• cümə axşamı, 25 aprel, 11:55
  • Baku Bakı 14°C

“Uzun müddət Heydər Əliyevlə görüşün təəssüratı altında oldum”

27.01.20 17:12 3747
“Uzun müddət Heydər Əliyevlə görüşün təəssüratı altında oldum”
Ruslan Xasbulatovun fikrincə, erməni aqressiyasını ilhamlandıran əsas səbəb ümummilli liderin hakimiyyətdə olmaması idi

Bu yaxınlarda Rusiyada əlamətdar bir hadisə yaşandı. Moskvanın məşhur "Metrovaqonmaş” müəssisəsində SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin şərəfinə xatirə lövhəsi qoyuldu. Bu, səbəbsiz deyildi. Ötən əsrin 80-ci illərində məhz Heydər Əliyev paytaxt Moskva metrosu üçün inşa edilən müasir və komfortabelli qatarların yığılması üçün korpusun inşasının təşəbbüskarı olub. Bu, onun müəllifi və birbaşa təşəbbüskarı olduğu tək layihə deyil. Heydər Əliyev SSRİ rəhbərliyində çalışdığı dövrlərdə sadə vətəndaşların, ziyalıların yaddaşında, qəlbində xoş təəssüratlarla qalmağı bacarıb. Ümummilli liderlə bağlı təəssüratlarını "Moskva-Baku” portalına Rusiya Federasiyası Ali Məclisinin (indiki Dövlət Duması) keçmiş sədri Ruslan Xasbulatov bölüşüb. Heydər Əliyevlə şəxsi tanışlığının 1992-ci ildə baş tutduğunu bildirsə də, buna qədər onu qiyabi tanıdığını və fəaliyyətinə yüksək qiymət verdiyini bildirib: "Heydər Əliyev alimlərə və ali məktəblərə dəstək verirdi, elmi tədqiqat institutlarının rektorları ilə görüşür və özü barəsində ən yüksək təəssürat yaradırdı. SSRİ dağıldıqdan sonra erməni rəhbərliyinin aqressiv şəkildə Dağlıq Qarabağı ələ keçirmək istəyinin və iki xalq arasında müharibənin başlanmasının əsas səbəblərindən biri məhz Heydər Əliyevin iş başında olmaması idi. Lakin o, tezliklə Naxçıvanda rəhbər vəzifəyə təyin olundu. Bir müddət Azərbaycanda prezident səlahiyyətlərini İsa Qəmbər icra edirdi. Bakıda onunla qısamüddətli görüşüm məndə yaxşı olmayan təəssürat yaratdı. Sonra hakimiyyətə Əbülfəz Elçibəy gəldi”.
R.Xasbulatov Türkiyədə olarkən Heydər Əliyevlə görüşdüyünü və uzun müddət bu görüşün təəssüratı altında olduğunu xüsusi vurğulayıb. Onun sözlərinə görə, danışıqlarda Azərbaycanla bağlı vəziyyət, Rusiya ilə dostluq münasibətlərin gücləndirilməsinin zəruriliyi qeyd edilib. "Bu olmadan iki ölkə arasında münasibətləri normal şəkildə inkişaf etdirmək mümkün deyil. Təqribən 2 saatdan artıq söhbət apardıq. Heç bir razılaşma olmasa da, şəxsi telefon nömrələrimizi mübadilə etdik”, - deyə bildirib. Sabiq spiker daha sonra maraqlı bir məqama toxunub. Onun sözlərinə görə, hələ o zaman Ankarada olarkən Türkiyə parlamentinin sədri Hüsaməddin Cindorukla görüşdə ona bildirib ki, Heydər Əliyev Azərbaycanın prezidenti olacaq. Bunu müəyyən fakt və ehtimallarla spikerin diqqətinə çatdırıb. R.Xasbulatov xatırladır ki, o zaman Türkiyədə hakimiyyətdə olan rəsmi şəxslərə də Azərbaycan barədə fərziyyələrini bölüşüb: "Bildirdim ki, Azərbaycanda hakimiyyətdə olan siyasi rejim zəifdir və sabit deyil. Birincisi, Türkiyədən nə qədər irimiqyaslı kömək olsa da, bu, vəziyyəti dəyişmək iqtidarında deyil. Hakimiyyətdə olanlar siyasi səbatsızdırlar. Prezident və onun hökuməti zəifdir. Həmin şəxslər müasir reallıqları qəbul etmirdi. Hətta ola bilsin, prezident heç ömründə bir dəfə də olsun zavod və yaxud fabrikdə olmayan bir şəxsdir. İkincisi isə odur ki, onlar korrupsiyaya o qədər bulaşıblar ki, bunu artıq hamı görür, xalq arasında onlara etimad sürətlə azalır. Üçüncüsü isə bizim analitiklər də mənə bildirirdilər ki, Azərbaycanda prezidentliyə ən iddialı şəxs məhz Heydər Əliyevdir”.
R.Xasbulatov onu da deyib ki, sonrakı müddətdə də Heydər Əliyevlə ünsiyyəti olub: "Bir dəfə Heydər Əliyev mənə zəng edib dedi ki, onun Moskvadakı evini müxtəlif bəhanələrlə övladlarının əlindən almağa çalışırlar. Bəhanə də bu olub ki, onlar "əcnəbidir”. Hesab edirəm ki, kimsə Əliyev soyadının Moskvadan sıxışdırılıb çıxarılmasına çalışırdı. Mən dərhal Moskva şəhərinin meri Yuri Lujkova zəng etdim və bu məsələnin qapanmasını istədim. Ona dedim ki, Moskvanın onsuz da o qədər problemləri var ki... Heydər Əliyevə zəng edib bu söhbəti ona bildirdim. Əlavə etdim ki, hansısa bir problem olsa, övladları dərhal mənə zəng etsinlər. Sonrakı müddətdə bizim münasibətlər tək dövlətlərarası, diplomatik deyil, həm də yoldaşlıq, dostluq münasibətlərinə çevrildi. Çünki, biz bir-birimizi gözəl başa düşür və hörmətlə yanaşırdıq. Bu da bir çox məsələləri həll etməyə kömək edirdi. Ən əsası, bu iki ölkə arasında ziddiyyətləri həll edə bilirdi”.
Kamran


banner

Oxşar Xəbərlər