• cümə axşamı, 25 aprel, 04:04
  • Baku Bakı 19°C

Uğurumun, şöhrətimin memarı özüməm – Şou-biznes

26.06.15 13:40 2103
Uğurumun, şöhrətimin memarı özüməm – Şou-biznes
Bu günkü qonağımız gənclərin sevimlisi Murad Arifdir. O, bizimlə söhbətində yaradıcılığında möhtəşəm dönüşlərindən danışdı.
- Murad bəy, ölkəmizdə keçirilən Birinci Avropa Oyunları barədə təəssüratlarınız bizim üçün maraqlıdır.

- İmkan olduqca ölkəmizin ev sahibliyi etdiyi Birinci Avropa Oyunlarını izləyirəm. Oyunların açılış mərasimini izlədim. Aparıcılıq etdiyim verilişimdə də hər zaman bu qürurverici yarışlardan söz açıram. Biz hər zaman bunun həsrətini çəkmişik. Bu elə bir hadisədir ki, həyatımızda dərin bir iz buraxdı. Bu gün Azərbaycan öz intibah dövrünü yaşayır. Hesab edirəm ki, çoxları bəlkə də bu önəmli nüansın o qədər də fərqində deyil. Bu gün bütün dünya ictimaiyyətinin gözü Azərbaycandadır. O cümlədən idman ictimaiyyətinin fikri-diqqəti məhz ölkəmizin üzərindədir. Sözün əsil mənasında ölkə rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsidir ki, Azərbaycan kimi gənc bir ölkə dünya arenasında bu qədər vacib rol oynayır. Bununla ancaq fəxr etmək olar. Mənə elə gəlir ki, buna zərrə qədər də sevinməyən insanın damarında Azərbaycan qanı axmır.
- Sizi aparıcı olaraq tanıdıq, bəstəkar kimi sevdik, indi isə ifaçı kimi fəaliyyətə başlamısınız. Bu üç peşədən hansını özünüzə daha yaxın hiss edirsiniz?

- Əslində bu barədə çox düşünməmişəm. Həyatda hər zaman sevdiyim işlə məşğul olmuşam. Aparıclığı da sevərək etmişəm. Nəğmələrimi də sevərək, ürəkdən ifa etdiyim üçün qısa zaman çərçivəsində dillər əzbərinə çevrilib. Bu gün mənim bütün vaxtım, diqqətim, maliyyəm demək olar ki, ifaçılıq karyeram üzərindədir. İlk dəfə olaraq mətbuata açıqlama vermək istəyirəm ki, bundan sonra digər ifaçılara mahnı yazmamaq haqqında düşünürəm. Ümumiyətlə, bəzən aparıcı kimi də fəaliyyətimi dayandırmağı planlaşdırıram. İfaçılıq sənəti üzərində çox ciddi işləyirəm. Yalnız öz nəğmələrimi yazıb oxumaq istəyirəm. Bu həyatda mənə başqa bir şey laızm deyil. Bu gün özümü belə görürəm. Ola bilər ki, sabah hansısa bir layihə çərçivəsində kiməsə mahnı yazmağa ehtiyac duyaram və yaxud da aparıclıq edərəm.
- Bu qərarınıza görə, müğənni dostlarınız sizdən inciməz?

- Yazdığım ilk mahnılarımdan etibarən sənətçi dostlarım məndən mahnı istəyirlər. Bu da təbiidir, hər bir müğənni istəyər ki, ifa etdiyi mahnı hitə çevrilsin. Müğənnini sevdirən onun hit mahnılarıdır. Əgər müğənninin hit mahnısı yoxdursa, nə qədər oxuyursa-oxusun, ona tələbat olmayacaq. Bu, təbii bir şeydir. Əslində mən çox rahat şəkildə “yox” deyə bilirəm. Həyatda kiməsə “yox” deməyi bacarıram. Murad Arifin mahnıları heç zaman ucuz mahnılar olmayıb. Bəlkədə ən bahalı mahnı yazan müəlliflərdənəm. Ona görə də hər ifaçı ciddi bir təkliflə mənə müraciət edə bilmir. Ola bilsin ki, kiməsə istisna olaraq mahnı yazaram, ancaq “yox” demək baxımından heç bir qorxum yoxdur. Mənə elə gəlir ki, müğənnilər məni doğru anlayar. Özü yazıb, özü oxuyan müğənninin başqa sənət yoldaşına mahnı verməyə ehtiyacı olmaz.
- Qorxmursunuz ki, sizin bu addımınız qınaq obyektinə çevrilə bilər? Bunları gözə almısınızmı?

- Əslində indiyə kimi bir çox qınaqlara səbəb olmuşam, bütün kompleksləri sındırmışam. Yazdığım mahnılardan sonra Azərbaycanda mahnıların mətnləri daha sadələşdi. Ona görə də qınaq mənim üçün stimuldur. Əgər qınaq varsa, deməli heç kimin etmədiyi bir şeyi edirsən. Mənə görə burada pis heç nə yoxdur. Qınayırlarsa, qoy qınasınlar. Kimsə kənardan məni tənqid etdikdə, bu mənə o qədər də təsir etmir. Ona görə ki, daxilimdəki Murad Arif özünü o qədər tənqid edir ki, inanmıram, özümə qəddar olduğum qədər kimsə mənə qarşı qəddar olsun.
- Sahibi olduğunuz hansı sənət sizə daha çox pul gətirir?

- Əslində mən “beynəlxalq iqtisadi münasibətlər” ixtisasını bitirmişəm. İxtisasca iqtisadçıyam. Ən çox qazanc yerimə gəldikdə isə, əsas gəlir yerim korporativlər və məclislərdir. El şənliklərini aparıram, həm də orada mahnılarımı ifa edirəm.
- Daima gənclərin əhatəsindəsiniz. Bugünkü gənc nəsil daha çox hansı sahəyə meyil göstərirlər?

- Müşahidələrimə görə deyə bilərəm ki, Avropa Oyunlarından sonra gənclərin idamana daha çox həvəsi yaranıb. Bu məni çox sevindirir. Çünki idman sağlamlıq deməkdir. Bir çoxları isə incəsənət, ifaçılıq sənətinə meyil göstərirlər. Bu gün mahnı oxuyan gənclərimiz çoxdur. Hara daş atırsansa müğənniyə dəyir, amma tamaşaçı hər kəsi yadında saxlamır. Kim hit mahnı oxuyursa, onu da sevirlər. İfaçılıq çox çətin peşədir. İlyarımdır ki, vokal dərsi alıram. Bu gün Azərbaycan səhnəsində nadir hallarda oxunan klassik nümunələri oxuyuram. Həmin mahnıları efirdə oxumuram. Bu bilikləri özüm üçün yığıram ki, hər zaman hazırlıqlı olum. Məşğul olduğum peşənin dərinliklərinə vararaq onu tam şəkildə mənimsəməyə çalışıram. Gənclərin oxumağa meyilli olmasını da dəstəkləyirəm. Əslində avaralanmaqdansa oxumaları daha yaxşıdır. Hərə bacardığı kimi ulduz olmaq istəyir. Onlar tanınmaq, şöhrətlənmək istəyir. Bu, yaxşı bir şeydir, ancaq gərək istedadına bələd olub, ona uyğun hərəkət edəsən.
- Uzun müddətdir ki, bu peşə ilə məşğulsunuz. Sizcə, hər adam bu sahədən baş çıxara bilərmi?

- Qətiyyən. Bu sənətə həvəs göstərib gələn hər adam baş çıxara bilməz. Yalnız və yalnız içində işıq, gözlərində qığılcım, ürəyində musiqi olan gənclər ad çıxara bilər. Bu gün hər kəs məşhur ola bilər. Kimsə klip çəkir, konsert verir, kimisinə atası, hər hansı tanışı dəstək olur. Müxtəlif yollarla məşhurlaşırlar. Amma dəstək əsas şərt deyil. Ortada başqa məqamlar da var.
- Bəs sizə kimlər dəstək olub?

- Öz uğurumun, şöhrətimin memarıyam. Tam məsuliyyətlə deyə bilərəm ki, minnətdar ola biləcəyim insanların sayı çox azdır. Minnətdaram o telekanalın rəhbərlərinə ki məni teleaparıcı kimi tanıdıblar. Onların efirində aparıcılıq etdim. Onlar efirlərini mənə həvalə etdilər. Təbii ki, mən də qarşılığında əziyyət çəkdim. İşimi doğru şəkildə görməyə çalışdım. Mahnılarımı sevdirən müğənnilər də sağ olsunlar. Amma əslində ən xırda uğurumun da memarı özüməm.
- Uzun müddətdir ki, “Solo” verilişinin aparıcısınız. Nə üçün formatı dəyişmirsiniz, yoxsa aparıclıqdan imtina etmək istəyirsiniz?

- Artıq mövsümün sonudur. Yeni mövsümdə olub-olmayacağımıza rəhbərlik qərar verəcək. Bu verilişin bağlanmasını istəmirəm. “Solo” mənim üçün çox rahat verilişdir. Musiqi mənim ən çox sevdiyim, sevərək məşğul olduğum sənətdir. Ora musiqi ilə məşğul olan ifaçıları dəvət edirik. Kimisi gəlib özünü biabır edir, kimisi də özünü sevdirir. Çox güman ki, yeni mövsümdə də verilişimiz eyni formatda davam edəcək. Kanalın sevilən layihələrindən biridir. Özüm yeni bir layihə fikirləşmək istəmirəm. Hazırda yalnız və yalnız yeni mahnılarımı fikirlərşirəm.
- İfa etdiyiniz “İnşallah” mahnısı tez bir zamanda sevildi.

- Artıq o mahnıma klip çəkdirmişəm. Bir qədər məsrəfli klipdir. Klipi Cəlal Kəngərli çəkib. Rejissor mənə güzəştlər etdi. İyulun 6-da rejissorun ad günündə təqdim etmək istəyirik.
- Sizcə, uğurlu karyeranın sirri nədədir?

- Uğurlu karyeraının sirri bacarıq və zəhmətdir. Keyfiyyətlərin olmalıdır və onun üzərində işləməlisən. Başqa çarəsi yoxdur. Zəhmətin də bu işdə rolu var, ancaq mütləq istedad da olmalıdır.
Xəyalə RƏİS

banner

Oxşar Xəbərlər