• şənbə, 20 Aprel, 11:52
  • Baku Bakı 14°C

Uğur qazanmaq istəyirsənsə, əhatə dairəni genişləndirməlisən- Uğur hekayəsi

05.10.18 09:30 2173
Uğur qazanmaq istəyirsənsə, əhatə dairəni genişləndirməlisən- Uğur hekayəsi
Çox işləyir. Elə onu komanda yoldaşlarından fərqləndirən də gərgin və fasiləsiz işləməyi olub. Bunun nəticəsidir ki, gənc olmasına baxmayaraq, öz sahəsində ilklərə imza atıb. Deyir ki, hər bir işdə yaxşı nəticə əldə etmək üçün işin məsuliyyətini dərk etmək, dürüst olmaq və şəffaflığa riayət etmək lazımdır.
Müsahibimiz Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) icraçı direktoru, Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən kənd təsərrüfatı sığortası üzrə yaradılan işçi qrupunun rəhbəri, peşəkar maliyyəçi Əli Bayramovdur.
Həmsöhbətimiz 8-ci sinifdən İngiltərənin Oxford şəhərinə yollanıb. Yerli qaydalara uyğun olaraq, universitetə daxil olmaq üçün Biznes sahəsində Warwick universitetində bir il hazırlıq kursu keçib. Daha sonra Kent Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. 2003-cü ildə universiteti bitirərək Azərbaycana qayıdıb. Həmin ildən Most İnsurance sığorta şirkətində sığorta fəaliyyətinə başlayıb. 16 il sığorta şirkətlərində rəhbər vəzifələrdə çalışıb. İlk dəfə sığorta bazarında illik sığorta haqları yığımını 100 milyon manata çatdırıb. Bu sahədə qanunvericiliyin hazırlanması, strateji qərarların verilməsində iştirak edib, eyni zamanda dünya praktikasının ölkəmizə gətirilməsi üçün çalışıb. Həmsöhbətimiz həmçinin Azərbaycan Sığortaçılar Assosiasiyasında könüllü sığorta üzrə komitə sədri olub.
- Əli bəy, 8-ci sinifdən təhsil üçün xaricə getmisiniz. Ümumiyyətlə, sizcə karyerada ən önəmli faktor təhsildirmi?
- Təhsilə yiyələnmək karyerada uğur əldə etmək üçün böyük səbəbdir. Amma o demək deyil ki, bir insanın əgər yaxşı təhsili yoxdursa, karyerasında uğurlu olmayacaq. Son dövrlər tarixi nailiyyətlər əldə edən şəxslərə baxsaq, görərik ki, onların təhsillə münasibəti o qədər də yaxşı olmayıb. Təcrübə göstərir ki, təhsil kifayət qədər vacib faktordur, amma yeganə faktor deyil. Xaricdə təhsilə gəldikdə isə, istər yeni texnologiyalar, istərsə də işə yanaşma baxımdan böyük üstünlükləri var. Ən azından, dünya təcrübəsini ölkənə gətirirsən. Amma Azərbaycanda təhsil alıb uğurlu karyera qurmaq da mümkündür. İnsan gərək seçdiyi sahəni sevsin. Ayaqqabı ustası, dülgər, bərbər iqtisadçı, hüquqşünas... bu istənilən sahə ola bilər. Təhsilin olub olmamasından asılı olmayaraq, insan seçdiyi sahəyə ciddi yanaşıb, dərindən yiyələnməlidir. Bu zaman nailiyyətlər əldə edəcək.
- Uzun müddət sığorta sahəsində işlədikdən sonra öz biznesinizi yaratmısınız.
- 16 illik təcrübədən sonra fikirləşdim ki, artıq püxtələşmişəm və öz biznesimin sahibi ola bilərəm. Bunu bildiyim sığorta sahəsində etdim. Bu sahədə yardımçı fəaliyyət göstərirəm. Eyni zamanda, Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən kənd təsərrüfatı sığortası üzrə yaradılan işçi qrupunun rəhbəriyəm. Hazırda ölkədə kənd təsərrüfatının inkişafına böyük önəm verilir və bu inkişaf sığortasız mümkün deyil. Bunu artıq dünya praktikasında görmüşük. Bu sahədə kifayət qədər ciddi işlər həyata keçiririk. Əsas məqsəd Azərbaycan Kənd Təsərrüfatı Sığortası sisteminin dünya standartlarına uyğun qurulmasında dövlətimizə kömək göstərməkdir. Hazırda sığorta sahəsində dünyada olan təcrübələri ("know how”) Azərbaycana gətirmək üçün çalışıram. Bu, ümumilikdə Azərbaycan sığorta bazarının inkişafına dəstək verir. Daha çox uzunmüddətli yanaşmalar hazırlayırıq ki, ölkədə qurulacaq bu sistemin dayanıqlı olmasını təmin edək. Bununla yanaşı, fəaliyyət göstərdiyim assosiasiyada sığorta sahəsində ölkə vətəndaşları, dövlətimiz, dövlətçiliyimiz üçün işlərin qurulmasında iştirak edirəm. Bunların içində ən vacibi mühasibatlıq sahəsi üzrə görülən işlərdir. Belə ki, ölkədə bildiyimiz kimi "Mühasibat uçotu haqqında” qanunda dəyişikliklər olub bu dəyişikliklərə görə, artıq bizim mühasibat hesabatları beynəlxalq səviyyəyə çıxarılmalıdır. Qanun yanvarın 1-dən qüvvəyə minir, qanunun icrası ilə bağlı dövlət qurumları ilə də işlərə başlamışıq. Hazırda qanunda dəyişiklər və ümumi mühasibatlıqla bağlı pulsuz seminarlar keçiririk.
- Mühasibatlıq sahəsində gənclərin bilik səviyyəsi sizi qane edirmi? Pulsuz seminarların təşkili hansı zərurətdən yaranıb?
- Ümumiyyətlə, ölkəmizdə istənilən peşə sahəsində mütəxəssislərin sayı azdır. Bu da gənclərin təhsilə yanaşması ilə bağlıdır. Gənclərin bəziləri özlərinə əziyyət vermək istəmirlər. Sanki heç nə əldə etmədən pul qazanmaq niyyətləri var. Mühasibatlıq sahəsində bu gün Azərbaycanda kifayət qədər təcrübəli mühasiblər var. Təəssüf ki, bu mühasiblər daha çox sovet və yerli mühasibatlıq sisteminə uyğunlaşan insanlardır. Azərbaycanda mühasib anlayışının özü belə düzgün qəbul olunmur. Çoxlarımız düşünür ki, əgər vergi hesabatını düzgün verirsə, sosial müdafiə fonduna müvafiq hesabat göndərirsə, deməli, əla mühasibdir. Amma dünya praktikası bizdən daha artıq biliklər tələb edir. Köhnə mühasiblər təcrübəli olsalar da, bu mənada həddindən artıq geridə qalırlar. Böyük təcrübələri olmalarına baxmayaraq, öz üzərlərində işləməli, dünyada baş verən yeniliklərə uyğunlaşmalıdırlar. Amma etiraf edək ki, beynəlxalq sertifikatlı, kifayət qədər uğurlu mühasiblərimiz də az deyil və sayları da getdikcə artır.
- Əli müəllim, gənc yaşınızdan rəhbər vəzifələrdə işləmisiniz. Gənc rəhbər olmağın çətinlikləri nələrdir?
- Gənc rəhbər olmağın ən çətin tərəfi həyat təcrübəsinin az olmasıdır. Düzdür, yenilikləri bilmək baxımından üstünlüklər çoxdur. Amma düşünürəm ki, həyat təcrübəsi ilə biliklər balanslı olsa, daha çox nailiyyətlər olar.
- Yəqin ki, yaşlı nəsillə münasibətlərdə yaşla bağlı probleminiz olub... Çünki bəzən onlar cavan nəslin uğurlarını qəbul etmir.
- İnsanın ağıllı, savadlı olmasının yaşla əlaqəsi yoxdur. Böyüklərlə o mənada razıyam ki, bizim onlardan həqiqətən, həyat təcrübəsi ilə bağlı öyrənəcəklərimiz var. Amma bacarıq, işi aparmaq, qarşıya qoyulmuş hədəflərə çatmaq kimi məsələlərdə yaşın əhəmiyyəti yoxdur. Hətta gənclər bu sahədə daha uğurludur, nəinki yaşlı nəsil.
- Gənc yaşınızda peşəkar maliyyəçi kimi tanınırsınız. Maraqlıdır şəxsi həyatınızda maliyyə ilə bağlı işdə etdiyiniz taktikalardan istifadə edirsinizmi?
- İşdə olan yanaşmaları evdə tətbiq etməyə çalışmışam, amma yaxşı nəticə ilə qarşılaşmamışam. O da səriştəsizlikdən irəli gəlir. Lider olaraq həyat prinsiplərim var. O prinsipləri hər şeyə aid edirəm. Amma bu məsələdə ehtiyatlı olmaq lazımdır. İşdə olan yanaşmanı evə bütövlüklə tətbiq etmək olmaz. Maliyyəçi olaraq, öz üzərimdə işləməyə çalışıram. Etiraf edim ki, şəxsi maliyyə vəsaitimlə arzu olunan şəkildə, səliqəli davranmamışam. Bu səhvimi anlayıb, üzərimdə işləyirəm. Şəxsi maliyyəmlə bağlı da peşəkar səviyyəmə uyğun davranmağı planlaşdırıram. Əslində sənət sahibləri özlərinə qarşı diqqətsiz olurlar. Çox yaxşı bərbər ola bilər, amma baxırıq ki, bərbərin saçı səliqəli deyil. Mənim də belə səhvlərim olur, amma qeyd etdiyim kimi üzərində işləyirəm.
- Rəhbər vəzifələrdə olmağınıza baxmayaraq, tez-tez iş yerinizi dəyişmisiniz. Adətən insanlar komfort zonadan çıxmaq istəmirlər. Axı dəyişikliklər bəzən çətinliklər də gətirir. Sizcə necədir?
- Komfort zonadan çıxmaq həqiqətən çətindir. Amma mənim belə qorxum olmayıb, indi də yoxdur. Heç vaxt geri addım atmamışam. İri addımlarla qarşıya doğru əyilmədən, öz məqsədimə çatmaq üçün fasiləsiz işləmişəm, hazırda da işləməkdəyəm. Mənim üçün məqsədlər çox önəmlidir. Hər bir insanın həm şəxsi həyatı, həm də karyerası ilə bağlı məqsədləri olmalıdır. Mən də qarşıma qoyduğum məqsədlərə nail olmuşam.
- Risk etməyi sevirsiniz...
- Mən risk adamıyam və sığorta da risk sahəsinə aiddir. Düzdür, bəzən həyat təcrübəm az olduğu üçün yersiz risklər edib, düzgün hesablanmamış addımlar atmışam. İqtisadiyyatın istənilən sahəsində risk mövcuddur. Ölkə olaraq böyük problemlərimizdən biri budur ki, bu sahəyə az əhəmiyyət vermişik. Əminəm ki, ayrı-ayrı sahələrdə yetişən risk menecerləri olsa, iqtisadiyyat sahəsində qarşılaşacağımız mənfi nəticələrin böyük hissəsini kəsib atmış olarıq. Dövlət qurumlarından təkidlə xahiş edirəm ki, risk menecerlərlə işləməyə və bu sahənin inkişafına xüsusi əhəmiyyət versinlər. Vaxtında atılan lazımı addımlar itkilərin qarşısını alır.
- Əli müəllim, ənənəvi sualımız. Uğur sirriniz nədir?
- Ən başlıca səbəblərindən biri işgüzar olmağımdır. Mən heç vaxt işdən qorxmamışam və həmişə hamıdan çox işləmişəm. Yaxşı menecerin bir dəqiqəsi belə, boşa getməməlidir. Mənim üçün gərgin işləmək çox önəmlidir. Verilən tapşırıqlara həmişə məsuliyyətlə yanaşmışam. Hər bir işdə yaxşı nəticə əldə etmək üçün məsuliyyəti dərk etmək və riayət etmək lazımdır. Ən əsası isə şəffaflıq və dürüstlükdür. Uğur qazanmaq istəyirsənsə, əhatə dairəni genişləndirməlisən. İnsanlarla əlaqələr mənə çox böyük kömək olub. İnsanın əhatə dairəsi nə qədər böyük olsa, o qədər çox istədiyinə nail olar. Daim üzərində işləmək, yeniliklərin axtarışında olmaq vacib amildir. Mən bu gün də yenilik axtarışındayam.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər