• şənbə, 20 Aprel, 12:50
  • Baku Bakı 23°C

Uğurlu sosial siyasətin real təzahürü - Fotolar

13.01.18 11:30 1411
Uğurlu sosial siyasətin real təzahürü - Fotolar
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi iqtisadi siyasət nəticəsində 2004-cü ildən indiyə qədər iqtisadiyyatımız 3 dəfədən çox artıb, yeni-yeni istehsal müəssisələri həyata vəsiqə alıb, 2 milyona yaxın iş yeri yaradılıb. 2003-2017-ci illər ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb. Son 14 il ərzində ölkədə üç mindən çox məktəb, 600-dən çox tibb müəssisəsi tikilib və ya təmir edilib, 12 min kilometr yol inşa edilib və digər lazımi sosial infrastruktur yaradılıb.

Ötən il də Azərbaycanda iqtisadi və sosial infrastruktur layihələri uğurla icra edilib. Yola saldığımız il ərzində Prezident İlham Əliyev 30-dan çox rayona səfər edib, yeni müəssisələrin açılışında, təməlqoyma mərasimlərində iştirak edib, bölgələrdəki vəziyyətlə əyani şəkildə tanış olub, müvafiq tapşırıq və tövsiyələr verib. Bu çərçivədə 2017-ci ildə infrastruktur layihələrinin icrası uğurla davam etdirilib, sözügedən məqsədlər üçün böyük vəsait ayrılıb. Elektrik təchizatı daha da yaxşılaşdırılıb, yeni yarımstansiyalar işə düşüb, qazlaşdırma 93 faizə çatdırılıb, 100 min hektardan çox sahə suvarılmağa başlanıb, 1300 kilometr avtomobil yolu, o cümlədən beş yüzdən çox kəndə yeni yol salınıb, içməli su layihələri uğurla icra edilib. Ötən il sosial infrastrukturla bağlı da çox ciddi addımlar atılıb - 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə cari təmir aparılıb. Bununla yanaşı, 2017-ci il ərzində ölkənin müxtəlif regionlarında otuz tibb müəssisəsi tikilib və əsaslı təmir edilib, iki Olimpiya İdman Kompleksi istifadəyə verilib. Əlbəttə ki, bu nailiyyətlərin qazanılmasında, Respublika miqyasında böyük işlərin görülməsində Azərbaycan Prezidentinin imzaladığı sərəncamlarla təsdiq olunan regional inkişaf proqramlarının da məxsusi rolu var.

Onu da əlavə edək ki, ölkədəki sosialyönümlü siyasət də Azərbaycan cəmiyyətində razılıqla qarşılanmaqdadır. Çünki, bu siyasət ayrı-ayrı sosial qrupların həyat şəraitinin yüksəldilməsinə, iqtisadi stimulun, insan amilinə hörmətin formalaşmasına, ümumilikdə ictimai rifahın, siyasi sabitlik və sosial sülhün bərqərar olmasına etibarlı zəmin yaradan konseptual inkişaf yoludur. Bu siyasət Azərbaycan vətəndaşının həyati tələbatlarının ödənilməsini təmin edən əlverişli sosial-mənəvi iqlimin və həmrəylik şəraitinin, ümumilikdə ölkədə etibarlı sosial müdafiə sisteminin yaradılmasını gerçəkləşdirib. Həmin sistem vətəndaşların sağlam mühitdə yaşamaq, istirahət, mənzil, təhsil və digər hüquqlarının da etibarlı müdafiəsinə mükəmməl institusional-qanunverici təminat mexanizmləri formalaşdırıb. Prezident İlham Əliyev dövlətin yeritdiyi bu siyasətin mahiyyətindən bəhs edərkən onun mərkəzində məhz insan amilinin, Azərbaycan vətəndaşının dayandığını dəfələrlə qeyd edib. Bildirib ki, əhalinin sosial təminatının, maddi vəziyyətinin daha da yaxşılaşdırılması üçün genişmiqyaslı sosial-iqtisadi islahatların həyata keçirilməsi prioritet vəzifə kimi hər zaman aktual olaraq qalacaq.

Deyilənlərə misal olaraq, sosial sahədə əldə edilən uğurları da göstərmək olar. Belə ki, hazırda Azərbaycanda 116 min ailə, 400 mindən artıq insan ünvanlı sosial yardım alır, orta hesabla hər ailəyə 150 manat sosial yardım göstərilir. Təkcə son 10 il ərzində pensiyalar 7 dəfə, maaşlar 5 dəfə artıb. Bu, həyata keçirilən sosial siyasətin əyani təzahürüdür. 2017-ci ildə 2300 qaçqın və məcburi köçkün ailəsi, 12 min insan yeni evlərə, mənzillərə köçürülüb. Bu çərçivədə görülən işlər içərisində Cocuq Mərcanlı kəndinin bərpasını xüsusi qeyd etmək olar. Çünki, Prezident İlham Əliyevin də vurğuladığı kimi Cocuq Mərcanlı kəndinin bərpası tarixi nailiyyətdir. Burada yeni salınmış 150 evdən ibarət gözəl qəsəbədə yeni həyat başlayıb. Cocuq Mərcanlının qısa müddət ərzində bərpası, yenidən qurulması dünyaya nümayiş etdirib ki, işğaldan azad ediləcək bütün ərazilərdə qısa müddət ərzində bütün təmir-bərpa işləri aparılacaq, şəhərlər, kəndlər yenidən qurulacaq və bu gün dağılmış vəziyyətdə olan digər şəhər və kəndlərimizə də tezliklə həyat qayıdacaq.

Azərbaycanda həyata keçirilən sosial siyasətdən danışarkən Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) fəaliyyətini də vurğulamaq gərəkdir. Çünki, ölkə başçısı İlham Əliyev tərəfindən bu Agentlik qarşısında qoyulan başlıca vəzifə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəməkdən, sosial mənzillər inşa etməklə aztəminatlı və gənc ailələrin mənzil-məişət şəraitini yaxşılaşdırmaqdan ibarətdir. Bu məqsədlə 2016-cı il dekabrın 24-də MİDA-nın birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimi keçirilib. Prezident İlham Əliyev və xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın iştirak etdiyi mərasimdə bildirilib ki, yaradılacaq bu ilk şəhərcik 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Bunlardan 17-nin ikibloklu doqquzmərtəbəli, 12-sinin isə birbloklu 12 mərtəbəli olması planlaşdırılır. Bu binalardakı 1854 mənzildən 301-i birotaqlı, 1110-u ikiotaqlı, 443-ü isə üçotaqlı olacaq. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə ən güzəştli şərtlərlə vətəndaşlara təklif olunacaq. 2017-ci il dekabrın 24-də isə Prezident İlham Əliyev MİDA-nın Hövsan Yaşayış Kompleksində ilk binanın təməlqoyma mərasimində iştirak edib. Bu yeni şəhərciyin çoxmənzilli 11 yaşayış binasından ibarət olacağı planlaşdırılıb. Layihəyə əsasən, həmin binalardan 7-si yeddimərtəbəli on səkkiz girişli, 4-ü onmərtəbəli bir girişli olacaq. Bu binalarda, ümumilikdə, 3002 mənzil olacaq ki, onlardan 280-nin birotaqlı, 1481-nin ikiotaqlı, 940-nın üçotaqlı, 301-nin dördotaqlı olması planlaşdırılıb. Buradakı bütün mənzillər də tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə, güzəştli şərtlərlə vətəndaşlara təklif olunacaq.

Göründüyü kimi, Azərbaycanda uzun illərdir həyata keçirilən hərtərəfli iqtisadi, siyasi, sosial siyasət 2017-ci ildə də uğurla davam etdirilib. Vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılması, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarının genişləndirilməsi üçün mühüm layihələrə imza atılıb. Heç kimə sirr deyil ki, bu gün reallaşan nəhəng layihələr, o cümlədən 40 milyard dollar dəyəri olan "Cənub Qaz Dəhlizi”, 2050-ci ilə qədər müddəti uzadılan "Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi müqaviləsi, Avropa ilə Asiyanı birləşdirən və dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ölkəmizin uzunmüddətli uğurlu, dayanıqlı inkişafını dəstəkləyəcək.
Alpər TURAN

banner

Oxşar Xəbərlər