Uğur və sevgi qazanmağın sadə düsturu
1973-cü ilin payızı heç zaman unudulmayacaq, yaddan
çıxmayacaq bir zaman kəsiyi kimi taleyimə, ömür kitabıma yazılıb. Həmin ilin
sentyabrında Azərbaycan Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin
məzunu kimi Azərbaycan Radiosunda işə başlamışam. Bir ay sonra isə Radionun 47
yaşı qeyd olundu. Ad günü tədbirlərində iştirak edənləri göz önünə gətirəndə
daxili bir qürur hissi keçirirəm. Soltan Nəcəfov, Aydın Qaradağlı, Aqşin
Babayev, Rauf İsmayılov, Ramiz Mustafayev, İbrahim Göyçaylı, Sevda Məmmədzadə, Sabutay
Quliyev, Ofeliya Sənani, Gültəkin Cabbarlı, Fatma Cabbarova, Züleyxa Hacıyeva,
Fəridə Babayeva, Qara Tağızadə, Əli Məhəmmədoğlu, Telman Qarayev, Hidayət Səfərli,
Yasin Qaraməmmədli, İlyas Adıgözəlli, Zöhrab Zeynalov, Bəhram Gözəlov, Rafiq
Savalan, Yalçın Əlizadə, Ənvər Qafarlı, Mailə Muradxanlı, Vaqif Əlixanlı, İntiqam
Mehdizadə, Natiq Səfərov kimi əsl söz, sənət adamları ilə bir məclisdə oturmaq
həqiqətən də qürurverici məqam idi və onu da deyim ki, bu hisslər hələ də qəlbimin
bəzəyidir.
Bir neçə gündən sonra doğma Radiomuzun – Ata
Radionun 90 yaşı tamam olur. Kifayət qədər böyük rəqəmdir və bu rəqəmin
ucalığında mənə dünyalar qədər əziz olan bir kollektivin ötən dövrdə yaşadığı çətin,
şərəfli, məsuliyyətli yaradıcılıq həyatının maraqlı, rəngarəng səhifələri birər-birər
canlanır. Bu kollektivi şərəfləndirən, Azərbaycandan çox-çox uzaqlarda belə tanıdan
insanların, yaradıcı, qurucu şəxsiyyətlərin adlarını bütövlükdə sadalasaq, bir
kitaba sığan deyil və adlarını qeyd eləmədiyim şəxslərdən üzr istəyir,
dünyasını dəyişənlərin ruhu qarşısında baş əyirəm.
"Ata Radio” ifadəsini təsadüfən işlətmədim. Yəqin
ki, yaşıd həmkarlarım da mənimlə razılaşar, həqiqətən də ötən əsrin 70-80-ci
illərində Radio sözün əsl mənasında yaradıcı insanların, elm və mədəniyyət
xadimlərinin daha çox üz tutduğu məkanlardan idi və qonaqlarımız da, biz özümüz
də özümüzü evimizdəki kimi, Ata ocağında olduğu təki hiss edirdik. Elə "Ana
Televiziya” ifadəsi də məhz əməkdaşlara və bura üz tutan, mavi ekrandan cəmiyyətə
söz çatdırmaq səlahiyyəti olan insanlar üçün məhz isti Ana qucağını, məhrəmdən-məhrəm
bir ünvanı xarakterizə etməkdən dolayı yaranmışdı və elə indi də müdriklik
yaşına çatan Televiziyamız bu xüsusiyyəti ilə digər telekanallara canlı bir örnəkdir.
Bu sətirlərin müəllifi Radioda əmək fəaliyyətinə
"Son xəbərlər” redaksiyasında başlayıb. O vaxtlar axşam xəbərləri ana proqram "Günün
səsi”ndə təqdim olunurdu. Televiziyada isə axşam saatlarında əsas proqram kimi
"Günün ekranı” yayımlanırdı. Gün ərzində ölkəmizdə, beynəlxalq aləmdə baş verənlər
hər iki buraxılış vasitəsi ilə Azərbaycan dinləyicilərinə və tamaşaçılarına
çatdırılırdı. Doqquz il fasiləsiz Radioda çalışdım. 1982-ci ilin bir payız günü
"Günün ekranı”ndan Mürsəl Mustafayev zəng edib təcili rayondan qayıtmağımı istədi.
O vaxt Qəbələdə idim, valideynlərimə baş çəkməyə getmişdim. Gəldim və məlum
oldu ki, sədrimiz Elşad müəllimin göstərişi ilə məni "Günün ekranı”na keçirirlər.
O zaman bu redaksiyaya vaxtilə Radionun "Xəbərlər”ində baş redaktor müavini işləmiş
Ənvər Qafarlı rəhbərlik edirdi və görünür, ənənəyə görə Radioda bişib-düşən, təcrübə
keçən gənclərin televiziyaya dəvət edilməsi baxımından məni də yada
salmışdılar. Təbii ki, ümidləri doğrultmağa çalışdım, istədim ki, "Günün
ekranı”nın Ələkbər Abbasov, Telman Qafarlı, Telli Pənahqızı, Alı Mustafayev, Qərib
Əhmədli, Nadir Abdulayev və digərləri kimi səviyyəli əməkdaşları ilə bir sırada
dayana bilim. Nəyə isə nail oldumsa, bunu dostlarım məndən yaxşı bilirlər.
Radio mənə və gənc həmkarlarıma nələri öyrətdi,
hansı keyfiyyətləri aşıladı, hansı məqamları tarixiləşdirdi? Yaddaşımda
olanları deyəcəyəm.
- Radio bizə müasir Azərbaycan ədəbi dilində sərbəst
danışmağı və yazmağı öyrətdi;
- Radio insanlarla, xüsusən müsahibə götürdüyümüz
adamlarla ünsiyyət qurmağı, onlarla danışmağı və danışdırmağı öyrətdi;
- Radioda işləyərkən daha çox mütaliə etməyi, dünyada
baş verən prosesləri izləməyi, hadisələrə obyektiv qiymət verməyi, konkret nəticələr
çıxarmağı öyrəndik;
- Radio bizə kollektiv arasında hörmət qazanmağın sirrini
başa saldı, səmimi, həssas, qayğıkeş, canımyandı olmağın yollarına işıq saldı;
- Radio bizə ailəcanlı olmağın, sevib-sevilməyin,
dosta, yoldaşa qarşı necə ülfətli, mehriban olmağın sirrini aşıladı;
- Radio bizə çətinliklərdən çəkinməməyi, obyektiv, operativ,
gözüaçıq olmağı, cəldliyi öyrətdi.
Biz o vaxtlar yorulmaq nədir bilməzdik. Yaxşı
xatırlayıram, o dövrdə Azərbaycana rəhbərlik edən Ümummilli lider Heydər
Əliyevin şəxsi təşəbbüsü və dəstəyi ilə Bakıda İttifaq əhəmiyyətli obyektlər, sənaye
müəssisələri tikilirdi. Bu tikintilərdə Radionun da operativ qərargahı fəaliyyət
göstərirdi. Bakı Məişət Kondisionerləri zavoduna təhkim olunmuşdum və gün ərzində
ən azı üç-dörd dəfə tikintinin gedişi ilə bağlı Radioya reportajlar təqdim
edirdim. "Reportyor-6”
adlı ağır səsyazma qurğusu ilə nəhəng tikintini qarış-qarış gəzir, mühəndislərdən,
inşaatçılardan müsahibələr alırdım. O vaxtlar burada çalışanların bəziləri ilə
dostluğum indi də davam edir.
Heç yadımdan çıxmaz, Ümummilli lider Heydər Əliyev
pambıqçılıqla və yaxud digər məsələlərlə bağlı vaxtaşırı zona müşavirələri
keçirirdi. Biz də mütləq o tədbirlərdə iştirak edər, telefon bağlantısı ilə
efirə çıxar, müşavirələrin gedişini və nəticələrini dinləyicilərə çatdırardıq.
Ölkə rəhbəri maşındaca həmin reportajları dinləyər, yeri düşdükcə, fikirlərini
də çatdırar, məsləhət və tövsiyələrini verərdi. Bir dəfə hətta Naxçıvan səfərində
qrupumuzun rəhbəri Hidayət Səfərlini yanına çağırıb radio-reportajlar üçün təşəkkürünü
də bildirmişdi. Unudulmaz günlər idi və qürurverici məqamlar kimi hafizələrdə
yaşayır.
Azərbaycan Radiosu istər Sovetlər Birliyi, istərsə də
müstəqillik illərində həmişə sadə, əməksevər insanların yanında olub və indi də
belədir. Mehdi Hüseyn küçəsi – 1 ünvanına o illərdə nə qədər dinləyici məktubu
gəlirdisə, sayı-hesabı bilinməzdi. Vaxtaşırı bu məktubların xülasəsini
hazırlayıb efirə verərdik. İnsanlar ən əziz adamlarına açmadığı sirlərini bizə
bildirər, qarşılaşdıqları problemlərlə bağlı kömək istəyirdilər. Bu fikirlər
efirdə səsləndirilər, həmin adamlar da sonradan Radioya təşəkkür məktubu yazar,
göstərilən köməyə, qayğıya görə minnətdarlıq edərdilər. Bu ənənənin davamı
arzuolunandır və Azərbaycan Radiosunun tutduğu yolla üst-üstə düşür.
Ata Radiomuzun 90 illiyi ilə yanaşı, Azərbaycan
tamaşaçıları Ana Televiziyamızın 60 illiyini də böyük bayram sevinci ilə
qarşılayır. Yaxşı yadımdadır, ötən əsrin 70-80-ci illərində video-texnikanın bu
kanala ayaq açması bir çox yeniliklərin tətbiqi üçün bir növ stimul oldu. Mərkəzi
Televiziyadan üç il sonra – 1973-cü ildə AzTV-də rəngli yayıma keçilməsi ö dövr
üçün əlamətdar hadisə idi. 1985-ci ildə kollektivin yaradıcılıq əzmi və təşəbbüsü
sayəsində AzTV bütün parametrlər üzrə - xüsusən də texniki təchizatına, film
istehsalı və müxtəlif proqramlarla Mərkəzi Televiziyadakı çıxışlarına görə
SSRİ-də dördüncü yerə çıxmışdı. AzTV sədri Elşad Quliyev bu uğurları Azərbaycana
rəhbərlik edən görkəmli dövlət xadimi Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyəti,
mədəniyyət və incəsənətə verdiyi yüksək qiymət və tükənməz qayğısı ilə əlaqələndirirdi.
Son 10 ildə AzTV milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin
yorulmaz təbliğatçısına, ana dilimizin qorunması, saflaşması yolunda mübariz əsgərə
çevrilib. AzTV-nin Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşdırdığı muğam
müsabiqələri, bir-birinin ardınca efirə vəsiqə alan musiqili-əyləncəli
proqramlar, tele-tamaşalar, sənədli filmlər, tok-şoular tamaşaçıların dərin
hörmətini qazanıb. Kiçik yaşlı uşaqlardan tutmuş ahıl insanlara qədər hər kəsin
AzTV-yə olan inamının, etimadının, əsl tamaşaçı məhəbbətinin yaranması məhz bu
qurumda çalışanların yorulmaz fəaliyyətinin, əsl vətəndaşlıq mövqeyinin bariz
ifadəsidir. Adlı-sanlı ictimai-siyasi xadimlərin, yazıçı və şairlərin, elm
adamlarının, əməkçi insanların ürəklə qədəm basdığı, cəsarətlə addımladığı AzTV
dəhlizləri həmişə saflığa, irfana və aydınlığa uzanan, üfüqlər qədər geniş, səma
təki aydın yolları xatırladır mənə. Harada çalışsam da, yaradıcılıq
bioqrafiyamın ən yaddaqalan səhifələri məhz AzTV-də yazılıb və bu gün də mən
özümü illərlə çiyin-çiyinə işlədiyim dostlarımın yanında hiss edirəm.
İndi tanınmış televiziya ekspertləri, hətta
obıvatellər belə etiraf etməkdədirlər ki, AzTV hər bir ailədə sevilir, bu
qurumda hazırlanan verilişlər səbirsizliklə gözlənilir. Ana Televiziyamız da qarşılığında
hər bir tamaşaçının xoş sözünün, haqlı iradının və məsləhətinin, xeyir-duasının
sorağındadır.
Müsahidəçilərin və ekspertlərin qənaətincə, bu gün
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin rəhbərliyinin uğur qazanmaq
və nailiyyətləri qoruyub saxlamaq təcrübəsinə nəzər salarkən, ürəklə söyləmək
olar ki, yaxşı nə varsa, öyrənmək, tətbiq etmək, ənənələrdən bəhrələnmək,
müasir texnologiyalara ardıcıllıqla yiyələnmək, üstəgəl, televiziya işində saç-saqqal
ağartmış insanların təcrübəsinə, cavanların enerjisinə güvənmək hesabına yüksək
keyfiyyət göstəricilərinə nail olmaq Azərbaycan Televiziyası və Radiosunda
tamaşaçı və dinləyici sevgisini qazanmağın sadə düsturudur.
Əlamətdar yubiley münasibəti ilə hər birinizi ürəkdən
təbrik edir, sizə can sağlığı və yeni yaradıcılıq uğurları arzulayıram, əziz
dostlar.
Akif Cabbarlı