• cümə, 19 Aprel, 03:43
  • Baku Bakı 18°C

Uğurları yaşından böyük olan məktəb - Fotolar

04.10.18 09:00 7175
Uğurları yaşından böyük olan məktəb - Fotolar
"Bir məktəb açılarsa, bir həbsxana qapanar” deyib, məşhur amerikalı filosof Ralf Uoldo Emerson. Çünki məktəb bilgidir, bilgi isə gələcəkdir... Bu gün bu gələcəyi bizə vəd edən, yolumuza işıq tutan məktəblərdən birinin 30 yaşı tamam olur. Söhbət Yeni Günəşli qəsəbəsindəki Nadir Əliyev adına 282 saylı tam orta məktəbdən gedir. 1988-ci ildə ilk şagirdlərini qəbul edib və bu günə qədər də nüfuzlarını qoruyub saxlayıblar.

Biz də, cəmiyyətdə digər məktəblərlə sağlam rəqabət aparan, hətta liseyləri geridə qoymağı qarşılarına məqsəd qoyan 30 yaşlı təhsil ocağının müəllimləri və şagirdləri ilə söhbətləşmək üçün 282 saylı məktəbə üz tuturuq.

Dərs saatı olduğu üçün məktəbdə sakitlikdir. Təxminən 40 dəqiqə sonra şagirdlərin tənəffüsə çıxacağı dəhliz sükuta qərq olub. Səhər saatları olduğu üçün heç dərsdən qaçmaq istəyən bir yana, dərsə gecikən şagird də gözümüzə dəymir... ya da, böyüklərin dediyi kimi zəmanə uşaqları peşəkardırlar.

Sakitlikdən istifadə edib məktəbin direktoru Camal Əlirzayevlə söhbətləşmək üçün otağına yollanırıq. Direktorun otağının qapısı açıqdır. İstər şagirdlər, istərsə də müəllimlər rahatlıqla direktorla ünsiyyət qura, problemlərini bölüşə bilərlər. Müavinlər də zarafatyana, buranı "açıq qapı” adlandırırlar.
"Ən yaxşı ümumtəhsil məktəbi”
Yubiley həyəcanını yaşayan Camal müəllim deyir ki, məktəb təkcə onun dövründə deyil, digər həmkarlarının dövründə də öncüllüyü ilə seçilib: "Hər il qəbul prosesində şagirdlərin qəbul sayına görə fərqlənirik. Hətta məktəbimiz 2010-2011-ci ildə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub və 10 min manat məbləğində mükafat alıb. Son 12 ilin nəticələrinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bizim məktəbin Suraxanı rayonunda birinci yerə layiq görülməsi ilə bağlı məlumatı təsdiqləyib. Bundan əlavə, məktəbimizdə şagirdlərimizin inkişafı üçün mütəmadi olaraq seminarlar keçirilir. Bir ay müddətində hər həftə məktəbdə Ombudsman aparatı tərəfindən "Mən və hüquqlarım” mövzusunda seminarlar keçirilib”.

Məktəb haqqında məlumat verən direktor deyir ki, 2017-2018-ci il tədris ilində məktəbdə 1358 şagird təhsil alıb və onlarla 161 müəllim məşğul olub. 11-ci sinfi 63 şagird bitirib, onlardan 54 nəfəri ali məktəbə sənəd verib, 47 nəfər isə daxil olub. 3 nəfər 600, 10 nəfər 500-dən yuxarı bal toplayıb”.
"Məktəb həm də insan üçün həyat dərsidir”
Məktəbdə keçirilən tədbirlərə nəzər yetirdikdə diqqət etdiyimiz xüsusi məqam, şagirdlərin vətənpərvər ruhda tərbiyə edilməsidir. Direktor deyir ki, hər bir məktəbin və müəllimin borcu ilk olaraq vətənpərvər şagird yetişdirməkdir: "O millət ki, keçmişini bilmir, həmin millətin gələcəyi ola bilməz. Bir dəfə Xocalı soyqırımı ilə bağlı tədbir keçirirdik. Şagirdlərin iştirakı mənə çox təsir etdi. Hətta həmin gün şagirdlərin böyük bir qisminin ağladığının şahidi oldum. Onlar məni əmin etdilər ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Belə oğullarımız, qızlarımızla fəxr edirəm. Məktəb - millətin müdriklik ocağıdır. Məktəb - xalqın mənəvi beşiyidir. Məktəbdə təkcə yazıb-oxumağı, hesablamağı və müxtəlif elmlərin sirlərini öyrətmirlər, məktəb həm də insan üçün həyat dərsidir”.

Qapının açıq olmasına gəldikdə isə, direktor gülür və deyir ki, məktəb demokratik prinsiplər əsasında idarə olunur: "Vəzifə səlahiyyətlərinə uyğun olaraq, şagirdlərlə dost münasibəti qururuq. Müasir təhsilin ən böyük əlamətlərindən biri də şagirdlərlə müəllimlər arasında səmimi ünsiyyətin qurulmasıdır. Təlim prosesində şagirdləri dinləyir, onların hüquqlarına hörmətlə yanaşırıq. Çalışırıq ki, tədris prosesində müəyyən ardıcıllığı gözləyək və onları lazımi bilik səviyyələri ilə təmin edək”.
"Evdən gəlmirəm...”
Bütün məktəblərdə şagirdlərin ən böyük problemi geyimlə bağlı olur. Xüsusilə, seçilmək istəyən şagirdlər bəzi hallarda məktəbli geyimində gəlmək istəmirlər. Uşaqların geyimi, dərsə davamiyyəti kimi hallarla tərbiyə işləri üzrə direktor müavini Gülnarə Mirzəyeva məşğul olur: "Şagirdlərlə işləmək, onlara nəzarət etmək asan deyil. Geyimlə, dərs buraxmaqla, dərsdən yayınmaqla bağlı problem olduqda, onlarla ciddi məşğul oluruq. Geyimlə bağlı problemlər əsasən, 11-ci siniflərdə olur. Ən böyük bəhanələri isə "indi evdən gəlmirəm, ona gör belə geyinmişəm”dir”.
"Dərsdən qaçanda yıxıldıq”
Zəng vurulur... Məktəbdəki sükut səs-küylə əvəz olunur. Şagirdlərlə söhbətləşmək üçün dəhlizə çıxırıq. Ağ-qara geyimli, uzun hörüklü , məktəb qoxan şagirdlər bizi bir anlıq keçmişə aparır. Əbəs yerə deyilməyib: Ömrün ən qayğısız illəri...

Uzun saçlı, ağ bantlı Nailə Cəfərovaya yaxınlaşırıq. 11-ci sinifdə oxuyur. Məktəbdə sonuncu ilidir. Əlaçı şagirdlərdəndir. Hətta bir dəfə "3” aldığı üçün bütün günü ağlayıb: "Məktəb ikinci evimizdir. Burada müəllim-şagird münasibətləri çox doğmadır. Məktəblə bağlı unutmadığım xatirəm isə dərsdən qaçmaqla bağlı olub. Bir dəfə dərsdən qaçmaq istəyəndə yıxılmışdıq və İsmayıl müəllim bizi görüb möhkəm danlamışdı. O hadisəni indi gülərək xatırlayıram”.

İsmayıl İbrahimov direktor müavinidir. Şagirdlərin ən çox əziyyətini çəkən müəllimlərdəndir. Yubiley olduğu üçün o da çox sevinclidir: "Şagirdlərimizin əksəriyyəti yaxşı oxusa da, oxumayanlar da var. Xüsusilə, şıltaq uşaqları idarə etmək asan deyil. Onlarla tez-tez tərbiyəvi söhbətlər aparırıq. Dərslərini zəif oxuyan uşaqlarda motivasiya yaradırıq. Qız uşaqlarında müsbət nəticəni tez əldə etmək olur. Oğlan uşaqları daha gec yola gəlir. 30 il bundan öncə ilə müqayisədə, indi müəllim olmaq çətindir. Elm, texnikanın inkişaf etdiyi vaxt fərqlidir. Biz kitab oxumaqdan həzz alırdıq. Onlar isə az əziyyət çəkib, çox nailiyyət əldə etmək istəyirlər”.
"Əti sənin, sümüyü mənim”
Əvvəllər valideynlər müəllimlərə etibar edirdilər. Lori dildə desək, "əti sənin, sümüyü mənim” prinsipi ilə hərəkət edir, yaxşı təhsil alması üçün övladlarını müəllimə həvalə edirdilər. İsmayıl müəllim deyir ki, zəmanə dəyişdiyi üçün indiki uşaqlarla işləmək səbir tələb edir: "Valideynlərdə emosionallıq o qədər yüksəkdir ki, uşaqların bir sözü ilə mübahisə yaradırlar. Məsələni biləndən sonra səhvlərini başa düşürlər. Hamı istəyir uşağı yüksək səviyyədə oxusun, amma bütün uşaqlar özünü doğrulda bilmir. Hər şey də müəllimdən asılı deyil”.
"Şagirdlər və müəllimlər bir-birindən qidalanır”
Direktor müavini Həlimə Ələkbərovanın karyerası məktəblə yaşıddır. Məktəbin ilk günlərindən burada işləyib. 30 il əvvələ qayıtdıqda deyir ki, indi müəllimlərin, şagirdlərin, valideynlərin baxışı dəyişib: "Əvvəl valideynin dediyi fikirlərlə, müəllimin sözü üst-üstə düşürdü. İndikilər isə müəllimlərlə razılaşmırlar. Etiraf edək ki, indiki şagirdlər çox hazırlıqlı və dünyagörüşlüdürlər. Bəzi hallarda müəllimlərin bilmədiyini, uşaqlar bilir”.

Direktor Camal müəllim təsdiqləyir ki, indi təkcə şagird yox, müəllim də öyrənir: " Hər iki tərəf - istər şagird, istər müəllim bir-birindən qidalanır”.
Şəhidlərimizin adı bir bayraqda
Məktəbi gəzərkən üzərinə əl yazısı ilə yazılar qeyd olunan bayraq diqqətimizi çəkir. Bu bayrağın tarixçəsi çox təsirlidir. Məktəbin informatika müəllimi Gülər Musayeva "12056 şəhidimizin adı bir bayraqda” şüarı ilə şəhidlərin adlarını şagirdlərlə birlikdə araşdırıb və bayrağın üzərinə yazıblar: "Mənim ailəmdə iki şəhid olub. Atam, qardaşım Qarabağ veteranıdır. Fikirləşdim ki, şəhidlərə borcumuzu necə qaytara bilərik... Şəhidlərin sayını araşdırdıq. Uşaqlar onların adlarını topladılar və mənə göndərdilər. Şagirdlər özləri tənəffüs vaxtı gəlib, qələmlə şəhidlərin adlarını bayrağa yazırdılar”.

"X” və "Y” ilə mübarizə aparan "Z” nəsli...

Həmsöhbətimiz deyir ki, müəllimin əsas vəzifəsi vətənini sevən şagird yetişdirməkdir: "Mənim üçün əsas vətəndaş yetişdirməkdir. Əgər şagird vətənini sevən vətəndaş deyilsə, onun biliyi mənə lazım deyil. Çünki o biliklə insanları məhv edən nə isə düzəldə bilər. Amma vətənini, millətini sevən insan bunu etməz”.

Müəllim "Nəsillər nəzəriyyəsindən danışaraq, vurğuladı ki, hər yeni nəsil özünəməxsusluqları ilə əvvəlki nəsli təəccübləndirir: "Məsələn, "X” nəsli adlandırılan 1965-1979-cu illərdə doğulanlar yüksək boşanma əmsalı ilə tanınırdılar. "Y” nəsli 1980-2000-ci illərdə anadan olanlardır. Y nəslinin nümayəndələri əsasən daha yüksək texnoloji bilik və bacarıqlara, yeniliyə və öyrənməyə açıqlığı ilə fərqlənir. Və nəhayət, "Z” nəsli: 2000-ci ildən bəri anadan olanlar. Alimlərin fikrincə, tarixdə ilk dəfə insanlar öz əcdadlarından bu dərəcədə köklü şəkildə fərqlənir. Bizim (X və Y nəsillərinin) innovasiya adlandırdıqlarımız onlar üçün adi reallıqdır. Bu insanlar, sözün əsl mənasında, ilk rəqəmsal insanlardır. Ona görə də, onlarla aparılan tədrisi 30 il öncəsi ilə müqayisə etmək olmur. Məhz bu nəslin uşaqlarına əvvəlki tədris metodu maraqsızdır. Məsələn, mən kitabları elektron formada kompüterə yükləmişəm ki, uşaq deyə bilməsin ki, kitabım evdə qalıb. Uşaqlar tapşırıqları da mənə maillə göndərirlər”.


"Anam mənimlə, şagirdlərə nisbətən daha sərtdir”
Rəqəmsal şagirdlərdən biri də Turan Muxtarlıdır. Turan 7-ci sinifdə oxuyur. Gələcəkdə kompüter mühəndisi olmaq istəyir. Tək narazılığı müəllim oğlu olmağıdır: "Dərslərimi oxuyuram. Müəllimlərimi, məktəbimi çox sevirəm. İstər təhsil, istərsə də şagird müəllim münasibəti baxımından məktəbimiz çox fərqlənir. Tək narazılığım anamın da müəllim olmasıdır. Çünki özüm əziyyət çəkib uğur qazananda, bəzi uşaqlar anamın adı ilə bağlayırlar. Halbuki anam mənimlə, şagirdlərə nisbətən daha sərtdir”.
"Onlar öyrənəndə qürurlanıram”
Məktəbin özəlliklərindən biri də odur ki, internat məktəbinin şagirdlərinin burada sinfi var. O sinfə Azərbaycan-dili, ədəbiyyat fənnini Xanım Muxtarova tədris edir. Söhbət üçün Xanım müəllimənin sinfinə gedirik. Kənardan müşahidələrimiz zamanı məlum olur ki, Xanım müəllimə qayğıya ehtiyacı olan uşaqlara təkcə bilik vermir, həm də ana kimi nazlarını çəkir. Müəllimə deyir ki, bu uşaqlar həyatdan aldığı zərbənin aqressiyasını ətrafdan çıxardıqları üçün çox insan onlarla yola gedə bilmir: "2003-cü ildən bu məktəbdə işləyirəm. Hazırda uşaq evlərindən gələn şagirdlərə dərs deyirəm. Mənim üçün haradan gəlməyindən asılı olmayaraq, şagird şagirddir. Qarşılıqlı mehriban, isti münasibətlərimiz var. Bəzi dərslərimiz onlara məsləhətlərlə bağlı olur. Özlərinə də tapşırmışam ki, nə çətinliyiniz olsa, mən sizə kömək etməyə hazıram. Onlara fərq qoymadan yanaşıram. Bu sinfə girəndə rahatlıq tapır, onlar öyrənəndə qürurlanıram. Düzdür, dəcəl uşaqlardılar, amma onlarla ünsiyyətdə olduqda sinifdən çıxmaq istəmirsən. Qayğı göstərəndə, ikiqat əvəzini verirlər. Şagirdlərimlə ana, bala kimi münasibətdəyəm. Uşaqlarla bağlı o qədər danışıb, düşünürəm ki, gecə yuxuma girirlər (Gülür - A.Ə). Mənim qazancım isə onların da məni sevməsi və problemlərini mənimlə bölüşməsidir”.
"Dərsin ortasında topla oynamaq istəyirəm”
Dərs vaxtı bir şagird diqqətimizi çəkir. Adı Toğruldur. Yerində dayanmır. Hiss edirik ki, elə sinfin şıltağı odur. Dəhlizə qaçmaq üçün zəngin vurulmasını səbirsizliklə, gözləyir: "45 dəqiqə darıxıram və tənəffüsləri çox sevirəm. Məktəbdə səlahiyyətim olsa idi, sinifdə dərs vaxtı topla oynamağa icazə verərdim. Bəzən onu incitsəm də, Xanım müəllimə bizə ana kimidir. O məni çox istədiyi üçün, mən də onu çox istəyirəm”.

Toğrul hərbiçi olmaq istəyir: "Səhər dərsə gələndə, əziyyət çəkdiyim üçün dərslər axşam olsa, yaxşı olardı. Məktəbi bitirdikdən sonra isə hərbiçi olub, vətən keşiyində dayanmaq istəyirəm”.
"Çox gülürəm...”
Sürəyya Rzayeva fortepianoya gedir. Dərslərini əla oxuyur. Xüsusi istedadını da məktəb vasitəsilə inkişaf etdirir: "Dərslərimi, müəllimlərimi çox sevirəm. Həyatdakı tək çətinliyim atamın olmamağıdır. Atam ad günümdə rəhmətə getdiyi üçün bəzən bu yük ağır gəlir. Amma müəllimlərimlə danışıb, dəstək alıram. Ən gözəl, maraqlı günlərim elə bu məktəbdə keçir”.
Dəhlizdə pozitiv şagird diqqətimizi çəkir. O da məktəbin əlaçı şagirdlərindəndir. Amma bir problemi var: "Çox gülürəm. Bəzən dərsə mane olduğum üçün müəllimlər məni danlayır, "gülməli söz varsa, de biz də gülək” deyirlər. Lakin mən o cümləyə də gülürəm”.

Məktəb o qədər doğma, münasibətlər o qədər istidir ki, orada nə mövzu bitər, nə də söhbət... Məcbur qalıb, onlarla xudahafizləşirik. Qəzetimiz adından məktəbin kollektivini 30 illik yubileyləri münasibətilə təbrik edir, uğurlar arzulayırıq.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər