• çərşənbə, 24 Aprel, 23:17
  • Baku Bakı 23°C

V Beynəlxalq Muğam Festivalına yekun vurulub

15.03.18 12:30 794
V Beynəlxalq Muğam Festivalına yekun vurulub
Martın 14-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Muğam aləmi” V Beynəlxalq Muğam Festivalına yekun vurulub.
Trend-in məlumatına görə, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının birgə dəstəyi ilə reallaşan və bir həftə davam edən festivala 15-dən çox ölkə qatılıb.
Festivalın bədii rəhbəri Xalq Artisti, UNESCO-nun "Sülh artisti”, Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə Azərbaycan muğamının tarixi keçmişindən və müasir inkişaf səviyyəsindən söz açaraq bu irsin qorunması və təbliğində festivalın müstəsna rol oynadığını söyləyib. Bildirib ki, "Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı ölkəmizdə artıq ənənəyə çevrilmiş böyük musiqi tədbirlərinin növbəti uğurlu hadisəsidir.
Xalq Artisti muğam sənətinin dərin köklərdən, tarixi sınaqlardan uğurla keçərək müasir dövrdə tamamilə yeni bir səviyyəyə qalxmasından danışıb. Bunun Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın danılmaz əməyinin nəticəsində mümkün olduğunu xüsusilə qeyd edib: "Milli-mədəni irsimizin bir sıra qiymətli nümunələrinin, o cümlədən Azərbaycan muğamının, aşıq, xalçaçılıq, tar ifaçılığı, kəlağayı sənətinin və Novruz bayramının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi bizim mədəni irsimizə, onun qorunmasına dünya miqyasında göstərilən diqqət və qayğının təzahürüdür”.
Festival çərçivəsində Azərbaycan Milli Konservatoriyasında instrumental və vokal bölmələri üzrə beynəlxalq muğam müsabiqəsinin təşkil edildiyi, müsabiqə iştirakçılarının Azərbaycan, Polşa, Türkiyə, İran və Tacikistandan olan tanınmış musiqi mədəniyyətinin görkəmli nümayəndələri tərəfindən qiymətləndirildiyi, konservatoriyada, həmçinin musiqi gecələrinin keçirildiyi diqqətə çatdırılıb.
Qeyd edilib ki, Beynəlxalq Muğam Mərkəzində keçirilən konsertlərdə "Rast”, "Şur”, "Segah”, "Çahargah”, "Bayatı-şiraz”, "Şüştər” və "Hümayun” muğamları istedadlı ifaçılar tərəfindən tamaşaçılara təqdim olunub. Festival günlərində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik, Dövlət Xalq Çalğı Alətləri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrlərinin, eləcə də Azərbaycan Dövlət Rəqs Ansamblının, Dövlət Xor Kapellasının, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, "Cəngi” etno-caz qrupunun çıxışları da maraqla qarşılanıb.
Firəngiz Əlizadə deyib ki, bir həftə ərzində qonaqlar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin "Koroğlu” operasını, Qara Qarayevin "Yeddi gözəl” baletini, Müslüm Maqomayevin "Şah İsmayıl” operasını, Dövlət Musiqili Teatrında "O olmasın, bu olsun” musiqili komediyasını, Marionet Teatrında Üzeyir Hacıbəylinin eyniadlı əsəri əsasında "Leyli və Məcnun” marionet tamaşası izləmək imkanı qazanıblar.
Xalq Artisti festival çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasında reallaşan "Azərbaycanda muğam elmi: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpoziumu da yüksək qiymətləndirib.
Sonra beynəlxalq muğam müsabiqəsinin qalibləri mükafatlandırılıb.
banner

Oxşar Xəbərlər