• cümə, 19 Aprel, 18:46
  • Baku Bakı 24°C

Uğurlu insan olmağı hədəf seçən vəzifə sahibi – Uğur hekayəsi

25.11.16 10:17 3270
Uğurlu insan olmağı hədəf seçən vəzifə sahibi – Uğur hekayəsi
Karyerası boyu cəmi 3-4 ay sıravi işçi olub. Ondan sonra ancaq rəhbər vəzifələrdə çalışıb. Deyir ki, hər bir işçinin ümumilikdə şirkət, komanda rəhbər üçün faydalılıq əmsalı var. Hesab edir ki, işçinin faydalı olması üçün onun bir neçə xüsusiyyətə sahib olması lazımdır: işinə həvəs, bacarıq, loyallıq, yəni - komandaya, şirkətə və rəhbərliyə bağlılıq. Onun fikrincə, sadaladığı üç xüsusiyyət bir işçidə cəmləşirsə, o deməkdir ki, həmin şəxs şirkət, komanda, rəhbər üçün faydalıdır. O da həmişə çalışıb ki, faydalı olsun. Bunun nəticəsidir ki, çalışdığı şirkətlərdə tez-tez vəzifə yüksəlişlərinə nail olub. Müsahibimiz "Beyli Group”un rəhbəri, "Xəzər Avropa klubu”nun İdarə Heyətinin üzvü, komitə rəhbəri, İqtisad Universitetinin müəllimi, "LAYF” xeyriyyə ictimai birliyinin həmtəsisçisi və İdarə Heyətinin sədri, Vəkillər Kollegiyasının üzvü, hüquq üzrə fəlsəfə elmləri doktoru Mustafa Abbasbəylidir.

- Deyəsən, işə sığorta agenti kimi başlamısınız...

- Bəli, sığorta şirkətində başlamışam. Hüquqşünas olmağıma baxmayaraq, məni sığorta satışına yönləndirdilər. Tam bir ay sığorta satışı mütəxəssisi kimi fəaliyyət göstərəndən sonra hüquq şöbəsinə keçirdilər.

- Sığorta satıcısı kimi işə başlayanda hədəfiniz nə idi?
- Mənim hədəflərim bundan bir neçə il əvvəl, hələ məktəbdə oxuyarkən artıq formalaşmağa başlamışdı...

- Nə idi hədəfləriniz?
- Uğurlu insan olmaq. Eyni zamanda, cəmiyyət və dövlət üçün maddi, mənəvi və digər cəhətlərdən faydalı insan olmaq.

- İlk işə başlayandan cəmi 3-4 ay sonra sizi sığorta şirkətində şikayətlər və hüquq şöbəsi müdirinin əvəzedicisi, cəmi 1 il sonra şöbə müdiri təyin etdilər? Hansı xüsusiyyətlərinizə görə?
- Hər bir işçinin ümumilikdə şirkət, komanda, rəhbər üçün faydalılıq əmsalı var. Hər bir işçi çalışmalıdır ki, şirkətə maksimum faydalı olsun. Mən o vaxtı işçi idim, indi artıq mənim işçilərim var. Hesab edirəm ki, işçinin faydalı olması üçün onun bir neçə xüsusiyyətə sahib olması lazımdır. Bunlardan birincisi həvəsdir, işçidə işinə entuziazm olmalıdır. İkincisi, bacarıqdır. Üçüncü, loyallıq, yəni - komandaya, şirkətə və rəhbərliyə bağlılıqdır. Bu əsas olan üç xüsusiyyətdir. Digərləri də dürüstlük, məsuliyyət və sairdir. Amma sadaladığım üç xüsusiyyət bir işçidə birləşirsə, o deməkdir ki, həmin şəxs şirkət, komanda, rəhbər üçün faydalıdır. Mən də həmişə çalışmışam ki, faydalı olum. Yəqin ki, bunların nəticəsidir ki, çalışdığım şirkətlərdə tez-tez vəzifə yüksəlişlərinə nail olmuşam.

- Bir neçə dil bilirsiniz. Uğur qazanmaq istəyən gənclərimizin dil bilməsi vacibdir?
- Məncə, vacibdir. Çünki dil ünsiyyət vasitəsidir. Nə qədər çox dil bilsək, o qədər çox insanla ünsiyyət qurmaq, informasiya əldə etmək imkanımız olur. Dil seçimində isə dilin əhatə etdiyi kütləni müəyyən etməliyik. Yeni dil öyrənmək istəyiriksə, nə qədər çox insanın, nə qədər çox dövlətin bu dildən istifadə etməsinə nəzər salmalıyıq. Özünüinkişafda da dil bilgisi çox vacibdir. Öz üzərimizdə işləyiriksə, hər gün nəyisə öyrəniriksə, o dillərdən istifadə edirik. Dil bilməyən insan dünya informasiyasının 70 faizindən kənarda qalır. Bu baxımdan dil çox önəmlidir.

- Avtobioqrafiyanıza nəzər saldıqda, təhsil almağa xüsusi önəm verdiyiniz görünür. Azərbaycanda Xəzər və İqtisadiyyat, Türkiyədə Ege və Ankara universitetlərinin tələbəsi olmusunuz, Azərbaycan Milli Elmlər Akademiyasında hüquq üzrə fəlsəfə elmləri doktoru adını almısınız…
- İnsan hər zaman təhsilə önəm verməlidir. Çünki insanın özünü yetişdirməsində təhsilin çox böyük önəmi var. Təhsili iki hissəyə bölmək lazımdır; birincisi, məktəbdə, universitetdə əldə etdiyimiz təhsil, ikincisi, özünütəhsil, yəni üzərimizdə işləyərək özümüzü yetişdirməyimiz. Mən ikincini daha önəmli sayıram. Hesab edirəm ki, hər bir şəxs hər gün özünü yetişdirməli, oxumalıdır. Məşhur bir ifadə var: təhsil - çörək, özünütəhsil isə - yağ və ikra qazana bilməyimiz üçün lazımdır.

- Təhsildən söz düşmüşkən, hüquq üzrə fəlsəfə doktoru elmi adı alandan sonra necə oldu ki, İqtisad Universitetində elmlər doktoru üzrə müdafiə etmək qərarına gəldiniz?
- Çalışıram ki, yenilikçi olam, yeni trendləri nəzərə alam. Bu gün dünya daha çox iqtisadiyyatdan asılıdır. Hüquqşünas elə bir ixtisasdır ki, insanı daxildən yetişdirir, fərqli düşüncə tərzinə sahib edir. Amma digər meylləri nəzərə almaq lazımdır və qeyd etdiyim kimi, bugünkü dünyanın əsas istiqaməti iqtisadi biliklərdir.

- Hüquq üzrə fəlsəfə doktorusunuz. Sizcə, iş adamının elmin bu qədər dərinliyinə yiyələnməsi çoxmu vacibdir?
- İş adamından fərqli olaraq, mənim pedaqoji fəaliyyətim də var. Artıq bir neçə ildir universitetlərdə mühazirələr oxuyuram. Hətta qeyd etdiyiniz kimi, İqtisad Universitetinin müəllimiyəm. Müəllimlik mənim üçün qısamüddətli fəaliyyət sahəsi deyil. Özümü daim bu sahədə görürəm. Bu səbəbdən təhsil mənim prioritetlərimdəndir.

- Dərs demək istəyi hansı tələbatdan irəli gəlir?
- Cəmiyyətə faydalı olmaq, gənclərə öz təcrübəmizdən istifadə edərək, hər hansı bir yolu göstərmək tələbatından irəli gəlir. Gənclərin yetişməsində, fərd olmasında, uğur qazanmasında hansısa töhfəmin olmasını çox istəyirəm. Bunu özümə bir hüquq kimi deyil, bir vəzifə kimi qəbul edirəm.

Lalə MUSAQIZI


banner

Oxşar Xəbərlər