfliktlər orada
böyüyən uşaqların psixologiyasına mənfi təsir göstərir. Ailədaxili konflikt,
boşanmalar bir çox hallarda uşaqlarda zamanla davranış problemləri yarada bilir.
Belə uşaqlar məktəbdən, dərslərindən uzaqlaşır, evdən pul oğurlayır, yaxud
evdən qaçırlar. Bu uşaqların cəmiyyətə yenidən inteqrasiyası üçün ilk növbədə
psixoloji yardım göstərilməlidir. Çünki onun cəmiyyətə adaptasiya olunması çox
vacibdir. Bəzən isə təkcə uşağa yox, ümumilikdə ailəyə psixoloq dəstəyi lazım
olur. Çünki bu gün həll olunmayan problem sabah daha ciddi bir problemə yol aça
bilər”.
Sosioloq Lalə Mehralı bildirir
ki, uşağı dünyaya gətirmək asandı, onu təhlükəsiz
şəraitdə böyütmək isə çox çətindir: "Valideyn bəzən bilməyərəkdən də uşağına
zərər verə bilir, kobud desək, uşağını işə satır. İş, karyera üçün analar övladını
ikinci plana ata bilir, daha çox pul qazanmaq üçün atalar uşağı ilə daha az
vaxt keçirir. Bunu çox vaxt maddi baxımdan azad olmamaqla əlaqələndirirlər,
uşaqların ehtiyacını ödəmək üçün işləməyə, pul qazanmağa məcbur olduqlarını
deyirlər. Amma uşağın pul, yemək və geyimdən əvvəl ata-ana sevgisinə,
diqqətinə ehtiyacı var. Orqanizmin yeməyə ehtiyacı olduğu kimi, məhəbbətə, diqqətə də ehtiyacı var. Mənim
fikirmcə, təkcə cərimə yolu
ilə bu iş həll edilməz.
Başına bədbəxt hadisə gələn uşaqlar, uşaqları gözləyən təhlükələr barədə sosial çarxlar hazırlamaq
da kömək edə bilər.
Yaxud digər sosial layihələrlə məsələyə diqqət çəkmək lazımdır. Amma hər şeydən
əvvəl gərək valideyndə məsuliyyət və maksimum diqqət olsun”.
Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin
sədri, Milli QHT Forumunun Gender Mərkəzinin rəhbəri Tünzalə
Cavadovaqeyd
etdi ki, bu gün müşahidə olunan bir sıra köklü problemlər - uşaqların
təhsildən yayınması, erkən nikahlar, məişət zorakılığı və s. valideyn
məsuliyyətsizliyindən irəli gəlir. Bəzi ölkələrdə valideyn övladına qarşı məsuliyyətsizlik
etdiyi zaman müxtəlif formada cəzalandırılır. Uşaq nəzarətsiz qaldığı zaman
valideyndən alınaraq sosial xidmət müəssisəsinə təhvil verilir. Həmin müəssisə
uşağın tərbiyəsi üçün nümayəndə təyin edir. Eyni zamanda, öz məsuliyyətini dərk
etməsi üçün uşağın valideyni ilə də psixoloq və digər mütəxəssislər iş aparır.
Vəziyyət müsbətə doğru dəyişərsə, uşaq yenidən valideyninə qaytarılır.
Azərbaycanda da nəzarətsiz qalan uşaqların valideynlərinin qanunla məsuliyyətə
cəlb olunması nəzərdə tutulur. Hətta Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət
Komitəsi İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi
haqqında yeni qanun layihəsi hazırlayıb. Həmin layihədə uşağın sağlamlığı və
təhlükəsizliyi də nəzərə alınıb. Valideyn təkcə uşağın tərbiyəsi ilə məşğul
olmalı deyil, həm də onun təhlükəsizliyinə ümumi nəzarəti gücləndirməlidir. Bu
gün Azərbaycanda valideyn məsuliyyətsizliyi ucbatından həyatını itirən
uşaqların əksəriyyəti 1-3 yaş aralığındadır. Bu haqda özümüz də tez-tez
eşidirik və mətbuatdan oxuyuruq. Təəssüflər olsun ki, çox vaxt hadisə baş
verəndən sonra belə məsələlərə diqqət artır. Bu il dərs ilinin başlanması ilə
əlaqədar sentyabrın 10-dan oktyabrın 10-a kimi «Diqqət, uşaqlar!» adlı
təhlükəsizlik ayı keçirildi. Bəzən valideynin nəzarətsizliyi ucbatından uşaqlar
yol hərəkəti hadisələrinin qurbanı olur. Bu layihənin keçirilməsində əsas
məqsəd yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində
təhlükəsizlik profilaktik tədbirlərinin görülməsi idi. Qeyd edim ki, cari ilin
ilk 7 ayı ərzində baş verən yol-nəqliyyat hadisələri nəticəsində 26 azyaşlı
uşaq həlak olub, 122 uşaq isə xəsarət alıb. Düzdür, bütün bunların hamısını valideyn
nəzarətsizliyi və məsuliyyətsizliyinin üzərinə ata bilmərik. Burada sürücülərin
də günahı var. Amma bütün hallarda hər bir valideyn öz uşağı ilə bağlı
məsuliyyətli olmalıdır”.
Şəbnəm Mehdizadə