«Utana-utana Heydər Əliyevdən maşın istədim»

«Utana-utana Heydər Əliyevdən maşın istədim»

Cəmiyyət
03 Dekabr 2012, 07:53 2123
Elə böyük sənətkarlar var ki, onların həyatı və yaradıcılığı XX mədəniyyətimizin canlı səlnaməsini təşkil edir. Azərbaycan teatrının və kinosunun görkəmli xadimi, respublikanın xalq artisti Ağasadıq Gəraybəyli məhz belə sənət korifeylərindən olub.

Hüseyn Ərəblinskinin xeyir-duası

Bu böyük sənətkarın həyat və yaradıcılığı haqqında hər bir azərbaycanlının, o cümlədən mənim az-çox məlumatım var idi. Lakin onunla şəxsən tanış deyildim. Ağasadıq müəllimlə görüşüb söhbət etmək çoxdankı arzum idi.

1987-ci ilin gözəl yaz günlərinin birində əvvəlcədən zəngləşib, Gəraybəylilər ailəsini yaxından tanıyan dostum, M.S.Ordubadinin xatirə-ev muzeyinin direktoru Vaqif Mahmudovla onun evinə getdik. Qapını özü açdı. 90 yaşı tamam olmasına baxmayaraq gümrah görünürdü. Özünün dediyinə görə gözləri işıqdan düşmüşdü. Amma hələ də “Natəvan” tamaşasında qoca knyaz rolunda milli teatrın səhnəsinə çıxmaqda davam edirdi...

***
Oturduğumuz qonaq otağının divarından iri bir şəkil asılmışdır. Əynində milli paltar, başında papaq, qalın bığlı bu kişi A.Gəraybəyliyə çox oxşayırdı. Ağasadıq müəllim şəklə diqqətlə baxdığımızı görüb dedi:
– Mənim portretimdir. Kino rəssamı Nadir Zeynalov rəngli boya ilə çəkib. Həmin şəkil “O olmasın, bu olsun” kinokomediyasında Rüstəm bəyin, yəni mənim evimdən asılmışdı. İşdən çox xoşum gəlirdi. Filmin çəkilişi qurtaran kimi şəkli rəssamdan alıb evə gətirdim. Həm filmdən, həm də Nadirdən yadigardır.

Ağasadıq müəllim bunu deyib stolun üstünə xeyli fotoşəkil tökdü. Burda “O olmasın, bu olsun”, “Bəxtiyar”, “Məhəlləmizin oğlanları”, “Sevil” filmlərindən, teatr tamaşalarından, A.Gəraybəylinin müxtəlif tədbirlərdə iştirakını, 90 illik ömrün böyük bir hissəsinin, Azərbaycan mədəniyyəti və incəsənəti tarixinin ayrı-ayrı anlarını əks etdirən fotoşəkillər vardı. Səhnədə və ekranda onlarla rolda çıxış etmiş qocaman sənətkar şəkillərə baxdıqca ötən günləri yada salır, bir-birindən maraqlı söhbətlər edirdi.
Haşiyə. A.Gəraybəylinin bu sənətə gəlməsi barədə müxtəlif mənbələrdə müxtəlif məlumatlarla rastlaşırıq. Məsələn, “Azərbaycan Sovet Ensiklopediyası”nda (Bakı, 1982, VI cild) yazılmışdır ki, A.Gəraybəyli 1910-12-ci illərdə Bakıda H.Ərəblinskinin rəhbərlik etdiyi həvəskar dram dərnəyində, sonralar “Nicat” və “Səfa” cəmiyyətlərinin, Z. və Ü.Hacıbəyov qardaşlarının teatr truppalarında çıxış etmişdir. “Azərbaycan teatr aktyorları kinoda” kitabında (Azərbaycan Teatr Cəmiyyəti, 1966) oxuyuruq: “Biz sənət aləmində bir-birini təkrar etməyən, maraqlı simalara-əsl sənətkarlara rast gəlirik. Belə sənətkarlardan biri də yaradıcılığını “Təbliğ və Tənqid” teatrından başlamış Ağasadıq Gəraybəylidir...” “Kinoslovar”da (Moskva, 1966, I cild) isə belə yazılmışdır: “A.Gəraybəyli səhnədə ilk dəfə 1917-ci ildə Hacıbəyov qardaşlarının truppasında çıxış etmişdir...” “Ensiklopediçeskiy kinoslovar”da (Moskva, 1986) ümumiyyətlə A.Gəraybəyli haqqında heç bir məlumat verilməyib.

***
– Məni teatra böyük qardaşım Ağalar gətirib. O, teatra bağlı adam idi, həvəskar kimi tamaşalarda çıxış edirdi, həm də görkəmli Azərbaycan faciə aktyoru H.Ərəblinski ilə dostluq edirdi. Biz bir küçədə yaşayırdıq. Hüseyn bizə tez-tez gələrdi, hətta öz rollarını bizim evdə məşq edərdi. İlk dəfə 1910-cu ildə H.Ərəblinski ilə birgə onun xeyir-duası ilə səhnəyə çıxmağım məni həmişəlik teatrla doğmalaşdırdı. Hüseynin səhnəyə daxil olması, iti baxışları, özünəməxsus danışıq tərzi nəinki tamaşaçıları, elə biz aktyorları da tamaşa vaxtı ovsunlayırdı.

H.Ərəblinski 1915-ci ildə “Neft və milyonlar səltənətində” adlı ilk Azərbaycan tammetrajlı bədii filmdə çəkilirdi. Mən filmin çəkilişləri haqqında onun söhbətlərinə maraqla qulaq asardım. Film 1916-cı ilin may ayında ekrana çıxanda onun bizim ailəni ilk baxışa dəvət etməsini yaxşı xatırlayıram.

Mən H.Ərəblinski, A.M.Şərifzadə, Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının rəhbərlik etdikləri truppalarda işləmişəm. 1921-ci ildən Tənqid-Təbliğ teatrının aktyoru olmuşam. Bu teatrın əsasında Bakı Türk İşçi teatrı təşkil olunanda ora işləməyə keçmişəm. 1933-cü ildən bu günə kimi Azərbaycan Dövlət Dram Teatrında çalışıram. Amma kinematoqrafla əlaqəmi heç vaxt qırmamışam. Hər iki sahədə eyni həvəslə, eyni şövqlə çalışmışam. Kinoda, teatrda çəkdiyim zəhmət layiqincə qiymətləndirilib. Qazancım xalqımın məhəbbəti olub...

Qəribədir ki, Moskva nəşrindən fərqli olaraq, Bakı nəşriyyatlarının çapdan buraxdığı və adlarını çəkdiyimiz kitablarda müəlliflər A.Gəraybəylinin kino fəaliyyətinin başlanğıcını məhz “Sevil” bədii filmindəki (1929) Balaş rolu ilə əlaqələndirirlər. Halbuki görkəmli aktyorun kino yaradıcılığı öz hesabını iyirminci illərin əvvəllərindən götürür.

***
– Həyatımı teatra həsr etdiyim gündən kinematoqrafla da maraqlanırdım. O dövrdə kinoya “sinema”, “hərəkət edən şəkillər” də deyirdilər. Təkcə məndən ötrü yox, elə bütün tamaşaçılar üçün kino sehirli bir aləm idi, əsl möcüzə idi. İlk dəfə çəkiliş meydançasına 1923-cü ildə çıxdım. Rejissor V.Ballyuzekin istehsal etdiyi “Qız qalası” iki serialı səssiz filmində çəkildim, xanın əyanı rolunda. Rolum epizodik olsa da çox sevinirdim.
“Qız qalası” isə 1924-cü ilin əvvəllərində ekranlara buraxıldı, ilk dəfə “Forum” və “Proletarij” kinoteatrlarında göstərilirdi. O vaxtkı mətbuatda film tənqid olundu. Hətta yadıma gəlir, “Pravda” qəzeti yazmışdı ki, Sovet Azərbaycanının ilk filmi gərək inqilab mövzusunda olaydı, Bakı proletariatından söhbət açardı. Buna baxmayaraq film ekranlarda yaxşı getdi, ona xeyli tamaşaçı baxdı...

***
“Qız qalası”ndan bir yol uzanır. Bu yol A.Gəraybəylinin kinoya həsr olunmuş ömür yolu, tale yoludur. Bu gün həmin yol artıq tarixə çevrilmişdir, Azərbaycan kinematoqrafiyasına yeni bir səhifə yazmışdır.

Cəfər Cabbarlının dəvəti ilə
– Cəfər Cabbarlı teatrda da, kinoda da çox çalışırdı. Ssenarilər yazırdı, filmlərdə çəkilmək üçün gəzib aktyor tapırdı. O vaxtlar bizim öz yerli kadrlarımız yox idi. Sənətkarları Rusiyadan dəvət edirdilər. Cəfər deyirdi ki, bu adamlar Bakıda müvəqqətidirlər, nə qədər ki, studiyamızda işləyirlər, onlardan istifadə etməliyik, kinonun ən xırda işlərini də öyrənməliyik. Ona görə də bu narahat insan teatrdan başqa, digər sənət sahiblərini də kinoya işə cəlb edirdi. Deyirdi ki, Azərbaycan milli kinosunun simasını yalnız milli kadrlar təyin edəcəklər. Axı, bu xalqın psixologiyasını, onun adət-ənənəsini, davranışını bilmədən necə sənət əsəri yaratmaq olar. Buna “Qız qalası”nı, “Bayquş”u, “Gilan qızı”nı, başqa filmləri misal gətirirdi.
İlahi, Cəfərdə nə qədər enerji varmış. Bu adam gecə-gündüz işləyirdi, amma yorulmaq nə olduğunu bilmirdi. 1928-ci ildə “Azdövlətkino” “Sevil”i istehsala buraxdı. Pyesin ekran variantı bizim hamımızı çox maraqlandırdı. Mən teatr səhnəsində Balaşı artıq oynamışdım. Deyildiyinə görə yaxşı alınmışdı.

“Sevil” filminə aktyorları Cəfər özü seçirdi. Bir gün o, teatrda məni görüb dedi:
– Ağasadıq, sabah bir zəhmət çək, studiyaya gəl. Səni, Rza Əfqanlını (bir neçə nəfərin də adını çəkdi, amma yadımda qalmayıb), daha doğrusu birinizi Balaş roluna çəkmək fikrindəyik. Sağlıq olsun, görək sınaq çəkilişlərindən necə çıxacaqsınız.

Sınaq çəkilişləri zamanı mən hiss edirdim ki, Cəfər məni Balaş rolunda görmək istəyir. Ancaq kino, teatr deyil ki, sən istədiyini edəsən. Kinonun da öz tələbləri var. Nə isə.
Bundan sonra teatrla Tbilisiyə qastrol səfərinə getdim. Tamaşalarımız yaxşı keçdi. Zallar həmişə adamla dolu olurdu. Bir axşam tamaşadan sonra Cəfərdən teleqram aldım. Yazırdı ki, “Sevil” filmində Balaş roluna təsdiq olunmuşam. Məni təbrik edirdi. Teleqramı dönə-dönə oxudum. Sevincimdən özümə yer tapa bilmirdim. Tezliklə Bakıya qayıtdım.
Böyük həvəslə filmin çəkilişlərinə başladıq. Bu günə kimi o da yadımda qalıb ki, “Sevil”in ilk çəkilişindən əvvəl məşq zamanı Cəfər mənə rolumla bağlı bəzi məsləhətlər verib axırda dedi:

– Ağasadıq, Balaş üçün Sevil evin bir küncündə oturub ərinin buyruqlarını dinməz-söyləməz yerinə yetirən aciz bir qadındır. Əvvəllər bank məmuru işləyən, sonradan bank müdiri olan Balaşın arvadı əlbəttə, bozbaş bişirən savadsız yox, kübar ailədən, yüksək cəmiyyətdən olmalıdır. Balaş belə düşünür və düşündüyü kimi də hərəkət edir. Sənin də Balaşın ekranda belə görünməlidir...

İzzət xanım Oruczadənin, onu da kinoya Cəfər gətirmişdi, Sevili kimi, mənim Balaşım da, təvazökarlıqdan uzaq olsa da deməliyəm, yaxşı alınmışdı. O dövrün mətbuatında, elə sonralar da bu barədə çox yazılmışdır... Film 1929-cu ildə ekranlara buraxıldı.

Aktyorla müsahibə
Qocaman sənətkarın kino sənətimizin tarixi ilə bağlı söhbətləri məni elə sehirləmişdi ki, bu sehrin cazibə qüvvəsindən heç cürə çıxa bilmirdim. Axı, Azərbaycan kinosu bu böyük aktyorun gözləri qarşısında təşəkkül tapmış və inkişaf etmişdi. Elə onun özünün də milli kinomuzun çiçəklənməsində xidmətləri az deyildi. Ona görə də Ağasadıq müəllimi sorğu-suala tutmuşdum.
– Azərbaycan kinosunda çalışanlardan daha çox kimlər xatirinizdə qalmışdır?
– Elə Cəfərin özü, – deyə o, fikirləşmədən cavab verdi: – 1917-ci ildə mən onunla Bakı politexnik məktəbində oxuyarkən tanış olmuşdum. Bu tanışlıq tədricən dostluğa çevrildi. C.Cabbarlı nəinki aktyor seçilməsində, həm də filmin çəkilişində rejissorlara köməklik göstərirdi. Hərdən söhbətlərində o, kinomuzun gələcəyindən elə şeylər danışırdı ki, sanki bunları qabaqcadan görürdü. Qədirbilən xalqımız haqlı olaraq, “Azərbaycanfilm” kinostudiyasına onun adını vermişdir. Amma çox təəssüf ki, Cəfər aramızdan çox tez getdi.

Onun ürək ağrıları başlayanda kinostudiyada idi, “Almas” bədii filminə aktyor sınaq çəkilişləri aparırdı. Bu filmin də ssenarisini özünün eyni adlı pyesli əsasında yazmışdı. Filmin quruluşunu da öz üzərinə götürmüşdü. Çox həvəslə işə girişmişdi. Şamaxıya gedib çəkilişlər üçün yer də seçmişdi. Amma ürək ona aman vermədi, arzuları yarımçıq qaldı. Axı, insan nə qədər fikir, dərd çəkər. Onu hər tərəfdən didişdirirdilər. Elə yuxarılardan tutmuş, öz yoldaşlarına kimi haqqında nələr danışmırdılar. Deyirdilər ki, Cəfərin gözlərini inqilab açıb, yoxsa müsavatçıların zəhərli millətçilik torundan çıxa bilməyəcəkdi. Gah deyirdilər ki, “Solğun çiçəklər” pyesində millətçilik əhval-ruhiyyəsi duyulur. Gah da deyirdilər ki, Cabbarlı müsavatçıların panislamist və pantürkist şüarlarının riyakarlığını sonradan başa düşüb. Bir sözlə, bu böyük sənətkar haqqında çox şey danışırdılar. Cəfər isə bütün söz-söhbətlərə məhəl qoymurdu, amma hər şeyi ürəyinə salırdı. Bu sadə, təvazökar, istedadlı insan yaradıcılığının çiçəkləndiyi bir dövrdə, 36 yaşında vəfat etdi. Allah ona rəhmət eləsin!

20-ci illərdə kinomuz ilk addımlarını atarkən milli kadrlarımız yox dərəcəsində idi. Bu boşluğu ilk gündən teatrda çalışan sənət adamları çox gözəl aradan qaldırırdılar. Azərbaycan kino tarixinə ilk milli kinorejissor kimi daxil olan A.M.Şərifzadənin çəkdiyi və çəkildiyi filmləri tamaşaçılar neçə də səbirsizliklə gözləyirdilər. Onun quruluş verdiyi “Bismillah”, “Hacı Qara” və “Məhəbbət oyunu” filmlərinə görəydiniz ki, camaat necə maraq göstərirdi. Əgər o, sağ qalsaydı Azərbaycan kinosu üçün çox işlər görəcəkdi. Allah mərdimazara lənət eyləsin!

Ana-bala-Əzizə Məmmədova və Sona Hacıyeva səhnəmizin və kinomuzun parlaq ulduzları idi. Onlar gözəl sənətkarlar olmaqla bərabər, həm də mərd və qorxmaz insanlar kimi tanınmışdılar. Qadını səhnədə görmək istəməyən bəzi köhnə fikirli adamlar hərdən ana-balanı ölümlə hədələyirdilər. Belə hallarda tamaşadan sonra onları növbə ilə aparıb evlərinə qədər ötürərdik.
– Cavanlara ağsaqqal sözünüz.
– XX əsrin əvvələrində səhnəni, ekranı özünə peşə seçənlər sənət naminə çox məhrumiyyətlərə məruz qalıblar, ağlasığmaz çətinliklərlə qarşılaşıblar. Amma bütün bunlardan qorxmayıblar. Biliblər ki, onların gördükləri bu nəcib və vacib işlər xalqın gələcəyi, mədəniyyətinin çiçəklənməsi üçündür.
Bu gün biz milli teatrımızda və kinomuzda nəyə nail olmuşuqsa bütün bunlar üçün onlara minnətdarıq. Bir ağsaqqal kimi gənclərə tövsiyyəm budur ki, yaşlı nəslin əldə etdiyi uğurları nəinki qoruyub saxlansınlar, həm də teatrımızın, kinomuzun gözəl ənənələrini davam və inkişaf etdirsinlər, seçdikləri sənəti incəliklərinə qədər öyrənsinlər, nəyə isə nail ola bilməyəndə, müvəffəqiyyətsizliyə uğrayanda həvəsdən düşməsinlər. Cavanlar yadda saxlamalıdırlar ki, sənətə gedən yol uzun və çətin olur. Bunun üçün əziyyətə qatlaşmaq, çox zəhmət çəkmək gərəkdir. Ariflər demişkən: “Zəhmətə qatlaşsan, muradına çatarsan”.

“Mənim ekran qəhrəmanlarım...”
Rejissor L.Səfərovun “Bəxtiyar” filmindəki Ağabala və H.Seyidzadənin “O olmasın, bu olmasın” kinokomediyasındakı Rüstəm bəy sürətləri kino yaradıcılığımda xüsusi yer tutur. Mən Ağabalanı filmdə öz xeyrini güdən, çox hiyləgər və ikiüzlü adam kimi təsvir etməyə çalışmışam. Onun qəlbi o qədər qara, əməlləri o qədər çirkindir ki, hər addımında kimi isə aldadır, kimdən isə zərbə gözləyir.

Filmdə belə bir səhnə var. Mədəniyyət evinin müdiri Ağabala eşidir ki, komissiya gəlib özfəaliyyətdə iştirak edənlərin çıxışlarına baxmaq istəyir, tez işçilərini göndərib, bura professional aktyorları çağırtdırır. Onların birinin gecikdiyini görüb hirslə işçilərinə deyir: “Adə, adam da artistə əvvəlcədən pul verər”. Mənim təklifimlə həmin epizoda daxil edilmiş bu ifadə tamaşaçıda həm gülüş doğurur, həm də obrazın daxili aləminin natəmizliyini bir daha üzə çıxarır.

Dahi bəstəkarımız Ü.Hacıbəyovun yaradıcılığına mən həmişə böyük rəğbət bəsləmişəm. Onun əsərlərində oynamağı isə özümə borc və şərəf bilmişəm. Vaxtilə bəstəkarın “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Leyli və Məcnun” tamaşalarında oynamışam. “O olmasın, bu olsun”dakı Rüstəm bəy isə mən teatr və kinoda yaratdığım ən müvəffəqiyyətli işlərimdən sayıram. “O olmasın, bu olsun” filmi az vaxt içərisində minlərlə tamaşaçı toplayıb, bir sıra xarici ölkə ekranlarında böyük müvəffəqiyyətlə nümayiş etdirilib. Bu da təsadüfi deyil. Ü.Hacıbəyovun ölməz musiqisi çox asanlıqla ürəkləri fəth edir. Digər tərəfdən yaradıcı qrup səhnə əsərinin çox orijinal ekran həllini tapıb.

***
1981-ci ildə Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin təşəbbüsü ilə Bakıdakı Nizami adına kinoteatrda “O olmasın, bu olsun” kinokomediyasının ekranlara çıxarılmasının 25 illiyi təntənəli şəkildə qeyd edildi. Filmin yaradıcı heyətinin üzvləri tamaşaçılar qarşısında çıxış edib, öz xatirələrini söylədilər. Filmin ilk tamaşasında olduğu kimi, bu dəfə də zal adamla dolu idi. Çəkiliş qrupunun alqışlarla qarşılanması onlardan hər biri, o cümlədən A.Gəraybəyli üçün ən qiymətli mükafat oldu.

– Müxtəlif vaxtlarda “Fətəli xan” filmində İran sərdarı, “Məhəlləmizin oğlanları”nda Rüstəm dayı, “Ulduzlar sönmür”də jandarm, “Mən mahnı qoşuram” və “Musiqi müəllimi” televiziya filmlərində epizodik rollarda, satirik “Mozalan” kinojurnalının bir çox süjetlərində çəkilmişəm. Mənim ekran qəhrəmanlarım həyatımın böyük bir parçasıdır. Mən qəhrəmanlarımla fəxr edirəm.

Rolların böyük və ya kiçikliyindən, müsbət və ya mənfiliyindən asılı olmayaraq həmişə, səhnəyə və kinoya gəldiyim ilk gündən yaratdığım obrazlarla tamaşaçıları düşündürməyə, onlardan xoş duyğular, incə hisslər oyatmağa çalışmışam. İstəmişəm ki, səhnə və ekran qəhrəmanlarımın tərbiyəvi gücündən tam istifadə edim, insanları yaxşı işlərə səsləyim, pis əməllərdən çəkindirim. İncəsənətdə çalışdığım 70 il ərzində əgər bu istəyimə azca da müvəffəq olmuşamsa, deməli, ömrümü hədər yaşamamışam. Həyat amalımı həmişə doğma xalqıma sədaqətlə xidmətdə görmüşəm.

Qeyri-adi hadisə
Bir dəfə axşamüstü A.Gəraybəyli ilə evlərinin qarşısında rastlaşdım. Dəniz kənarına havasını dəyişməyə çıxdığını söylədi. Bu gəzinti mənim lap ürəyimdən oldu. Dəniz kənarında yerimizi rahatlayandan sonra ona dedim:
– Ağasadıq müəllim, maraqlı söhbətlərinizə çox qulaq asmışam. Amma indi xahiş edirəm, sizinlə bağlı elə bir hadisə danışın ki, qeyri-adi olsun.
Güldü. Mənə tərəf çevrilib: – İndiyə kimi sənə danışdıqlarım məgər qeyri-adi deyil? – soruşdu. Sonra nə fikirləşdisə gülümsündü və dedi:
– Bir gün oturmuşdum evdə, telefon zəng çaldı. Dəstəyi götürdüm. Qadın səsi idi. Məni soruşdu. Sonra qısaca dedi ki, evdə olun, sizinlə Heydər Əliyev danışacaq.

Bu qəfil xəbərdən özümü itirdim, durduğum yerdəcə donub qaldım. Oğlum Çingiz evdə idi, onu çağırdım. Halımı görüb o da çaş-baş qaldı. Vəziyyəti ona danışdım, soruşdum ki, respublikanın rəhbəri sadə bir aktyorla görəsən nə barədə danışa bilər? Oğlum gülə-gülə cavab verdi: “Necə yəni nə barədə. Yubileyindir, 90 yaşın tamam olub. Teatrda, kinoda can qoymusan. Respublikanın I katibi də sayıb, səni təbrik etmək istəyir. Adamın qədrini bax, belə bilərlər.” Mən yenə də heyrətimi gizlədə bilməyib dedim: “Mənim kimi aktyor nə çox. Mən də onlardan birisi.” Çingiz etiraz edib cavab verdi: “Elə deyil, ata. Sən sənətkarsan. Azərbaycan teatrının və kinosunun inkişafında xidmətlərin çoxdur. Heydər Əliyev sənin kimi sənətkarların qədr-qiymətini yaxşı bilir. O, bütün sənət adamlarına, yazıçılara, alimlərə qarşı belədir. Məgər indi yaşadığın bu gözəl mənzili sənə o, verməyibmi?”

Mən oğluma cavab verməyə macal tapmamış yenidən zəng çaldı. Danışan Heydər Əliyev idi. Hal-əhval tutdu, güzaranımla maraqlandı. Hə, bu yaşa çatmışdım, çox xoş sözlər eşitmişdim. Amma Heydər Əliyevin mənim haqqımda dedikləri təzədən bu qoca vaxtımda elə bil mənə qol-qanad verdi, ürəyim dağa döndü. Sözünün sonunda gözlənilmədən dedi: “Ağasadıq müəllim, bəlkə bir sözünüz var mənə, bəlkə nəyəsə ehtiyacınız var, çəkinməyin, deyin”. Elə ağzımı açıb ona minnətdarlığımı bildirmək istəyərdim ki, oğlum qulağıma pıçıldadı: “Maşın, maşın, de ki, maşın olsaydı, yaxşı olardı.” Sən demə Çingiz də başını başıma dayayıb telefon söhbətinə diqqətlə qulaq asırmış. Doğurdan da o vaxt pulun olsa da “Volqa” markalı avtomaşın almaq müşkül iş idi. Oğlum saqqızımı oğurladı, utana-utana “Maşın” dedim.

Bir həftədən sonra evə zəng edib xəbər verdilər ki, mənim üçün “Volqa” markalı maşın ayrılıb, özü də ağ rəngdə...
Sonralar Çingizin sürdüyü ağ “Volqa”nı harada görürüdümsə rəhmətlik Ağasadıq müəllimin söhbətini xatırlayırdım.

Həyəcanımız əbəs imiş
A.Gəraybəyli ilə görüşümdən sonra Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin rəhbərliyi qarşısında kinoteatrlarımızın birində bu gözəl sənətkarın yubiley gecəsini keçirmək məsələsini qaldırdım. Çox qısa bir vaxtda gecəni keçirmək üçün bütün təşkilatı işləri gördük, vaxt və yer təyin oldundu: 20 mart 1987-ci il, “Araz” kinoteatrı, 20-si səhər kimsə dedi ki, tədbiri ayrı vaxta salmaq lazımdır. Yubiley gecəsi bayram axşamına düşdüyü üçün çox güman ki, kinoteatra gələn olmayacaq. Hamımızı fikir götürdü. Doğurdan da bayram axşamı hamı çalışır ki, evində, ailəsi arasında olsun. Allaha pənah deyib tədbiri keçirmək üçün kinoteatra gedik. Kino komitəsinin sədri A.Şərifov yubiley gecəsini açarkən zala nəzər saldım. Gözlərimə inanmadım, bütün yerlər tutulmuşdu. Gəraybəyli sənətinin pərəstişkarları gül-çiçəklə sevimli sənətkarın görüşünə gəlmişdilər. Bəli, həyəcanımız əbəsimiş. Həmin axşam həmkarları, tamaşaçılar çıxış edib yubilyar barədə xoş sözlər dedilər. A.Gəraybəylinin iştirakı ilə çəkilmiş filmlərdən parçalar göstərdik. Ağasadıq müəllim kinoda yaratdığı rollardan danışdı, milli kinomuzun beşiyi başında duranları xatırladı.

Gecə çox uğurlu keçdi. Yubilyarı evə yola salarkən artıq qaş qaralmış, axşam düşmüşdü. Küçədə də gediş-gəliş azalmışdı, həmin axşam evə, Əhmədli qəsəbəsinə gəlib çıxana kimi xeyli vaxt itirdim. Bayram süfrəsinə gecikdim. Amma təəssüf etmədim. Çünki həmin axşam böyük sənətkar Ağasadıq Gəraybəyli sənəti qarşısında kiçicik də olsa öz insanlıq və vəzifə borcumu yerinə yetirmişdim.

Aydın Kazımzadə,
əməkdar incəsənət xadimi