Uğur heç vaxt təsadüfən gəlmir - Uğur hekayəsi
Çətinliklər ona motivasiya verir. Deyir ki, maneələrdə
belə, pozitiv nüans axtaranda, mütləq xeyir tapırsan. Ona görə, uğur qazanmaq
üçün maddi cəhətdən imkanlı ailədən çıxmaq şərt deyil. Gecələr yatmağa qoymayan
hədəflərin olmalıdır. Bu, hər zaman səni dartıb istədiyin istiqamətə
aparır. Müsahibimiz biznes konsultant, təlimçi, PAŞA Bankın Strategiya
Departamentinin əməkdaşı Fuad Cəfərovdur.
Xocavənd rayonunda ziyalı ailəsində anadan olub. Məcburi
köçkün düşdükdən sonra Ağcabədidə məcburi köçkünlər üçün yaradılan xüsusi düşərgədə
yaşayıb və orta məktəb təhsili da elə orada başlayıb. Məktəbi əla qiymətlərlə
bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinə yüksək balla daxil
olub. Özünü inkişaf etdirmək üçün tələbəlik illərindən könüllü şəkildə işləyib:
"O vaxt tələblər üçün könüllü işləmək imkanları yeni başlayırdı. Könüllülük fəaliyyəti
xarici dil və kompüter proqramlarında işləmək bacarıqlarımı inkişaf etdirmək
üçün önəmli təcrübə oldu. Universitet vaxtı artıq iş təcrübəsinə yiyələndim.
Universitetdən sonra marketinq sahəsində çalışdım. Daha sonra ABŞ-ın Sülh
Korpusunda İcmanın İqtisadi İnkişafı proqramında işləməyə başladım. 2010-cu ildə
Amerika Birləşmiş Ştatlarının Boston şəhərində 4 aylıq təhsil almaq üçün təqaüd
qazandım. Təhsil, bilikləri artırmaq məqsəd deyil, vasitədir. Ona görə təhsil
prosesi hər zaman insanın karyerasının, həyatının bir parçası olmalıdır. Bu,
formal elmi dərəcələrlə, məsələn bakalavr, magistr təhsili olaraq həyata
keçirilə bilər. Formal təhsil karyeraya başlamazdan öncə daha uğurlu və faydalı
olur. Təcrübəli insanlar üçün isə hər yaşda və tutduğum mövqedən asılı
olmayaraq, qısa və effektiv kurslar, təlimlər hava, su kimi lazımdır. 2012-ci
ilin iyul ayında Mərkəzi Avropa Universitetində təqaüdlə bir aylıq menecment və
liderlik proqramı üzrə kurs keçdim. Qısa zamanda çox şey öyrəndim və ən əsası,
yeni bilikləri birbaşa işimə tətbiq edə bildim. Yerli şirkətlərdə bir müddət
işlədikdən sonra magistr təhsili almaq üçün yenidən xaricə yollandım. 2011-ci
ildə ailə həyatı qurdum. 2012-ci ildə Niderland Krallığında yerləşən Haaqa
Universitetində biznesin idarə olunması üzrə magistr dərəcəsində təhsil almağa
başladım. Mən xaricə təhsil üçün gedəndə, qızım 40 günlük idi. 1 il yarım təhsil
aldıqdan sonra Azərbaycana qayıtdım”.
- Adətən
karyera arxasınca gedənlər ailə qurmaqdan çəkinirlər. Ailədən uzaq olmaq və
darıxmaq hissi təhsilinizə mane olurdumu?
- Məhz həmin vaxt və həmin proseslərdə məni dəstəkləyən,
xaricə getməyim üçün motivasiya verən həyat yoldaşım idi. Biz təhsili fərdi fəaliyyət
kimi deyil, ailəmizin inkişafı kimi görürdük. Həyat yoldaşımla birlikdə,
valideynlərim də həmin vaxt dəstək oldular. Təhsil vaxtı psixoloji rahatlıq çox
önəmlidir. Dərslər o qədər intensiv idi ki, bəzən gündə 2-3 saat yatırdım,
bununla bərabər ailədən kənar yaşamaq hissi əlbəttə ki, çətin idi. Təhsilim
bitdikdən sonra orada qalmaq və yaşamaq imkanım var idi. Orada komfortlu həyat
qurmaq mümkün idi. Amma öz öyrəndiklərimi ölkəmdə xərcləmək istəyirdim.
Dünyanın nüfuzlu ölkələrində qazanılmış təhsil həmin ölkələrdən daha çox,
inkişaf etməkdə olan ölkələr üçün faydalı olur. Bizim kimi gənc və dinamik ölkələrdə
müasir metodları istifadə etmək daha çox fayda gətirir, nəinki inkişaf etmiş ölkələrdə.
- Öyrəndiyinizi
öyrətməyə meyillisiniz.
- Hər bir insan öz ölkəsinə, cəmiyyətə, insanlara
faydalı olmaq üçün çalışmalıdır. Doymuş, inkişaf etmiş cəmiyyətlərə bizim o qədər
dəyər qatmaq imkanımız olmur. Dünyanın hansı ölkəsinə getsən belə, "öz ölkəm
üçün nə edə bilərəm” sualı ətrafında düşünməlisən. Dəyişiklik, inkişaf elə
kiçik nüanslardan başlayır. Əvvəl özümüz dəyişməliyik, sonra ətrafımız, daha
sonra cəmiyyət. Öyrənmə davamlı olmalıdır. Bəlkə də uğurun bir sirri də budur.
Hazırda da aktiv formada strateji idarəetmə, innovasiyaların tətbiqi, rəqəmsal
transformasiya üzrə biliyimi inkişaf etdirməyə çalışıram. Eyni zamanda, təcrübəmi
yazdığım məqalələrlə, müxtəlif layihələrdə iştirakımla gənclərimizlə bölüşürəm.
- Məcburi
köçkün həyatı bir çox insanın təhsilində boşluqlar yaradıb. Amma siz o düşərgədən
Amerikaya, Niderlanda qədər getmişsiniz. Bu, necə baş verdi?
- Məncə, insanın düzgün vizyonu varsa və nə istədiyini
bilirsə, ona getdiyi yolda heç nə maneə ola bilməz. Bəlkə də uşaq yaşlarında
insanın dünyaya baxışı, istədikləri bir o qədər aydın olmur. Amma inkişaf,
yenilik arzuları həmişə olmalıdır. Bunlar olanda, yaş və sosial statusdan asılı
olmayaraq, yaranan maneələrə həll yolları tapmaq olur. Orta məktəb illərində
yaşadığımız düşərgədə bəzən işıq olmurdu və dərslərimi
lampa işığında oxuyurdum. Onun da müsbət tərəfləri var. Lampa işığında dərs
hazırlamaq daha effektivdir. Sənin konsentrasiyan o işığın trayektoriyasından kənara
çıxa bilmir və daha yaxşı öyrənirsən. Əslində çətinlik də insanın baxış
bucağından asılıdır. Pozitiv düşünsən, mütləq xeyir tapacaqsan. Əlbəttə ailənin,
valideynlərin dəstəyi çox vacibdir. Amma düşünürəm ki, insanın özünün daxilindən
gələn hisslər də önəmlidir. Hər zaman fantaziya qurmaq qabiliyyəti olmalıdır. Mən
həmişə "Mən kim olmaq” istəyirəm sualına özlüyümdə xəyallarla cavab verirdim.
Bütün fantaziyalarım pozitiv idi. Baryerlər karyera qurmağa maneə deyil. Uğur
qazanmaq üçün hansısa kübar, yaxud imkanlı ailədən çıxmaq da şərt deyil. Məqsədin
və istəyin olsa, hər şey mümkündür. Səni gecələr yatmağa qoymayan arzular, istəklər
olmalıdır. Bu, hər zaman səni dartıb o istiqamətə aparır. Arzular inkişafa
aparan meyardır. Əsas qarşındakı yox, beynindəki maneələri yıxmaqdır.
- Xaricdə təhsil
almağı prioritet götürmüsünüz. Xaricdə təhsil sizə nə verdi?
- Düşünürəm ki, xaricdə təhsilin böyük dividendləri
var. Bu, yalnız mənim akademik biliklərimi artırmadı, həmçinin dünya görüşüm
artdı, fərqli və kritik düşünmək qabiliyyətim inkişaf etdi, fərqli mədəniyyətlərlə
tanış oldum, özümü daha yaxşı tanıdım və özümə güvən yarandı. Avropa təhsil
sistemi və biznes mühiti ilə yaxından tanış ola bildim. Orada həm təhsildə,
idarəetmə sahəsində tətbiq olunan yeniliklərlə, həm də onların yaratdığı dəyərlə
tanış oldum.
Gənclərimizə məsləhət görərdim ki, xaricdə təhsil
almaq şansları varsa, mütləq istifadə etsinlər. Çünki bu, onların həyatlarında
unudulmaz bir mərhələyə çevriləcək və ən əsası, karyeralarında müsbət dəyişikliyə
səbəb olacaqdır. Rəqəmsal texnologiyalar təhsili müasir insan üçün daha yaxın
edib. Bəlkə insanlar düşünər ki, xaricdə təhsil almaq bahalı seçimdir. İndi
internet üzərindən ən güclü universitetlərin ən nüfuzlu professorlarından dərs
almaq mümkündür. Bakıda oturub, məsələn, Harvard, MİT, Caltech və başqa universitetlərdə təhsil
ala bilərik. Gənclərimiz bu şansdan da mütləq mənada istifadə etməlidir.
- Biznes idarəçiliyi
sahəsində 10 il təcrübəniz var. Sizcə, risksiz biznes mümkündürmü?
- Biznesdə belə bir deyim var ki, biznes nə qədər
risklidirsə, o qədər də mənfəətli olur. İnvestorlar daha çox mənfəət
qazandıqları üçün bəzi riskləri üzərlərinə götürməyə hazır olurlar. Amma riski
düzgün dəyərləndirmək və iş əsnasında düzgün idarə etmək lazımdır. Önəmli olan
risk etmək deyil, risklərin qarşısını almaq planlarınızın və o risklərə uyğun
alternativ variantlarınızın olmasıdır. Belə bir deyim var: Risk etməyən şampan
içməz. Amma risk özü prosesin doğurduğu effektdir. Biznesin düşünməli olduğu ən
önəmli meyar hansı problemi həll edəcəyimizdir. Yəni biznes riskindən daha çox
hansı problemi həll edəcəyini düşünməlidir. Əgər şirkət insanların problemini həll
edirsə, daha asan, faydalı məhsul və xidmətlər təklif edirsə, risk öz-özlüyündə
azalır və prioritet olmur. Başqa cür desək, indi biznes "cəmiyyətə, insanlara nə
faydam olacaq” sualına cavab verməlidir. Bu halda uğur qazanmaq daha rahatdır.
- Uğurlu
olmaq üçün tək ağıllı olmaq kifayət edir?
- Bizdə ağıllı olmaq, savadlı olmaq anlayışı çox
ümumiləşib. Digər cəmiyyətlərdə ümumi savadlılıq anlayışı yoxdur. Yəni insan
bir sahədə peşəkarlaşır. Bizdə isə belə bir düşüncə var ki, savadlı insanlar hər
şeyi bilməlidir. Amma ağıllılığın göstəricilərinə baxsaq, daha dəqiq nəticəyə gələ
bilərik. Misal üçün, insanın hanısısa spesifik sahədə bilikli olması, risklərin
düzgün idarə edilməsi, fərqli və kritik düşünmə bacarıqlarının və s. ağıllı
olmağın meyarıdırsa, uğurlu olmaq üçün ağıllı olmaq kifayətdir.
İnsanların ən böyük səhvi uğursuzluqla qarşılaşanda
geri addım atmağıdır. İnsan uğusuzluqları düzgün analiz edir, öz zəif tərəflərini
müəyyən edir və buna öyrənilmiş dərs kimi baxırsa, bunun üzərində növbəti
uğurunu qura bilər. Uğursuzluq bir çox hallarda uğura təkan verən amildir.
- Həm təlimçi,
həm də müəllim kimi çalışırsınız. Auditoriya gənc təlimçini ilk baxışdan necə
qarşılayır?
- Öyrənmə və öyrətmək həvəsi məndə inkişaf layihələrində
təlimçi kimi işləməyə stimul yaratdı və bir neçə ildir ki, Azərbaycanda icra
olunan beynəlxalq layihələrdə təlimçi kimi fəaliyyət göstərirəm.
İş saatlarında PAŞA Bank ASC-də işləyir, axşam
6-dan sonra isə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC Biznes Məktəbi)
magistratura pilləsində (MBA proqramı) təhsil alan tələbələrə strategiya
modulundan dərs deyirəm. Baxmayaraq ki, dərslərim işdən sonra olur,
auditoriyaya daxil olanda yeni enerji əldə edirəm, tələbələrlə işləməkdən zövq
alıram. Bu, həm də özümün davamlı öyrənməyimə stimul yaradır. Auditoriyanın gənc
təlimçini və müəllimi necə qarşılaması çox önəmlidir. Auditoriya böyük tənqidçidir.
Hər dəfə o tənqidlərdən necə uğurla keçə bilirəm deyə, düşünürəm.
- Strateji
planlaşdırma üzrə ixtisaslaşmışsınız. Maraqlıdır öz həyatınızı da
planlaşdırırsınızmı?
- Şirkətlərdə olduğu kimi, insanların özü üçün də
strategiyanın olması çox faydalıdır. Strategiyada belə bir deyim var ki, hara
getdiyinizi bilmirsinizsə, deməli, heç bir yerə getmirsiniz. Davamlı olaraq nəticələrin
əldə olunması üçün planlaşdırmanın olması lazımdır. Strateji nöqteyi-nəzərdən
baxdıqda, uzaq arzular strateji hədəfiniz olmalıdır, amma o hədəflərə çatmaq
üçün yaxın təşəbbüsləri icra etməlisiniz. Misal üçün 30, 40 yaşımda harada
olacağımı planlaşdırıram. Amma qarşıma yaxın təşəbbüslər qoyuram. Məsələn, növbəti,
3 ayda nələri edəcəyimi qarşıma məqsəd qoyuram və ona doğru gedəcək fəaliyyət
planım (addımlarım) olur.
Öz həyatımız üçün strateji əhəmiyyəti olan işləri
planlaşdırmalıyıq, amma bu o demək deyil ki, gündəlik həyat tərzimizin 100
faizi planlaşdırılmalıdır. Dünyada 60/40 prinsipi var. Tövsiyə olunur ki,
insanlar günün 100 faizini deyil, 60 faizini planlaşdırmağa çalışsınlar. Yerdə
qalan 40 faizini isə planlaşdırmasınlar. Amma planlaşdırılmamış 40 faizi asudə
vaxt kimi deyil, gözlənilməz risklərin qarşısını almaq üçün istifadə etsinlər.
Gününüzün 100 faizini də planlayırsınızsa, gündəlik həyatda baş verən gözlənilməz
hadisələr qarşısında aciz ola bilərsiniz və planlaşdırdığınız işləri icra edə
bilməyəcəksiniz. 40 faiz planlaşdırılmamış vaxt sizi gərginlikdən xilas edir və
imkan yaradır ki, özünüzü itirmədən və planlı şəkildə gününüzü idarə edəsiniz.
- Ənənəvi
sualımız, uğur sirriniz nədir?
- Uğur əldə etmək üçün ilk növbədə insanın hərtərəfli
düşünülmüş məqsədi olmalıdır. Bu məqsədə çatmaq üçün əlbəttə ki, çətinliklərin
olması qaçılmazdır. Amma insan qarşıya qoyduğu məqsədə çatmaq üçün inamlı və
dözümlü olmalıdır. Gənclərə məsləhətim odur ki, qarşılarına düzgün təhlil olunmuş
məqsədlər qoysunlar. Həmin məqsədlər üzərində sona qədər çalışsınlar, hətta
uğursuzluqla üzləşəndə də geri çəkilməsinlər, məqsədlərinə doğru irəliləsinlər.
Nəticədə uğur əldə etdikdə bu, davamlı olacaq və bundan daha çox zövq
alacaqlar.
Uğur heç vaxt təsadüfən gəlmir. İnsan əzm, iradə və
zəhmətin nəticəsində uğura çatır.
Aygün ƏZİZ