Uğurlu sosial siyasətin daha bir nümunəsi - Fotolar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
Abşeron rayonunun Mehdiabad qəsəbəsində yeni yaşayış binalarından alınmış 72 mənzil
şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
Mənzillərin təqdim olunması zamanı əmək və əhalinin
sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli vurğulayıb ki, ölkəmizin ərazi
bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar
əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin
prioritetlərindən biridir. Qeyd olunan kateqoriyalara aid vətəndaşların mənzillə
təminatı işləri ildən-ilə genişlənir. Dövlətimizin başçısı bir neçə gün öncə -
dekabrın 17-də hərbçilərə yeni mənzillərin verilməsi mərasimində çıxışı zamanı
bu sahədə görülən işləri qeyd edərək, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri
üçün son illərdə minlərlə ev və mənzilin tikilərək təhvil verildiyini bildirib.
Cənab Prezident "Təkcə bu il 626 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə
dövlət tərəfindən mənzillər verilib və gələn il ən azı 800 mənzil veriləcəkdir”
deyib.
V.Nəsirli şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin
maddi təminatlarının gücləndirilməsi üçün onların Azərbaycan Respublikası
Prezidentinin aylıq təqaüdləri, pensiya və müavinətlərlə təminatının da həyata
keçirildiyini, şəhid ailələrinin və müharibə əlillərinin uşaqlarına aylıq
sosial müavinət ödənildiyini bildirib. O, həmçinin dövlət başçısının müvafiq Fərmanına
əsasən şəhid ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verildiyini
diqqətə çatdırıb. Nazir müavini qeyd edib ki, bugünədək artıq 2897 şəhid hərbi
qulluqçu üzrə 3856 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul
olunub. Həmin qərarlar əsasında müvafiq
vəsaitlərin ödənişi davam etdirilir.
Yeni mənzillə təmin olunanları təbrik edən V.Nəsirli
növbəti ildə cari ildəkindən çox olmaqla, azı 800 mənzilin şəhid ailələrinin və
Qarabağ müharibəsi əlillərinə təqdim olunmasının planlaşdırıldığını bildirib.
Yeni mənzillərlə təmin olunan şəhid ailələri və
Qarabağ müharibəsi əlilləri onların
sosial müdafiəsinin gücləndirilməsi, eyni zamanda mənzil-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində həyata
keçirilən tədbirlərdən razılıq ifadə edərək, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin
minnətdarlıqlarını bildiriblər.
Sonra mənzillərin püşkatma qaydasında, obyektiv və ədalətli
şəkildə paylanması həyata keçirilib.