AZE | RUS | ENG |


Uzun... incə... bir yoldayım

Uzun... incə... bir yoldayım
Hayana baxıram sən orda varsan,
Necə qoyum səni məndən içəri.
Yunus İmrə
Bakı Yunus Emrə İnstitutunun təşkilatçılığı ilə 25 may tarixində uzun... incə ... bir yolun yolçusu olub, Azərbaycan Dövlət Musiqili Teatrında "Aşka yolçuluq” izlədik. Teatrın dışında da, içində də türk mədəniyyəti, türk ruhu duyulurdu. Ssenarisi Bakı Yunus Emrə İnstitutu tərəfindən yazılan 8 aydır məşqləri davam edən tamaşa İnstitutun teatr dərnəyinin tələbələrinin və hörmətli aktyorlarımızın çıxışı ilə baş tutdu. Yunus İmrənin hekayələrindən hazırlanan birpərdəli tamaşa, məzmun və formasına görə yuğlamanı təcəssüm edirdi. Türk və dünyəvi Yunus İmrənin həyatı, kamilliyə uzanan yaradıcılığı və şəxsiyyəti öz dilindən tamaşanın ruhunu təşkil edirdi. Tamaşanın ərsəyə gətirilməsində aktyorlar Hikmət Rəhimov, Pərviz Məmmədrzayev, Şamil İbrahimov, Yaqut Paşazadə, Rövşən Ağayev, Esmeralda Abdullayeva və Savalan qrupunun solisti Novruz Novruzlunun böyük əməyi var.
Yeddi yüz ildən çoxdur ki, Yunus İmrə arzusunda olduğu laməkanın işığında görünür. "Ucadan baxan göz deyil” deyən Yunus İmrə tanrı ucalığından başqa bir ucalıq tanımır, insanın bir-birindən üstün ola biləcəyi ehtimalını qəhr edir, insanı insanın yanında görməyi arzulayır, çünki eyni mayadan yaranmış insanın bir-birinə yuxarıdan baxmasını fənalıq, bədbəxtlik sanır. Aktyor Şamil İbrahimov ifa etdiyi Yunusun simasında fani dünyada özünü ölümsüzlüyə tərbiyə etməyi bacaran, səssiz-səmirsiz əxlaqlı bir kamil insanı canlandırır. Bu həmin Yunusdur ki, haqq aşiqi olub, diyar-diyar dolaşa-dolaşa İslam dünyasının birliyi uğrunda çalışmışdır.
Tamaşa boyu durmadan səhnədə Yunus İmrə səslənir, onun şerləri yüksək səslə deyilir, oxunur. Kiçik bir kənddin ağsaqqalı, billicisi oynayan aktyor Pərviz Məmmədrzayev dünyanın malından, nemətindən imtina etməyi gənclərə tərbiyə edir, gəncləri günəşi xatırladan dairə formasında başına yığaraq Mövlanəlik edir. Fani və ömür üçün qısa olan dünyanın qədir-qiymətindən nəfsi, gözü-könlü tox olan, bunlardan artıq dərəcədə ucada dayanan böyük ürəklərdir Yunusun mənzili! Tamahın, şöhrətin quluna çevrilən, həya, ədəb-ərkan, əxlaq qaydalarından kənara çıxan, özünü hamıdan uca, hamıdan güclü, hamıdan baş sayıb, son gündə həqir bir dilənçi kimi əcəldən sədəqə istəyənlərdən çox uzaqdır Yunusun şeri!
Yunus şeri Allaha yaxınlıqdır! Ərş də, mələklər də, göylərin min bir çalarlı sirli aləmi də görünür Yunus şerində, Yunus sözündə! Torpağı əkib-becərən çox saylı insanın yer aldığı tamaşada insanların məşğulliyyəti, inamları, imanları, xüsusilə də sufiliyə yaxınlıqları müxtəlif formada təsvir olunur. Gənclər çox inamla: "Bizim kənddə insanlar ölmür” deyərək, bu dünyada cismən ölüb, ruhən ölümsüzlüyü bəyan edirlər. Yunusun kimliyi, gerçək həyatı, şəxsiyyəti haqqında heç kəsdə dəqiq məlumat yoxdur. 1307-1308-ci illərdə həyatda olduğu məlumdur. Türk xalqı Yunusu o qədər dəyərləndirir ki, "onun yatdığı yer türk millətinin qəlbidir”, "Yunusun həqiqi məzarı onu sevənlərin könülləridir”-, deyə öz sevgi və hörmətlərini ona bildirirlər. Tamaşa müddətində də biz Yunus İmrənin şəxsiyyətinə pərəstişi, onun şerlərindən can alan ruhu duyduq. Bunu da qeyd edim ki, əlbəttə biz tamaşa desək də, bu peşəkar yanaşmada teatr tamaşası anlamına gəlmir. Çünki bu, aktyorların ifasında şer və musiqinin ahəngindən, sintezindən yaradılan ruhsal bir bədii kompozisiya idi.
Bu birpərdəli tamaşada tarixi qat unudulmur, müəyyən cızgilərlə qeyd olunur. Yunus eşq adamı olsa da baş verən savaşlar onun yaşadığı cəmiyyətə də təsirsiz ötüşmür. Öz dövrünə qədərki iki yüz ildə Anadolu torpaqlarında möhkəmlənməyə çalışan, xaçlı zərbələriylə boğulan moğulların ağır və acı zərbələri altında dövlətini itirmiş, canı, malı, huzuru təhlükədə qalmış Anadolu türk xalqını Allahın yolunda birləşməyə çağırır. Yunus bu mənanı böyük və ləkəsiz bir səmimiyyətlə yaşayan, tərənnüm edən kamil insan, "haqq şairi”, böyük şair olduğu üçün qüdrəti də həm milli, həm möhtəşəmdir. Əsrlərdən bəri türk millətinin duyğu və düşüncəsinə hakim, könlünə tərcümandır. Həm öz zəmanəsinin, həm də zəmanəmizin gözlədiyi adamdır. Bu gün də Yunus İmrə eşqə olan bağı ilə aktualdır.
İlahi rəqsin böyük yer aldığı, sevginin, eşqin aliliyinin tərənnüm olduğu səhnə göstərisində rahatlıq, huzur tapmaqın, sevib-sevilməyin quluna çevrilmək üçün hər saniyə addım atmağın lazımlılığı aşılanırdı. Bir faktı da deməsəm olmaz, elə isə bunu da qeyd edim: teatrın qarşısından yerimizə əyləşənə qədər nə gözəl lütfkarlıqla, sevgi ilə əhatələndik. Əksər teatrlarımızda rastlaşdığımız "Vəsiqə göstər, kimsən? Hardan gəlmisən?” sorğu-sualı ilə bezikdirilmədik. İnsan kimi ürəkləri insanlıqla, sevgi ilə döyünən türk qardaşlarımızdan öyrənməyə dəyər.

Niyaz Cəfərov
teatrşünas

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022