• şənbə, 20 Aprel, 19:49
  • Baku Bakı 24°C

Uzaqdan-uzağa sevməyi öyrənənlər – Ailə

03.10.16 14:29 3710
Uzaqdan-uzağa sevməyi öyrənənlər – Ailə
Gülnarə Əliyeva: "Bir ailədə mübahisə yoxdursa, deməli, fikir mübadiləsi də yoxdur”

Qarşılıqlı hörmət və inam onların ailəsini möhkəm edən amillərdəndir. Amma onlara görə, ailəni bir yerdə saxlayan, qarşılıqlı hörməti, inamı formalaşdıran əsas faktor sevgidir. Onlar sevgisiz ailəni təsəvvürlərinə belə gətirə bilmirlər.Müsahiblərimiz psixoloq Gülnarə Əliyeva və hüquqşünas Nicat Əliyevdir. Qeyd edək ki, müsahiblərimiz Gəncədə yaşayır.
Onların tanışlığına tam bir təsadüf də demək olar, qismət də. Telefonda necəsə yığılan bir kod onların qarşılaşmasına gətirib çıxarır. Belə ki, 2007-ci ilin avqustun 23-də Gülnarənin 19 yaşı tamam olur. O, doğum gününü öz evlərində deyil, dayısıgillə istirahətdə keçirir. Buna görə də hər kəs onu təbrik etmək üçün telefonla zəng vurur. Telefona isə Gülnarə deyil, başqa bir oğlan cavab verir. Gülnarənin yanında olanlarla əlaqə saxlayıb telefona kimin cavab verdiyini soruşurlar. Gülnarənin isə yanında yeganə oğlan dayısı oğlu olur, o isə telefona heç vaxt cavab verməyib. Bu məsələ hər kəsə şübhəli qalır. O zamana qədər ki, həmin oğlan Gülnarənin bacısının zənginə cavab verir. Bacısı oğlanın nömrəsini götürür. Gülnarə Gəncəyə qayıdanda ilk işi Nicatla əlaqə saxlamaq olur. Zəng vuranda isə zənglərin yönəldilməsində Nicatın günahkar olduğunu deyir, Nicat isə Gülnarənin. Razılığa gəlmirlər, əksinə, dalaşırlar və danışığı bitirirlər...

"O zəng edir Gülü hanı, bu zəng edir Gülü hanı...”
Nicat isə Moskvada təhsil alırmış. Yay fəsli olduğu üçün Gəncəyə istirahətə gəlibmiş. Onun öz dili ilə desək, yay aylarını Gülnarənin zənglərinə cavab verməklə keçirir. Bir dəfə dava etsələr də, o, yenə zəng vurub Gülnarə ilə dalaşır. Əsəbi halda deyir ki, bunu söndürün də, o zəng edir Gülü hanı, bu zəng edir Gülü hanı. Bu davada da problem həll olunmur.
Nicat deyir ki, o, bu zənglərin dostlarının onunla bir zarafatı ola biləcəyini də düşünüb. Ona görə dostlarından hansı ilə qarşılaşsa, Gülnarənin nömrəsini göstərirmiş ki, bəlkə kimsə tanıya. Nicatın Gülnarə ilə sinif yoldaşı olan dayısı oğlu nömrəni tanıyır. Və o, problemi həll etmək üçün Nicatı Gülnarəgilin həyətinə gətirir. Gülnarə həyətdə qızlarla oturubmuş. Onlar qarşılaşan zaman isə problem haqda özləri deyil, dostları danışır. Onlar isə susurlar. Bu görüşdə Gülnarənin zənglərinin Nicata yönəldilməsi probleminə nöqtə qoyulur. Amma onların həyatında yeni səhifə açılır.

"Hətta yazdı ki, mənim burda sevgilim var”
İlk görüşdə bir-birinə vurulsalar da, Nicat üçün Gülnarəni razı salmaq elə də asan başa gəlmir. Gülnarə deyir ki, Nicat onun reaksiyasından ehtiyat etdiyi üçün ilk olaraq dost kimi münasibət qurmağa çalışıb: "Problem həll olunandan sonra bir neçə dəfə mənə zəng vurdu. "Telefonda nəsə problem olsa, mənə deyərsən” kimi sözlər deyirdi. Tətili bitəndə Moskvaya getmişdi. Ora çatanda mənə mesaj yazıb yeni nömrəsini bildirdi. Hətta belə yazmışdı: "Burda sevgilim var. Sadəcə, yaxşı qızsınız deyə, sizinlə dost olmaq istəyirəm. Gələcəyə ailəvi dost olarıq”. Mən də 19 yaşlı qız ağlı ilə ona inandım. Məqsədinin o cür olduğuna inansam da, ona bağlanmışdım. Bayramlarda təbrik yazacaq deyə gözüm telefonda qalırdı. Arada mən də ona yazırdım. Amma sevgili kimi danışmırdıq. Hardasa bir ildən sonra məni sevdiyini dedi. Sevgilisindən ayrıldığını və bizə elçi göndərmək istədiyini açıqladı. Niyyətini biləndən sonra daha onunla danışa bilməyəciyimi bildirdim. Bacısı zəng vurub, məni razı salmağa çalışdı, dediyimdən dönmədim. Nömrəmi dəyişdim. Sonra tətildə Gəncəyə gəldi. Universitetə gedəndə arxamca gəlib-gedirdi. Gözüm onu axtarsa da, özümü "yandırmırdım”.

"Gülnarənin sevgisini qazanmaq üçün səbrli olmaq lazım idi”

Nicat ilk görüşdə Gülnarəni bəyəndiyini desə də, dayısı oğlu bildirib ki, o, səninlə danışan deyil: "Gülnarədən əvvəl sevgilim olub. Amma mənə uyğun bir insan olmadığını gördüm. Hardasa inanmışam, inamımda yanıldığım olub. Gülnarənin sevgisini qazanmaq üçün səbrli olmaq lazım idi. Amma bu qədər çətin olacağını düşünməzdim. Ona görə onunla dost olmağa çalışdım. Aramızda uzun bir məsafə olsa da, dost olduğumuz bir il ərzində əmin oldum ki, tam mən istəyən xanımdır. Sabah mən olmasam, o, yenə həmin insan olacaq, dəyişməyəcək. Çox əsəbləşirdim. Daim zəng edirdim, cavab vermirdi. Gah atasının, gah anasının yanında olduğunu deyirdi. Arada fikirləşirdim ki, bəlkə məni istəmir, yaxud ailələrində nəsə narazılıq olduğundan danışmaq istəmir. Hamısını düşünürdüm, amma yenə də mübarizə aparırdım. Əvvəllər Gəncəyə ancaq yayda gəlirdim. Gülnarəni tanıyandan sonra 3 aydan bir Gəncəyə gəlmək üçün sessiyanın bitməsini gözləyirdim”.
Gülnarə deyir ki, müasir sevənlərin azadlığı onlarda olmayıb: "İndi sevgililər sərbəst görüşür, əl-ələ tuturlar. Biz sevgidə darıxmağı, həsrəti, uzaqdan-uzağa toxunmadan sevməyi öyrənmişik. Bəlkə də sevgimiz bu səbəblərdən indi də bizə bu qədər əzizdir. Biz sevgimizə gizli xəzinə deyirik”.

"Moskva oğlanı” söhbəti...
Nicat deyir ki, ailəsi onun seçiminə qarışmasa da, Gülnarənin valideynlərinin "Moskva oğlanı”na qız vermək fikirləri olmayıb: "Çünki Moskvada təhsil alan oğlanın orada arvadının, uşağının ola biləcəyini düşünürdülər. Bu məsələlər müzakirə mövzusu imiş”.
"Moskva oğlanı” söhbəti Gülnarəni əvvəl narahat etsə də, Nicatın onu əmin etməsindən sonra bu fikir yox olub: "Əvvəllər anam deyirdi ki, heç vaxt "Moskva oğlanı”na qız vermərəm. Nişan olandan sonra da qohumlar bu mövzuda çox fikir yürütdülər. Əslində ürəyimə müəyyən qədər qara fikirlər gəlirdi. Nicatdan bu mövzuda soruşmuşdum da. O da qətiyyən elə bir şey olmadığını dedi. Amma indi zarafatla deyir ki, "Səni axtarıram” verilişində arxasınca kimsə gələ bilər. Mən də deyirəm ki, məndən əvvəl olduğu üçün qəbul edərəm”.

"Hələ də onu kəşf edirəm”
3 il sevgili, 2 il nişanlı, 4 illik evlilik müddətini arxada qoysalar da, onlar hər gün bir-birində nələrsə kəşf etdiklərini deyirlər. Gülnarənin sözlərinə görə, insanı tanımaq üçün eyni vaxtda yuxudan durmaq, bir evdə yaşamaq şərtdir: "9 ildir onu tanısam da, hər ötən zamanda yeni nə isə kəşf edirəm. Bu, onun özünü gizlətməyi anlamına gəlmir. Sadəcə, yaranan situasiyalar zamanı insanı daha yaxşı tanımaq olur. Məsələn, azca tənbəlliyi var”.
Nicat da Gülnarənin evlilik müddətində inadcıl biri olduğunu kəşf edib: "Dünya dağılsa da, o, istədiyini yeridəcək. Bunu evlənməmişdən öncəki 5 ildə kəşf edə bilməmişdim. Gülnarəni ailə qurduqdan sonra da tam kəşf etdiyimi demək olmaz”.
"4 ildə bir dəfə də mənim üçün yemək bişirməyib”
Ev işləri daha çox xanımın üzərinə düşür. Nicat ev işləri məsələsində bacarıqsız olduğunu deyir: "Uzağı nəyisə bir yerdən başqa bir yerə götürüb qoya bilərəm. Yemək bişirməyi isə, ümumiyyətlə, bacarmıram. Nabrana gedəndə bir dəfə kabab bişirmişəm”.
Gülnarə isə həyat yoldaşının cəmi bir dəfə kartof qızartdığını deyir: "Ev işlərinə isə qətiyyən kömək etmir. 30 ildə bir dəfə əlinə şiş alıb kabab bişirə, ya bişirməyə. 4 ildə bir dəfə mənim üçün yemək bişirməyib ki, əl qabiliyyətini görüm. Ana olmağa hazırlaşdığım vaxtlarda ürəyim qalxıb, mətbəxə girə bilməmişəm, bircə dəfə kartof qızardıb. İndi ikinci dəfə ana olmağa hazırlaşıram, bu dəfə o kartofu da görmürəm”.

"İşdə olanda məcburən, deyinə-deyinə yeyirəm”

Onlar Nicatın valideynləri ilə bir yerdə yaşayırlar. Evdə yeməyi Gülnarə də, qayınanası da bişirir. Nicat isə hər ikisinin yeməyinin dadlı olduğunu deyir. Gülnarənin bişirdiyi mərci supu istisna olmaqla: "Anam milli yeməkləri bişirir. Gülnarə isə xarici mətbəx nümunələrini. Hətta onun bu həvəsinə mən də qoşulmuşam. İnternetdə xarici mətbəxə məxsus yeməkləri tapıb bişirməsini istəyirəm. İdeyanı mən verirəm, icraçı o olur. Bircə sevmədiyim yeməyi mərci supudur. İşdə olanda məcburən, deyinə-deyinə yeyirəm”.
Gülnarə isə supunun dadlı olduğunu iddia edir: "Anası heç vaxt ona sup yedizdirə bilməyib. Amma mən sup bişirəndə başqa yemək bişirmirəm. Ona görə məcbur qalıb yeyir və xoşlamadığını deyir”.

Qayınana-gəlin probleminin yaşanmadığı ailə
Ailədə heç vaxt qayınana-gəlin probleminin yaşanmadığını deyirlər. Nicatın sözlərinə görə, bu problem ona görə yaşanmır ki, hər iki tərəf anlayışlı davranmağı bacarır: "Anam kasıb bir ailənin zəhmətkeş qızı olub. Atam da həmçinin. O vaxt babamgildə 5 otaqlı evdə 3 ailə yaşayıblar. Anam həmin çətinlikdən keçib. Ona görə düşünürəm ki, anam gəlin olmağı, gəlinlə necə davranmağı bilir. Həm də Gülnarənin yaşı elə çox olmasa da, dünyagörüşü böyükdür. Hər şeyi qiymətləndirir, hər şeyin yerini bilir”.
Gülnarə qayınanasının çox yaxşı insan olduğunu deyir: "Qayınanam işləyəndə də, evdə olanda da mənə çox kömək edir”.

"Sevgi qutusu”
Hər bir ailə kimi onlarda da mübahisələr olur. Onlar mübahisənin olmamasını normal hesab etmirlər. Nicat deyir ki, mübahisələrdə o su olur, Gülnarə od: "Gülnarə mübahisə etməyi sevir. Daim konkret hansısa mövzuda mübahisəmiz olmur. İşdən gec gələrəmsə, həftə sonu evdə olanda ailəmə vaxt ayırmayanda mübahisə yaranır. Bir gün mübahisə ediriksə, sabah gedib gəzirik və problem həllini tapır” (gülür – A.A.).
Gülnarə isə mübahisələrdə "od” olması fikri ilə razılaşmır: "Mübahisə davaya keçmirsə, səslər yüksəlmirsə, bu, normaldır. Bir ailədə mübahisə yoxdursa, deməli, fikir mübadiləsi də yoxdur. Fikir mübadiləsi yoxdursa, demək, ünsiyyət yoxdur və o cütlük üçün bir yerdə olmaq o qədər də önəmli deyil. Bizim mübahisələrimiz heç vaxt dava halına gəlməyib”.
Onlar evlilik zamanı hər keçən il sevginin azalması, yaxud "sevginin ömrünün 3 il olması” fikri ilə razılaşmırlar. Sevgisiz ailənin olmasını təsəvvür edə bilmirlər. Onların yalnız özlərinə məxsus - "Sevgi qutusu” adlandırdıqları bir qutu da var. Hər il ora hər ikisi üçün önəmli olan bir xatirə əşyası əlavə edirlər. İllər sonra açıb, sevgilərini xatırladacaq nələrsə...
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər