• cümə axşamı, 28 mart, 22:15
  • Baku Bakı 13°C

“Uğurumun sirri itirməkdən qorxmağımdadır”- Uğur hekayəsi

02.12.16 11:59 5667
“Uğurumun sirri itirməkdən qorxmağımdadır”- Uğur hekayəsi

Tələbələrə məsləhət görür ki, heç vaxt itirməkdən qorxmasınlar, çünki cavandırlar, yaşları da, vaxtları da var. Deyir, tələbəlik illərində sıfır maaşla da olsa, işləsinlər. Onun fikrincə, o dövr üçün qazandıqları hər bir təcrübə gələcək üçün onların maaşlarına əlavə məbləğ deməkdir. Müsahibimiz İqtisad Universitetinin ikinci kursunda oxuyarkən öz biznesini quran "Turizm.Az” şirkətlər qrupunun baş direktoru və Azərbaycan Turizm Assosiasiyasında Daxili Turizm Komitəsinin rəhbəri Murad Kərəmovdur.

- Orta məktəbin son siniflərində, deyəsən, hərbçi olmaq istəmisiniz....

- Əslində həyat planlarım başqa cür idi. İş adamı olmaq fikrində deyildim. 8-ci sinfi Mingəçevirdə bitirəndən sonra imtahan verib Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul oldum. Hərbi məktəbin sonuncu kursunda dövlət proqramı ilə ABŞ-da hərbi təhsil almaq imkanı yarandı. İmtahana hazırlaşmaq üçün 24 saatın 22 saatı hazırlıq prosesinə gedirdi. O qədər yüklənmişdim ki, real həyatla yuxunu fərqləndirə bilmirdim. İmtahan mərhələlərini məktəbimizdə oxuyan 2600 nəfərin içindən iki nəfər uğurla keçdi. Onlardan biri mən idim. ABŞ-da Hərbi Hava Qüvvələri Akademiyasının indiki Kosmonavtika Departamentində kosmik tədqiqatlar ixtisasında oxuyacaqdım. Qəbul olduğumuz vaxt ümummilli lider Heydər Əliyev rəhmətə getdi. Bu, birbaşa onun nəzarət etdiyi layihə idi. Valideynlərim və komandirim hərbi liseyin direktoru Mirzə Almasovla görüşdülər. Məlum oldu ki, Heydər Əliyev rəhmətə getdiyi üçün proqram bir illik dayandırılıb. Direktor laqeydliklə bildirdi ki, növbəti ildə biz deyil, yeni tələbələr seçilib göndəriləcək. Bu laqeyd münasibət məni ruhdan saldı. Çünki orta məktəbdə həmişə birinci olmağa çalışmışdım. Beşnövçülük və digər idman növləri ilə məşğul olurdum və hamısında da yaxşı nəticələr əldə edib məktəbimin adını ucaldırdım. Riyaziyyat olimpiadalarının qalibi idim. Qarşıma Azərbaycanın ən yaxşı generallarından biri olmaq məqsədi qoymuşdum. Amerikada təhsil alıb qayıdandan sonra Azərbaycanın NASA-dakı nümayəndəsi olacağımı xəyal edirdim. Hərbi lisey direktorunun laqeyd formada cavabı nəticəsində xəyallarım "suya düşdü” və hərbdən çıxmağa qərar verdim. Direktor ali məktəblərə qəbulun bitməsinə 1 ay vaxt qaldığından mənim başqa universitetə qəbulumun mümkünsüz olduğunu bildirdi. Ona Azərbaycandakı ən yaxşı ali məktəbin ən yaxşı fakültəsinə qəbul olacağıma söz verdim. Çətinliklə də olsa, ali məktəblərə sənəd qəbulunun bitməsinə 2 gün qalmış attestatımı liseydən ala bildim. Bir ay hazırlaşıb imtahan verdim, İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinə qəbul oldum. Hamı şoka düşmüşdü ki, uşaqlarımızı bu fakültəyə qəbul olmaq üçün 2 il hazırlığa qoyuruq, sənsə bircə ay hazırlaşıb qəbul oldun...

- Beynəlxalq iqtisadi münasibətləri necə seçdiniz? Ən yaxşı fakültələrdən olduğuna görə?

- Orta məktəbdə qapalı mühitdə təhsil aldığıma görə Azərbaycanda hansı universitetlərdə hansı fakültələrin olmasından bixəbər idim. Direktorla danışıb evə qayıtdım və qardaşımdan ən yaxşı universitetlərin və fakültələrin adını soruşdum. Qardaşım İqtisad, Tibb və Bakı Dövlət universitetlərinin adını çəkdi. Tibb Universitetində ən yaxşı fakültə sayılan müalicə işi üçün biologiyadan imtahan verməli olduğumdan onu seçmədim. BDU-da hüquq fakültəsinə qəbul olmaq üçün isə tarix fənnindən imtahan vermək işimə yaramadı. İqtisad Universitetindəki Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə qəbul olmaq üçün imtahan verməli olduğum bütün fənlər ürəyimcə olduğundan oranı seçdim. Belə deyək, bildiyim fənnə görə İqtisad Universitetini seçdim.

- İqtisad Universitetini seçəndən sonra turizmə maraq göstərdiniz?

- Tələbəlik illərim pis dövrə təsadüf etmişdi, atam çörək dalınca Rusiyaya getmişdi, işləri də yaxşı getmirdi. Buna görə özüm-özümü dolandırmalı idim. Qardaşım və anamla Bakıda kirayədə qalırdıq. İkinci kursda oxuyanda gördüm tələbə yoldaşlarım həftə sonu Azərbaycanın hansısa rayonuna gedib dincəlmək haqda söhbətləşirlər. Hərbdən də məndə cədvəl, proqram tutmaq, proqram üzrə hərəkət etmək, A nöqtəsindən B nöqtəsinə getmək, kollektivi idarə etmək vərdişi formalaşmışdı. Hərbi məktəbdə 104 nəfərin kursant komandiri idim. Üstəlik, təbiətdən zövq alır, gəzməli-görməli yerləri tanıyırdım. Gördüm, tələbə yoldaşlarım bir neçə gündür danışırlar, amma ortalığa heç nə çıxara bilmirlər. Onlara heç bir söz demədən avtovağzala gedib avtobus danışdım. Kababı bişirmək xərclərini öyrəndim. Sonra qrup yoldaşlarıma bu işi onlar üçün hər adama 15 manatdan təşkil edə biləcəyimi dedim. Bu işdə mənfəətimin olduğunu da onlara bildirdim. Bu pula nəqliyyat, bələdçi haqqı kimi mənim xidmətim, yemək daxil idi. Turizmdə ilk işim buradan başladı. Hərbdən qazandığım vərdişləri turizmə tətbiq etdim. İlk müştərilərim tələbə yoldaşlarım oldu. Xidmətim xoşlarına gəldi. Bu, bütün universitetdə yayıldı. Dərs getdiyi yerdə o biri qruplardan uşaqlar qapını döyüb müəllimdən icazə alır, məni çölə çağırır, onlar üçün də tur proqramı təşkil etməyimi istəyirdilər. Bu minvalla daxili turizmin gəlirli sahə olduğunu gördüm. Qardaşımın o vaxtkı müdiri rəhmətlik Rəhim Hüseynovdan mənə bir otaq verməsini xahiş etdim. Pulsuz-parasız mənə otaq verdi və ikinci kursdan işə başladım. İşimi böyütdüm, başqa universitetlərlə də işləməyə, elanlar verməyə başladım. O vaxt daxili turizmlə məşğul olan yox idi, bu iş turizm şirkətləri üçün xırda sayılırdı. Onlar xaricə turist aparıb daha çox qazanmağa üstünlük verirdilər. Bu işi inkişaf etdirəndən sonra turizm şirkətlərinin rəhbərləri ilə tədbirlərdə görüşəndə gülüb deyirdilər ki, Murad, avtobus turlarından pul qazana bilirsən. Deyirdim ki, həftəyə 700-800 turistlə işləyirəm və həftəyə 4 min manata yaxın pul qalır. Bunu deyəndən sonra başqa şirkətlər bizim proqramları təkrarlayıb bu işlə məşğul olmağa başladılar. O vaxt yaratdığımız Turizm.Az saytı da yerli turistlər üçün yeganə informasiya mənbəyi idi.

- 11 illik iş təcrübəniz var. Bu müddət ərzində heç bir yerdə işçi kimi çalışmamısınız. Bu, nədən irəli gəlir? Əvvəlcədən qarşınıza "öz əliniz, öz başınız”, "özünüz öz işinizin ağası olmaq” prinsipini qoydunuz?

- Doğrusu, bu sual barədə heç vaxt düşünməmişəm. Bəlkə də hərbdə aldığım travmdan sonra belə bir qərar vermişəm. Başqasının tabeçiliyində idim və taleyim başqalarından asılı olduğuna görə hərbdəki arzularımı gerçəkləşdirə bilmədim. Tabeçiliyində olduğum insanın mənə laqeyd və hörmətsiz yanaşmasından aldığım travmadan sonra başa düşdüm ki, öz əlim, öz başım olmalıdır. Daxilimdə yəqin şüuraltı olaraq belə bir qorxu olub ki, işlədiyim başqa yerdə də belə bir insanın tabeçiliyində olaram və həyatımda ikinci travmanı alaram.

- 11 ildir eyni şirkəti idarə edirsiniz. Necə oldu təcrübəsiz tələbə kimi işə başlayıb bir şirkəti bu qədər ayaqda tutmağı bacardınız?

- Əvvəla onu qeyd edim ki, bu illər ərzində turizm.az çətiri altında sözügedən sektorda bir neçə şirkət qurmuşuq. Məsələn, müəllifi olduğum "www.evisa.com.az” layihəsi hazırda Azərbaycanda xarici vətəndaşlar üçün viza rəsmiləşdirməsini həyata keçirən yeganə tam avtomatikləşdirilmiş sistemdir. Xarici turistlər bizimlə əlaqəyə keçmədən onlayn formada vizalarını alırlar.

Şirkətimizi 11 il ərzində ayaqda tutmağı bacarmağımızın səbəbi isə odur ki, məqsəd təkcə pul qazanmaq olmayıb. Əgər qarşımızda tək məqsəd pul olsaydı, "bunda alınmadı, başqa sferada cəhd edim” devizi ilə tez-tez bir biznesdən başqa biznesə transfer edərdik. Bizim hədəfimiz Turizm.Az adını brendləşdirmək olub. Bir də kollektivimizin dağılmamasına, ailə ruhunu qoruyub saxlamağa çalışmışıq. Kollektivimizdəki insanlar öz işlərini, biz də onları itirmək istəməmişik. Turizm insanların üzərində qurulan işdir. İnsan olmasa, nə qədər texnologiya tətbiq etsəniz də, həmin xidmət insandan keçəcək. Buna görə də əsas hədəfimiz insana diqqət etmək, insanı itirməməkdir. Hər zaman bir insan olaraq yaxşı insanları itirmək qorxumuz olub. Kollektivimizdə ofisimiz açılandan bizimlə çiyin-çiyinə işə başlayan gözəl insanlar var.

- Tələbəlik illərindən kollektivi idarə etmək problemi yaşamadınız ki? Çünki işçilər nisbətən gənc müdirin sözünü qulaqardına vura bilərlər...

- Mənim ilk dəfə kollektiv idarə etməyim hərbi liseydə başlayıb. 14 yaşımdan forma geyinməyə başlamışam. Bu yaşımda 26 nəfər kursantın tağım komandiri idim. 15 yaşımda, liseyin 2-ci kursunda artıq 104 nəfərin bölük komandiri idim. Əlbəttə, hərbi liseydə o qədər adamı idarə etmək daha çətin idi. Çünki komandirlik etdiyim bölükdəki uşaqlarla eyni yaşda, eyni yerin kursantı idim. Əslində bizim rütbəmiz hərbi rütbə deyildi, çünki hərbi and içməmiş uşaqlar idik. O vaxtdan idarəçiliyi elə qurdum ki, problem yaşamadım. Gərək bir rəhbər kimi hansı kollektivi idarə etməyindən asılı olmayaraq, heç vaxt ədalət prinsipini pozmayasan, haqqı tapdalananın haqqını qoruyasan. Düşünürəm ki, ədalət prinsipini qoruyub saxlamaq hər bir rəhbərin əsas fəlsəfəsi olmalıdır. Bu zaman idarə etmək asan olacaq, kollektivdə hamı sənə hörmət edəcək. Bu vərdişlər məndə hərbdə formalaşmışdı. Bunu biznesdə də tətbiq etdim. Turizm.Az bir dəfə tam müflis oldu. Mən kollektivin qarşısına çıxıb vəziyyətin həddindən artıq pis olduğunu və növbəti ay onlara maaş vermək iqtidarında olmadığımı bildirdim və özlərinə indidən iş axtarmalarını təklif etdim. Böyük kollektivin içərisindən cəmi 1 ya 2 nəfər işdən çıxdı, 99 faizi mənimlə qalmağı üstün tutdu. Elə oldu ki, növbəti aydan işlər qaydasına düşdü və işçilərin maaşını verə bildim. Deməyim budur ki, gərək kollektivi elə idarə edəsən ki, onlar sənə, sadəcə, qızıl yumurtlayan toyuq, maaş mənbəyi kimi baxmasınlar, şirkətin, rəhbərliyin durumuna vecsiz yanaşmasınlar. Komanda üzvlərinə qarşı maksimum ədalətli olmalısan ki, onlar da sənə qarşılığını versinlər. Biz bunu təcrübədə gördük. Hətta belə bir hal bizdə iki dəfə oldu. Bilirsiniz ki, böyük şirkətlərdə beş ildən bir qalxma və enmə hallarının olması təbiidir.

- Enmə hallarında nədən stimul alıb "ayağa durursunuz”?

- İllər ərzində formalaşdırdığımız işə, insanlara sevgi bizim ayaq üstə qalmağımıza kömək edib. Qardaşım da, mən də kollektivi idarə etməyin məsuliyyətini həmişə başa düşmüşük. Kollektivə öz ailəmiz kimi baxmışıq. Ailədə kişi evinə pul apara bilməyəndə səksəkəyə düşdüyü kimi, biz də eyni şeyi komandada yaşayırıq. Risk olanda avtomatik məsuliyyət hissi duyuruq. Çünki biz bu işə həyat tərzi kimi baxırıq.

Bir mütəxəssis kimi bu sahədə böyümüşəm, bu sahənin hər bir nöqtəsinə bələdəm. Tur rəhbəri də, bələdçi də, idarəçi də olmuşam, kollektiv qarşısında məsuliyyət daşıdığımız üçün, sadəcə, kollektivi atıb getməyə haqqımız yoxdur. Şirkəti bağlamaq komandanı atıb getmək kimi bir şeydir. Buna görə də enişlərdə ayağa durmaq üçün var gücümüzlə çalışmışıq.

- Öz işini tələbəykən qurmaq istəyən gənclərimizə nə məsləhət görərdiniz?

- Böyükləri dinləsinlər, ancaq həmişə öz bildiklərini etsinlər. Başa düşürəm, böyüklərimiz bizim üçün narahat olduqlarından məsləhət verirlər. Ancaq uşağın özünün başı mütləq bir dəfə daşa dəyməlidir. Bir nəfərin üzməyi öyrənməsini istəyirsinizsə, onu bircə dəfə dərin suya atın. Tələbələrə məsləhət görərdim ki, heç vaxt itirməkdən qorxmasınlar. Çünki cavandırlar, yaşları da, vaxtları da var. Tələbəlik illərində sıfır maaşla da olsa, işləsinlər. Çünki o dövr üçün qazandıqları hər bir təcrübə gələcək üçün onların maaşlarına əlavə məbləğ deməkdir. Yoxsa kimsə fikriləşsə ki, filan universiteti bitirmişəm, yaxşı maaşa layiqəm, bu, düzgün fikir deyil. Biznesmen olmaq istəyənlər kiçik şirkətlərdə işə başlasınlar. Çünki kiçik şirkətlər onlarda biznesin idarə edilməsi üçün ümumi təəssürat yaradacaq. Amma böyük şirkətlər onlara biznesmen olmağı öyrətməyəcək. Çünki böyük şirkətdə hər hansı bir şöbədə hansısa funksiyanı yerinə yetirirsiniz, şirkətin idarəetmə sistemini görmürsünüz. Böyük şirkətlərdə ancaq məşğul olduğunuz sahənin daha təkmilləşdirilmiş versiyasını öyrənə bilərsiniz.

Bir də tələbələrimiz arasında belə bir tendensiya yayılıb ki, bakalavrı bitirəndən sonra magistraturaya qəbul olmağı düşünürlər. Öz həyat təcrübəmdən çıxış edərək deyə bilərəm ki, bu, yanlış qərardır, vaxt itkisidir. Bakalavrı diplomat olmaq həvəsilə İqtisad Universitetində oxumuşam. Amma tələbəykən işə başlayıb özümü turizmdə tapdım, yalnız bundan sonra 2013-cü ildə qərar verdim ki, turizm menecmenti üzrə təhsil alım, özümü daha da təkmilləşdirim, xarici təcrübəni öyrənim. Öz hesabıma Böyük Britaniyanın "Surrey” Universitetində turizm menecmenti üzrə magistratura pilləsində oxudum.

- Dediyiniz kimi, aztəminatlı ailədən çıxımısınız. Valideynləriniz indi biznesmen övladlarını görüb hansı hissləri keçirirlər?

- Atam çörəkpulu üçün Rusiyaya getdiyindən anam iki oğlan övladının tərbiyəsi ilə tək məşğul olub. Oğlan uşağını atasız böyütmək çətindir, çünki oğlanın qorxacaq yeri ancaq atasıdır, onu da ildə bir dəfə görürdük . Buna görə də valideynlərimiz bizim ilk növbədə pis yola düşmədiyimizə, içkiyə, narkomaniyaya qoşulmadığımıza görə şükür edirlər. Əlbəttə ki, biznesdə də olan nailiyyətlərimiz onları sevindirməyə bilməz. Artıq onların işləyən vaxtı deyil, bizim onlara baxan vaxtımızdır. 2011-ci ildən qardaşımla eyni şirkətdəyik. O getmə turizmini, mən gəlmə turizmini idarə edirəm.

- Uğur sirriniz nədədir?

- Uğurumun sirri itirməkdən qorxmağımdadır. Arzularımı, bütün qazandıqlarımı (maddi və mənəvi – M.K.), yaxşı insanları itirməkdən qorxmağımdadır...

- General olmadığınıza görə peşman deyilsiniz?

- Peşiman deyiləm. Çünki işimdən zövq alıram. Hərbçi olsaydım sərbəstliyim olmayacaqdı. Özümü turizmdə sərbəst və xoşbəxt hiss edirəm.

Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər