• şənbə, 20 Aprel, 17:48
  • Baku Bakı 23°C

Uzunmüddətli tətil iş prosesinə necə təsir göstərir? - Polemika

30.03.18 15:00 1873
Uzunmüddətli tətil iş prosesinə necə təsir göstərir? - Polemika
İş həyatımızın ayrılmaz hissəsidir. Amma hər nə qədər işimizi sevdiyimizi desək də, müəyyən müddətdən sonra insan yorulur. Məhz bu anda insanın köməyinə tətil gəlir. Yaxşı tətil həm də insanı işə motivasiya edir. Dincəldikdən sonra işə qayıtdıqda, daha faydalı şəkildə çalışırıq. Çünki bütün yorğunluğumuz silinib gedir. Amma bəzən tətil müddəti o qədər uzun çəkir ki, insan dincəlməkdən yorulur. İş, əvvəlki həyatımız üçün darıxmağa başlayırıq. Hətta işə qayıdarkən belə, əvvəlki qədər həvəsli olmuruq. Bəs gənclərimiz necə düşünür, uzunmüddətli tətil iş prosesinə necə təsir göstərir?

"Hər şey qədərində gözəldir”

Eşqin Nuruşov, jurnalist
Eşqin deyir ki, tətil hər kəs üçün faydalıdır. Amma müddəti qədərində olarsa, daha yaxşı olar: "Müddətindən asılı olmayaraq, tətil hər kəsə lazımdır. İstər iş, istərsə də təhsildə çəkilən əziyyətin yorğunluğunu çıxarmaq çox vacibdir. Bu, insanın sonrakı fəaliyyəti baxımından da mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, uzunmüddətli tətilin həm mənfi, həm də müsbət tərəfləri var. Mənfi tərəfinə nəzər salsaq, deyə bilərik ki, işdən və ya dərslərimizdən bir müddət uzaqlaşırıq. Həmçinin uzunmüddətli tətil insanı bir az tənbəlləşdirir. Belə olanda tətilin bitməsini istəmirsən. Necə deyərlər, tətilin dadı bir neçə gün damağında qalır”.

Müsahibim deyir ki, tətil bitəndən sonra isə iş mühitinə uyğunlaşmaq xeyli vaxt alır: "Hətta bəzən bu proses bir həftə də davam edə bilir. Bundan başqa, tətildən sonra ilk iş günündə həmin şəxsin işə və ya dərsə çox həvəslə yanaşmadığını müşahidə etmək mümkündür. Bu halın aradan qalxması üçün bir müddət vaxt lazım olur. Hesab edirəm ki, burada psixoloji amillər var. Çünki bir həftə ərzində səhər tez oyanmağa, işə tələsməyə məcbur olmursansa, bu səndə adət halını alır. Amma digər tərəfdən, istirahət edib bir müddət iş gərginliyindən uzaq olursan və işə yeni, müsbət əhval-ruhiyyə ilə başlayırsan. Bu qarşılaşdığın problemləri həll etmək, işlərin öhdəsindən asanlıqla gəlmək üçün səni motivasiya edir. Həmçinin yaxşı tətil etdikdən sonra insan artıq özünü növbəti dövr üçün hazır hiss edir. Bir növ özümüzə enerji ehtiyatı yığmış oluruq. Ona görə də fikirləşirəm ki, tətilin müddəti qədərində olarsa, daha faydalıdır”.

"İş həmişə var, tətil isə ildə bir dəfə olur”

Çingiz Səfərov, jurnalist
Çingiz isə deyir ki, müddətindən asılı olmayaraq tətil hər zaman gözəldir: "İlboyu yorucu iş prosesindən sonra tətil sakitləşmək üçün yaxşı vasitədir. Tətildə beynimiz istirahət edir, əsəb və stressdən uzaq oluruq. Düzdür, bəzən uzunmüddətli tətil insanı tənbəlliyə öyrəşdirir. Çünki tətildən qayıtdıqdan sonra iş prosesinə yenidən uyğunlaşmaq bir az vaxtımızı alır. Eynilə bu, təhsil üçün də keçərlidir. Dərsdən uzun müddət yayınan bir şagird sonradan xeyli əziyyət çəkməli olur. Amma bütün hallarda insanın ildə heç olmasa bir dəfə də olsa, uzunmüddətli tətilə ehtiyacı olur. Qısamüddətli tətil bir növ həftəsonu kimi bir şeydir. Hardan gəlir, nə vaxt bitir - xəbərimiz olmur. Demək olar ki, planlaşdırdığımız heç nəyi çatdıra, ailəmizə, dostlarımıza istədiyimiz qədər vaxt ayıra bilmirik”.
Həmsöhbətim deyir ki, yorğun iş həyatı hər bir insanı müəyyən müddət sonra bezdirir: "Əksəriyyətimizin ildə cəmi bir dəfə uzunmüddətli tətilə çıxmaq imkanı olur. Bütöv bir ilin yorğunluğunu çıxarmaq baxımından bu çox vacibdir. Amma bu müddətdə maksimum şəkildə işdən uzaq durmalıyıq. Çünki insan psixologiyası özünü yeniləyə bilmir. Nəticədə tətilin faydasından çox ziyanını görürük. Gözləyirik ki, nə vaxt tətil bitəcək və ofisdə işimizi daha rahat şəkildə görə biləcəyik. Ona görə də tətilimizdən daha faydalı şəkildə yararlanmağa çalışmalıyıq. İş hər zaman var, amma tətil ildə bir dəfə olur”.

"Uzunmüddətli tətildən sonra işə öyrəşə bilmirəm”

Suğra Quliyeva, müəllimə
Suğra isə bir qədər fərqli fikirləşir. Deyir ki, uzunmüddətli tətil orqanizmə mənfi təsir göstərir: "Düzdür, tətili hər birimiz sevirik. Amma tətildən sonra işə qayıtmaq heç də asan olmur. Tətil bədənin anatomik, psixoloji bərpası baxımından əhəmiyyətlidir. Lakin istirahətin də müddəti çox çəkdiyi zaman bədən tənbəlliyə öyrəşir. Şəxsən mənim uzunmüddətli tətildən sonra işə uyğunlaşmağım bir müddət vaxtımı alır. Bu, bir neçə saatdan bir neçə günə qədər davam edə bilir. Həmçinin uzunmüddətli istirahətdən qayıtdıqdan sonra yuxu və qidalanma sistemimizdə müxtəlif dəyişikliklər və narahatlıqlar yaşanır. İnsan psixologiyası bunu qəbul etsə belə, fizioloji olaraq bədəni bu sistemə öyrəşməkdə çətinlik çəkir. Digər bir tərəfdən isə, indi Bakıda işləyənlərin əksəriyyətinin ailəsi rayonlarda yaşayır. Bir çoxumuz tətillərdə ailəmizi görmək üçün rayona gedirik. Ailəmizlə keçirdiyimiz vaxt bizə xoş təsir bağışlayır. İnsan özünü doğmalarının yanında daha rahat və sərbəst hiss edir. Uzunmüddətli tətil bitdikdən sonra isə onlardan ayrılmaq heç də asan olmur. Bir növ rahatlığımızı da orada qoyub gəlirik. Ona görə də işə qayıtdıqdan sonra darıxırıq, yenə tətil arzulayırıq. Necə ki məktəblilər yay tətilindən sonra dərs oxumaq istəmir, eləcə də biz böyüklər tətildən sonra işə başlamaq istəmirik”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər