Uğurlu yazarların 14 ortaq vərdişi
Amerikalı Dram Yazarlarının
konfransından yenicə qayıtdım və fikirlərim "soyumadan” bu yazını qələmə
alıram. Əvvəlcə qeyd edim ki, bədii nəsrin, əslində, bütün janrlarında yazan
müəlliflərin qatıldığı bir konfrans idi. Bu qəbildən tədbirlərdə mümkün olduqca
çox iştirak etməyə can atıram. Künc-bucaqda qalan istedadlardan parlaq işıqlar
altında fərəhlə gəzənlərinə kimi hər sinifdən yazarla həmsöhbət olmaq imkanı
əldə edirəm.
Əksər hallarda çıxış, tanıtım imkanlarından şikayətçi olanların
kitablarını tanıtmaq sırası gələndə "təkərlərinin boşaldığı”nın şahidiyəm.
Fərasət isə tanıdığım bütün uğurlu yazıçıları birləşdirən bəlkə də, ən
nəzərəçarpan cəhətdir. Hər yazar özünəxas kitab marketinqi üsulları ilə bir-birindən
fərqlənsə də, janrından asılı olmayaraq, təqdimat edən bütün uğurlu yazarların
özünəinam və işlək strategiyaları birləşdirən "hazır top”-u var. Xüsusilə də,
yenicə yazarsınızsa, bu məsləhətlərə qulaq versəniz, yaxşıdır. Ola bilər ki,
hazırda bu yazıda sadalanacaq 14 vərdişdən bəzilərinə və ya heç birinə sahib
deyilsiniz. Amma əminliklə deyə bilərəm ki, uzun illərdir müşahidə etdiyim
bütün uğurlu yazıçıları birləşdirən bu vərdişləri mənimsəmək sizə heç bir zərər
verməyəcək. Bu vərdişləri nə qədər tez tətbiq edib, ənənəyə çevirsəniz,
irəliləmək sizin üçün bir o qədər asan olacaq.
1.İnvestisiyaya
köklənməklə oxucu auditoriyasını genişləndirmək arasında qalmaq və hər ikisinin
əhəmiyyətini anlamaq: Bu günün yazarlarının ilk və dəyişməz ortaq nöqtəsidir.
Bizə tanıtım üçün müraciət edən əksər müəlliflərin ilk sualı bu olur:
"İnvestisiya yatırımlarım necə irəliləyir?”. Təbii ki, biz bunu hər zaman
müəyyənləşdirə bilmirik. Hətta tonlarla kitablarınız və sadiq oxucularınızın olması
kimi aydınlaşdırıcı şərtlər daxilində belə, investisiyanın geri dönüşünü
müəyyənləşdirmək çətindir. Bir kitabın nəticələri sizə qoyduğunuz
investisiyanın uğurlu dönüşü kimi qayıda bilər, digəri isə bütün
gözləntilərinizi sıfıra vurar. JK Roulinqin "Harry Potter” silsiləsindən
kənarda yazdığı yeganə romanının uğursuzluğu bunun ən böyük nümunəsidir.
Səyləriniz gözləntilərinizi yüksəldə bilər, amma nə qədər az gözlənti içində
olsanız, investisiyanın geri dönüşünü o qədər asan qarşılayacaqsınız. Bir çox
yazar kitabı rəflərdə yerini aldığı gündən investisiyanın necə geri
qayıdacağının dərdinə düşür. İş canlanmadan investisiyanın pul olaraq geri
qayıtmaması gənc kadrın həvəsini və gələcəyini öldürür. İnvestisiya geridönüşü
yaxşı hədəfdir, lakin mərhəmətsiz ustadır. Bəs, bunun əvəzinə nəyə köklənməli?
Oxucu auditoriyasının genişləndirilməsinə. Əslində, yazar nə addım
atırsa-atsın, harada olursa olsun, onun hər işi oxucu auditoriyasını
genişləndirməyə xidmət etməlidir. Başqa bir hədəfə köklənmək boş zaman
sərfidir. Açığı onu da deyim ki, başqa bir yolla irəliləməkdən konkret bir
nəticə gözləməyə dəyməz.
Hərəkətverici
addım: Müəyyən plan tərtib etmək və təqvimə uyğun oxucu auditoriyasının
genişlənmə arealını izləmək.
2. Adaptiv
olun və özünüzü nümayiş etdirin: Bazarın dəyişən tələblərinə, yeni trendlərə,
sizin kitabınıza da xeyri toxunacaq xəbərlərə sürətlə adaptasiya olmaq
sahiblənilməli və formalaşdırılmalı yaxşı vərdişlərdəndir. Uğurlu yazarların
adaptivlik və özünü hər bir yenilikdə sınamaq, nümayiş etdirmək kimi ortaq
vərdişləri var. Yeni üsulla bağlı nəsə alınmayanda, dərhal əvəzedici vasitə
tapırlar. Bəlkə yanlış zamanda reklama gedib, bəlkə yanlış özünüreklam vasitəsi
seçib, bəlkə daha yaxşı bir kitab üzü hazırlatdıra bilərdi, bəlkə auditoriya
klişe qəhrəmanlardan bezib – kitabın uğurunu sığortalayacaq bütün variantları
sınaqdan keçirirlər. Adaptivlik uğura aparan yolda həlledici rola malikdir.
Hərəkətverici
addım: İşinizə yaramayan şeylərin siyahısını tutun. Niyə işə yaramadığını
müəyyənləşdirməyə çalışın. Bu üsulu nə ilə əvəz edəcəyinizi dəqiqləşdirib,
hərəkətə keçin.
3. İnsanların
oxumaq istədiklərini yazın: Bəli, öz düşüncə tərzinə, duyğuları ifadə
vasitələrinə sonsuz güvənənlər üçün gülməli bənd ola bilər. Amma hətta
klassiklər belə oxucu auditoriyasının fikri ilə istər-istəməz hesablaşmalı olublar.
Bu maddənin altında düşündüyünüzdən daha dərin həqiqət yatır. Yazmağa
başladığınız ilk gündən auditoriyanın gözləntisi sizin üçün mayakdır. Xüsusi
bir janr üçün yazmaq sizi mütəxəssis edər, amma yazıçı etməz. Kiçik, amma
yüksəkzövqlü auditoriya üçün yazmaq isə sizi yazıçı edər, amma uğurlu etməz.
Böyük bazarın istifadəçilərinin isə fərqli gözləntiləri var. Bu gözləntilər isə
qeyd etdiyimiz müxtəlif istiqamətli dar auditoriyanı da özündə birləşdirir.
Müraciət etdiyiniz janra bələd olun, oxucunun gözləntilərini müəyyənləşdirin.
İstədiyinizi yazmaq mütləq mənada əhəmiyyətlidir, amma oxucunun istədiklərini
yazmaq mütləq mənada satılacaq.
Hərəkətverici
addım: Sizin müraciət etdiyiniz janra, mövzuya uyğun yazılmış 100 ən məşhur
əsər siyahısındakı ilk beş kitabı dərindən, hərtərəfli mütaliə edin. İnsanların,
həqiqətən də, diqqətini çəkmiş cəhətləri müəyyənləşdirin. Bunu edə bilməzsiniz?
Bildiklərinizi yeniləmək sizə satılabilən məhsulun hazırlanması prosesində
kömək edəcək.
4. Bir
janrı özəlləşdirin: Hər kitab xəyallarınızın kitabı olmayacaq. Janrlar arasında
macəra yaşayan və demək olar ki, qələmini sınadığı hər janrda mükəmməl
nümunələr sərgiləyən olduqca istedadlı yazarlar tanıyıram. Yazar üçün hər
janrda "üstün” olanı yaratmaq qürur mənbəyidir, meydanda gövdə nümayişidir.
Amma onların arasından bir Stefen Kinq çıxmadı. Çünki oxucu yazarın
janrlararası keçidlərini izləmir. Bu son qayıtdığım konfransda bir xanım yazar
çox ağıllı fikir səsləndirdi – pişik saxlamaq istəyənə it satmayın! Dahiyanə
analogiyadır. Bir janra bağlanın, sadiq qalın. Janrlar arasında qaldıqca oxucu
itirəcəksiniz. Reallığı görməzdən gəlməyiniz nəticəni dəyişmir. Ədəbi gücünüzü
sübut etmək üçün bir addım irəli atacaqsınızsa, uğurdan iki addım geri
düşəcəksiniz. Bu, biznesdir. Onun da öz şərtləri var. Bir xanım yazarla sırf bu
nəzəriyyə üzərində işlədik. Texniki baxımdan onun silsilədən kənar əsəri
olduqca uğurlu idi. Amma oxucu məktubları birmənalı şəkildə onu silsilənin
davamını yazmağa çağırırdı.
Hərəkətverici
addım: Özünüzü tapdığınız janra bağlanın. Həmin janr üzrə ən çox müraciət
edilən mövzuları, obrazları, yerləri, trend süjetləri, kitab qabıqlarını,
dizayn işlərini, sosial şəbəkələrdə bu janrın ən çox izlənən nümayəndələrini
qruplaşdırın. Seçdiyiniz janrın ustası olun. Bu sahədə o qədər məlumatlı
olmalısınız ki, lazım gələrsə, dərs də keçəsiniz!
5. Ümid
marketinq planı deyil: Kitabı nəşrə verib, hər şeyin yaxşı getməsi üçün dua
etməyə başlamayın. Planınız, proqramınız, dəqiq marketinq cədvəliniz olsun. Hər
bir günü xırdalıqları ilə bölüşdürün. Əgər imkan varsa, peşəkar komanda ilə
işləyin. Nədə yaxşı olduğunuzu göstərin.
Hərəkətverici
addım: Marketinq planınız kitabınız nəşrə yollananda hazır olsun. Bu planda bir
illik hərəkət marşrutunuz nəzərə alınsın.
6. Cibinizdən
xərcləyin: Əgər nəşriyyatın qapısına gələnə kimi cibinizə xərcləyəcək pul
yığmısınızsa, deməli, işlər 50% yolunda gedəcək. Çünki kitab nəşri biznes
qurmaqdır və hər bir biznes kimi bura da vaxtla yanaşı, nağd pul investisiyası
qoymaq lazımdır. Burada 15 min dollarlıq investisiyadan söhbət getmir təbii ki.
Amma 18 illik iş təcrübəm mənə bir qaydanı öyrədib – nə qədər çox yatırırsansa,
o qədər çox götürürsən. Bu bənd mahiyyət etibarilə birinci tövsiyə ilə uzlaşır.
İnvestisiyanın geri dönüşünü yalnız investisiya qoymusunuzsa, ümidlə gözləyə
bilərsiniz.
Hərəkətverici
addım: Büdcəni müəyyənləşdirin – vaxtınızdan, aylıq işlərinizdən və pulunuzdan
nə qədərini kitabının investisiyası üçün sərf edə bilərsiniz. Kitabınız
rəflərdə yerini aldığı gündən ayırdıqlarınızı xərcləyin. İnvestisiyanın sizi
mümkün olduğu qədər gündəmdə saxlamasını təmin edin.
7. Tez-tez
yazın. Silsilə şəklində yazın – Adətən ,məsləhət üçün gələn yazarlar bu fikri
səsləndirir: "Bir kitab yazıb, nəticəyə baxmaq, sonra qərar vermək istəyirəm”.
Bu yazarlar 90% hallarda elə bir kitabla kifayətlənməli olurlar. Əgər "Apple”
satmırsınızsa, bilin ki, bir məhsulla biznes qurmaq mümkün deyil. Hətta "Apple”
belə ilin əvvəli-axırı yeni forma ilə gündəmə gəlir. Onlar belə bir məhsulla
müştərinin gözləntisini qarşılamayacaqlarını bilirlər. Bir kitab bir kitablıq
auditoriya deməkdir. Niyə? Bütün uğurlu yazarlar bilir ki, ilk kitabın ən güclü
marketinqini ikinci kitab aparır. Üçüncü kitab əvvəlki iki kitabı tanıdır və s.
Yaradıcılığınızı onlayn mağaza kimi düşünün. Burada nə qədər çox məhsul
sərgilənsə, bir o qədər çox istifadəçiniz olacaq. Şərt deyil ki, siz eyni
mövzunu uzada-uzada davam etdirəsiniz. Məqsəd, oxucuya hər il özünü
xatırlatmaqdır.
Hərəkətverici
addım: Nəşr təqvimini planlaşdırın. Tarixləri daşlara qeyd etməsəniz də,
özünüzü daimi iş rejiminə kökləyin. Qəti hədəflər qoyun. Bir məqsəd uğrunda
işləmək arzuların qanadında sovrulmaqdan min dəfə yaxşıdır.
Mənbə:
"Huffington Post”
Ardı
var...
İngilis
dilindən tərcümə edən: Elcan SALMANQIZI