• cümə axşamı, 28 mart, 22:37
  • Baku Bakı 13°C

“Uğurumun sirri yaxşı təhsil almağımdadır” – Uğur hekayəsi

12.01.15 12:39 2567
“Uğurumun sirri yaxşı təhsil almağımdadır” – Uğur hekayəsi
Uğurunun sirrini yaxşı təhsil almasında görür. Düşünür ki, uğur qazanmaq üçün insan daim öz üzərində işləməlidir. Çünki yaşadığımız dövr daim inkişafdadır. Müsahibimiz Bakı Ali Neft Məkəbində (BANM) Keyfiyyətin təminatı şöbəsinin rəhbəri, həmçinin yerli və xarici neft şirkətlərində təlimçi kimi fəaliyyət göstərən Samirə Musayevadır.
- Samirə xanım, necə oldu ki, neft mühəndisi olmaq qərarına gəldiniz? Bir xanım üçün neft mühəndisi olmaq arzusu hardan yarandı?
- Neft istehsal edən ölkədə yaşadığımıza və bu səbəbdən neft mühəndisi peşəsinə daim tələbat olduğunu nəzərə alaraq valideyinlərimin tövsiyyəsi ilə bu peşəni seçdim.
- Almaniyada da magistr təhsilinizi Qazma və istehsalat mühəndisliyi ixtisası üzrə almısınız. Almaniyada aldığınız təhsil sizə Azərbaycandakından fərqli nə verdi?
- Neft mühəndisliyi peşəsini seçən insan daim öz üzərində işləməlidir. Mən də bakalavr səviyyəsini peşəkar mühəndis olmaq üçün yetərli görmədiyim üçün xaricdə təhsilimi davam etdirməyə qərar verdim. 2008-ci ildə Neft və qaz mühəndisliyi üzrə bakalavr təhsilimi tamamladiqdan sonra, 2009-cu ildə dövlət proqramı çərçivəsində Almaniyada magistratura pilləsinə daxil oldum. Ailəmizdə xaricdə təhsil almağa gedən ikinci uşaq idim. Məndən öncə bacım Aynurə Yunanıstanın Selaniki şəhərində Aleksandr Texnik İnstitutunda neft -qaz sənayesində maliyyə üzrə müdafiə edərək PhD dərəcəsini alıb. Mən də Almaniyada seçdiyim ixtisası daha mükəmməl səviyyədə öyrəndim. Həm də sözügedən ölkədə aldığım təhsil mənə peşəkar olmağın üstünlüklərini və alman dəqiqliyini öyrətdi.
- İlk işə deyəsən, tələbəykən, universitetdə oxuya-oxuya başlamısınız. Necə xatırlayırsınız ilk işinizi?
- Tələbəlik illərində ilk işimə “Komputer elmlərinə giriş” təlimcisi kimi başlamışam. İlk aldığım maaş da 200 manat olub. Həmin dövrdə tələbə üçün bu məbləğ böyük motivasiya idi və adamı gələcəkdə karyera qurmaq haqqında duşündürürdü. Onu da qeyd edim ki, ilk maaşım heç gedib evə çatmadı. Ailəmizin bütün üzvlərinə hədiyyələr aldım. Məsləhət görərdim ki, bütün tələbələr məzun olmamış hardansa işə başlasın. Tələbəykən işləyənlərin bakalavr səviyyəsini bitirdikdən sonra işə qəbul olmağı asanlaşır. Çünki əksər şirkətlərin tələb etdiyi iş təcrübələri olur və işçi seçimində təcrübəsi olan məzunlar digərlərindən bir addım öndə olur. Digər tərəfdən, tələbəlik dövründə işləyəndə ikili məsulliyət daşıyırsan: həm dərslərinin, həm də işinin məsuliyyətini. Bu da insana daha da məsulliyətli olmağı öyrədir. Hətta tələbəykən xarici şirkətdə də işə başladım. Son kurslarda Çex Respublikasının OHLZ şirkətinin Bakıdakı filialında sahə mühəndisi kimi fəaliyyətə başladım. Sahə mühəndisi kimi işim tender sənədlərinə əsasən, tikinti gedən sahənin layihəyə uyğun aparılmasına nəzarət etməkdən ibarət idi.
- Bəs Bakı Ali Neft Məktəbində fəaliyyətə başlamanız necə oldu?
- Böyük Britaniyanın Heriot-Vatt Universitetinin əməkdaşları ilə Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərinin birində təlim keçirdik. Bu zaman yəqin keçdiyim təlim bəyənildiyindən BANM-ə dəvət aldım. Bildiyiniz kimi, Bakı Ali Neft Məktəbi ilə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.
- Ali Neft Məktəbində işinizin məğzi nədən ibarətdir?
- BANM-in yaradılmasında əsas məqsəd ingilis dilli, müasir biliklərə yiyələnmiş, yüksək ixtisaslı mütəxəssislərə olan ehtiyacı ödəməkdir. Buna görə də Ali Məktəbdə Keyfiyyətin təminatı şöbəsi yaradıldı. Tədrisin təşkilinin keyfiyyətinə, imtahanların gedişinə nəzarət, semestr və illik imtahanlarının statistikasının yaradılması, gizli sorğuların aparılması, sorğuların əsasında aşkar olunan problemlərin aradan qaldırılması, biliklərin qiymətləndirilməsi və bu kimi proseslər Heriot-Vatt Universitetinin tələblərinə müvafiq həyata keçirilir.
- Samirə xanım, özünüzü necə inkişaf etdirirsiniz?
- Qeyd edim ki, hazırda Dövlət Neft Şirkətinin “Neft-qaz elmi tədqiqat layihə” İnstitutunun dissertantıyam və dissertasiya mövzum cox geniş olduğundan neft hasilatının artırılması ilə bağlı yeniliklərlə maraqlanıram. Buna görə də mütəmadi olaraq sözügedən mövzuda keçirilən seminar və təlimlərdə iştirak edir, bu sahədə işləyən mütəxəssislərdən məsləhətlər alıram.
- Qadın üçün neft sahəsində işləməyin üstünlükləri və çətinlikləri hansılardır?
- Qadın üçün neft sahəsində işləməyin üstünlükləri ondan ibarətdir ki, daim yenilikləri öyrənmək məcburiyyətindəsən. Bunun üçün təlimlərdə iştirak edir, xaricə səfərlərin olur və qoyduğun əməyin qarşılığında yüksək maaş alırsan. Çətinliklər isə ondan ibarətdir ki, işin dənizdə platformada olur. Bu zaman hava şəraiti də səmərəli işləməyində rol oynayır. Mühəndis qadın üçün dəniz şəraitində işləmək heç də asan deyil.
- Uğur sirriniz nədədir?
- Uğurumun sirri yaxşı təhsil almağımdadır. Uğur qazanmaq üçün insan hər zaman öz üzərində işləməlidir. Çünki yaşadığımız dövr daim inkişafdadır.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər