• çərşənbə axşamı, 19 mart, 06:56
  • Baku Bakı 8°C

Uğur nədir?- Polemika

20.02.17 15:42 11070
Uğur nədir?- Polemika

Uğur anlayışı cəmiyyətin müxtəlif təbəqələri üçün fərqli mənalar kəsb edir. Ona görə də hər kəs uğur məfhumunu fərqli cür təsəvvür edir. Bir çoxları fikirləşir ki, uğur qazanmaq öz karyeranda, işində yüksəlmək deməkdir. Belə insanlar üçün uğur anlayışı peşəkarlıq, növbəti mərhələyə yüksəlmək deməkdir. Onlar üçün fərqi yoxdur, bu işdə nə qədər maaş alırlar. Əsas odur ki, gördüyü işdən zövq alırlar və daha da irəli gedə bilirlər.
Digər bir qisim isə tamamilə fərqli fikirləşir. Belə ki, onların düşüncəsində uğur maddiyyatla əlaqəli olur. Onlar daha çox pul qazanmağın tərəfdarıdırlar və bütün addımlarını məhz buna hesablayırlar. Adətən belə insanlar deyir ki, yaxşı vəzifə, yaxşı maaş özü elə uğur deməkdir. Bəs gənclərimiz necə düşünür? Onların təsəvvüründə uğur nə deməkdir, yaxşı vəzifə, pul, yoxsa öz işinin peşəkarı olmaq?
Bəzən uğur pulu yox, pul uğuru gətirir
Toğrul Bayramlı, gənc fəal

Toğrul deyir ki, insanın əsas prioriteti daim uğur qazanmaq olmalıdır. Müsahibim düşünür ki, uğur anlayışının burada önəmi olmamaldır. Əgər sevdiyin işi görürsənsə, gec-tez onsuz da uğur qazana biləcəksən: "Ümumiyyətlə, mənə görə insanın əsas məqsədi uğur qazanmaq olmalıdır. Uğuru qazanmaq üçün isə əziyyət çəkməli, daim nələrisə öyrənməlisən. Çünki hər gün yeni nələrsə öyrənməsək, günün tələblərinə uyğun bir kadr olmamız mümkün deyil. İnsan özünü inkişaf etdirsə, yenilikləri öyrənib tətbiq etməyi bacarsa və həm də sevdiyi işdə çalışsa, o zamanla uğur qazanacaq”.
Həmsöhbətim deyir ki, bütün hallarda insan öz işinin peşəkarı olmalıdır. Əks halda, heç bir uğurdan danışmaq olmaz: "Düşünürəm ki, uğura gedən yolda əsas pillə peşəkarlıqdır. İşinin peşəkarı olmaqla sən istədiyin uğuru qazana bilərsən. Əgər sən öz işini peşəkar şəkildə görsən, daim yenilik axtarsan, mütləq uğur qazanacaqsan. Mənim fikirmcə, bunun əksi mümkün deyil. Uğur qazandıqdan sonra zamanla pul da gələcək, vəzifə də. Mənə görə ümumi qaydalar belədir. Amma bəzən müxtəlif cəmiyyətlərdə bu məsələlərə yanaşma tərzi fərqli olur. Məsələn, Azərbaycan reallıqlarında bu dəyişə bilir. Bəzən bizdə hansısa bir uğuru qazanmaq üçün iqtisadi durum yaxşı olmalıdır. Çünki hansısa bir işi görmək üçün müəyyən maliyyə tələb olunur. O xərcləri isə gəncin özünün qarşılaması bir az çətindir. Bu halda uğur pulu yox, pul uğuru gətirə bilir. Bu cəhətdən də mən pul əl çirkidir - fikri ilə razı deyiləm. Eləcə də vəzifə məsələsində. Bəzən bizim cəmiyyətdə işinin peşəkarı olmayan biri də istədiyi vəzifədə ola bilir. Amma düşünürəm ki, işinin peşəkarı olub, zamanla digərlərini də qazanmaq mümkündür”.
Peşəkarlıq insanı uğura aparır...
Məlahət Nuriyeva, tərcüməçi
Məlahət də Toğrulla həmfikirdir. O da fikirləşir ki, işinin peşəkarı olduqdan sonra istədiyin uğuru qazana bilərsən: "Mənə görə, uğur hər kəsin fərqli yanaşdığı, ancaq ortaq nöqtə olaraq hamının çatmaq istədiyi bir zirvədir. Kimin üçünsə bu, çoxlu pul qazanmaq və ya kiminçünsə az maaşlı olmasına baxmayaraq ad, şöhrət, yaxud vəzifə ola bilər. Mənə görə əsas uğur maaşından və vəzifəsindən asılı olmayaraq məşğul olarkən zövq aldığım işdə işləməkdir. Çünki bir insan sevdiyi və etməkdən zövq aldığı işlə məşğuldursa, uğur mütləq özü ona gələcək. Yaxşı vəzifədə, yüksək gəlirli işdə işləsən belə, əgər gördüyün iş sənə maraqsızdırsa, deməli sən heç bir uğur qazanmamısan”.
Həmsöhbətim uğur qazanmağın zəhmət və səbr tələb etdiyini qeyd edir: "Uğur qazanmaq üçün öz üzərində işləyərək fikir və ideyalarını gerçəkləşdirməli, yeni hədəflər seçməli və bir nöqtədə uzun müddət dayanıb qalmamlısan. Hesab edirəm ki, əgər insan daima gələcək üçün öz qarşısına yeni məqsədlər qoyursa, bunun üçün çalşırsa, uğura tez bir zamanda çata bilər. Uğur əslində çox asan, eyni zamanda da qazanılması zəhmət və səbr tələb edən bir hədəfdir. Bununla yanaşı, öz işinin peşəkarı olmaq həm də cəmiyyət üçün faydalı olmaq deməkdir. Birinin uğurlu hesab etdiyi iş başqası üçün darıxdırıcı, hətta bəsit görünə bilər. Önəmli olan isə insanın özünün nə istədiyi və məşğul olmaqdan zövg aldığı, daha yaxşı bacardığı işi seçməsidir”.
Uğur - istəyinə nail olmaqdır
Kəmalə Rəsulova, tələbə
Kəmalə isə bir qədər fərqli düşnür. O deyir ki, uğur anlayışını çərçivəyə salmaq düzgün deyil: "İnsanlar təxminən 3-4 yaşlarından, yəni mənlik şüuru formalaşdıqdan sonra gələcəyə dair müxtəlif planlar qurur, özlərinə müəyyən hədəf qoyurlar. Bu, bəziləri üçün uğurlu karyera, bəziləri üçün varlı olmaq, hər yerdə tanınmaq, bəziləri üçün isə peşəkar sənətkar olmaqdır. Onlar bu məqsədlərinə çatmaq üçün müəyyən planlar qurur, vaxt, əmək sərf edirlər. Təsadüfi deyil ki, biz balaca uşaq gördükdə, ona verəcəyimiz 3 sualdan biri məhz "böyüyəndə nə olacaqsan” sualı olur. Deməli biz gələcək planlarımızın məsuliyyətini elə uşaqlıq dövrümüzdən anlamağa başlayırıq. Bu planları həyata keçirmək üçün məktəbə, kurslara, kollecə, peşə liseylərinə və s. yerlərə gedib təhsil alır, bilik və bacarıqlara yiyələnirik. Yəni sırf həmin planlarımız həyata keçsin deyə, əlimizdən gələni edirik. Əgər biz uşaqlıq dövründən bəri nail olmağa çalışdığımız məqsədlərimizi həyata keçirmişiksə, biz artıq özümüzü uğurlu insan hesab edirik”.
Kəmalə bəzi məqamları da vurğuladı: "Mənə görə, planlaşdırılan işi görmüsənsə və öz arzunu artıq reallaşdırmısansa, deməli uğura nail olmusan. Yəni biz insanların əsas uğuru gələcəyə dair qurduğumuz planları reallaşdıra bilməyimizdir. Ancaq bu böyük uğurlardır. Böyük uğurlara çatmaq üçün insanların çoxlu sayda kiçik uğurları olur. Məsələn, mən həkim olmaq istəyirəm. Buna görə kiçik uğurlarım olur. Dərslərimi yaxşı oxuyuram, universitetə daxil oluram, kurslarda iştirak edirəm, rezidentura və s. Nəhayət, mən böyük uğurum olan həkimlik sənətinə layiqəm. Ola bilər ki, mən həkiməm, ancaq pulum yoxdur. Bu o demək deyil ki, mən uğurlu deyiləm və ya əksinə. Əgər mən istədiyimi əldə etmişəmsə, deməli bu, bir uğurdur”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər