• çərşənbə, 24 Aprel, 05:56
  • Baku Bakı 14°C

Uğurlu ailə karyeraya maneə deyil, dopinqdir - Uğur hekayəsi

12.10.18 11:00 3571
Uğurlu ailə karyeraya maneə deyil, dopinqdir - Uğur hekayəsi
Pozitiv və səmimidir. Elə karyerasında da bu keyfiyyətlərinin əhəmiyyətli olduğuna inanır. Deyir ki, nə qədər bacarıqlı və savadlı olsan da, münasibətlərində səmimiyyət və inam yarada bilmirsənsə, karyera yolunda mütləq büdrəyəcəksən. Ona görə, uğur qazanmaq istəyirsənsə, dözümlü, inadkar, qətiyyətli olmalı və özünə inanmalısan.

MüsahibimizAmerikanın Troy şəhər İcra hakimiyyətində çalışan ilk azərbaycanlı, ADA universitetinin qeyri-dərəcə proqramlarının meneceri Ülviyyə Hüseynovadır.
"Ən yaxşı spiker seçildim”
Ülviyyə, 1987-ci ilə anadan olub. 181 saylı orta məktəbdə təhsil alıb. 9-cu sinifdən məktəbdə keçirilən Karl Popper debat proqramına qoşulub və debatlarda iştirak edib. Elə karyerasının ilk bünövrəsini də məhz məktəb illərində inşa edib: "Debat insana tənqidi düşüncə tərzini, analiz bacarıqlarını öyrədirdi. Bu proqramlarda iştirak edərək, düşüncə tərzimi, məqsədlərimi dəyişdim. Bütün məktəblərlə yarışırdıq. Bizim komanda finala çıxdı. Hətta həmin vaxt danışıq qabiliyyətimə, fikrimi izah etməyimə görə ən yaxşı spiker seçilmişdim. Bu, mənim ən böyük və ilk motivasiya idi”.

Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin amerikaşünaslıq fakültəsinə qəbul olur. Bu proqramda xarici müəllimlərlə ünsiyyətdə olur, təhsil alır. Daha sonra mübadilə proqramı ilə ABŞ-a Troy Universitetinə yollanır və universitetin ilk azərbaycanlı tələbəsi olur. Bakalavr təhsilini bitirdikdən sonra isə Londonda Metropolitan Universitetində magistr təhsili alır.


- CV-nizə nəzər yetirəndə görürük ki, ictimai işlərə maraq göstərən, aktivliyi ilə seçilən xanım olmusunuz...
- Düzdür, sakit uşaq deyildim. Təhsil, ictimai işlərə həmişə maraq göstərir, reaksiya verirdim. İstər Azərbaycanda, istər Amerikada, istərsə də Londonda əlaçı tələbə olmuşam. Bizim məktəbə debat proqramları gələndə tez müraciət etdim. Oxuyan şagird olduğum üçün məni qəbul etdilər. Lakin universitetə hazırlaşmaq dövrü olduğu üçün valideynlərim proqrama müraciət etməyimə razı deyildilər. Etiraz etdim, inadkarlıq göstərdim və iştirak etdim. İctimai işlərdə fəallığım mənə uğur gətirdi və dərs prosesimə də mane olmadı. Karyera qurmaq istəyən hər bir insan artıq məktəb illərindən çalışmalı, bünövrəsini o vaxtdan qoymalıdır.

- Ülviyyə xanım, Troy İcra Hakimiyyətində işləyən ilk azərbaycanlısınız. Bu, necə baş verdi?
- Amerikada təhsil alarkən müəllimlərlə, professorlarla münasibətim çox yaxşı idi. Bütün qiymətlərim da "5”. Hətta öz dərslərimdə, Troy məktəblərində Azərbaycanla bağlı təqdimatlar edirdim. Bununla kifayətlənmir, həm də Amerikada işləmək istəyirdim. Düşünürdüm ki, təhsillə yanaşı işləmək, insanı daha çox təkmilləşdirir. Bir gün universitetdə məni çağırdılar və İcra hakimiyyətində iş təklif etdilər. Çox sevindim. 19 yaşım var idi və bu, mənim üçün çox prestijli idi. İcra başçısı ilə görüşdüm və işə başladım. Orada münasibətlərimiz o qədər doğma idi ki, məni axşam işdən kampusa maşınla göndərirdilər. Bütün şəhərdə baş verən dövlət tədbirlərini icra hakimiyyəti keçirirdi və mən də iştirak edirdim. Hətta Troy şəhərində qəzetlərdən birində mənim haqqımda məqalə də yazdılar. Məqalənin adı "Bakıdan Troya gələn yol” idi.


- Troyda istər universitetdə, istərsə də iş mühitində tək azərbaycanlı olmusunuz. Yad ölkədə tək olmaq sizi narahat edirdimi?
- Uşaqlıqdan özgüvənim çox güclü olub. Atdığım hər addımda özümə inanmışam. Amma bu güvən boş-boşuna olmayıb. Uşaqlıqdan indiyə kimi dayanmadan oxuyuram. Mən bilirdim ki, bunun da öhdəsindən gələcəm. Məqsədimə gedən yolda darıxmaq, narahatçılıq hissi qətiyyən yox idi. İnsan bir şeyi istəyirsə, o mütləq alınır. Amma bu istəyin arxasında bir səbəb olmalıdır. "Mən istədim deyə alınmalıdır”- fikri ilə razı deyiləm. Mən istədimsə, bunun üçün çalışmalıyam. Gecə-gündüz oxuyurdum. İndiyə kimi də oxuyub, öyrənirəm. O zaman da özümə güvənim boş deyildi. Çünki müəllimlərimdən, professorlardan pozitiv rəylər alırdım. Xarici ölkədə tək olmağın bir məsuliyyəti də var. Həmin ölkənin vətəndaşları Azərbaycanı sənin simanda tanıyırlar. Bu, çox qəribə hiss idi. Ölkəmi yaxşı təmsil etməli və pozitiv fikir yaratmalı idim.

- Universitetdə münasibətlərinizi tənzimləmisiniz. Bəs İcra hakimiyyətində reaksiyalar necə idi?
- Çox müsbət idi. İndiyə qədər də münasibətlərim yaxşıdır. Amerikanlar sual verməyi xoşlayırlar. Demək olar ki, bütün ailəmlə maraqlanırdılar. Valideynlərim də təhsilə önəm verir. Biz bir nəsil olaraq hamımız yaxşı təhsilliyik. İngilis dilini mənə atam 5 yaşımdan öyrədib. Onlarla çox səlis danışırdım. Xasiyyətimə, işçilərlə münasibətlərimə qiymət verirdilər. Mənə verilən heç bir tapşırığa yox demirdim və çalışırdım ki, işi keyfiyyətli görüm. Bəzən axşama kimi qalıb işləyirdim və buna görə pul tələb etmirdim. Bu, onlara qəribə gəlirdi. Amerikanlar çalışqan, dinamik, səmimi və pozitiv insanları sevirlər. Səmimi olmayanda hiss edirlər və münasibəti tez bitirirlər.


- Bakalavrı bitirdikdən sonra Azərbaycana qayıdıb, yenidən təhsil üçün Londona yollanmısınız. Xaricdə təhsilin karyerada önəmi nə qədərdir?
- Xaricdə təhsilin istər şəxsi keyfiyyətlər, istərsə də akademik baxımından çox təsiri var. Orada tələbənin tənqidi düşünmə, analiz qabiliyyətinə fikir verilir və təhsil təcrübə üzərində qurulur. Keyfiyyətli təhsil nümunəsi olaraq, Amerika və İngiltərə universitetləri öndədir. Karyerada professionallıqla səmimiliyi bir aparmaq lazımdır. Orada maraqlı dəyərlər var idi. Hər bir sahədə insan düzgün, səmimi, məsuliyyətli olmalı idi. Məsələn, imtahan vaxtı bizə nəzarət yox idi, amma heç kim köçürmürdü. Bu, artıq bir nümunə idi. Az biliyi olan belə, özünə güvənirdi. Onlar problemin həllinə fərqli yanaşırlar. Məsələn, bir tələbə əgər riyaziyyatı xoşlamırsa, orada mühiti dəyişirdilər və riyaziyyatı sevdirirdilər. Məsələ odur ki, təhsil mühitində müxtəlif tələbələr ola bilər. Birinin biliyi, digərinkindən az ola bilər. Amma fərq qoyulmurdu. Yaradılan mühit bütün tələbələri əhatə edir. Əgər 5 uşaq oxuyur, 1-i oxumursa, günah uşaqda deyil, ya mühitdə, ya müəllimdədir. Mən orada təhsil alanda, tələbə yoldaşlarım hamısı amerikanlar idi. Onlar öz ana dillərində təhsil alırdılar, məndə isə xarici dil idi. Onlardan zəif bilə bilərdim. Amma müəllim elə mühit yaradırdı ki, mən onlara çatmaq üçün daha çox oxuyurdum.
- Uğurlu karyerada ailənin rolu nə qədərdir?
- Valideynlərin uşaqlar üzərində dominantlığı var. Uşaq valideyndən nümunə alır. Çünki onun üçün başqa etalon yoxdur. Valideynin karyerada önəmi böyükdür. Amma uşaq da valideynin istəklərini deyil, özünün nə istədiyini bilməli, həyata keçirməyə çalışmalıdır. Mən inadkaram. Nə istədiyimi bilir, yolumdan dönmürəm. Məqsədlərim uğrunda mübarizə aparır, mütləq əldə edirəm. Düzdür, bəzən arada fasilə qoyuram, amma bu məni məqsədimdən yayındırmır. İnadkar olmaq, istədiyini bilmək və onun ardınca getmək çox önəmlidir. Mənim professorum deyirdi ki, Ülviyyə, günün sonunda güzgüyə baxacaqsan, o zaman bil ki, özünü görürsən. Gün ərzində etdiklərin sənin qərarlarındır və bunu özün etmisən. Güzgüyə baxanda başqasını yox, özümü görmək istəyirəm. Bu səbəbdən öz qərarlarımla hərəkət edirəm.


- Ailə qurmusuz və fasilə verməyə məcbur olmusunuz... Ailə karyeraya maneədirmi?
- Hər bir xanım mütləq öz üzərində işləməlidir. Təbii uşaq, ailə vacibdir. Özümü şanslı hesab edirəm. Çünki mənim çox yaxşı həyat yoldaşım var. O, məni dinləyir və fikirlərimə hörmət edir. Bütün qızlara arzu edirəm ki, elə bir həyat yoldaşı seçsinlər ki, karyeralarına mane deyil, dəstək olsun. İnsan daim öz üzərində işləməlidir. Xüsusilə də qadınlar... Bizim qadınların hamısının potensialı var və güclüdürlər. Əgər onlar öz uşaqlarının, evlərinin öhdəsindən qayğı ilə gələ bilirlərsə, karyera da qura bilərlər. Ailəyə görə müəyyən fasilələr verməyə məcbur oluruq. Biz qadınıq, etməliyik. Amma fasilə karyeraya maneə deyil axı... Qadın ailədə uşağına bir nümunədir. Uşaq baxır ki, təkcə atam yox, anam da öz üzərində işləyib və mən də işləməliyəm. Sabah biz uşaqdan tələb edəndə, özümüz də ona yaxşı nümunə olmalıyıq. Uşaqlar valideynlərini özlərinə örnək götürürlər. Ev işlərini hamı edə bilər, bu, nümunə deyil. Karyera ilə ailəni bir yerdə aparmaq mümkündür. Bunu öz timsalımda görürəm. Xarici modeldə də insanlar ailə qurur, işləyir və uğurlu olurlar. Düzgün qurulan ailənin karyeraya müsbət təsiri var. Mən Londonda olanda ailə qurmamışdım və başa düşürdüm ki, nə isə çatmır. Ailə qurandan sonra anladım ki, məndə hər şey bütövdür. Ailə insana dəstəkdir. Ailəm mənim dopinqimdir. Evimdə dopinq alıb işə gəlirəm. Yoldaşıma mənə dəstək olduğu üçün ona çox minnətdaram. Ailəmin bütöv olmasında onun əməyi məndən çoxdur.

- Uğur siriniz nədir?
- Əsas çalışqan və zəhmətkeş olmaqdır. Heç vaxt təslim olma. Əgər məqsədlərin varsa, ona doğru ged. Məqsədinə gedən yolda hətta valideynin belə, desə ki, "səndən heç nə olmayacaq”, inanma. Həyatda bütün uğurlar, iş təklifləri səmimi münasibətlərdən yaranır. Münasibətlərdə inam və səmimiyyət olmalıdır. Əgər səmimi və düzgün yoldasansa, uğur səninlə olacaq.

Aygün ƏZİZ





banner

Oxşar Xəbərlər