• cümə, 19 Aprel, 20:23
  • Baku Bakı 24°C

“Uzun müddət bu günü gözləmişəm”

21.09.16 13:50 2876
“Uzun müddət bu günü gözləmişəm”
Mədəniyyət xadimlərinin təltif olunması haqda Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar artist” fəxri adını alanlardan biri də tanınmış ifaçı Nurlan Növrəslidir.

O, uzun müddətdir ki, musiqi ilə məşğul olur. Belə ki, ifaçı Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 2006-cı ildə Bakı Musiqi Akademiyasının "solo oxuma” fakültəsini, professor Elmira Quliyevanın sinfini bitirib. Musiqi məktəbləri arasında keçirilən VII Respublika müsabiqəsinin laureatıdır. Nurlan istedadlı müğənni olması ilə bərabər, həm də gözəl kaman, skripka ustasıdır. O, "Space” telekanalında təqdim edilən "Azəri Star-2004” musiqi-televiziya müsabiqəsinin finalçısıdır. 2006-cı ildə Qazaxıstanda keçirilən "CAHAN DALA” IX Populyar musiqi və mahnı müsabiqəsinin laureatı, I yerin qalibidir. 2009-cu ildə Novorosiyskdə keçirilən Gənc İfaçıların VIII Beynəlxalq "Morskoy Uzel” müsabiqə-festivalında II yerə layiq görülüb. Onlara şou aləmində dörd qardaş da deyirlər - Nurlan, Şahin, Tərlan, Arslan Növrəslilər. Onlar mütəmadi olaraq xarici festivallarda ölkəmizi təmsil edir, bayrağımızı zirvələrə qaldırırlar.
Biz də ifaçı ilə əlaqə saxlayıb, əvvəlcə "Əməkdar artist” fəxri adı alması münasibəti ilə təbrik etdik. Nurlan Növrəsli əməkdar artist kimi ilk müsahibəsini məhz "Kaspi”yə verdi.
- İlk olaraq sizi təbrik edir, uğurlarınızın davamlı olmasını diləyirik. Gözləyirdinizmi ki, fəxri ada layiq görülərsiniz?
- Əlbəttə. Sənətçi hər zaman gözləyir. Mən pillə-pillə irəliləmişəm və əziyyətimin qarşılığını görəndə, bunun hədər yerə olmadığına sevindim. Uzun müddətdir ki, bu günü gözləmişəm. İki gündür ki, telefonum susmur. Eşidən-bilən hər kəs zəng edib, təbrik edir. Məni bu ada layiq gördüyü üçün cənab Prezident İlham Əliyevə təşəkkürlərimi bildirirəm.
- "Dost dar və xoş gündə tanınar” deyirlər. Xoş gününüzdə sizi təbrik etməyən dostlarınız oldumu?
- Ən yaxın dostlarım qardaşlarımdır. Elə də çox dostlarla münasibət saxlamıram. Əsas odur ki, məni istəyən insanlar zəng edib təbrik ediblər. Təbriklər o qədər çoxdur ki, telefonum susmur. Heç kimdən də xüsusi təbrik gözləmirəm.

- Sizi kinayə ilə təbrik edən sənət yoldaşlarınız necə, oldumu?
- (Gülür) Yaman təxribatçı suallar verirsiniz. 10 nəfər ürəkdən təbrik edirsə, bir-ikisinin də paxıllıq etməsi normaldır. Bunu qəbul etmək lazımdır.
- "Əməkdar artist” statusu həm də məsuliyyətdir. Bu status ifaçının üzərinə ağır yük qoyur. Bundan sonra yaradıcılığınızda nələr dəyişəcək?
- Bu statusun məsuliyyətini dərk edirəm. Təbii ki, adımın qarşısına böyük bir status əlavə olunub. İstənilən halda dəyişikliklər olmalıdır. İndiyə kimi fəaliyyət göstərəndə də xalqımın mənafeyini düşünmüşəm. Səviyyəli mahnılar ifa etmişəm. Biz qardaşlarımla xarici festivallarda çox olmuşuq və Azərbaycanımızı tanıtmağa çalışmışıq. Hər zaman azərbaycanlı olduğum üçün fəxr etmişəm. Ölkəmi dünyanın müxtəlif ölkələrində layiqincə təbliğ etmişəm. Biz öz milli musiqimizi səsləndirib, dünyaya tanıtmışıq. Düzdür, efirlərdə az görünsək də, dünyada bizim qədər ölkəmizi təmsil edənlər yoxdur.
- Xaricdə festivallarda, konsertlərdə çox olursunuz. Maraqlıdır, bizi lazımınca tanıyırlarmı?
- Şahin kimi sənətkarları tanıyırlar. Qardaşım olduğuna görə demirəm. Ölkəmiz kifayət qədər tanınır. Xaricdə daha çox səsi olan, dəyərli sənətkarlarımızı tanıyırlar. Misal üçün, xalq artistlərimiz Alim Qasımov, Zeynəb Xanlarova qəbildən olan sənətkarlarımızı dünya tanıyır. Onlar bizim sayılıb-seçilən sənətkarlarımızdandır. Ancaq nədənsə bizim müğənnilərimiz xaric deyəndə ancaq Türkiyəni nəzərdə tuturlar. Xaric onlar üçün ancaq bundan ibarətdir. Türkiyə telekanallarına da hər adam çıxa bilmir. Orda klip çəkdirmək, tanınmaq çox bahadır.
- Dünyanın bir çox ifaçıları ilə eyni səhnəni paylaşmısınız. Bəs xarici şou-biznesə qatılmaq haqda düşünmüsünüzmü?
- Xarici şou-biznesə qatılmaq o qədər də asan deyil. Gərək Allah tərəfindən bir naxışın olsun ki, dünyaca tanınmış bir ulduza çevriləsən. Tanınmaq istəyirsənsə, hər bir cəhətdən təmin olunmalısan.
- Sizcə, xarici şou-bizneslə yerli şou-biznesimizin nə kimi fərqləri var?
- Çox fərq var. Onlar konsertlərdən, albomlardan, reklamlardan külli miqdarda gəlir əldə edirlər. Bizdə isə konsert və albomdan qazanc əldə etmək mümkünsüzdür. Yaxşı ki, el şənliklərimiz var.
- El şənliklərinə gedirsinizmi?
- Əgər boş vaxtım olarsa və mənə tələbat varsa, gedirəm. Çalışıram ki, dinləyici məndən məmnun qalsın.
- Adətən dünyaya açılan sənətçilər deyirlər ki, toylara getmirik.
- Niyə də getməyək? Mən bu xalqın nümayəndəsiyəm. Hansısa bir tədbirdə məni görmək istəyirlərsə, imkanım varsa, onu təxirə salmıram. Çalışıram ki, gedim. Mən 2004-cü ildə müsabiqədə iştirak edəndə xalqın mənə olan sevgisini gördüm. Tamaşaçıların mənə görə axıtdığı göz yaşlarını görmüşəm. Ona görə tamaşaçıların qarşısında borcluyam. İndi mənə bölgələrimizdən, müxtəlif yerlərdən təbrik zəngləri gəlir. Onların qəlblərini sındıra bilmərəm. Ona görə də 2 mahnı da olsa, gedib toylarında oxuyuram.
- Nulan Növrəsli daha yaxşı müğənnidir, kaman ifaçısıdır, yoxsa skripka ustasıdır?
- Mən Bülbül adına orta ixtisas musiqi məktəbinin kamança sinfini bitirmişəm. Məktəbi bitirəndən sonra musiqi akademiyasının vokal sinfinə daxil olmuşam. Xalq artistimiz Xuraman Qasımovanın sinfini əla qiymətlə bitirmişəm. Skripka alətini isə özüm öyrənmişəm. Mən onların heç birini ayıra bilmərəm. Sizə onu deyə bilərəm ki, musiqi ruhuma yaxındır. Bunlar hamısını musiqi birləşdirir.
- Qarşıda hansı layihələriniz olacaq?
- Solo konsert vermək istəyirəm. Qismət.
- Bizdə konsert vermək üçün müğənninin ya yaxşı sponsoru, ya da öz pulu olmalıdır. Sizdə hansı var?
- (Gülür) Yəqin kömək edərlər. Nəyin bahasına olursa-olsun konsert vermək istəyirəm. İndi hər yanımdan keçən konsert verir. Bəzilərinin hətta oxumaqdan başları da çıxmır. Konserti verim ki, çiynimdən bir yük də götürülsün.
- Konsert verməkdən əksər müğənnilər ona görə qorxurlar ki, zalı doldura bilməzlər. Bəs siz necə?
- Söhbət zalı doldurmaqdan getmir. O vaxt dahi sənətkarımız Üzeyir Hacıbəyli "Leyli və Məcnun” operasını tamaşaçılara təqdim edəndə, onu çox az adam dinləyirdi. Bir dəfə Üzeyir bəyə deyiblər ki, zalda tamaşaçı yoxdur, onun üçün gəlin tamaşanı təxirə salaq. O isə soruşub ki, zalda neçə nəfər əyləşib. Cavabında bildiriblər ki, cəmi 15 nəfər. Üzeyir bəy də deyib ki, mənə elə o 15 nəfər lazımdır. Əsas məsələ məkanı doldurmaq deyil, oxumaqdır. Əgər oxuya bilirsənsə, təbii ki.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər